Məhkəmə qərarları › İş №2(105)-2654/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2654/2021

29.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2654/2021 29.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(060)-4166/2021 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstahsalat Birliyinin nümayəndəsi İ.R.Mirzəyevin verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(060)-4166/2021 saylı qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) İddiaçı cavabdeh “Azəriqaz” İstahsalat Birliyinə qarşı aktın etibarsız hesab olunması və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia qismən təmin edilib, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 35-də yerləşən 18 saylı mənzilə müdaxilə edilmiş sayğacın dəyəri olaraq hesablanmış 64 (altmış dörd) manat 67 (altmış yeddi) qəpik vəsaitin və əsassız olaraq hesablanmış 135 (bir yüz otuz beş) manat məbləğində borc silinməsi qət edilmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi İ.R.Mirzəyev apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(060)-4166/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən faktiki olaraq onun istifadəsində olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, 35 saylı evin 18-ci mənzilinə dair tərtib olunmuş 09.12.2019-cu il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın etibarsız hesab olunması, sayğacın dəyəri kimi ondan tələb olunan 64 manat 67 qəpik məbləğində borcun və 135 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, 35 saylı evin 18-ci mənzili mərhum atası X4 mülkiyyətindədir. Atası 15 iyun 2017-ci il tarixdə vəfat etmiş, o, həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı ünvanda qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtlı-vaxtında ödəmiş və tərəflərindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. 27.11.2019-cu il tarixdə cavabdeh "Azəriqaz" istehsalat Birliyinin əməkdaşları tərəfindən faktiki olaraq onun istifadəsində olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, 35 saylı evin 18-ci mənzilin qaz sayğacına baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, guya sayğacın plastmast ekranında kənar təsir izi var. Plastmast qapaq tərəflərindən açıldı və plastmast şüşəni ekrana bərkidən 4 qulaqcıqdan birinin sınıq olduğu aşkar edildi. Bunun əsasında 09.12.2019-cu il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib olunmuşdur. Bundan sonra cavabdeh "Azəriqaz" İB-dən ona məktub göndərilmiş və həmin məktubda qeyd olunmuşdur ki, onun ünvanında olan G-2.5 markalı 00169480 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvandan çıxarılmış sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri 64 manat 67 qəpik ABB Sumqayıt filialı AZ751BAZ**********270880213 nömrəli hesaba ödənilməli və ödəniş qəbzinin surəti isə Sumqayıt QİS-nə təqdim edilməlidir. Həmçinin sonradan ona məlum oldu ki, sayğacın dəyərindən əlavə ona 135 manat məbləğində cərimə də hesablanmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi İ.R.Mirzəyev verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 26.05.2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, 35 saylı evin 18-ci mənzilə quraşdırılmış təbii qaz sayğacı ilə bağlı məlumat yazılmış və təbii qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Sayğac dəyişdirilən zaman abonentə məlumat verilmiş və sayğacın çıxarılması zamanı yerində tərtib edilmiş ******* saylı, 12.09.2019-cu il tarixli aktda sayğacda qeyd olunan nöqsan yazılmışdır. 12.09.2019-cu il tarixdə akt tərtib olunmaqla çıxarılmış və laboratoriyada yoxlanılması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə göndərilmişdir. Dövlət yoxlama İdarəsinin aktına əsasən qaz sayğacına “İnformasiya Texnologiyaları və Rabitə İdarə”nin kalibirləmə laboratoriyasında baxış keçirilmiş və məişət qaz sayğacında “sayğaca baxış keçirildi, sayğacın plastmas ekranında kənar təsir izi var, plastmas qapaq tərəflərindən açıldı və plastmast şüşəni ekrana bərkidən 4 qulaqcıqdan 1-nin sınıq olduğu aşkar olundu” xətalar normadan artıqdır” sayğac istismara yararsız kimi qiymətləndirilmişdir”. Cavabdehin əməkdaşları həmin mənzilə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib etmiş və Dövlətə vurduğu ziyan müəyyən edilərək 10.12.2019-cu il tarixli aktla itirilmiş qazın bərpası üzrə 135 manat cərimə hesablanmışdır. 12.09.2019-cu il tarixli akta əsasən abonentin mənzilə yeni sayğac quraşdırılmış və labaratoriya rəyinə əsasən istismara yararsız, G-2,5 markalı sayğacın dəyəri 64,67 manat abonentdən tələb edilmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdeh “Azəriqaz” İB-nə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin verdiyi apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ №881664 saylı, 01.07.2017-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 15 iyun 2017-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 3 xüsusi mülkiyyət hüququ əsasında 06.09.2001-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X4 adına qeydə alınmışdır. “Azəriqaz” İB Sumqayıt QİS tərəfindən Əziz Paşayevə ünvanlandığı 14.04.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, ünvanında olan G-2.5 markalı 00169480 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvanından çıxarılmış sayğacın plastmast ekranında kənar təsir izi var və plastmas şüşəni ekrana bərkidən dörd qulaqcıqdan birinin sınıq olduğu aşkar olunduğundan sayğac istismara yararsız kimi qiymətləmdirilmişdir. Müdaxilə edilmiş Sayğacın dəyəri 64,67 manat ABB Sumqayıt filialı AZ751BAZ**********270880213 nömrəli hesaba ödənilməlidir. Ödəniş qəbzinin surəti isə Sumqayıt QİS-nə təqdim edilməlidir. Əks təqdirdə Sumqayıt QİS-si tərəfindən X3 müraciət olunacaqdır. “Azəriqaz” İB Sumqayıt QİS tərəfindən X5 ünvanlandığı 04.04.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, “Azəriqaz” İstehsalat Birliyi ona məxsus ünvan 3 ünvanda yerləşən yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana “Azəriqaz” İB-nin Sumqayıt QİS-i tərəfindən **********00180 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-2.5 markalı, 00169480 nömrəli qaz sayğacı quraşdırılmışdır. Sumqayıt QİS-nin əməkdaşları tərəfindən 20.09.2019-cu il tarixdə mənzildə quraşdırılmış G-2.5 markalı, 00169480 nömrəli qaz sayğacı iştirakı ilə ******* nömrəli akt tərtib edilərək çıxarılmış, yeni qaz sayğacı ilə əvəz edilmişdir. Ünvandan çıxarılmış sayğac dövlət yoxlamasından keçirilməsi üçün “Azəriqaz” X1 Departamenti Sayğacların müayinəsi labaratoriyasının MSK29/1710-02895 nömrəli rəyinə əsasən qaz sayğacına müdaxilə olunduğu və sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur. Bu səbəbdəndə itirilmiş qazın sərfiyyatına görə 135 manat borc yaranmışdır. Qeyd olunanlara əsasən hesablanmış 135 manat borcun 5 gün müddətinə ödənilməsə barəsində məhkəməyə müraciət olunacaq və əlavə olaraq məhkəmə xərcləridə ondan tələb olunacaqdır. 19.12.2019-cu il tarixli “Azəriqaz” İB “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, Qaz sayğacının nominal qaz sərfi 2.5 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 1350 m3. “Azəriqaz” İB-nin əməkdaşları E.Eyvazov, Y.Gülməmmədov və O.Qədirovun iştirakı ilə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı “akt”ın surətindən görünür ki, X5 məxsus ünvan 3-ə aid sayğac 27.11.2019-cu il tarixdə dövlət yoxlamasına gətirilmiş Metrologiya Departamenti sayğacların müayinəsi laborotoriyasının rəyinə görə G-2.5 markalı (№ ********) qaz sayğacına ümumi baxış keçirilmişdir. Sayğacın plastmast ekranında kənar təsir izi var. Plastmas qapaq tərəflərindən açıldı və plastmast şüşəni ekrana bərkidən dörd qulaqcıqdan birinin sınıq olduğu aşkar edilmişdir. “Azəriqaz” İB-nin 29 mart 2019-cu il tarixli MSK 29/1710-02895 saylı aktın surətindən görünür ki, “Azəriqaz” İB-nin SOCAR**********30991710X02895 saylı, 27 sentyabr 2019-cu il tarixli məktubuna əsasən 07 oktyabr 2019-cu il tarixində Sumqayıt QİSdən Dövlət yoxlamasına aparılmış əhalinin mexanika tipli qaz sayğacları 27 noyabr 2019-cu il tarixdə Metrologiya Departamenti, sayğacların müayinəsi laboratoriyasında baxış keçirilmiş və Sayğacın plastmast ekranında kənar təsir izi var. Plastmas qapaq tərəflərindən açıldı və plastmast şüşəni ekrana bərkidən dörd qulaqcıqdan birinin sınıq olduğu aşkar edilmişdir. Abonentin saldosundan görünür ki, X5 məxsus ünvan 3-ə qaz akta görə 135 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırlması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Qaydaların 4.7 və 4.8-ci bəndlərinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qeyd olunan Qaydaların 2.7 və 2.8-ci bəndlərinə əsasən qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallar istisna olmaqla, digər hallarda qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə (bundan sonra – qazlaşdırılmış obyekt) qazın alqı-satqısı barədə müqavilədə nəzərdə tutulmuş bildiriş göndərilməklə, həmin qazlaşdırılmış obyektə daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vərəqəsini təqdim etməklə buraxıla bilərlər. Qazlaşdırılmış obyektdə qaz qurğusuna texniki baxış keçirmək üçün tapşırıq sənədinin surəti istehlakçıya mütləq təqdim edilməli və istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qaydaların 3.1.5 və 3.1.7-ci bəndlərinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməlidir. Qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin qaydaların 4.4 və 4.9-cu bəndlərinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Zədələnmiş qaz sayğacının (hesablama mexanizimlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin tələbləri baxımından fiziki şəxlərin mənzillərinə quraşdırılmış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Sayğaca məhz iddiaçı tərəfindən müdaxilə olunması məhkəmədə sübuta yetirilmədi. Sayğaca məhz iddiaçı tərəfindən müdaxilə olunması üçün Sumqayıt şəhər Qaz İstismar İdarəsinin məhkəməyə təqdim edə biləcək dəlilləri olsaydı, nəzərdə tutulmuş sayğacın dəyərinin iddiaçıdan tələb edilməsi qanuni olardı. Bundan başqa məhkəmə iclasında müəyyən edildi ki, qaz sayğacının təhlükəsiz şəraitdə saxlanması üçün qaz paylayıcısı tərəfindən mənzildən kənara çıxarılaraq xüsusi qutuya yerləşdirilməmişdir. Bu isə həmin sayğaca istənilən şəxs tərəfindən müdaxilə edilməsini istisna etmir. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri bilir ki, Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarına əsasən sayğacların işlək vəziyyətdə saxlanması üçün məsuliyyəti istehlakçı deyil, qaz paylayıcısı olan Qaz İstismar İdarəsi daşıyır. Buna görə məhkəmə hesab edir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyi üçün, ondan itirilmiş qazın və sayğacın dəyərinin tələb edilməsi qanunsuzdur və buna görə ona itirilmiş qazın dəyəri kimi hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan, vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafıə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fıkirləri ilə pozula biləcək hüquqlarını müdafıə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 2.2-ci bəndin əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qeyd olunan qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsasız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi İ.R.Mirzəyevin verdiyi apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(060)-4166/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar