Məhkəmə qərarları › İş №2(105)-2562/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2562/2021

26.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2562/2021 26.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, Cavabdeh: Cavabdeh1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi: X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-ə qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-nə qarşı «dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işin icraatının dayandırılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-nin öhdəliklərini vaxtında icra etməmələri, hətta qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasından belə uzun illərdir yayınmaları nəticəsində ona dəymiş avro ilə manatın məzənnə fərqi üzrə maddi zərərə görə 4.955.580 (dörd milyon doqquz yüz əlli beş min beş yüz səksən) manat, həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10.02.2014-cü il tarixli, 2(006)-208/2014 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-nin müştərək qaydada ona ödəməli olduqları 8.547.750 (səkkiz milyon beş yüz qırx yeddi min yeddi yüz əlli) manat məbləğində pulu 6 (altı) ildir ki, özlərində qanunsuz saxlayaraq, onu qaytarmaqdan boyun qaçırmaqla ondan faydalanmağa görə uçot faiz dərəcəsi üzrə 3.718.271 (üç milyon yeddi yüz on səkkiz min iki yüz yetmiş bir) manat, eyni zamanda Cavabdeh1lə aralarında bağlanmış 02.07.2009-cu il tarixli borc müqaviləsinin 3-cü bəndinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10.02.2014-cü il tarixli, 2(006)-208/2014 saylı qətnaməsinin qəbulundan keçən 6 il müddət ərzində öhdəliklərini icra etməmələrinə görə dəbbə pulu üzrə 16.303.140 (on altı milyon üç yüz üç min yüz qırx) manat, o cümlədən vurulmuş mənəvi zərərə görə 1.000.000 manat olmaqla, cəmi 25.976.991 (iyirmi beş milyon doqquz yüz yetmiş altı min doqquz yüz doxsan bir) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən onun xeyrinə tutulması barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin artırılması barədə ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən avro ilə manatın məzənnə fərqi üzrə maddi zərərə görə 4.955.580 (dörd milyon doqquz yüz əlli beş min beş yüz səksən) manat, Mərkəzi Bankın uçot faiz dərəcəsi üzrə 3.718.271 (üç milyon yeddi yüz on səkkiz min iki yüz yetmiş bir) manat, dəbbə pulu üzrə 16.303.140 (on altı milyon üç yüz üç min yüz qırx) manat, mənəvi ziyana görə 1.000.000 (bir milyon) manat, əldən çıxmış faydaya görə 10,257,300 (on milyon iki yüz əlli yeddi min üç yüz) manat inflyasiya nəticəsində cavabdehlərin borcu olduqları pulun dəyər itirməsinə görə 3.607.150.5 (üç milyon altı yüz yeddi min yüz əlli manat beş qəpik) manat, ümumilikdə 39.841.441.50 (otuz doqquz milyon səkkiz yüz qırx bir min dörd yüz qırx bir manat əlli qəpik) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 08 iyun 2021-ci il tarixli məhkəmə iclasında iş üzrə verilmiş vəsatətin geri götürülməsi barədə vəsatət təqdim edilərək, 2(060)-108/2021 saylı iş üzrə icraatın təzələnməsi nəzərə alaraq bu iş üzrə verilmiş 31 may 2021-ci il tarixli vəsatəti baxılmadan geri qaytarmağını, habelə işə mahiyyəti üzrə qısa müddətdə və səmərəli baxılaraq iddia tələbinin rədd edilməsinə dair müvafiq qətnamə qəbul etməyi tərəfindən xahiş olunmuşdur. Lakin məhkəmənin 08 iyun 2021-ci il tarixli qərarına əsasən onların təqdim etdikləri sözü gedən vəsatət təmin edilməmiş və iş üzrə icraat dayandırılmışdır. Qəbul edilmiş qərar əsassız və qanunsuzdur. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(060)-108/2021 saylı qərardadının ləğv edilməsinini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Cavabdeh1 və T.R.Rəcəbli şikayəti müdafiə etdilər, eyni məzmunlu izahat verdilər və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini, tərəflərin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-108/2021 saylı, 25.05.2021-ci il tarixli qərardadından verilmiş şikayət təmin edilməməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-972/2021 saylı, 04.05.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10.02.2014-cü il tarixli, 2(006)-208/2014 saylı qətnaməsi ləğv edilib aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Belə olan halda, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-nə qarşı «pul tələbinə» dair mülki iş Sumqayıt Şəhər Məhkəməsində baxılanadək mülki işin icraatı dayandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırılmalıdır. Maddənin mənasından da bgörünür ki, mülki mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa iş həll edilməyincə, işə baxmaq mümkün olmadıqda, məhkəmə iş üzrə icraatı dayandırmağa borcludur və bu hal məhkəmənin hüququ deyil, vəzifəsi kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 256.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda, məhkəmə qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Ona görə də, məhkəmə kollegiyası qənaətə gəlir ki, hazırda icraatda olan mülki işin icraatı dayandırılması barədə birinci instansiya məhkəməsinin qərarı əsaslıdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Cavabdeh və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Cavabdeh1 şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 08 iyun 2021-ci il tarixli 2(060)-108/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar