Məhkəmə qərarları › İş №2(105)-2662/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2662/2021

08.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2662/2021 08.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, ilk iddia üzrə cavabdeh X8, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı T.M.Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(060)-2869/2021 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(060)-2869/2021 saylı qətnaməsi ilə (hakim A.M.Behbudova) İddiaçı X8 və Cavabdeh2 qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarma tələbinə dair ilk iddia təmin edilməmiş və Cavabdeh2 İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia təmin edilərək Cavabdeh2 Sumqayıt şəhəri, 6-cı mikrorayon, 3A saylı evin, 4 saylı mənzilinə istifadə hüququ tanınmışdır. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(060)-2869/2021 saylı qətnaməsinin ləğv edilib, ilk iddianın təmin edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh1 6000 (altı min) manat məbləğində kompensasiya verməklə onun və yetkinlik yaşına çatmayan uşaqları - 07.03.2007-ci il təvəllüdlü X1 və 01.12.2010-cu il təvəllüdlü Cəfərzadə Zəhra Sadıq qızının xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, 6-cı mkr, ev 3A, mənzil 4-ə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə, Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Sumqayıt şəhəri, 6-cı mkr, ev 3A, mənzil 4-dən cehiz əmlakları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 6-cı mkr, ev 3A, mənzil 4 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Mənzilin ümumi sahəsi 63.46 kv metr, yaşayış sahəsi 40.74 kv metrdir və mənzil 3 otaqdan ibarətdir. Cavabdehlər onun oğlu və gəlinidir. Belə ki, onlar 2006-cı ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və birgə nikahlarından 07.03.2007-ci il tarixdə Neslihan və 01.12.2010-cu il tarixdə Zəhra adlı iki nəfər uşaqları var. Cavabdehlərdən Cavabdeh1 ona məxsus mənzildə qeydiyyatdadır. Digər Cavabdeh2 isə ona məxsus mənzildə qeydiyyatda deyil və ona məxsus mənzilə heç bir hüququ yoxdur. Onların bir mənzildə yaşamaqları mümkünsüzdür. Hər gün evdə söz-söhbət, mübahisə olur. Mülkiyyətçi kimi o, öz mənzilində rahat yaşaya bilmir. İddiaçı iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsinə dair ərizə verib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinə 4500 manat olmaqla, ümumilikdə 9000 manat məbləğində kompensasiya verməklə onların və yetkinlik yaşına çatmayan uşaqları - 07.03.2007-ci il təvəllüdlü X1 və 01.12.2010-cu il təvəllüdlü Cəfərzadə Zəhra Sadıq qızının xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, 6-cı mkr, ev 3A, mənzil 4-ə istifadə hüquqlarına xitam verilməsi və mənzildən cehiz əmlakları ilə birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə müraciət edib, onun İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2006-cı ildə X8 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nigahdan 2007-ci il təvəllüdlü X2 və 2010-cu il təvəllüdlü X7 adlı övladları anadan olmuşdur. O, rəsmi nigaha daxil olaraq ünvan 2 ünvanına gəlin köçmüş, övladları da bu mənzildə yaşayarkən anadan olmuşdur. Bu günə kimi həmin ünvanda yaşayır. O mənzilə gəlin köçən zaman mənzil həyat yoldaşı, ilkin iddia üzrə cavabdeh X4 xüsusi mülkiyyətində olmuşdur. Bu səbəbdən onun qeyd edilən mənzilə istifadə hüququ yaranmışdır. Belə ki, qəbul olunmuş praktikaya əsasən 2010-cu ilə kimi yaranmış münasibətlər zamanı istfadə hüququna dair iddialarda Azərbaycan Respublikası MM-nin 228ci maddəsi tətbiq edilir. O, mənzilə köçən zaman mənzil həyat yoldaşının mülkiyyətində olduğu üçün onun mənzilə istifadə hüququ yaranmışdır. Sonradan mənzil ilkin iddiaçının adına keçmişdir. Mənzilin özgəninkiləşdirilməsində o iştirak etməmişdir. Belə ki, həmin mənzildə pasport qeydiyyatında deyil. Həyat yoldaşı bağışlama müqaviləsi ilə mənzili ilkin iddiaçının adına keçirtmişdir. Amma bu hal onun istifadə hüququnun yaranmasına təsir etmir. X6 və həyat yoldaşına qarşı iddia qaldıraraq onun qeyd edilən ünvandan çıxarılmağını tələb edir. O bu iddia ilə razı deyil və yuxarıda qeyd edilən əsaslara görə ilk iddia təmin edilə bilməz. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verdiyi apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 07 may 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin, Azərbaycan Respublikası Mülki Məcələsinin 152, 157.4, 228.2-ci maddələrinin və Azərbaycan Respublikası MPM-nin 77.1, 217.1-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın təmin edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh X8, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək ilk iddia qismən təmin olunmalı və qarşılıqlı iddia tələbi hissəsində dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 3A saylı evin 4 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 20.07.2009-cu il tarixdə qeydiyyata alınmışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında “Asan-Sumqayıt” tərəfindən verilmiş 02.02.2021ci il tarixli arayışdan görünür ki, İddiaçı, Cavabdeh1, yetkinlik yaşına çatmayan uşaqları 07.03.2007-ci il təvəllüdlü X1 və 01.12.2010-cu il təvəllüdlü Cəfərzadə Zəhra Sadıq qızı Sumqayıt şəhəri, 6-cı mikrorayon, 3A saylı evin 4 saylı mənzilində qeydiyyatdadır. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 və X5 arasında nikah 18 noyabr 2005-ci il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1426 №-ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Cəfərov, arvada Cəfərova soyadı verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 07 may 2021-ci il tarixli ünvan 3 ünvanda yerləşən 4 saylı mənzilin hüququ rejiminə dair məlumatın verilməsi barədə məktubundan görünür ki, ünvan 3 ünvanda yerləşən 4 saylı mənzili ünvan 4.1992-ci il tarixli, 7M-1371 reyestr nömrəli mənzilin əvəzsiz bağışlanma müqaviləsi əsasında İddiaçı adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhər 2 saylı dövlət notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 21.07.1993-cü il tarixli, 6M-871 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında mənzil Cavabdeh1 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh1 idarəyə müraciəti əsasında qeydiyyat vəsiqəsi 11.06.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışla əvəz edilmişdir. Sumqayıt şəhər 1 saylı dövlət notariat kontorunun təsdiq etdiyi 02.06.2009-cu il tarixli, 4Ə-02-301 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında mənzil İddiaçı adına qeydiyyata alınmış və 20.07.2009-cu il tarxli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2. maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddi hüquq norması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixdə qəbul etdiyi “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilən hüquqi mövqeyinə uyğun şərh edilməlidir. Məhkəmənin həmin qərarında göstərilmişdir ki, “kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinə xas olan «ədalətli balans» prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli balans» gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 22 iyun 2004-cü il tarixli Qərarı, §148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 29 mart 2006-cı il tarixli Qərarı, § 93) Bu hüquqi mövqelərə əsaslanaraq, qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla, müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. İş materiallarından göründüyü kimi ilk İddiaçı hazırda mübahisəli evin mülkiyyətçisidir və mübahisəli daşınmaz əmlak üzərində onun mülkiyyət hüququ qeydiyyata alınmışdır. İşin tədqiq olunan faktiki hallarından bəlli olur ki, tərəflər arasında münasibətər normal deyildir, onların birgə yaşaması qeyri-mümkündür və hazırda ilk iddia üzrə cavabdehlərin ilk İddiaçı məxsus mənzildə qeydiyyatda qalmaqla yaşaması sonuncunun mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik törədir, ilk iddiaçının özünə mənsub olduğu əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqları pozulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixdə qəbul etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarında göstərilən hüquqi mövqeyinə görə Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini də müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Qərarda göstərilən hüquqi mövqeyinə görə kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Məhkəmə kollegiyasına təqdim edilmiş «Ev alqı-satqısı» mərkəzinin 05 oktyabr 2021-ci il tarixli, 187 saylı arayışından görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 3A saylı evin, 4 saylı mənzilinin hazırki bazar qiyməti 53.000 – 58.000 manat, aylıq kirayə haqqı təmirsiz halda 150 – 180 manat, təmirli halda 250 – 300 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında ilk İddiaçı nümayəndəsi və vəkili Vəkil2 ərizə təqdim edərək göstərmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinə 6000 (altı min) manat məbləğində kompensasiya olmaqla, ümumilikdə 12.000 manat məbləğində kompensasiya verməklə onların yetkinlik yaşına çatmayan uşaqları - 07.03.2007-ci il təvəllüdlü X1 və 01.12.2010-cu il təvəllüdlü Cəfərzadə Zəhra Sadıq qızının xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, 6-cı mkr, ev ZA, mənzil 4-ə istifadə hüquqlarına xitam verilməsi və mənzildən cehiz əmlakları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə İddiaçı məhkəmə kollegiyasına təqdim etdiyi mübahisəli mənzilin aylıq kirayə haqqı barədə arayışdan görünür ki, Sumqayıt şəhərində mübahisəli mənzilə oxşar şəraitdə olan mənzillərin hazırki bazar qiyməti 53.000 – 58.000 manat, aylıq kirayə haqqı təmirsiz halda 150 – 180 manat, təmirli halda 250 – 300 manat civarındadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08.10.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair 16.12.2014-cü il tarixli qərarları və s.) Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hazırki hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılmasını, təklif olunan kompensasiyanın ağlabatan, ən əsası isə ilk iddia üzrə cavabdehlərin digər oxşar şəraitli yaşayış sahəsi ilə uzun müddət təmin olunması üçün kifayət etməsini nəzərə almamış və ilk iddia tələbinin rədd edilməsi barədə işin faktiki hallarına uyğun gəlməyən qanunsuz və əsassız nəticəyə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərə təklif olunan ümumi kompensasiya məbləği onların davamlı olaraq müəyyən müddətdə eyni şəraitli mənzildə kirayədə yaşamaq imkanını verir. Buna görə də məhkəmə kollegiyasının qənaətinə görə, təklif olunan kompensasiya məbləği ilk iddiaçının hesabına ilk iddia üzrə cavabdehlərə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verdiyindən ilk iddia təmin olunmalıdır. Qarşılıqlı iddia ərizəsini təmin edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 2005-ci ildən indiyədək faktiki olaraq mübahisəli mənzilin digər ailə üzvləri ilə birlikdə yaşayıb, onlarla birgə təsərrüfat aparmaqla Sumqayıt şəhəri, 6-cı mikrorayon, 3A saylı evin, 4 saylı mənzilinə gəlin köçərkən mənzilin mülkiyyətçisinin ailə üzvü hesab edilməklə, həmin mənzilə münasibətdə digər ailə üzvləri ilə birlikdə eyni hüquqlara və vəzifələrə malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. İş materialları ilə müəyyən olur ki, Cavabdeh1 və X5 arasında nikah 18 noyabr 2005-ci il tarixdə bağlanmış, Sumqayıt şəhər 2 saylı dövlət notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 21.07.1993-cü il tarixli, 6M-871 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında mənzil Cavabdeh1 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh1 idarəyə müraciəti əsasında qeydiyyat vəsiqəsi 11.06.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışla əvəz edilmişdir. Sumqayıt şəhər 1 saylı dövlət notariat kontorunun təsdiq etdiyi 02.06.2009-cu il tarixli, 4Ə-02-301 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında mənzil İddiaçı adına qeydiyyata alınmış və 20.07.2009-cu il tarxli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. X5 ailə həyatı qurub, mübahisəli mənzilə gəlin köçərkən, mənzil əri Cavabdeh1 xüsusi mülkiyyətində olmuşdur. T.M.İsmayılova həmin vaxt mülkiyyətçinin ailə üzvü olaraq yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malik olmuş və yaşayış sahəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə kollegiyası işin hallarını araşdırıb, tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verdiyi apellyasiya şikayətini qismən sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbi üzrə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, ilk iddia üzrə İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinə 6000 (altı min) manat məbləğində kompensasiya olmaqla, ümumilikdə 12.000 manat məbləğində pul vəsaiti verilməklə onların Sumqayıt şəhəri, 6-cı mkr, ev 3A, mənzil 4-ə istifadə hüquqlarına xitam verilməli və mənzildən əmlakları ilə birlikdə çıxarılmalı, qətnamə «Cavabdeh2 İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia təmin edilərək Cavabdeh2 Sumqayıt şəhəri, 6-cı mikrorayon, 3A saylı evin, 4 saylı mənzilinə istifadə hüququ tanınsın» hissəsində dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(060)-2869/2021 saylı qətnaməsi qismən – «İddiaçı X8 və Cavabdeh2 qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair ilk iddia təmin edilməsin» hissəsində ləğv edilsin və həmin hissədə ilk iddia təmin edilsin. İlk iddia üzrə İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinə 6000 (altı min) manat məbləğində kompensasiya olmaqla, ümumilikdə 12.000 manat məbləğində pul vəsaiti verilməklə onların Sumqayıt şəhəri, 6-cı mkr, ev 3A, mənzil 4-ə istifadə hüquqlarına xitam verilsin və mənzildən əmlakları ilə birlikdə çıxarılsınlar. Qətnamə - «Cavabdeh2 İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia təmin edilsin və Cavabdeh2 Sumqayıt şəhəri, 6-cı mikrorayon, 3A saylı evin, 4 saylı mənzilinə istifadə hüququ tanınsın» hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar