Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2595/2021 09.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, Cavabdehin nümayəndəsi: X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddia ərizəsinin təmin edilməsi, Cavabdeh tərəfindən hesablanmış 486 (dörd yüz səksən altı) manat manat borcun İddiaçı məxsus abunə hesabından silinməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdehnə qarşı qaz sayğacının yoxlanılması haqqında aktın qanunsuz hesab edilməsi və həmin aktın əsasında qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Masazır kəndi, bina 0012, mənzil 1650 saylı evə dair abonent kodu: **********21650 olan onun adına hesablanmış 486 (dörd yüz səksən altı) manat cərimə pulunun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Belə ki, 30.08.2019cu il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli Akta əsasən onun evinə quraşdırılmış sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plomblarının yuvalarının ətrafı zədəli olduğu göstərilmişdir. Qeyd edilən aktdan onun 2021-ci ilin mart ayında xəbəri olmuşdur. Nə həmin akt tərtib edilən zaman nə də ki, evinə yeni sayğac quraşdırılan zaman onun iştirakı təmin edilməmiş, şifahi olaraq da borc barədə heç bir məlumat verilməmişdir. Təbii qazdan istifadə etdiyi üçün smart tipli qaz kartına pul yüklədikdə, həmin pulun müəyyən bir hissəsinin çıxıldığını gördükdən sonra hazırki məsələdən xəbəri olmuşdur. O, dərhal "Azəriqaz" İB Xırdalan şəhər İdarəsinə müraciət etmişdir. Ona müəyyən sənədləri təqdim edərək, guya etdiyi qanunsuz əmələ görə 486 (dörd yüz səksən altı) manat cərimə edildiyi bildirilmişdir. O isə bunlarla razılaşmadığını dedikdə, məhkəməyə müraciət etmək hüququmun olduğunu qeyd edilmişdir. Onun evinə quraşdırılmış sayğac yol kənarındadır və həmin yolu müxtəlif insanlar istifadə edir. Tərtib edilmiş aktlar bu günə kimi ona təqdim edilməmişdir. Ümumiyyətlə onun hadisədən xəbəri belə olmamışdır. Bu səbəbdən də o, hüquqlarının bərpa olunmasından ötrü məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi R.V.Əliyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, İddiaçı uzun müddət təbii qazdan sayğaca müdaxilə edərək istifadə etməklə Cavabdeh İsatehsalat Birliyinə ziyan vurmuşdur. Bununla əlaqədar əməkdaşları tərəfindən qanuna müvafiq qaydada akt tərtib edilmiş, dəymiş ziyan hesabatı hazırlanmışdır, həmçinin müdaxilə faktını təsdiq edən sayğaca müdaxilə edilməsi haqqında rəy verilmişdir. İddiaçı təbii qazdan sayğaca müdaxilə edərək istifadə etdiyinə görə tələblərinə əsasən itirilmiş qazın dəyəri müəyyən edilərək ümumilikdə 486 manat məbləğində dəymiş ziyan hesablanmış və iddiaçının **********21650 saylı kod hesabına qeyd edilmişdir. Faktla bağlı əməkdaşlar tərəfindən “qazdan istifadə qaydalarının pozulması haqqında” 30.08.2019-cu il tarixli ******* saylı akt, akt əsasında 30.08.2019-cu il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, həmçinin sayğac dövlət yoxlamasına göndərildikdən sonra MSK-29/1710-01294 saylı akt əsasında sayğaca müdaxilə olunmuşdur rəyi verilmişdir. Dəymiş ziyan hesabatına görə istehlakçının qaz işlədiçilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3 /saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır: 1.2 x 6x 90 = 648 m3, 2.6 x 18 x 90 = 4212 m3, 4212 m3 + 648 m3 =4860 m3, 4860 m3 x 0.10 = 486. “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman, qaz sayğacının hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plomblarının yuvalarının ətrafının zədəli olduğu müəyyən edilmişdir. Bununla da sayğaca müdaxilə faktı öz təsdiqini tapmışdır. Yuxarıda sadalanan və əldə olan əsaslı sənədlər İddiaçı təbii qazdan qeyri-qanuni olaraq sayğaca müdaxilə edərək təbii qazı taladığını təsdiq edir. Bununla bağlı dəymiş ziyan hesablanaraq ümumilikdə 486 manat həcmində qazın talandığı müəyyən edilmişdir. Lakin məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli 2(012)-2572/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi İ.A.Behbudov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərək, borcun qanuna uyğun hesablanmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi R.V.Əliyevin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasınm 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. AR Konstitutsiyasının 60-cı maddəsinin İİ. bəndinə əsasən hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4.1.maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərirıin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Eyni zamanda MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Abşeron RİHB-nın Masazır kəndi üzrə Nümayəndəliyi tərəfindən 03.03.221-ci il tarixli arayışdan görünür ki, İddiaçı oğlu Abşeron rayon Masazır kəndində yaşayır. 26.08.2013-cü il tarixli, 931172 nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı Abşeron rayonu, Masazır kəndində yerləşən evində çıxarılan sayğacın əvəzinə İtron markalı G-4 tipli, 1002AQ**********0 saylı sayğac quraşdırılmışdır. 30.08.2019-cu il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evə quraşdırılmış qaz sayğacına baxış zamanı MSK-nın 29/1710-01294 saylı rəyinə əsasən 1002AQ**********0 sayğacın klapanı işləkdir. Sayğacın hesablama plomblarının yuvalarının ətrafı zədəlidir və bu səbəbdən də dəymiş ziyanın hesablandığı qərara alınmışdır. 30.08.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın bərpasına əsas olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydalarının 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndinin (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməməsini İstehlakçıdan tələb etmək) tələblərinə əsasən itirilmiş qaz bərpa edilmiş, qaz işlədicilərindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, kombinin maksimal qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin (1.2x6x90=648 m3, 2.6x18x90=4212 m3 cəmi 4860 m3) ödənilməsi qərara alınmışdır. Abonent saldosundan görünür ki, abonent kodu **********21650 olan Abşeron rayonu Masazır kəndində yerləşən evə 13.04.2019-cu il tarixdə Smart G-4 İtron Gallus pay tipli sayğac quraşdırılmışdır. Cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1), abonentin borcu 486 manat göstərilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Sayğacın smart tipli olduğunu, onun mərkəzdən idarə olunduğunu, ona nəzarət edilməli olduğunu, borc yarandıqda kartı bloklamak mümkün olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasma səbəb bir başa qaz idarəsidir və qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Azərbaycan Respublikasının Nazirlər Kabineti «Qazdan istifadə Qaydaları»nm təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğıılarınm tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcınm İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay miiddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək; Məhkəmə belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı bu hal ortaya çıxmazdı. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıq vaxtında aşkar edilməmişdir. İş materiallarından və tərəflərin izahatından müəyyən edilir ki, iddiaçının mənzilində quraşdırılmış sayğac onun mənzilindən kənarda quraşdırılmışdır. Göründüyü kimi, sayğacın abonentə aid mənzilin bayır hissəsində quraşdırılması həmin sayğacın abonent tərəfindən mühafizə edilərək qorunmasını qeyri mümkün edir. Bundan əlavə Cavabdehla abonent arasında bağlanmış müqavilədə abonentin həmin qaz sayğacına edilmiş müdaxiləyə görə məsuliyyəti barədə heç bir müddəa nəzərdə tutulmamış onun üzərinə öhdəlik qoyulmamışdır. Məhkəmə qeyd edir ki, cavabdeh sübut kimi 30.08.2019-cu il tarixli, ******* saylı aktı əsas gətirmişdir. Məhkəmə iclasında akt tədqiq edilərkən aktın iki nəfər Cavabdeh əməkdaşları tərəfindən tərtib edildiyi və aktda hal şahidlərinin iştirakının təmin olunmadığı müəyyən olundu ki, bu isə aktın qüsurlu tərtib edilməsinin göstəricisidir. Göründüyü kimi iddiaçının sübut kimi göstərdiyi akt qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Bundan başqa həmin aktla sayğaca kənar müdaxilə müəyyən edilsə belə, bunun iddiaçının qəsdən törətdiyi qanunsuz hərəkətləri nəticəsində səbəb olduğu sübut edilməmişdir. Belə ki, sayğacın iddiaçının mənzilindən kənarda quraşdırılması həmin sayğacın onun tərəfindən mühafizə olunmasını, yaxud qeyri-qanuni istifadə etməsini istisna edir. Göründüyü kimi bütün bunlar iddiaçının sayğacdan qeyri-qanuni təbii qazdan istifadə olunmasını tamamilə inkar edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahmisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 26 aprel 2021-ci il tarixli 2(012)-2572/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2595/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2595/2021
09.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver