Məhkəmə qərarları › İş №2(105)-2573/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2573/2020

26.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2573/2020 26.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1709/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 2(012)-1709/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim H.Əhmədov) İddiaçı bu qətnamədən apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-757/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən sudan istifadəyə görə əsassız olaraq 4 nəfər üçün hesablanmış 475 manat məbləğin silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, su istehlakçısı kimi onun adına **********180 saylı abunə kodu açılmışdır. Sudan istifadəyə görə mütəmadi olaraq alınan suyun dəyərini həmin kodlu hesaba ödəyir. O, Abşeron rayonu, Məhəmmədi kəndi (X8), Əziz Əliyev küçəsi, ev 32, mənzil 18 ünvanında, həmin mənzili aldığı gündən etibarən 1 (bir) nəfər olaraq qeydiyyatda olmuşdur. Sudan istifadəyə görə də, məhz bir nəfərə görə ödəniş həyata keçirmişdir. xx.xx.2010-cü il tarixli mənzilin alqı-satqısı müqaviləsindən, xx.xx.2012-ci il tarixli 2279 saylı orderdən, həmçinin xx.xx.2013-cü il tarixli, 118 saylı arayışdan məlum olur ki, o həmin mənzildə özü qeydiyyatdadır və ondan başqa heç kəs qeydiyyata alınmamışdır. Mənzillər üzrə su təchizatının vəziyyətinin yoxlanılması, həmçinin istehlakçıların istifadə etdikləri təbii suya görə ödənişə cəlb edilməsi işlərini həyata keçirən işçilər tərəfindən xx.xx.2013-cü il tarixində ona borc haqqında bildiriş təqdim olunmuşdur. Bildirişdə onun sudan istifadəyə görə 77 manat 76 qəpik borcu olduğu qeyd edilmişdir. Həmin bildirişdə, heç bir arqument və əsas olmadan bu borcun 4 nəfərə görə hesablandığı göstərilmişdir. Onun tərəfindən mənzilə gələn işçilərə qeydiyyatda su istifadəçisi kimi 1 nəfər olması haqqında arayış təqdim olunmuşdur. Lakin işçilərin səhlənkarlığı ucbatından həmin arayış qeydiyyata salınmadığından həmin borc məbləği 4 nəfərə hesablanmışdır. Eyni zamanda onun iştirakı olmadan su təchizatına və sudan istifadə edilməsinə dair birtərəfli olaraq müqavilə bağlanmış və yenə də, həmin müqavilədə qeydiyyatda mənzildə yaşayanların sayı heç bir əsas olmadan 4 nəfər qeyd edilmişdir. Təxminən bir həftə bundan öncə, eyni işçi tərəfindən ona borcunun bu dəfə 475 manat olduğu bildirilmişdir. Buna etiraz edərək, borcu bir nəfərə görə hesablanmalı olduğunu bildirmişdir. Mənzildə heç vaxt sudan qanunsuz istifadə olunmayıb, istifadə olunmuş suyun dəyəri vaxtı-vaxtında ödənilmişdir.. Cavabdeh təşkilata onun tərəfindən xx.xx.2017-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq məktubu ünvanlanmışdır. Bundan öncə, su sayğacının quraşdırılması məqsədilə X9 Departamentinə rəsmi müraciət etməyinə baxmayaraq, cavabdehin nümayəndələri xx.xx.2017-ci il tarixində göndərmiş olduğu xəbərdarlıq məktubunu aldıqdan sonar, mənzilinə su sayğacını quraşdırmışdılar. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş xx xxxx 2013-cü il tarixli müqavilə əslində 2017-ci ildə imzalanmış və cavabdeh tərəfindən mülki iş məhkəmə icraatında olarkən təqdim edilmişdir. O isə xx.xx.2013-cü il tarixli, 118 saylı arayış təqdim etmişdir ki, bu arayışla həmin mənzildə özü qeydiyyatda olması və ondan başqa heç kəsin qeydiyyata alınmaması təsdiq olunur. Məhkəmə isə bu şübhəli məqamı araşdırmamışdır. Müqavilədə mənzildə 4 nəfərin yaşaması barədə məlumatın haradan əldə edilməsi məsələsi araşdırılmamış, cavabdeh tərəfindən həmin məlumatın guya elektron müqavilə nəticəsində əldə edilməsi dəlilinə heç bir münasibət bildirilməmişdir. Məhkəmə mövcud qətnaməni qəbul edərkən mülki iş üzrə müqavilədən və digər sənədlərdən irəli gələn şübhələrin tədqiq edilməsi üçün heç bir ekspertiza keçirmədən, təqdim olunmuş sənədlərdə imzası olan iştirakçıları məhkəməyə dəvət etmədən, aidiyyəti üzrə cavabdeh təşkilata heç bir sorğu göndərmədən iddianın rədd olunması qənaətinə gəlmişdir. Bu isə mülki işə qeyri-obyektiv baxılmasının bariz göstəricisidir. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında İddiaçı şikayəti müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Nümayəndə əlavə etdi ki, abonent ailə tərkibi haqqında arayış təqdim etmədiyindən NK-nin qərarına əsasən hesablama 4 nəfərə görə aparılmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 2279 saylı orderinin surətindən görünür ki, İddiaçı Məmmədli kəndi, Əziz Əliyev küçəsi, 32 ev, 18-ci mənzilinə hüququ vardır. Ailə tərkibi tək özüdür. Yenə iş materiallarında olan Abşeron rayonu, Məmmədli kənd MTİİTS tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş 211 saylı arayışdan görünür ki, Əliyev X2, Əziz Əliyev küçəsi, ev 32, mənzil 18 ünvanında yaşayır. (Qeydiyyatda tək yaşayır) Yenə də Cavabdeh ASC-nin İddiaçı göndərilmiş bildiriş xəbərdarlığından görünür ki, İddiaçı Məmmədli kəndi, Əziz Əliyev küçəsi, ev 32 mənzil 18 ünvanına su sərfiyyatı üzrə ödəniləcək borcu 119,76 manat təşkil edir. İşdə olan İddiaçı ilə Cavabdeh ASC-nin “Bağlar Sukanal” İdarəsi arasında bağlanmış su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan xx.xx.2013-cü il tarixli, 32342108 saylı müqavilənin surətindən görünür ki, Məmmədli kəndi, Əziz Əliyev küçəsi, ev 32, mənzil 18 ünvanın su ilə təmin olunması qaydaları nəzərədə tutulmuşdur. Müqavilədə istehlakçının ailə tərkibi 4 nəfər nəzərdə tutulmuşdur. Yenə işdə olan Cavabdeh ASC-yə məxsus xx.xx.2017-ci il tarixli abonent kartından görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanına su təchizatı xidmətlərinə görə 408,51 manat yekun borc hesablanmışdır. Yenə də işdə olan İddiaçı tərəfindən Cavabdeh ASC-yə edilmiş xx xxxx 2017-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Məmmədli kəndi, Əziz Əliyev küçəsi, ev 32, mənzil 18 ünvanına su istifadəsinə görə hesablanmış borc məbləğinin 1 (bir) nəfərə görə hesablanmasına, əsassız olaraq hesablanmış qalıq borcun silinməsinə, həmçinin mənzilinə su sərfiyyatının hesabatının aparılması üçün müvafiq markalı su sayğacının quraşdırılmasının 15 (on beş) gün müddəti ərzində təmin olunması üçün aidiyyəti üzrə göstəriş verməyi xahiş etmiş, əks təqdirdə tələblər təmin olunmazsa Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 149-151-ci maddələrinə müvafiq olaraq aidiyyəti məhkəməyə müvafiq iddia ərizəsi ilə tərəfindən müraciət olunacaqdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda istinad olunan hüquq normalarına əsasən apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-1709/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh ASC-nin “Bağlar Sukanal” İdarəsi arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair xx.xx.2013-cü il tarixli, 32342108 saylı müqavilə bağlanmışdır. İddiaçı məxsus ünvan 1 ünvanına su təchizatı xidmətlərinə görə Cavabdeh ASC tərəfindən 475 manat borc hesablanmış, iddiaçı həmin borc məbləğinin əsassız hesablanmasını nəzərə alaraq silinməsini məhkəmədən xahiş etmişdir. Onun əsas dəlili bundan ibraətdir ki, cavabdeh onun üçün borcu 1 nəfər üçün hesablamalı olduğu halda, 4 nəfər üçün (artıq) hesablamışdır, halbuki o, ailə tərkibi haqqında cavabdehə vaxtında məlumat vermişdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci hissəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 31-ci maddəsinin 1-ci hissəsinə əsasən fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. İşdən göründüyü kimi, hazırkı məhkəmə mübahisəsinin yaranmasına əsas, Cavabdeh ASC tərəfindən 1 nəfər üçün deyil, 4 nəfər üçün su borcunun hesablanması və bu borcu iddiaçıdan tələb etməsidir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, özünə məxsus evdə 2017-cı ilədək 1 nəfərin qeydiyyatda olması və bununla bağlı Cavabdeh ASC-yə məktub vasitəsilə rəsmi məlumat verməsinə baxmayaraq Cavabdeh ASC tərəfindən ailə tərkibi 4 nəfər göstərilməklə artıq borc məbləği hesablanmış, borc məbləği əsassız şişirdilərək 475 manat yazılmışdır. Digər tərəfdən, su təhcizatı ilə bağlı tərəflər arasında xx.xx.2013-cü il tarixli, 32342108 saylı müqavilə bağlanmış, müqavilədə tərəflər arasında müəyyən edilmiş şərtlər daxilində sərbəst iradə ifadə edilərək hər bir tərəf üzərinə öhdəlik götürmüşdür. Müqavilədə həmçinin istehlakçının ailə tərkibi 4 nəfərdən ibarət olması göstərilmişdir. Müqavilənin bağlanmasından 3 il keçdikdən sonra, hesablanmış borca görə İddiaçı Cavabdeh ASC-yə etirazını bildirərək xəbərdarlıq məktubu göndərmişdir. Müqavilə bağlanarkən tərəflər arasında müqavilə şərtləri onlara aydın olduqdan sonra imza edərək öhdəlik götürülmüşdür. İstehlakçı müqavilədə göstərilənlərlə onu bağlamamışdan əvvəl razılaşmaya bilərdi və yaxud müqavilə bağlandıqdan dərhal sonra öz etirazını Cavabdeh ASC-yə bildirərək müqavilənin qismən və ya tam ləğv edilməsini təklif edə, əgər bu mümkün olmadıqda isə məhkəmə qaydasında müqaviləni mübahisələndirə bilərdi. Lakin iddiaçı vaxtında bu hüquqların heç birindən istifadə etməyərək, müqavilənin bağlanmasından xeyli müddət keçdikdən sonra, müqavilə əsasında yaranmış borcun silinməsi barədə iddia qaldırmışdır. İşdən də görünür ki, tərəflər arasında imzalanmış müqavilə hazırda da qüvvədədir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır Eyni Məcəllənin 421.2-ci maddəsinə görə isə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası həmçinin mübahisə üzrə Mülki Məcəllənin 425.1-ci maddəsinin tələblərini də nəzərə alır. Belə ki, həmin maddəyə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd edildiyi kimi, su təchizatı ilə bağlı tərəflərin imzaladıqları müqavilə hazırda qüvvədə olduğu üçün həmin müqavilə əsasında hesablanmış borcun iddiada göstərilən əsaslarla silinməsi qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir. Beləliklə, işin müəyyən edilən hallarına hüquqi qiymət verərək məhkəmə düzgün olaraq belə nəticəyə gəlmişdir ki, 475 manat borcun silinməsi barədə iddia təmin olunmamalıdır, çünki iddiaçı öz tələbinin əsasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X7 Məhkəməsi "X1rşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, xx xxxx 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, xx xxxx 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı ona hesablanmış borcun əsassız olaraq tətbiq edilməsini sübut edilə bilməmişdir və bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçı barədə qeyd edilən borcun hesablanması əsaslıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər əsasən formal mülahizələrdir və apelyasiya şikayətinin tələb edilən formada təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. AR MPM-in 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1709/2020 saylı, xx xxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar