Məhkəmə qərarları › İş №2(105)-2653/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2653/2021

29.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2653/2021 29.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(060)-2571/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusunda bağlanmış 12.04.2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12.04.2018-ci il tarixdə Cavabdeh ilə aralarında Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusunda kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtinə görə guya cavabdeh ona 17000 manat məbləğində borc vermişdir. Bildirir ki, aralarında bağlanmış kredit müqaviləsi əsassızdır. Müqavilə formal olaraq bağlanmışdır. Onun cavabdehə 17000 manat məbləğində borcu yoxdur və cavabdeh ona 17000 manat məbləğində borc pul verməyib. Bildirir ki, cavabdeh 2016-cı ildə ona 6000 manat məbləğində faizə pul verib. Aralarında olan razılaşmaya görə o, hər ay ona 800 manat məbləğində pul ödəməli idi. O, aralarında olan razılaşmaya əsasən 24 ay müddətində ona hər ay 800 manat olmaqla cəmi 19200 manat məbləğində pul ödəmişdir. Lakin buna baxmayaraq cavabdeh onu aldatmış və onunla 2018-ci ildə müqavilə bağlamışdır ki, guya onun cavabdehə 17000 manat borcu var. O, cavabdehdən 6000 manat faizə borc pul götürüb qarşılığında cavabdehə 19200 manat pul ödəmişdir. Lakin cavabdeh aralarında olan müqavilədən istifadə edərək, 2019-cu ildə ona qarşı borc tələbinə dair iddia tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6272/2019 saylı, 20.09.2019-cu il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdeh ona qarşı müqavilənin ləğvi və pul tələbinə dair iddia tələbi qismən təmin edilmiş, aralarında bağlanmış 12 aprel 2018-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, ondan 17000 manat məbləğində borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Ümumiyyətlə notariat kontorunda müqavilə bağlanarkən cavabdeh ona nəğd pul verməyib, nə də ki, notariusun depozit hesabına pul köçürülməyib. Məhkəmə bütün bunları aydınlaşdırmadan aralarında olan kredit müqaviləsinə əsasən qətnamə qəbul etmiş və iddia tələbini təmin etmişdir. O, həmin qətnamədən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermişdir. Mülki iş hakimi Gülnarə xanım Tağızadənin icraatındadır. Sumqayıt Şəhər Məhkəməsində mülki işə baxılarkən onun iştirakı təmin olunmadığından o, borc müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edə bilməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Cavabdeh ondan əsassız olaraq 17000 manat məbləğində pul tələb edir. Ona görə də o, hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, onunla cavabdeh arasında Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusunda bağlanmış kredit müqaviləsi etibarsız hesab edilməlidir. Göründüyü kimi, borc müqaviləsi konsensual deyil, real əqddir. Yəni bu əqdin bağlanması üçün pulun real olaraq verilməsi tələb olunur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozmaqla qəbul olunmuşdur. Məhkəmə qətnamə çıxararkən mülki iş üzrə dəlillərə və sübutlara düzgün qiymət verməmişdir. Qətnamə əsassızdır. Məhkəmə gəldiyi nəticə üçün bütün faktiki halları aydınlaşdırmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini öz iddia tələbini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməməsi və əsaslandırdığı halları sübut edə bilməməsi, hazırda iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması ilə əsaslandırmış və gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 739.1, 739.2, 740.2, 324.1, 324.2, 324.5, 390.1, 337.1, 337.2, 567, 647.1, Mülki Prosessual Məcəllənin 82.3. maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək bu nəticəni mübahisələndirmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia tələbini rədd edən birinci instansiya məhkəməsi iddia tələbinə maddi hüquqi normalarını düzgün tətbiq etməmişdir. İşdən görünür ki, iddia tələbinin predmetini iddiaçı ilə Cavabdeh arasında Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusunda bağlanmış 12.04.2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi təşkil edir. Lakin tərəflər arasında yaranmış mübahisəni həll edən birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə Mülki Məcəllənin 567, 647.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 82.3. maddələrinə istinad etmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X5rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X3 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (Mülki Prosessual Məcəllənin 386-cı maddəsi). Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (MPM-nin 385.1.1-ci maddəsi). Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakı əsasa görə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, İddiaçı Cavabdeh ilə aralarında bağlanmış 12.04.2018-ci il tarixli kredit müqaviləsinin formal olaraq bağlandığını, həmin tarixdə guya 17.000 manat borc pul verildiyi qeyd edilsə də, həmin məbləğ ona verilmədiyini, onun Cavabdeh heç bir pul borcu olmadığını əsas gətirərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir (Ə.Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Mülki Məcəllənin 337.1. maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə kollegiyasının fikrincə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı əqdin qanunun tələblərinə zidd olaraq və yaxud qanunvericilikdə müəyyən edilmiş qaydalara riayət edilmədən bağlandığını, yəni əqdin bağlandığı andan qanunsuz olması deməkdir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Məhkəmə kollegiyası qeyd edir ki, əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Mülki Məcəlləsinin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı sübyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericliyin tələblərinə uyğun olması vacibdir. Qanunun mənasına görə əqdin bağlanması üçün ilkin zəruri olan şərtlərdən biri tərəflərin iradə ifadəsidir. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış müqaviləni təsvir edərək hesab edir ki, müqavilə azadlığı şəraitində bağlanmış kredit müqaviləsi tərəflərin həqiqi iradə ifadəsini özündə əks etdirdiyindən, mövcud müqavilənin bağlanması zamanı qanunvericiliyin tələbləri pozulmadığından, bu halları təkzib edən hər hansı bir sübut iddiaçı tərəfindən təqdim etdilmədiyindən, iddiaçının dəlilləri formal mülahizə kimi dəyərləndirilməklə qanuna uyğun bağlanmış bu müqavilənin etibarsızlığına səbəb ola bilməz. Kollegiya həmçinin qeyd edir ki, mövcud kredit müqaviləsinin bağlanması üçün heç bir maneə müəyyən edilməmiş, əksinə həmin müqavilə yazılı formada bağlanaraq notarial qaydada təsdiq olunmuşdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yeində müayinə keçirməklə, səs və video yazıları il, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur. (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göründüyü kimi sübut etmə yükü üzərinə düşən iddiaçı müqavilənin etibarsızlığı ilə bağlı tutarlı sübut təqdim etməli olduğu halda, heç bir sübut təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddia tələbi təmin edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar