Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2591/2021 22.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın sahibliyə qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(012)-4187/2021 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətin mümkünlüyünə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25 yanvar 2017ci il tarixli müqavilənin və həmin tarixli kassa mədaxil orderi qəbzinin etibarsız hesab edilməsi, əmlakın sahibliyə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 19.03.2020-ci il tarixli, 2(012)-1698/2020 saylı qərardadı ilə işin icraatına xitam verilmişdir. Həmin qərardaddan İddiaçı şikayət vermiş, Abşeron Rayon Məhkəməsinin 17.04.2020-ci il tarixli, 2(012)-1698/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 02.06.2020-ci il tarixli, 2(105)- 1890/2020 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 19.03.2020-ci il tarixli, 2(012)-1698/2020 saylı qərardadı ləğv olunmuş, şikayət təmin olunmuş, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin 30.09.2020-ci il tarixli, 2(012)-1698/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı iddia ərizəsinin “25 yanvar 2017-ci il tarixli kassa mədaxil orderi qəbzinin etibarsız hesab edilməsi, əmlakın sahibliyə qaytarılması“ hissəsində iddia tələbi təmin edilməmiş, həmin məhkəmənin 30.09.2020-ci il tarixli, 2(012)-1698/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı iddia ərizəsinin “25 yanvar 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi“ tələbinə dair hissəsində işin icraatına xitam verilmişdir. İddiaçı MMC Abşeron Rayon Məhkəməsinin 30.09.2020-ci il tarixli, 2(012)- 1698/2020 saylı qətnaməsindən və qərardadından şikayət vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 02.12.2020-ci il tarixli, 2(105)-3200/2020 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 30.09.2020-ci il tarixli və onunla bağlı 21 oktyabr 2020-ci il tarixli qərardadları ləğv edilmiş, İddiaçı MMC-nin Cavabdeh qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair hissədə işə tərəflərin iştirakı təmin edilməklə məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(012)-4187/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı iddia ərizəsinin “25 yanvar 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi“ tələbinə dair hissəsində işin icraatına xitam verilmişdir. (hakim H.Əhmədov) İddiaçı MMC Abşeron Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(012)- 4187/2021 saylı qərardadından şikayət verərək, onun ləğv edilməsini və hazırkı iddia ərizəsinin “25 yanvar 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi“ tələbinə dair hissəsində baxılması üçün təyin edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(012)-4187/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir Qanunla müəyyən edilmiş müddəti keçirməklə apelyasiya şikayəti verildiyindən, məhkəmə kollegiyası şikayətin mümkünlüyü məsələsini tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X2 bildirdi ki, mübahisələndirilən qərardadı 26 may 2021-ci il tarixdə məhkəmə qəbzinə əsasən almış və ondan qanunla müəyyən edilmiş müddət daxilində, yəni 01 iyun 2021-ci ildə şikayət verilmişdir. Buna görə də həmin şikayət mümkün hesab edilməli və Abşeron Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(012)-4187/2021 saylı qərardadının qanunsuzluğu araşdırılmalıdır. Cavabdeh tərəfə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə kollegiyanının iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası daxil olmuş apelyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apelyasiya qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası MPM-nin 266.1-ci maddəsinə əsasən məhkəmənin ayrıca akt şəklində çıxardığı qərardad çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilir. Həmin Məcəllənin 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Yenə həmin Məcəllənin 268-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Eyni Məcəllənin 396.2-ci maddəsinə əsasən əgər qərardad tərəflərin iştirakı ilə elan edilirsə, şikayət vermə müdəti qərardadın elan edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası MPM-nin 366-cı maddəsinə əsasən apelyasiya məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İşdən görünür ki, 29 aprel 2021-ci il tarixdə işə baxılarkən İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iştirak etmiş və iş üzrə məhkəmənin qərardadı onun iştirakı ilə elan edilmişdir. Belə olan halda həmin qərardaddan şikayət vermə müddətinin axımı da həmin andan başlayaraq 10 gün müddətinə, yəni 09 may 2021-ci il tarixədək davam edir. Yenə işdən görünür ki, İddiaçı MMC həmin qərardaddan 01.06.2021-ci il tarixdə şikayət vermiş, şikayət həmin tarixdə məhkəməyə daxil olmuş, müəyyən olunan prosessual müddəti ötürülmüş və buraxılmış müddətin üzrlü hesab olunub bərpa olunmasına dair məhkəməyə müraciət edilməmişdir. Lakin birinci instansiya məhkəməsi bu məsələlərə diqqət yetirməmiş və əhəmiyyət verməmiş, həmin qərardadın İddiaçı nümayəndəsi X2 tərəfindən 26 may 2021-ci il tarixdə əldə edilməsinə əsaslanmaqla ondan verilmiş şikayəti mülki işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərmişdir, halbuki yuxarıda da qeyd edildiyi kimi, bu məsələdə 10 günlük şikayət etmə müddətinin axımı qərardadın rəsmi qaydada alınması ilə deyil, məhkəmə iclasında elan edilməsilə başlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətin verilməsi müddəti ilə bağlı məsələni müzakirə etməmiş, nəticədə müddət axımını nəzərdə tutan prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, qərardaddan verilmiş şikayət üzrə prosessual müddət məsələsi araşdırılarkən birinci instansiya məhkəməsi məhkəmə kollegiyasının mübahisə üzrə gəldiyi nəticəni və müəyyən etdiyi göstərişləri mütləq nəzərə almalı, məsələnin düzgün və qanuni həllini tapmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş şikayətə apelyasiya qaydasında baxılması hazırki halda qeyri-mümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən apelyasiyanın qeyri-mümkün hesab edilməsindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263- 264, 360, 361, 365, 366, 399, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: İddiaçı Cavabdeh qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın sahibliyə qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(012)-4187/2021 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və o, qəbul olunmamış hesab olunsun. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2591/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2591/2021
22.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver