Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2657/2021 12.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı təbii X1 üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4153/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4153/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Rəşad Qoşqarlı). Qətnamədən narazı qalan iddiaçı “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4153/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: “Azəriqaz” İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən qaz sayğacının yararsız hala salmasına görə hesablanmış 135 manat məbləğində dəymiş ziyanın, yararsız hala salınmış sayğacın dəyəri olaraq 64 (altmış dörd) manat 67 (altmış yeddi) qəpik, 30 (otuz) manat dövlət rüsumunun ümumilikdə isə 229 (iki yüz iyirmi doqquz) manat 67 (altmış yeddi) qəpik pul tutularaq Birliyin hesabına ödənilməsi barədə qətnamə çıxarmağı xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı «Azəriqaz» İstehsalat Birliyinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi 18.09.2017-ci il tarixli 3/04043 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana Azəriqaz” İB-nin Sumqayıt QİS-i tərəfindən **********00540 saylı abonent kodu verilmişdir. Qeyd olunan ünvanda yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-2,5 markalı, ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011 -ci il tarixli, 80 saylı “Qazdan istifadə Qaydalarfnm 1.3 bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək) tələblərini pozaraq, qaz sayğacına müdaxilə edərək sayğacı yararsız hala salmış və təbii qazı talamışdır. Belə ki, Birliyin əməkdaşları tərəfindən 06.10.2020-ci il tarixdə Cavabdeh mənzilində quraşdırılmış G-2,5 markalı, ******* nömrəli qaz sayğacı abonentin iştirakı ilə ******* nömrəli akt tərtib edilərək çıxarılmış, yeni qaz sayğacı ilə əvəz edilmişdir. Ünvandan çıxarılmlış sayğac dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nə göndərilmişdir, “informasiya Texnologiyaları və Rabitə İdarəsi”nin MSK-29/1710-04101-1 saylı rəyinə əsasən sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin plastmas qapağının üzərində olan iki zavod qurğuşun plombdan biri kəsilməsi və sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur. Bu səbəbdən də itirilmiş qazın sərfiyyatına görə 135,00 manat borc və yararsız hala salınmış sayğacın dəyəri olaraq 64,67 manat ümumilikdə 199,67 manat abonentdən tələb edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri) hazırda ümumi olaraq 199,67 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində “Azəriqaz” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Sumqayıt Şəhər Məhkəməsi qeyd olunan halları araşdırmadan, qeyri-obyektiv olaraq iddianı təmin etməməklə səhv nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4153/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə iddiaçı «Azəriqaz» İB-nin nümayəndəsinə və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında əlavə edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında 18 sentyabr 2017-ci il tarixdə bağlanmış qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, "Azəriqaz” İB ilə Cavabdeh Yahya qızı arasında X1na dair müqavilə bağlamışlar. İş materiallarına əlavə edilmiş 30 noyabr 2020-ci il tarixli təbii X1nın pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh Yahya qızının yaşadığı Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 31/71, mənzil 54-ə aid qaz sayğacı 23.11.2020-ci il tarixdə dövlət yoxlamasına gətirilmiş sayğacın müayinə laborotoriyasının rəyinə görə G-25 markalı №2007401 qaz sayğacının hesablama mexanizminin plastmas qapağının üzərində olan iki zavod qurğuşun plombdan biri kəsilmişdir. İş materiallarında olan “Azəriqaz” İB-nin 27 noyabr 2020-ci il tarixli MSK 29/1710- 04101-1 saylı aktın surətindən görünür ki, Azəriqaz” İB-nin 05 noyabr 2020-ci il tarixli məktuba əsasən 17 noyabr 2020-ci il tarixində Sumqayıt QİS-dən Dövlət yoxlamasına aparılmış əhalinin diafraqma tipli sayğaclarına 23 noyabr 2020-ci il tarixində Metrologiya Departamenti tərəfindən baxış keçirilərkən müəyyən olunmuşdur ki, G-25 markalı №2007401 qaz sayğacının hesablama mexanizminin plastmas qapağının üzərində olan iki zavod qurğuşun plombdan biri kəsilmişdir. Bu səbəbdən də itirilmiş qazın sərfiyyatına görə 135 manat borc və yararsız hala salınmış sayğacın dəyəri olaraq 64,67 manat ümumilikdə 199,67 manat borcu yaranmışdır. İş materiallarından görünür ki, «Azəriqaz» İstehsalat Birliyi ilə Cavabdeh arasında təbii qazdan istifadəyə dair 18.09.2017-ci il tarixli, 3/04043 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “X1”nın, qaz qurğularına dair lahiyə və istismar sənədlərinin tələblərinə, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. İşin materiallarında olan «Azəriqaz» İB-nin Sumqayıt QİS-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii X1nın pozulması haqqında 30.11.2020-ci il tarixli, ******* saylı sonuncu aktdan müəyyən edilir ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 31/71, mənzil 54də (abonent kodu: 2007401) yaşayan istehlakçı Cavabdeh sayğaca müdaxilə etməsi müəyyən edilmiş, Cavabdeh həmin aktı imzalamamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “X1”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə əsasən fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşımasını,zədələnmiş qaz sayğaclarının dəyərinin zədələnmənin onun təqsiri üzündən baş verməsi halında istehlakçı tərəfindən ödənilə bilməsini, qaz sayğacının cavabdehin təqsiri ucbatından zədələnməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməməsini müəyyən edərək iddianı təmin etməmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80№-li qərarı ilə təsdiq olunmuş “X1” ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80№li qərarı ilə təsdiq olunmuş “X1”nın 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Hazırki işdə də işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, qaz sayğacı iddiaçının mənzilində deyil, mənzildən kənarda quraşdırılıb və nəzərə alınsa ki, iddiaçı fiziki şəxs olan istehlakçıdır, belə olan halda, onun həmin sayğacın işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi istisna olunur. Qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıyır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, cavabdehin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilməmişdir. Həmçinin, qaz sayğacı laboratoriyada yöxlanılarkən abonentin iştirakı təmin edilməmişdir. Yaranmış vəziyyətdə fiziki şəxs olan cavabdehin yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına cavabdeh tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü iddiaçının üzərində olmuşdur. Lakin iddiaçı təşkilat sayğacın yararsız vəziyyətə düşməsilə əlaqədar hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, məhz cavabdehin sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, iddiaçı təşkilat tərəfindən buna dair heç bir sübut məhkəməyə təqdim olunmadığından, cavabdehin zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, istehlakçı olaraq cavabdeh qaz sayğacının işlək vəziyyətdə saxlanmasına cavabdehlik daşımır, onun üzərinə sayğacın işlək vəziyyətdə saxlanılmasına görə hər hansı vəzifə qoyula və bu əsasla cərimə də hesablana bilməz. Bu baxımdan, akt üzrə borcun hesablanması əsassız olduğu üçün həmin borcun cavabdehdən tələb edilməsi də düzgün deyildir. “X1”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cü bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Göründüyü kimi, “X1”nın 4.9-cu bəndinə görə qaz sayğacının dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) o halda istehlakçının vəsaiti hesabına həyata keçirilir ki, sayğacdakı zədələnmə istehlakçının təqsiri üzündən baş vermiş olsun. Əks halda, qeyd edilən Qaydaların 4.2-ci bəndinə görə məişət qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına dəyişilir. Qeyd edildiyi kimi cavabdehə məxsus mənzildə qaz sayğacının zədələnməsində cavabdehin hər hansı təqsiri yoxdur və yeni quraşdırılmış sayğacın dəyəri olaraq hesablanmış 64,76 manat məbləğində borcun hesablanması da əsassız olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, iddiaçının nümayəndəsi apellyasiya şikayətində akt tərtib olunmuş ünvan üzrə borcun cavabdeh tərəfindən yarandığını sübut edə bilməmiş, buna dair hər hansı bir rəsmi sənəd təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4153/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4153/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin olunmasın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2657/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2657/2021
12.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver