Məhkəmə qərarları › İş №2(105)-2610/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2610/2021

08.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2610/2021 08.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh nümayəndə və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsinin boşaldılması və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(012)- 873/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(012)-873/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının Cavabdeh qanunsuz sahibliyindən geri alınması, həmin binanın boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh maddi ziyan olaraq 35000 manat (otuz beş min) və dövlət rüsumuna görə 15 manatın alınaraq İddiaçı verilməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsinin boşaldılması və dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının Cavabdeh qanunsuz sahibliyindən geri alınması və həmin binanın boşaldılaraq iddiaçıya təhvil verilməsi, həmçinin qətnamə icra olunan günədək əldən çıxmış fayda kimi hər ay 8000 (səkkiz min) manat icarə haqqı hesablanmaqla cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ziyanın tutulmasının əvvəlinin 01 sentyabr 2020-ci il tarixdən hesablanmasını məhkəmədən xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, Əhmədov X1 rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 3 ünvanında yerləşən qeyri-yaşayış binasını əvvəlki sahibi Müşfiq adlı şəxsdən müqavilə üzrə aylıq 500 (beş yüz) manat ödəmək şərti ilə icarəyə götürmüşdür. Obyektin faktiki sahibi olan Müşfiqin təklifi ilə 19 aprel 2019- cu il tarixində icarə müqaviləsi bağlanmışdır və müqaviləni qarşı tərəfdən obyektin çıxarış üzrə mülkiyyətiçisi Müşfiqin anası imzalamışdır. Obyekti icarəyə götürdükdən sonra təmirsiz olduğu üçün Cavabdeh təmirə xeyli məbləğdə təxminən 250 000 (iki yüz əlli min) manata qədər pul xərcləmişdir. Təmir xərclərinin ödənilməsi üçün Cavabdeh öz şəxsi evini girov qoyaraq kredit götürmüşdür. Müşfiq bildirmişdir ki, təxminən 10 (on) ilə yaxın müddətində obyekt Cavabdeh icarəsində qalacaqdır. Bu səbəbdən Cavabdeh düşünmüşdür ki, obyektin təmirinə bu qədər pulun xərclənməsi məntiqlidir. 2020-ci ilin təxminən avqust ayında Müşfiq obyekti digər şəxsə satacağını bildirdikdə, ona obyektin təmirinə çəkilmiş xərcləri kimin tərəfindən ödəniləcəyini soruşmuş, o, isə obyektin yeni sahibinə bu barədə məlumat verdiyini və təmirə çəkilmiş bütün xərclərin yeni mülkiyyətçi tərəfindən ödəniləcəyini bildirmişdir. Sonradan obyektə özünü Xəqani adı ilə təqdim edən şəxs yaxınlaşaraq obyekti aldığını və oranın boşaldılmalı olduğunu demişdir. Həmin şəxs obyektin təmirinə görə çəkdiyi xərcləri ödəməyəcəyini bildirmişdir. 2020-ci ilin oktyabr ayından həmin şəxs işıq idarəsinə müraciət edərək obyektin işığını kəsdirmişdir. Buna görə də Cavabdeh obyektdən normal sahibkarlıq fəaliyyətinin göstərilməsi üçün istifadə edə bilməmiş, bununla da ona maddi ziyan dəymişdir. Abşeron Rayon Məhkəməsi əsassız olaraq aylıq 5000 (beş min) manat olmaqla, 7 ay üçün cəmi 35000 (otuz beş min) manat pulun iddiaçıya ödənilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə qərarında göstərmişdir ki, Cavabdeh məhkəmədə obyekti aylıq 5000 (beş min) manata icarəyə götürdüyünü demişdir. Nəticədə məhkəmə icarə haqqını 5000 (beş min) manatdan hesablamaqla qərar qəbul etmişdir. Əslində Cavabdeh icarə müqaviləsinə uyğun məhkəmədə icarə haqqının 500 (beş yüz) manat olduğunu bildirsə də məhkəmə səhv olaraq qərarda onun 5000 (beş min) manat dediyini göstərilmişdir. Bununla bağlı məhkəmə iclas protokoluna düzəliş edilməsi ilə bağlı qeyd Abşeron Rayon Məhkəməsinə təqdim edilmişdir. Nəzərə alınmalıdır ki, Abşeron Rayon Məhkəməsində işə baxılması zamanı işin göstərilən bütün halları dəqiq araşdırılmamış, zəruri şahidlər dindirilməmiş, ekspertiza təyin edilməmiş və nəticədə sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Cavabdeh obyekti icarə əsasında istifadə etməsi məsələsinə ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Bu barədə məhkəməyə məlumat verilsə də məhkəmə bu hala ümumiyyətlə diqqət yetirməmişdir. Birinci instansiya məhkəməsində baxış zamanı Cavabdeh icarə müqaviləsini tapmaqda çətinlik çəkdiyi üçün məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 371-ci maddəsinə əsasən yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göründüyü kimi Cavabdeh tərəfindən birinci instansiya məhkəməsində üzrlü səbəbdən təqdim edilməmiş, lakin məhkəmədə barəsində məlumat verdiyi icarə müqaviləsi işin bütün hallarının düzgün həlli üçün nəzərə alınmamış və araşdırılmamışdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-873/2021 saylı, 30.03.2021 -ci il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(012)-873/2021 saylı qətnaməsi qismən, Cavabdeh maddi ziyan olaraq 35 000 (otuz beş min) manatın alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki işin materiallarından olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 01.09.2020-ci il tarixli Çıxarışdan müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış binası İddiaçı tam şəkildə mülkiyyətindədir. Mülki işin materiallarından olan Cavabdeh Abşeron RPİ-nə verdiyi izahatından müəyyən edilir ki, o, sözügedən qeyri-yaşayış binasını əvvəlki mülkiyyətçidən icarəyə götürmüş və icarəyə götürdükdən sonra həmin qeyri-yaşayış binası təmirsiz olduğu üçün həmin binanın təmir olunmasına xeyli məbləğdə xərc çəkmişdir. Çəkdiyi xərclərin ona qaytarılacağı təqdirdə həmin qeyri-yaşayış binasını təhvil verəcəkdir. Mülki işin materiallarından olan Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilən 20.10.2020-ci il tarixli, 50 saylı arayışdan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində ayrıca tikili şəklində 2 mərtəbəli, ümumi sahəsi 1400 kv.m olan istifadəyə yararlı ticarət təyinatlı qeyri-yaşayış binasının hazırki dövrə bir aylıq kirayə haqqı 8000 (səkkiz min)-10 000 (on min) manat arası dəyişir. Mülki işin materiallarından olan "xxxx" Hüquq və Qiymətləndirmə Şirkəti tərəfindən verilən 21 oktyabr 2020-ci il tarixli, 17 saylı arayışdan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində ayrıca tikili şəklində 2 mərtəbəli, ümumi sahəsi 1400 kv.m olan istifadəyə yararlı ticarət təyinatlı qeyri-yaşayış binasının hazırki dövrə bir aylıq kirayə haqqı 8000 (səkkiz min)-9 000 (doqquz min) manat arası dəyişir. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına istinad edərək iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.5, 157.4, 29.2, 228.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə və 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehlərin iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası Cavabdeh qanunsuz sahibliyindən geri alınması və həmin bina boşaldılaraq İddiaçı təhvil verilməsi barədə gəldiyi nəticəni əsaslı hesab edirək qeyd edir ki, iş materiallarından görünür ki, cavabdeh qeyd edilən qeyri-yaşayış sahəsini əvvəlki mülkiyyətçi ilə aralarıdna olan razılıq əsasında istifadə edir, onun həmin qeyri-yaşayış sahəsinə hər hansı hüquqları yoxdur, həmin sahədən qanunsuz istifadə etməklə iddiaçının qanunla qorunan mülkiyyət hüququnu pozmuş, iddiaçıya öz mülkiyyət hüquqlarını həyata keçirilməsinə maneə yaratmışlar. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə cavabdeh mülkiyyət hüququ əsasında iddiaçıya məxsus qeyri-yaşayış sahəsini qanunsuz olaraq istifadə etmiş və belə olan halda iddia tələbi qeyd edilən hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinin qətnamənin mübahisəli qeyri-yaşayış sahəsinin boşaıldılaraq iddiaçıya təhvil verilməsi hissəsində ləğvi üçün əsaslı hesab etmir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 15 manat hissəsinin də cavabdehdən tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, məhkəmə dəymiş zərərə görə cavabdehdən 35000 manat pulun tutulması hissəsində təmin etməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarında qeyri-yaşayış sahəsinin icarəyə verilməsi, eləcə də eləcə də aylıq kirayə haqqına dair iddiaçı ilə cavabdeh arasında hər hansı razılaşmanın olması müəyyən edilmir. Belə ki, tərəflər arasında evin kirayəyə verilməsinə dair kirayə müqaviləsi əlavə edilməmişdir. İş materiallarından görünür ki, məhkəmə iddianı maddi ziyan tələbinə dair hissədə qismən təmin edərkən cavabdehin əvvəlki mülkiyyətçiyə hər ay 50000 manat icarə haqqı ödəməsinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razlaşmır. Məhkəmə kollegiyası məhkəmənin cavabdehin izahatına əsasən icarə haqqının aylıq 5000 manat olması barədə gəldiyi nəticəyə qiymət verərək qeyd edir ki, cavabdeh qeyd edilən halı mübahisələndirmiş, məhkəmə prosesində aylıq icarə haqqının 5000 manat deyil, 500 manat olduğunu bildirməsini qeyd edərək məhkəmə iclas protokoluna qeyd vermişdir. Göründüyü kimi, məhkəmənin gəldiyi nəticə mübahisələndirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayarq qeyd edir ki, iş materiallarından tərəflər arasında qeyd edilən qeyri-yaşayış sahəsinin hansı məbləğə, hansı müddətə kirayə verilməsinə dair hər hansı müqavilə mövcud deyildir. Həmçinin qeyri-yaşayış sahəsinin hansı məbləğdə kirayə götürülməsi barədə cavabdehin iddiaçı ilə hər hansı razılaşmanın olması müəyyən edilmişdir. Cavabdehin izahatından görünür ki, cavabdeh qeyri-yaşayış sahəsini öz hesabına təmir etdirmiş və təmirin əvəzində qeyri-yaşayış sahəsini 10 il müddətinə kirayə haqqı vermədən istifadə etməsi barədə qeyri-yaşayış sahəsinin əvvəlki mülkiyyətçisi ilə danışıqlarının olmasını bildirmişdir. Həmçinin iddiaçı tərəf cavabdehlə kirayə haqqının müəyyən edilməsi barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki işdən görünür ki, iddiaçı mübahisəli obyekt üçün aylıq 8000 manat kirayə pulu verilməli olmasını sübuta yetirə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə qeyd edilən hissədə ləğv edilməli,iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(012)-873/2021 saylı qətnaməsi qismən, Cavabdeh maddi ziyan olaraq 35 000 (otuz beş min) manatın alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372.1, 372.6, 372.7, 384.0.1, 384.0.2 və 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(012)-873/2021 saylı qətnaməsi qismən, Cavabdeh maddi ziyan olaraq 35 000 (otuz beş min) manatın alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti qismən təmin edilsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar