Məhkəmə qərarları › İş №2(105)-2594/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2594/2021

08.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2594/2021 08.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Zaur İkram oğlu Məmmədov və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(012)-2656/2021 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi R.V.Əliyevin verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(012)-2656/2021 saylı qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı Cavabdehnə qarşı qaz sayğacının yoxlanılması haqqında qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi tələbinə dair iddia qismən təmin edilib, Cavabdeh tərəfindən Saray qəsəbəsi - ünvanında quraşdırılmış abonent kodu **********06325 olan qaz sayğacına görə 29.01.2021-ci il tarixli, ******* saylı akta əsasən hesablanmış 1015.20 (min on beş manat iyirmi qəpik) manat borc məbləğindən 676.80 (altı yüz yetmiş altı manat səksən qəpik) manat məbləğində borc silinmişdir. Cavabdeh nümayəndəsi R.V.Əliyev apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(012)-2656/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandımışdır ki, 04 noyabr 2020-ci ildə Cavabdeh İB-nin əməkdaşı X.Əhmədovla birlikdə yeni inşa etdiyi həmin tarixə qədər yaşayış olmayan evinə baxış keçirilib sayğac quraşdırılması üçün müraciət etmişdir. Ona təqdim edilən layihənin "Sorğu blankı" hissəsində aydın olur ki, müraciəti vaxtı orada hər hansı bir xətt olmamışdır. 2020-ci ilin dekabr ayında Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evimə sayğac quraşdırılmışdır. Sayğac quraşdırıldıqdan sonra evdə istifadə etdikləri kombi ilə 1107 kub.m qaz yandırmışdırlar. Ona cərimə isə 29.01.2021-ci ildə yazılmış və yaşayış olmayan və yenicə təmirdən çıxmış evə dair 90 gün hesabat aparılaraq 1015.2 manat məbləğində cərimə tətbiq edilmişdir. Halbuki 01 dekabr 2020-ci il tarixdən 29.01.2021-ci il tarixə kimi həmin evdə sayğacdan və təbii qazdan istifadə etmişdir. İstifadə etdiyi kubu da hesablayaraq, özü də qeyd götürmüşdür. 29.01.2021-ci ildə "Azəriqaz" İB-nin əməkdaşları ilə birlikdə ünvana texniki şərt alınması ilə bağlı müraciət olunub və heç bir qaz xətti çəkilməmişdir. Evdə olan kombini yoxlamaq məqsədi ilə 24.11.2020-ci il tarixdə qaz xətti qoşulmuş və sxemi yoxlamışlar. Ona tətbiq edilmiş cərimə isə şişirdilmişdir və cəfəngiyatdan başqa bir şey deyildir. Yuxarıda qeyd etdiklərimə əsasən hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də, Abşeron rayonu, Masazır kəndində yerləşən evə dair abonent kodu: **********06325 olan onun adına hesablanmış 1015.20 (bir min on beş manat, 20 qəpik) manat cərimə pulunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh İB-nin nümayəndəsi R.V.Əliyev verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 29 aprel 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı mənzilinə dəfələrlə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iddiaçı sayğacdan kənar qaz xəttindən istifadə edir. Barəsində aktlar tərtib edilərək itirilmiş qaza görə hesabatlar aparılmış və ümumilikdə 1015,20 manat dəymiş ziyan hesablanmışdır. Qaldırılmış iddianın mahiyyəti qaz xəttinə müdaxilədə təqsirli tərəfin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması deyil, təsdiqlənmiş foto şəkillər, protokollar, aktlar və s. müdaxilə nəticəsində qeyri-qanuni faydalanan istehlakçılar tərəfindən zərərçəkmiş Dövlət müəsissəsi olan qaz paylayıcısına dəymiş külli miqdarda ziyanın ödənilməsidir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən yaranmış ziyan məbləğini araşdırmamış, bununla bağlı hər hansı ekspertiza keçirməmiş, abonent bazasında bunu yazan texnik və operatorları şahid qismində məhkəməyə dəvət etməyərək qeyri-obyektiv qərar qəbul etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Ç.N.Dibirov apelyasiya şikayətini müdafiə edib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada İddiaçı məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialında olan 29.01.2021-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* №-li aktdan görünür ki, Abşeron rayonu Masazır kəndində əraziyə baxış keçirilən zaman İddiaçı yaşadığı ünvanda təbii qazdan qeydiyyatsız istifadə edildiyi aşkar olunmuş və dəymiş ziyanın hesablanması tələb olunmuşdur. Abonent saldosundan görünür ki, abonent kodu **********06325 olan Abşeron rayonu Masazır kəndində yerləşən evdə 10.12.2020-ci il tarixdə Zenner G4T Mexaniki tipli sayğac quraşdırılmışdır. Cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1) abonentin borcu 1015,20 manat göstərilmişdir. Bakı Regional Qaz Satışı Departamenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının hesabatından görünür ki, istehlakçı İddiaçı, ünvanı Abşeron rayonu, Masazır kəndi, abonent kodu **********06325 dəymiş ziyanın bərpasına əsas 29.01.2021-ci il tarixli, ******* №-li Akt, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış (cəmi: 10152 m3) məbləğ ödənilməsi barədə qərar qəbul edilmişdir. İddia ərizəsini qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, Cavabdeh 29.01.2021-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* №-li aktdan görünür ki, istehlakçı İddiaçı məxsus sayğacda təbii qazdan qanunsuz istifadə edilməsi aşkar edilmişdir. Həmin aktdan göründüyü kimi, abonentin qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilmişdir və bu akta əlavə edilmiş şəkillərlə də öz təsdiqini tapır. Həmin akta əsasən Bakı Regional Qaz Satışı Departamenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının hesabatında abonentin müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 4860 m3 qaz sərfiyyatı olduğu qənətinə gəlmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar»ın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin qərarın 3.1.3-cü bəndinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profılaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı, bu qərarın 3.1.7-ci bəndinə əsasən isə qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin qərarın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Eyni zamanda bu qərarın 5.2-ci bəndinə əsasən isə Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Smart-kart» tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Sayğacın smart tipli olduğunu, onun mərkəzdən idarə olunduğunu, ona nəzarət edilməli olduğunu, borc yarandıqda kartı bloklamak mümkün olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasma səbəb bir başa qaz idarəsidir və qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Azərbaycan Respublikasının Nazirlər Kabineti «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğıılarınm tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçmın qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcınm İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay miiddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək; Göründüyü kimi «Qazdan istifadə Qaydaları»na əsasən qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı bu hal ortaya çıxmazdı və abonentə üç ay əvvələ qaz sərfiyyatı hesablanmazdı. Ona görə də birinci instansiya məhkəməsi abonent barəsinə tərtib edilmiş aktı əsaslı hesab edərək qeyd etmişdir ki, aktdan və fotoşəkillərdən iddiaçının ayğacdan kənar qoşulmasını öz təsdiqini tapır, lakin ona hesablanmış qaz sərfiyyatı əsaslı olmadığından həmin sərfiyyat əvvəlki 3 ay müddətlə deyil 1 aylıq müddət götürülməklə hesablanmalıdır. Məhkəmə sərfiyyatın hesablamasının sadə riyazi üsulla mümkünlüyünü nəzərə alaraq göstərilən qaydada hesablayır (10152 m3 :3 aya =3384m3; 3384m3 x 0.10 qəpik=338.40 manat; 10152m3-338.40=676.8) və göstərilən məbləğin bu formada hesablanmasını işin tez və ədalətli həlli hesab edir. Ona görə də, hazırda hesablanmış məbləğə uyğun olaraq iddia qismən təmin olunmuç və iddiaçıya hesablanmış 1015.20 manat borc məbləğindən 676.8 manat məbləğində borc silinmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan, vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafıə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fıkirləri ilə pozula biləcək hüquqlarını müdafıə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 2.2-ci bəndin əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qeyd olunan qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsasız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən və apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402, 403 və 405-ci ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh nümayəndəsi R.V.Əliyevin verdiyi apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(012)-2656/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar