Məhkəmə qərarları › İş №2(105)-261/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-261/2022

09.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-261/2022 09.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, cavabdeh ləğv prosesində olan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-860/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-860/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rahim Həsənov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 06% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 250000 manat məbləğində kredit verilmişdir. xx.xx.2017-ci il tarixdə kredit müqaviləsi üzrə əlavə razılıq əldə edilmişdir. Kredit müqaviləsi üzrə X7 ilə xx.xx.2014-cü ildə zaminlik müqaviləsi, onun həyat yoldaşı Cavabdeh1 ilə isə ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən onun arvadına məxsus Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1,6807 ha, 2,527 ha, 2,0216 ha və 1,7689 ha torpaq sahələri ipoteka ilə yüklü edilmişdir. xx.xx.2014-cü il tarixli Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış ipoteka müqaviləsi ilə ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün həyat yoldaşı Cavabdeh1 mülkiyyətində olan 29000 manat dəyərində qiymətləndirilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1,6807 ha torpaq sahəsi, 44.000 manat dəyərində qiymətləndirilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 2,527 ha torpaq sahəsi, 35000 manat dəyərində qiymətləndirilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 2,0216 ha torpaq sahəsi və 31.000 manat dəyərində qiymətləndirilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1,7689 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Lakin onun bundan yalnız Quba Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli qətnaməsini gördükdən sonra xəbəri olmuşdur. Qanunvericiliyə əsasən sözügedən ipoteka müqaviləsinin bağlanmasına Cavabdeh1 həyat yoldaşı olaraq onun razılığı tələb olunmasına baxmayaraq, arvadının mülkiyyətində olan əmlakın ipoteka ilə yüklü edilməsinə dair onun notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi olmamış və onun razılığı olmadan mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etmişdir. Məhz bu səbəbdən cavabdehin mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tamamilə ziddir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən apellyasiya qaydasında ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Belə ki, torpaq sahələrinin girov qoyulmasından onun yalnız Quba Rayon Məhkəməsinin 28 dekabr 2019cu il tarixli qətnaməsini gördükdən sonra xəbəri olmuşdur. Qanunvericiliyə əsasən ipoteka müqaviləsinin bağlanmasına Cavabdeh1 həyat yoldaşı olaraq onun razılığı tələb olunmasına baxmayaraq, arvadının mülkiyyətində olan əmlakın ipoteka ilə yüklü edilməsinə dair onun notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi olmamış və onun razılığı olmadan mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etmişdir. Məhz bu səbəbdən cavabdehin mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tamamilə ziddir. İddiaçı apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-192/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və qeyrilərinə qarşı borcun tutulması və sair tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və X4 müştərək qaydada Cavabdeh3-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 217.237,59 manat əsas, 289,65 manat faiz və 100 manat cərimə borcu olmaqla, cəmi 217.627,24 manat məbləğində pulun tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan 29000 manat dəyərində qiymətləndirilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1,6807 ha torpaq sahəsinə, 44000 manat dəyərində qiymətləndirilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 2,527 ha torpaq sahəsinə, 35000 manat dəyərində qiymətləndirilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 2,0216 ha torpaq sahəsinə və 31000 manat dəyərində qiymətləndirilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1,7689 ha torpaq sahəsinə yönəldilməsi, əmlakların açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetləri hərracda satıldıqdan bir ay sonra Cavabdeh1 həmin əmlaklardan çıxarılması, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyana verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 2,527 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 151 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 2,0216 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 153 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,7689 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 155 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,6807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 143 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı imzası notariat qaydasında təsdiq edilmiş 03 iyul 2014-cü il tarixli ərizəsinin surətindən görünür ki, arvadı Cavabdeh1 məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən torpaq sahələrinin (MH 0018565, MH 0018563, MH 0018559, MH 0018568) girov, ipoteka qoyulmasına etiraz etməmişdir. İş üzrə keçirilmiş ekspertizanın 25 aprel 2022-ci il tarixli, 4/474 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 3m/01-267 nömrəli notariat işinin 19-cu vərəqəsində İddiaçı adından olan 03 iyul 2014-cü il tarixli, 7E/08-7250 nömrəli reyestrlə qeydiyyatdan keçmiş Cavabdeh1 məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən torpaq sahələrinin (MH 0018565, MH 0018563, MH 0018559, MH 0018568) girov, ipoteka qoyulmasına etiraz etməməsi barədə razılıq ərizəsində “İmza” qrafasındakı imza və “Zülbalayev A” əlyazması-İddiaçı tərəfindən icra olunmuşdur. İşdən görünür ki, birinci insyansiya məhkəməsi hazırki mübahisəyə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1 və 33.4-cü və Azərbaycan Respublikası MM-nin 225.1, 225.6 və 337.1-ci maddələrini tətbiq edərək iddianı təmin etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 33.4-ci maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Azərbaycan Respublikasının MM-nin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 337.1 və 337.2-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, İddiaçı iddia tələbini arvadı Cavabdeh1 mülkiyyətində olan torpaq sahələrinin ipoteka ilə yüklü edilməsinə onun notarial qaydada təsdiq olunmuş razılığının olmaması ilə əsaslandırmışdır. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, İddiaçı imzası notariat qaydasında təsdiq edilmiş 03 iyul 2014-cü il tarixli ərizə ilə arvadı Cavabdeh1 məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən torpaq sahələrinin (MH 0018565, MH 0018563, MH 0018559, MH 0018568) girov, ipoteka qoyulmasına etiraz etməmişdir. İş üzrə keçirilmiş ekspertizanın 25 aprel 2022-ci il tarixli, 4/474 saylı rəyi ilə təsdiq edilmişdir ki, ekspertizaya təqdim edilmiş 3m/01-267 nömrəli notariat işinin 19-cu vərəqəsində İddiaçı adından olan 03 iyul 2014-cü il tarixli, 7E/08-7250 nömrəli reyestrlə qeydiyyatdan keçmiş Cavabdeh1 məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən torpaq sahələrinin (MH 0018565, MH 0018563, MH 0018559, MH 0018568) girov, ipoteka qoyulmasına etiraz etməməsi barədə razılıq ərizəsində “İmza” qrafasındakı imza və “Zülbalayev A” əlyazması-İddiaçı tərəfindən icra olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsasız hesab edir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 138 manat İddiaçı tutularaq X5, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-860/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 138 (bir yüz otuz səkkiz) manat İddiaçı tutularaq X5, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar