Məhkəmə qərarları › İş №2(105)-2644/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2644/2021

22.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2644/2021 22.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçılar İddiaçı1nun və İddiaçı2 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(060)-2132/2021 saylı qətnaməsindən Cavabdeh2 açıq səhmdar cəmiyyətinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(060)-2132/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Azər İsmayılov) iddiaçılar İddiaçı1nun və İddiaçı2 Cavabdeh2 açıq səhmdar cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh2 açıq səhmdar cəmiyyəti tərəfindən iddiaçılar İddiaçı1nun və İddiaçı2 yaşadıqları Sumqayıt şəhəri, Corat qəsəbəsi, 280 (606E) saylı evə (Abunə kodu: **********800) hesablanmış borcdan 1249,56 manatın silinməsi, iddianın tələbinin qalan hissədə rədd edilməsi qət edilmiş, cavabdeh təşkilat qətnamədən apellyasiya şikayəti vermişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında Cavabdeh2 açıq səhmdar cəmiyyətinin qətnamədən verdiyi apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini xahiş etdilər. Cavabdeh2 açıq səhmdar cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin fikirlərini dinləyib, Cavabdeh2 açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. İşdən görünür ki, Cavabdeh2 açıq səhmdar cəmiyyəti Sumqayıt Şəhər Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(060)-2132/2021 saylı qətnaməsindən apellyasiya şikayəti versə də, apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməmişdir. Cavabdeh2 açıq səhmdar cəmiyyətinin elektron qaydada verdiyi apellyasiya şikayətində göstərilən dövlət rüsumu isə 26.02.2021-ci il tarixdə, yəni hazırki iş üzrə qəbul edilən qətnamədən 2 ay 11 gün əvvəl ödənilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, ödənilmiş həmin məbləğ hazırki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilməsi üçün ödənilməsi kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 108.1.4-cü maddəsinə görə apellyasiya şikayətləri verildikdə, dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” qanunun 8.1.1 və 8.1.2-ci maddələrinin mənasına görə məhkəməyə verilən iddia ərizələrində iddia qiyməti 500 manatdan çox olduqda 30 manat, iddia qiyməti 500 manatdan çox olmadıqda 20 manat dövlət rüsumu tutulur. Həmin qanunun 8.4.1-ci maddəsində göstərilir ki, apellyasiya və kassasiya şikayətlərinə birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8.1-ci maddəsində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu tutulur. Cavabdeh2 açıq səhmdar cəmiyyəti qətnamədən apellyasiya şikayəti versə də, apellyasiya şikayətinə birinci instansiya məhkəməsinə müraciət edilərkən müəyyən edilmiş məbləğin 50 faizi miqdarında dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.2-ci maddəsində göstərilir ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayarkən, cavabdeh təşkilatın apellyasiya şikayətinə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməməsinə əhəmiyyət verməmiş, apellyasiya şikayətini geri qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası MPMnin 363.4-cü maddəsinin mənasına görə cavabdeh təşkilat göstərilən nöqsanı aradan qaldırdıqdan sonra yenidən məhkəmə qətnaməsindən ümumi qaydada apellyasiya şikayəti vermək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, cavabdeh təşkilatın apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığına görə, apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş göstərilən mülki prosessual pozuntunun aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(060)-2132/2021 saylı qətnaməsindən Cavabdeh2 açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar