Məhkəmə qərarları › İş №2(105)-2568/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2568/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2568/2021 06.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh Əbı̇ l oğluna qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(067)-306/2021 nömrəli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Sadıqov) iddianın qismən təmin edilməsi, İddiaçı MMC ilə bağlanmış 24.12.2019-cu il tarixli CAR-1977 saylı “daxili lizinq” müqaviləsinin ləğv edilməsi, 578,52 manat məbləğində əsas borc, 10 manat cərimə və 25 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə verilməsi, dövlət rüsumunun 5 manatı iddiaçıya aid edilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı "xxxx" MMC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 24.12.2019-cu il tarixli CAR-1977 saylı “daxili lizinq” müqaviləsinin ləğv edilməsi, 578,52 manat məbləğində əsas borcun, 237,56 manat gecikdirilmiş mükafatın və 294,53 manat dəbbə pulunun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli “daxili lizinq” müqaviləsinə əsasən X1 ilə 2013-cü il buraxılışlı “Runna” markalı ** PE *** dövlət qeydiyyat nişanlı NAAU01FE1ET038024 ban nömrəli qara rəngli avtomobil 9550 manat məbləğinə İddiaçı MMC-nin müulkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 25.12.2019-cu il tarixdə X6, Cavabdeh və MMC arasında «öhdəliklərin ötürülməsi» müqaviləsi bağlanmışdır. Daxili lizinq müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Bağlanmış ödəniş cədvəlinə əsasən illik 17% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit olaraq 340,48 manat, ümumilikdə isə 12258 manat lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 23.06.2020-ci il tarixdə 341 manat məbləğində olmuşdur. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş «Runna» minik markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil 30 iyul 2020-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı "xxxx" MMC Xaçmaz Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ziddiyyətli, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, eyni zamanda qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə qəbul edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prossual Məcəllənin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini Cavabdeh Əbı̇ l oğlunun müqavilə üzrə öhdəliyi lazımınca icra etməməsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətindən görünür ki, iddiaçı qətnaməni iddianın təmin edilməyən hissəsində mübahisələndirir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı MMC ilə 25.12.2019-cu il tarixdə X6, Cavabdeh arasında öhdəliklərin ötürülməsi müqaviləsi bağlanmışdır. Bağlanmış ödəniş cədvəlinə əsasən illik 17% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit olaraq 340,48 manat, ümumilikdə isə 12258 manat lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 798-ci maddəsi təşkil edir. Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıba, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir (Mülki Məcəllənin 747.1, 748-1.9. 748-1.12.4, 748-10.2., 748-10.4. maddələri). Mülki Məcəllənin 748-11.1.4. maddəsinə əsasən Lizinq ödənişlərinin ümumi məbləğinə lizinq verənin mükafatının məbləği daxildir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin və müqavilənin şərtlərinə əsasən gecikdirilmiş mükafat məbləğinin ödənilməsi cavabdehin əsas öhdəliklərindən olduğundan, bu hissədə iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 237,56 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin gecikdirilmiş mükafatın tutulması hissədə iddianı rədd etməklə düzgün nəticəyə gəlməmişdir. İddianın dəbbə pulunun tam tutulması hissəsində məhkəmə kollegiyası iddiaçının dəlili ilə razılaşmır və hesab edir ki, bu hissədə aşağı instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qətnaməsi qismən ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh 237 (iki yüz otuz yeddi) manat 56 (əlli altı) qəpik məbləğində gecikdirilmiş mükafat alınaraq "xxxx" MMC-yə verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar