Məhkəmə qərarları › İş №2(105)-258/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-258/2022

11.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-258/2022 11.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı Azəriqaz İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(012)-225/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(012)-225/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməmiş, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilmiş, aparılmış ekspertiza tədqiqatına görə 200 (iki yüz) manatın İddiaçındən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. (hakim H.Əhmədov) Qətnamədən narazı qalan İddiaçı İB ondan apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyriqanuni istifadəyə görə hesablanmış 4620,30 manat dəymiş ziyan, pozulmuş hüquqların bərpası ilə bağlı çəkilmiş 300 manat xərc, həmçinin 30 manat dövlət rüsumu olmaqla, cəmi 4950,30 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H: A203NABZ013501**********2944, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Birlik 13.10.2016-cı il tarixli, T/15343 saylı qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmiş, həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satış Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1602AZ**********81 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2. yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və videoçəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, 31.01.2019-cu il tarixindən başlayaraq 30.08.2019-cu il tarixinə qədər tərtib edilmiş müvafiq aktlara əsasən, İddiaçınə cəmi 1310,40 manat ziyan dəymişdir. Bundan əlavə, elektron sayğac quraşdırıldığı andan cavabdehin borcunun bir hissəsi elektron sayğaca keçmişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 3309,90 manat dəymiş ziyan hesablanmışdır. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 4620,30 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfdən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd edilən sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən qazdan istifadə Qaydalarının 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı cıxarılmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, TƏRƏFLƏRİN İZAHATLARİ və SÜBUTLARİ: İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuş, işin halları və təqdim edilmiş sübutlar tam araşdırılmamışdır. Cavabdehin ünvanına dəfələrlə baxış keçirilmiş və hər dəfə qaz xəttinə sayğacdan kənar qoşulma halları müəyyən edilmişdir. Bu müdaxilə nəticəsində iddiaçı olaraq onlara maddi ziyan vurulmuşdur. Apellyasiya baxışı zamanı iş üzrə İddiaçınə məhkəmə kollegiyasının vaxtı və yeri barədə məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bundan başqa, apellyasiya baxışı zamanı Cavabdeh məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə göndərilmiş bildiriş, “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə bildirişi ona çatdırılması üçün AR MPM-in 147-ci maddəsinə əsasən Abşeron RİH Başçısının Hökməli qəsəbəsi üzrə nümayəndəsinə göndərilmişdir. Abşeron Rayonu İcra Hakimiyyəti Başçısının Hökməli Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən məhkəməyə göndərilmiş 22.11.2021-ci il tarixli məktubda qeyd olunur ki, iş üzrə cavabdeh Əliyev X10 Rayon Məhkəməsi tərəfindən 29.04.2020-ci ildə 2 il 3 ay müddətinə məhkum olunmuşdur və hal-hazırda həbsdədir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan İddiaçı İB ilə istehlakçı Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 13.10.2016-cı il tarixli, T/15343 saylı müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Yenə işə əlavə edilmiş abonent kodu **********00000 olan, X4 adına olan abonent saldosundan görünür ki, ünvan 2i ünvanında 01.11.2016-cı il tarixdə “Smart G-4T İtron Diafraqma” tipli, 1602AZ**********81 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4) (1/1) Dəmir soba (1/1) aktlara əsasən hesablanmış abonentin 2019-cu ilə aid olan borcu 1310,40 manat göstərilmişdir. İşdə olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.01.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, abonent kodu **********00000 olan Abşeron rayonu Hökməli qəsəbə ərazisində yaşayan X1 kənar təbii qazdan qanunsuz istifadə etməsi aşkar edildiyindən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması qərara alınmışdır. Yenə işdə olan İddiaçı İB-nin 31.01.2018-ci il tarixli tələbnaməsindən görünür ki, qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 88 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 92 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3 /saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 88 gün, qış ayları üçün orta günlük iş rejimi 10 saat və hesabat müddəti 92 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3 /saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 92 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 4317 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq 31.01.2018-ci il tarixli, ******* saylı akt olmuşdur. Yenə də işdə olan İddiaçı İB-nin nümayəndələri Zaur Qasımov, Məhəbbət Mahmudov tərəfindən tərtib olunmuş 31.01.2018-ci il tarixli, 27.02.2018-ci il tarixli, 30.04.2018-ci il tarixli, 30.04.2019-cu il tarixli, 28.06.2019-cu il tarixli, 31.07.2019-cu il tarixli, 30.08.2019-cu il tarixli, 30.09.2019-cu il tarixli, 30.10.2019-cu il tarixli aktlardan görünür ki, abonent kodu **********00000 olan Cavabdeh təbii qazdan sayğacdan kənar istifadə etməsi aşkar edildiyindən təbii qaz təchizatı qaynaq vasitəsilə dayandırılmış, aktda istehlakçı X4 adı qeyd olunsa da iştirakı təmin edilməmişdir. İşə əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 27.02.2018ci il tarixli ******* saylı, 30.04.2018-ci il tarixli ******* saylı, 30.04.2019-cu il tarixli ******* saylı, 28.06.2019-cu il tarixli ******* saylı, 31.07.2019-cu il tarixli ******* saylı, 30.08.2019cu il tarixli ******* saylı, 30.09.2019-cu il tarixli ******* saylı, 30.10.2019-cu il tarixli ******* saylı aktlardan görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. Yenə işə əlavə edilmiş İddiaçı İB-nin Cavabdeh ünvanladığı 10.02.2020-ci il tarixli dəymiş zərərin ödənilməsi barədə pretenziyadan görünür ki, Azəriqaz İB tərəfindən Cavabdeh müqavilənin müvafiq tələblərinin icra edilməsinin, eləcə də məsələnin pretenziya qaydasında həll edilməsi imkanından istifadə edilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsini (kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır) rəhbər tutaraq X2 borcunun 3 gün müddətində tam şəkildə ödənilməsi tələb olunmuş, əks təqdirdə istehlakçıya məxsus əmlakın qaz təchizatının dayandırılaraq, müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və bununla əlaqədar çəkilən bütün xərclərin (dövlət rüsumu, cəlb ediləcək peşəkar hüquqi yardım üzrə təqdim edilən xidmət, iş vaxtının itirilməsi və s.) ödənilməsinin qanunvericiliyə uyğun olaraq tələb olunacağı barədə xəbərdarlıq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 27.01.2020-ci il tarixli arayışdan görünür ki, Əliyev X11 rayonu, Hökməli qəsəbəsi, K.Qasımov küçəsindəki 9 saylı evdə qeydiyyatdadır. Yenə işdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən Çıxarışın surətindən görünür ki, İddiaçı adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 100 faiz olmaqla 22.02.2016-cı il tarixdə **********594400 nömrə ilə çıxarış verilmiş, Qurum Azərbaycan Respublikası X7 30.04.2007-ci il tarixli Fərmanına əsasən «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31.05.2021-ci il tarixli, 10/1230 saylı rəyindən görünür ki, ünvan 3 ünvanına baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və s) aşkar edilməmişdir. Ekspertin iştirakı ilə tədqiqat obyektinə baxış keçirilmiş, baxış zamanı paylayıcı qaz xəttinin evin ön hissəsi ilə çəkildiyi görünmüş, xəttin üzərində qaz sərfiyyatının hesablanması üçün sayğac quraşdırılmışdır. Sayğac plastik qutunun içərisindədir, baxış zamanı üzərində hər hansı sınma, dağılma izləri aşkar edilməmişdir, giriş və çıxış hissələrinə 15 mm-lik polad boru keçirilmiş, çıxış hissəsinə birləşdirilmiş boru evə doğru çəkilmişdir. Baxış zamanı yaşayış evinə sayğacdan kənar çəkilmiş hər hansı xətt, eləcə də xəttin çəkilməsini özündə əks etdirən izlər (qaynaq, borucuq və s) aşkar edilməmişdir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, işdə olan sübutları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(012)-225/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh barəsində Birliyin işçiləri tərəfindən Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, 31.01.2019-cu il tarixindən başlayaraq 30.08.2019-cu il tarixinə qədər tərtib edilmiş müvafiq aktlara əsasən, İddiaçınə cəmi 1310,40 manat ziyan dəydiyi, bundan əlavə, elektron sayğac quraşdırıldığı andan cavabdehin borcunun bir hissəsinin elektron sayğaca keçirildiyi, itirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 3309,90 manat dəymiş ziyan hesablandığı, hazırda onun 4620,30 manat borcu olduğu iddia edilir. İş materiallarından o da məlum olur ki, qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 13.10.2016-cı il tarixli, T/15343 saylı müqavilə İddiaçı İB ilə istehlakçı Cavabdeh arasında bağlansa da, istər abonent saldosu, istərsə də tərtib edilmiş aktlar onun babası X5 barəsindədir. İşə baxan birinci instansiya məhkəməsi iddianı aşağıdakı əsaslarla rədd etmişdir. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununda göstərilir ki, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar"ın 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı bəndinə görə isə qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Yenə həmin Qaydaların 6.7-ci bəndinin tələblərinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Yenə həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Yenə də həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 10.02.2021-ci il tarixli, 2(012)-225/2021 saylı qərardadına əsasən əlavə tikinti texniki ekspertizası təyin edilmiş, həmin qərardad əsasında məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31.05.2021-ci il tarixli 10/1230 saylı rəyinə əsasən cavabdehin Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmişdir. Məhkəmə rəyi əsas götürüb mülki iş materiallarında olan digər sənədlərlə yanaşı qiymətləndirib belə nəticəyə gəlmişdir ki, rəy əsaslıdır və Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən əsas sübut növü kimi nəzərə alınmalıdır. Beləliklə, işə baxan məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31.05.2021-ci il tarixli 10/1230 saylı rəyini əsas sübut kimi götürərək hesab etmişdir ki, cavabdehin Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) aşkar edilmədiyindən iddiaçının iddia tələbləri əsassızdır, bu səbəbdən də iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Cavabdehlə qazı alqı-satqısına dair müqavilə bağlanması, onun saldoya əsasən ödəniş etməsinin müəyyən edilməməsi hazırki formada iddianın təmin edilməsinə əsas vermir. İş materiallarına əlavə edilmiş çoxsaylı aktlar formal, cavabdehin iştirakı olmadan, babası olsa belə kənar şəxs barəsində tərtib edilmiş, akt tərtib edənlər cavabdehin guya aktı imzalamaqdan “imtina” etməsini yazmaqla işlərini bitmiş hesab etmiş, bununla da yuxarıda istinad olunan Qaydaların tələblərini pozmuşlar. Daha öncə qeyd edildiyi kimi, Qaydalara əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İşdən görünür ki, iddiaçı təşkilatın nümayəndələri tərəfindən cavabdeh yox, digər istehlakçı barədə qazdan qanunsuz istifadə barədə akt tərtib edilmiş, lakin heç bir aktda onun imzası yoxdur. İş materiallarında iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş aktlardan məlum olur ki, qanunsuz xətt qazpaylayıcı şəbəkədən qaynaq vasitəsilə ayrılmışdır. Lakin qeyd edildiyi kimi keçirilmiş ekspertiza nəticəsində kənar qoşulma, o cümlədən qanunsuz qoşulmanı və onun ləğvini təsdiq edəcək qaynaq izləri aşkar edilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X3 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tələb edildiyi kimi ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası sübut edilmədiyindən rədd edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(012)-225/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar