Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2630/2021 08.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Elman Gülbaba oğlu Rəhimovdan ibarət tərkibdə, məhkəmə katibi X2, İddiaçı nümayəndəsi X4, Cavabdeh və onun vəkili X3 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2(012)-1223/2019 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2(012)- 1223/2019 saylı qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2(012)-1223/2019 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahilş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2019-cu il tarixli, 2(105)-3029/2019 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2(012)-1223/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 dekabr 2019-cu il tarixli, 2(102)-7988/2019 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2019-cu il tarixli, 2(105)- 3029/2019 saylı qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2020-ci il tarixli, 2(105)-1177/2020 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilib, Abşeron Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2(012)-1223/2019 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı iddiası təmin olunaraq İddiaçı və Cavabdeh arasında Abşeron rayon 1 saylı Notariat Kontorunda bağlanmış 23.06.2017-ci il tarixli, AN-İ saylı ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab olunmuş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10,40 manat məbləğində dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 5,40 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 may 2021-ci il tarixli, 2(102)-2275/2019 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2020-ci il tarixli, 2(105)-1177/2020 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında Abşeron rayon 1 saylı Notariat Kontorunda bağlanmış 23.06.2017-ci il tarixli, AN-İ saylı ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun cavabdehlə 2014-cü il tarixdən ailəvi tanışlıqları yaranmış, 2017-ci ilin iyun ayında pula ehtiyac yarandığından Cavabdeh pul istəmişdir. O, etiraz etməmiş və pulun qarşılığında yeganə yaşayış sahəsi olan ünvan 1ində yerləşən evini alqı-satqı edəcəyini bildirmişdir. Bir neçə gün sonra, ailədə məsləhətləşmiş, evi 5000 manata görə alqı-satqı etmək fikrindən yayınmışlar. O, cavabdehə bildirmişdir ki, 5000 manata görə 40000 manatlıq evi təminat olaraq satmaq istəmir. Lakin cavabdeh hər-hansı problem olduğu halda, ev üçün əlavə olaraq 30.000 manat verməklə tam alacağını bildirmişdir. Bir neçə gün sonra, onlar bir daha görüşmüş və evi tam şəkildə satmaq istədiyini cavabdehə bildirmişdir. Bu zaman cavabdeh əlində tam şəkildə pulu olmadığını demiş və ilkin olaraq ona 5000 manat, 2018-ci ilin yanvar ayına kimi yerdə qalan 30.000 manat verəcəyini bildirmişdir. Bundan sonra, 23 iyun 2017-ci il tarixdə 1 saylı notariat kontorunda evi cavabdehlə alqı-satqı etmişlər. O, cavabdehə pulu tam şəkildə ödədikdən sonra evi boşaldacağını bildirmiş və Cavabdeh isə etiraz etməmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh dələduzdur və qalan pulu vermədən onu evdən çıxarmaq üçün məhkəmədə iddia qaldırmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 24 aprel 2019-cu il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 17,25,26,60-cı maddələrinin və Azərbaycan Respublikası MPM-nin 4, 6, 9.1, 14.2, 24, 76, 77, 80, 88-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi evin həqiqi dəyərini araşdırmadan, əmlaka yerində baxış keçirmədən 40.000 manat qiymətində olan evin nəyə görə 5000 manata satıldığını müəyyənləşdirmədən birmənalı olaraq cavabdehin mövqeyini müdafiə etmiş, birtərəfli mövqe sərgiləməklə əsaslı iddianı rədd etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi A.X.Rzayev apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili S.Y.Əkbərov apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 09 sentyabr 2016-cı il tarixli etibarnamədən görünür ki, İddiaçı ƏMDK yanında DƏDRX-nın Abşeron Ərazi İdarəsi tərəfindən 25.10.2011-ci il tarixdə **********70 reyestr nömrəli çıxarışa əsasən ünvan 1ində yerləşən 0.015 ha torpaq sahəsi barədə sərəncam verməyi, tikinti işləri aparmağı, buna müvafiq olaraq öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilən bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq və sair hərəkətləri etmək üçün 6 ay müddətinə, yəni 09.03.2017ci il tarixədək Cavabdeh etibarnamə vermişdir. İddiaçı və Cavabdeh arasında bağlanmış 23.06.2017-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ünvan 1ində yerləşən ümumi sahəsi 0.015 ha olan torpaq sahəsini 5000 manata Cavabdeh satmışdır. 23.06.2017-ci il tarixli, AN-İ 630074 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə bağlı notariat işinə əlavə edilmiş sənəddən görünür ki, X4 ərizə verərək, İddiaçı məxsus olan ünvan 1i ünvanında yerləşən 0.015 ha torpaq sahəsinin satılmasına etiraz etməmişdir. Abşeron Rayon Məhkəməsinin 12.03.2018-ci il tarixli, 2(012)-671/2018 saylı qətnaməsinə əsasən Cavabdeh İddiaçı qarşı torpaq sahəsinin və tikilinin boşaldılmasına dair iddia tələbi təmin edilmiş, İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0.015 ha torpaq sahəsindən və orada olan yardımçı tikilidən çıxarılması qət edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 26.09.2018-ci il tarixli, 2(105)-3025/2018 saylı qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 12.03.2018-ci il tarixli, 2(012)-671/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 04.05.1985-ci il tarixli, İİİ JQ 437092 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə İddiaçı 04 may 1985-ci ildə rəsmi nikaha daxil olmuşlar. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 01.08.2018-ci il tarixli, 2(008)4843/2018 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə onu aldadaraq evini əlindən almaqla yerdə qalan 30000 manat pulunu mənimsəməsi və əlavə olaraq götürülmüş 3000 manat fayda, o cümlədən 2000 manat mənəvi zərəri nəzərə almaqla ümumi olaraq 35000 manatın cavabdehdən alınaraq ona verilməsi barədə iddiası təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 28.11.2018-ci il tarixli, 2(103)-12513/2018 saylı qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın ləğv olunması və cinayət işi başlanması haqqında 05.02.2016-cı il tarixli qərarın surətindən görünür ki, Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsində toplanmış HK-1/723 saylı material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə müstəntiqin 12.03.2015-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmişdir. Toplanmış material üzrə Cavabdeh şikayəti əsasında X4 barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işinin başlanılması qərara alınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.09.2016-cı il tarixli, 1(101)-1088/2016 saylı hökmünə əsasən X4 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, həmin cəzaya şərti olaraq məhkum edilməklə üzərində 01 il sınaq müddəti müəyyən edilmişdir. İddiaçının ərinin cavabdehin 20.000 manat pulunu dələduzluqla ələ keçirməsi və qaytarmaması qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmişdir. Həmçinin işdən müəyyən edilir ki, iddiaçının öz ərinin (təqsirli şəxsin) cəzasını yüngülləşdirən hal kimi nəzərə alınması məqsədilə cinayət nəticəsində vurulmuş 20.000 manat ziyanın ödənilmiş hesab edilməsi üçün öz adına olan torpaq sahəsi və üzərində olan qeydiyyata alınmamış evini cavabdehə vermişdir. Cavabdeh bu razılaşmaya əsasən ona vurulmuş ziyanın tam ödənilməsi barədə cinayət işinə baxan məhkəməyə müvafiq ərizə vermiş və iddiaçının əri törətdiyi cinayətə görə daha yüngül cəza almışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdən imtina etdikə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 329, 331, 334.1, 334.2,362-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə hesab etmişdir ki, İddiaçı və Cavabdeh arasında bağlanmış 23.06.2017-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq bağlandığından, iddiaçının həmin alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına dair iddiası əsassızıdır. Məhkəmə kollegiyası işin tədqiq olunan faktiki hallarına əsaslanaraq hesab edir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən isə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni, qanunun tələbinə əsasən əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuş şəxs bir il ərzində məhkəməyə müraciət edə bilər. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Sözügedən müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aid olduğu üçün bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. İşdən isə görünür ki, mübahisələndirilən alqı-satqı üzrə əqdin icrasına başlanılmış, daşınmaz əmlak cavabdehin mülkiyyətinə keçmiş və Abşeron rayon məhkəməsinin 12.03.2018-ci il tarixli, 2(012)-671/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı torpaq sahəsinin və tikilinin boşaldılmasına dair iddia tələbi təmin edilərək, İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0.015 ha torpaq sahəsindən və orada olan yardımçı tikilidən çıxarılması qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. İşin faktiki hallarından aydın olur ki, mübahisələndirilən alğı-satqı müqaviləsi bağlanarkən sadalanan hüquq normalarının pozuntusu halları olmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qanuni əsaslarla bağlanmış alğı-satqı müqaviləsinin etibarsızılığı üçün qanunvericiliklə müəyyən edilmiş yuxarıda qeyd edilmiş əsaslardan heç biri mövcud deyildir. AR MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2(012)-1223/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2630/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2630/2021
08.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver