Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2626/2021 06.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(012)-922/2021 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi T.Ə.Hacıyevin verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(012)-922/2021 saylı qətnaməsi ilə (hakim E.T.Məmmədov) İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi tələbinə dair iddia qismən təmin edilib, Cavabdeh tərəfindən Abşeron rayonu, Müşviqabad qəsəbəsi, Quşçuluq fabriki ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********00700 olan sayğaca görə hesablanmış 3868,30 manatdan 127 manat 90 qəpik saxlanılmaqla digər borclar silinmişdir. Cavabdeh nümayəndəsi T.Ə.Hacıyev apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(012)-922/2021 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq Abşeron rayonu, Müşviqabad qəsəbəsi, Quşçuluq fabriki ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********00700 olan sayğaca görə qanunsuz olaraq ona hesablanmış 3868,30 manat cərimənin tutulmasına dair tərtib edilmiş 14.04.2020-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Müşviqabad qəsəbəsi, Quşçuluq fabriki ünvanında fərdi yaşayış evində onun adına olan abonent kodu **********00700 qaz sayğacından istifadə edir. 14.04.2020-ci il tarixdə Cavabdeh əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmiş və 3963 manat dəymiş ziyana görə cərimə hesablanmışdır. Həmin borc məbləğindən 100 manat ödəniş ödədikdən sonra qalan borc məbləği 3868,30 manat təşkil edir. Həmin akta əsasən qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkarlanmışdır. Sözügedən akt qanunsuz və əsassız olaraq tərtib edilmişdir. Ona məxsus qaz sayğacı evin çöl tərəfində, hasarın üzərində yerləşdirilmişdir. Qonşunun iri buynuzlu malqarası ona məxsus qaz sayğacını yararsız hala gətirmişdir. O, da həmin gün Cavabdeh əməkdaşlarına bununla bağlı məlumat verərək, yeni qaz sayğacının quraşdırılmasını istəmişdir. Əməkdaşlar isə ona müvəqqəti olaraq sayğacdan kənar təbii qazdan istifadə etməyi tövsiyə etmişlər. Onlara sayğacdan kənar təbii qazdan istifadənin gələcəkdə problem yaradacağını bildirdikdə isə, abonentin saldosunda göstərilən cihazlar (4 gözlü qaz plitəsi, qızdırıcı radiator peçi) əsasında borc məbləğinin hesablanacağını demişlər. 3 ay bundan əvvəl isə əməkdaşlar tərəfindən mexanika sayğac quraşdırılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh nümayəndəsi T.Ə.Hacıyev apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 26 aprel 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 14.04.2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Müşviqabad qəsəbəsi, Quşçuluq fabriki ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış abonent kodu **********00700 olan sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkarlanmış, həmin akt əsasında itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabata görə itirilmiş qaz sərfiyatı 1279 kub.metr olmaqla, 127 manat 90 qəpik abonentə cərimə hesablanmışdır. İddiaçı məxsus abonentin saldosundan görünür ki, 2020-ci ilin onuncu ayı da daxil olmaqla İddiaçı ümumilikdə 3868,30 manat borc hesablanmışdır. İddia ərizəsindən görünür ki, iddiaçının tələbi Cavabdeh tərəfindən qanunsuz olaraq Abşeron rayonu, Müşviqabad qəsəbəsi, Quşçuluq fabriki ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********00700 olan sayğaca görə qanunsuz olaraq ona hesablanmış 3868,30 manat cərimənin tutulmasına dair tərtib edilmiş 14.04.2020-ci il tarixli, ******* saylı aktın ləğv edilməsindən ibarətdir. Əvvəla, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Abşeron X3 tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında 14.04.2020-ci il tarixdə tərtib edilmiş ******* saylı aktın etibarsızlığı üçün əsas yoxdur. Belə ki, həmin aktda sayğacın zədələnməsi faktı öz əksini tapmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallar hesab olunur. Göründüyü kimi yazılı sübut növü olan aktın iddiaçı tərəfindən ləğv olunması heç də iddiaçıya məxsus Abşeron rayonu, Müşviqabad qəsəbəsi, Quşçuluq fabriki ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********00700 olan sayğaca görə hesablanmış 3868,30 manatdan 127 manat 90 qəpik saxlanılmaqla silinməsi üçün əsas deyildir. Digər tərəfdən iddiaçının məhkəmənin gəldiyi nəticə barədə tələbi olmadığı halda birinci instansiya məhkəməsi «iddia qismən təmin edilib, Cavabdeh tərəfindən Abşeron rayonu, Müşviqabad qəsəbəsi, Quşçuluq fabriki ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********00700 olan sayğaca görə hesablanmış 3868,30 manatdan 127 manat 90 qəpik saxlanılmaqla digər borclar silinsin» nəticəsinə gəlmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.1-ci və 217.3-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh nümayəndəsi T.Ə.Hacıyevin verdiyi apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(012)-922/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2626/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2626/2021
06.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver