Məhkəmə qərarları › İş №2(105)-2628/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2628/2021

04.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2628/2021 04.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X7 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi: X4 iştirakı ilə, İddiaçı «Azəriqaz» İstehsalat Birliyinin cavabdeh X2 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi R.V.Əliyev tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddia qismən təmin edilsin Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 236,10 manat məbləğində pul və dövlət rüsumu üçün 10 manat tutularaq «Azəriqaz» İstehsalat Birliyinin ABB Sabunçu filialı, Kod: 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı «Azəriqaz» İstehsalat Birliyi Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3418,44 manat məbləğində dəymiş ziyan, həmçinin 30 manat dövlət rüsumu olmaqla, cəmi 3448,44 manat pulun məcburi qaydada tutularaq «Azəriqaz» İstehsalat Birliyinin ABB Sabunçu filialı, Kod: 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «Azəriqaz» İstehsalat Birliyi 07.10.2016-cı il tarixli, T/15382 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana «Azəriqaz» İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********01290 nömrəli abonent kodu verilmişdir. Qeyd edilən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4T markalı **********4 nömrəli qaz sayğacı quraşdırılmışdır. Beləliklə, cavabdeh müqavilənin şərtlərini pozaraq özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. «Azəriqaz» İB-nin işçiləri tərəfindən küçə qaz xətlərinə, cavabehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və çəkilişlər aparılmışdır. Həmin aktlara əsasən cavabdeh dəfələrlə sayğacdan kənar qaz istifadə etməklə iddiaçıya ümumilikdə 3418,44 manat ziyan vurmuşdur. Cavabdehə pulun könüllü ödənilməsi təklif olunsa da, cavabdeh heç bir ödəniş həyata keçirməmiş və bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi R.V.Əliyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə cavabdehin təbii qazdan qanunsuz istifadə etməsi nəticəsində onlara 236,10 manat dəyərində ziyanın dəyməsi barədə əsassız nəticəyə gəlmiş, bununla da prosesual qaydalar pozulmuşdur. Tərtib edilmiş aktlar və cavabdeh tərəfindən qanunsuz qoşulma faktı artıq özlüyündə iddianın tam təmin olunması üçün əsasdır və əlavə araşdırmaya, sübuta ehtiyacı olmayan haldır. Birlik tərəfindən tərtib olunan aktlarda istehlakçının aktdan imtina etiyi qeyd edilmişdir. Lakin, məhkəmə tərəfindən abonentin aktı imzalamaqdan imtina etməsi onun aktın tərtib olunmasında iştirak etmədiyi kimi qiymətləndirilmişdir. Tərəfin iştirak etmədiyi məhkəmə prosesində belə bir qənaətə gəlinməsi düzgün hesab edilə bilməz. Məhkəmə iş materiallarında olan bu sübutları araşdırmalı olduğu halda bunları etməmiş, tərəflərindən hesablanmış borcun dövlət əmlakı hesabına ödənilməsi barədə qərar qəbul edərək dövlət əmlakının süni sürətdə müflisləşdirməklə əsassız olaraq özgəninkiləşdirilməsinə yol vermişdir. Çünki, təbii qazdan qanunsuz istifadəni sübut edən aktlar və müxtəlif rakusdan çəkilmiş fotoşəkillər mövcuddur. Odur ki, Abşeron Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(012)-330/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi Ç.N.Dibirov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdeh Ş.A.Tagıyev məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərək, iddiaçı tərəfindən tələb olunan borcun tam sübuta yetirməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi R.V.Əliyevin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarında olan «Azəriqaz» İstehsalat Birliyi ilə Cavabdeh arasında bağlanmış 07.10.2016-cı il tarixli, T/15382 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilənin 2.3.2, 2.3.3 və 2.3.4cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın, qaz qurğularına dair lahiyə və istismar sənədlərinin tələblərinə, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. Həmin Müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifəsidir və eyni zamanda, həmin Müqavilənin 2.3.4-cü bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayacıya dəymiş zərərin ödəmək istehlakçının vəzifəsidir. İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən abonent kodu **********01290 olan cavabdeh Ş.A.Tagıyevin Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən evinə 19 fevral 2018-ci ildə, 30 mart 2018-ci ildə, 24 aprel 2018-ci ildə, 31 iyul 2018-ci ildə, 28 avqust 2018-ci ildə, 21 sentyabr 2018-ci ildə, 31 oktyabr 2018-ci ildə, 30 noyabr 2018-ci ildə, 28 dekabr 2018-ci ildə, 31 yanvar 2019-cu ildə, 28 fevral 2019-cu ildə, 29 mart 2019-cu ildə, 30 aprel 2019-cu ildə, 30 may 2019-cu ildə, 28 iyun 2019-cu ildə, 31 iyul 2019-cu ildə, 30 avqust 2019-cu ildə, 30 sentyabr 2019-cu ildə, 30 sentyabr 2019-cu ildə, 30 otkyabr 2019-cu ildə, 29 noyabr 2019-cu ildə, 30 dekabr 2019-cu ildə, 30 yanvar 2020-ci ildə, 28 fevral 2020-ci ildə və 24 mart 2020-ci ildə baxış keçirilərkən həmin ünvanda sayğacdan kənar qoşulmalar müəyyən edilərək, müvafiq qaydada Aktlar tərtib edilmiş (cəmi 24 dəfə qanunsuz qoşulma aşkar edilərək 24 akt tərtib edilmişdir) və həmin Aktlar əsasında təbii qazdan qeyri-qanuni istifadəyə görə dəymiş zərər olaraq cəmi 3363,90 manat pul vəsaiti hesablanmışdır. İşdə olan «Azəriqaz» İB-nin Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 24.03.2020-ci il tarixli, ******* saylı sonuncu aktdan müəyyən edilir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində (abonent kodu: **********01290) yaşayan istehlakçı Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyriqanuni istifadə etməsi müəyyən edilmiş, Cavabdeh həmin aktı imzalamamışdır. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görsün. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatm enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanın 9-cu bəndində qeyd olunur ki, “Azəriqaz” İstehsalat Birliyi təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər(rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir.Məcəllənin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci 14.2.6-cı maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması nəticəsində yaranır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi X5 apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 29 mart 2021-ci il tarixli 2(012)-330/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı «Azəriqaz» İstehsalat Birliyinin cavabdeh X2 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh X8 oğlundan təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3418 (üç min dörd yüz on səkkiz) manat 44 (qırx dörd) qəpik və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 3448 (üç min dörd yüz qırx səksən) manat 44 (qırx dörd) qəpik məbləğində pul vəsaiti tutularaq «Azəriqaz» İstehsalat Birliyinin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar