Məhkəmə qərarları › İş №2(105)-267/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-267/2022

01.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-267/2022 01.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, Cavabdeh2, onun və digər cavabdehlərin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Sumqayıt şəhəri 3 Saylı Dövlət Notariat Kontoruna qarşı (üçüncü şəxs – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi cəlb edilməklə) Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80-ci məhəllədə yerləşən 109 saylı evlə bağlı mərhum X2 adından Sumqayıt şəhər 3 saylı Dövlət Notariat kontorunda təsdiq edilmiş 16.06.2006-cı il tarixli vəsiyyətnamənin, cavabdehlərin adlarına verilmiş vərəsəlik haqqında şəhadətnamənin, miras payın bağışlanması barədə müqavilənin və digər hüquqmüəyyəedici sənədlərin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(060)-445/2021 saylı qətnaməsindən iddiaçının hüquqi varisi Novruzova Gülşən Ələnur qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2(060)-445/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim E.Abdullayev) Qətnamədən iddiaçının hüquqi varisi Novruzova Gülşən Ələnur qızı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2(060)-445/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Sumqayıt şəhəri 3 saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsini üçüncü şəxs kimi göstərməklə) Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80-ci məhəllədə yerləşən 109 saylı evlə bağlı cavabdehlərin adlarına verilmiş vərəsəlik haqqında şəhadətnamənin, miras payın bağışlanması barədə müqavilənin və digər hüquqmüəyyəedici sənədlərin etibarsız hesab edilməsi, onun həmin əmlak üzərində vərəsə payının tanınması və cavabdehlərin adlarına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, mübahisəli 109 saylı ev Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80-ci məhəllədə yeriəşməklə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 2006-cı il tarixli sərəncamına əsasən iddiaçının mərhum oğlu X2 adına qeydə alınmış və onun adına 18.07.2006-cı il tarixdə reyestrdən çıxarış verilmişdir. O, həmin evdə 1971-ci ildən yaşayır. X18 27.07.2010-cu ildə ölmüşdür. İddiaçı həmin evin vərəsəlik əsasında cavabdehlərin adına rəsmiləşdirilməsindən məlumatsız olmuşdur. Belə ki, artıq uzun illərdir ki, o, yataq xəstəsidir və oğlunun - miras qoyanın ölümündən sonra da bu evdə fasiləsiz olaraq yaşamaqla mirası faktiki qəbul etmişdir. Lakin cavabdehlər onun xəbəri olmadan Sumqayıt şəhər 3 saylı notariat kontorunda təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququna dair 2V-1810 reyestr nömrəli, 13.11.2012-ci il tarixli vəsiyyətnamə vərəsəlik haqqında şəhadətnamə və 3m-1174 reyestr nömrəli, 2012-ci il tarixli miras payın bağışlanması müqaviləsi əsasında bu evi öz adlarına rəsmiləşdirmişlər. Cavabdeh1 7/20 hissədə, Cavabdeh2 7/20 hissədə və Cavabdeh4 6/20 hissədə payı tanınmaqla adlarına çıxarış verilmişdir. Halbuki, cavabdeh Sumqayıt şəhər 3 saylı DNK bu sənədləşmələri apararkən onu da miras qoyanın qanun üzrə 1-ci növbə vərəsəsi kimi cəlb etməli idi. Çünki iddiaçı da digər vərəsələr kimi həmin miras əmlakdan pay tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında İddiaçı 02 avqust 2021-ci il tarixdə ölmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin 13.08.2021-ci il tarixli qərardadı ilə iddiaçı onun hüquqi varisi Novruzova Gülşən Ələnur qızı ilə əvəz edilmişdir. İddiaçının hüquqi varisi Novruzova Gülşən Ələnur qızı məhkəmə iclasında iddianın həcminin artırılması barədə ərizə təqdim edərək, ərizəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80-ci məhəllədə yerləşən 109 saylı evlə bağlı mərhum X2 adından Sumqayıt şəhər 3 saylı Dövlət Notariat kontorunda təsdiq edilmiş 16.06.2006-cı il tarixli vəsiyyətnamənin, cavabdehlərin adlarına verilmiş vərəsəlik haqqında şəhadətnamənin, miras payın bağışlanması barədə müqavilənin və digər hüquqmüəyyəedici sənədlərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçının hüquqi varisi Novruzova Gülşən Ələnur qızı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə qanunsuz, əsassız və ədalətsizdir. Qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 8.1-ci maddəsinə əsasən mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Lakin məhkəmə işə baxarkən MPM-nin bu tələbini kobud şəkildə pozmuşdur. Məhkəmə onun mərhum anası İddiaçı mülk üzərində vərəsəlik hüquqlarına təminat verməmiş, bir vərəsə kimi qanuni əldə etdiyi hüquqlarını pozmuşdur. Halbuki, işdə olan sənədlər və sübutlar iddia tələbinin tam əsaslı olmasına dəlalət edir. Onun anası ölənin birinci növbə vərəsəsi olmasına baxmayaraq, mirasın açılması barədə məlumat verilməmiş, notariat kontoruna dəvət edilməmişdir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Onun mərhum qardaşı Novruzov Əlibəy tərəfindən verilmiş 16 oktyabr 2006-cı il tarixli vəsiyyətnamədəki imza onun tərəfindən icra edilməmişdir. məhkəmə isə bu dəlili araşdırmamış, bu barədə yetərli tədqiqat aparmamışdır. Nəticədə isə İddiaçı, hazırda isə o, miras paydan onlara çatan hissədən faktiki məhrum olmuşlar. Bu hallara düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddia təmin olunmalıdır. Apellyasiya baxışı zamanı iştirak etdikləri məhkəmə iclasında iddiaçının hüquqi varisi Novruzova Gülşən Ələnur qızı, həmçinin onun vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Vəkil əlavə etdi ki, miras qalmış əmlak barədə vəsiyyətnamə verilsə də, burada mərhum İddiaçı məcburi payı vardır. Mirasın bu qaydada başqa şəxsə keçməsi isə İddiaçı hüquqi varisi G.Novruzovanın hüquqlarını pozur. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh1, onların və digər cavabdehin nümayəndəsi və vəkili X10 apellyasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər. Apellyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Sumqayıt 3 saylı Notariat Ofisi, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X9 və AR ƏMDK yanında DƏDRX-nın 2 saylı Sumqayıt Ərazi İdarəsi isə heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə qeyd olunan şəxslərin və nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan evlənmə haqqında 019923 saylı şəhadətnamədən görünür ki, X5 İddiaçı ilə 23.10.1949-cu ildə rəsmi nikaha daxil olmuşlar. Yenə işdə olan 443142 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 24.05.1978-ci ildə ölmüşdür. Yenə də iş materiallarında olan MH ******* saylı reyestrdən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80-ci məhəllədə yerləşən 109 saylı fərdi yaşayış evi 18 iyul 2006-cı ildə X2 mülkiyyətində olmuşdur. İşə əlavə edilmiş ölüm haqqında AZ-İ 422063 saylı şəhadətnamənin surətindən görünür ki, X6 27 iyun 2010-cu il tarixdə ölmüşdür. İş materiallarında olan 30 iyul 2019-cu il tarixli, 1026 saylı arayışdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80-ci məhəllədə yerləşən 109 saylı fərdi yaşayış evində 20 nəfər qeydiyyatdadır. Yenə iş materiallarında olan 16 oktyabr 2006-cı il tarixli vəsiyyətnamədən görünür ki, X6 mülkiyyətindəki Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80-ci məhəllədə yerləşən 109 saylı fərdi yaşayış evini bərabər payda övladları Zahir və Tahirə vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş 316682 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X11 19 iyun 1979-cu ildə nikaha girmişlər. Nikahdan sonra arvada Novruzova soyadı verilmişdir. Yenə iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünürü ki, onların nikahından 13.03.1980-ci ildə İradə, xx.xx.1981-ci ildə Zahir, xx.xx.1986-cı ildə Tahir və 16.10.1988-ci ildə İranə adlı uşaqları olmuşdur. İş materiallarında olan 13 noyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 27 iyun 2010-cu il tarixdə ölmüş X1 miras qalmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80-ci məhəllədə yerləşən 109 saylı fərdi yaşayış evində Cavabdeh4, İ.Ə.Məmmədovanın, İ.Ə.Saqiyevanın hər birinin 1/10 hissədə miras payı vardır. Yenə iş materiallarında olan 13 noyabr 2012-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 27 iyun 2010-cu il tarixdə ölmüş X1 miras qalmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80-ci məhəllədə yerləşən 109 saylı fərdi yaşayış evində Cavabdeh2 və Cavabdeh1 hər birinin 7/20 hissədə miras payı vardır. Yenə də iş materiallarında olan miras payının bağışlanılması haqqında 21 noyabr 2012-ci il tarixli müqavilədən görünür ki, İ.Ə.Məmmədova və İ.Ə.Saqiyeva miras əmlak üzərindəki 1/10 hissədə miras paylarını anaları Cavabdeh4 bağışlamışlar. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin 06.08.2020- ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri 3 saylı Notariat Kontorunun xüsusi notariusunun təsdiq etdiyi 2V-1811 reyestr nömrəli, 13.11.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, 2V-1810 reyestr nömrəli, 13.11.2012-ci il tarixli miras payın bağışlanması əsasında mübahisəli ev mülkiyyət hüququ üzrə 7/20 hissədə Cavabdeh1, 7/20 hissədə Cavabdeh2, 6/20 hissədə Cavabdeh4 adına qeydiyyata alınmış və 13.12.2012-ci il tarixli reyestrdən çıxarış verilmişdir. Yenə işdə olan ******* saylı reyestrdən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80-ci məhəllədəki 0,0116 ha torpaq sahəsində yerləşən 109 saylı fərdi yaşayış evinin 7/20 hissəinin mülkiyyətçisi 13.12.2012-ci il tarixdən Cavabdeh1dur. Əmlakın 7/20 hissəsinin mülkiyyətçisi Cavabdeh2, 6/20 hissəsinin mülkiyyətçisi isə Cavabdeh4dır. Yenə də işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyul 2021-ci il tarixli, 4/802 saylı rəyininin nəticə hissəsində göstərilmişdir ki, 16.10.2006-cı il tarixli vəsiyyətnamənin kserosurətində “İmza: Novruzov Ə” yazıları qarşısında əks olunmuş imzanın X7 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iş üzrə tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2(060)-445/2021 saylı qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qənamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mübahisəli predmetini təşkil edən 109 saylı ev Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80-ci məhəllədə yerləşməklə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 2006-cı il tarixli sərəncamına əsasən iddiaçının mərhum oğlu X2 adına qeydə alınmış və onun adına 18.07.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Əlibəy Novruzov 27.07.2010-cu ildə ölmüşdür. O, ölməmişdən öncə, mülkiyyətindəki daşınmaz əmlakı 16 oktyabr 2006-cı il tarixli vəsiyyətnamə ilə oğlanları Zahir və Tahirə vəsiyyət etmişdir. Ölümündən sonra isə mirasla bağlı onun arvadı Cavabdeh4, həmçinin övladları Zahir, Tahir, İradə və İranə notariat kontoruna müraciət etmişlər. 13 noyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X1 miras qalmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80ci məhəllədə yerləşən 109 saylı fərdi yaşayış evində Cavabdeh4, İ.Ə.Məmmədovanın, İ.Ə.Saqiyevanın hər birinin 1/10 hissədə miras payı tanınmışdır. Eyni tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X1 miras qalmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80-ci məhəllədə yerləşən 109 saylı fərdi yaşayış evində Cavabdeh2 və Cavabdeh1 hər birinin 7/20 hissədə miras payı rəsmiləşdirilmişdir. Bundan sonra isə digər vərəsələr İ.Ə.Məmmədova və İ.Ə.Saqiyeva 21 noyabr 2012-ci il tarixli müqavilə ilə miras əmlak üzərindəki 1/10 hissədə miras paylarını anaları Cavabdeh4 bağışlamışlar. Hazırda iddiaçının hüquqi varisi Gülşən Novruzova Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80-ci məhəllədə yerləşən 109 saylı evlə bağlı cavabdehlərin adlarına verilmiş vəsiyyətnaməni, vərəsəlik haqqında şəhadətnamələri, miras payın bağışlanması barədə müqaviləni və digər hüquqmüəyyəedici sənədləri mübahisələndirərək, bu sənədlərin etibarsız hesab edilməsi, onun həmin əmlak üzərində vərəsə payının tanınması və cavabdehlərin adlarına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyası işin tədqiq olunan faktiki hallarına əsasən hesab edir ki, miras əmlak vəsiyyətnamə üzrə vəsiyyət edilsə də İddiaçı Ə.Novruzovun birinci növbə vərəsəsi kimi bu əmlakdan məcburi pay almaq hüququ olmuşdur. Lakin cavabdehlər bu faktı notariusdan gizlətmiş, özlərindən başqa digər vərəsənin, yəni İddiaçı olması barədə məlumat verməmişlər. İşdən görünür ki, mübahisəli daşınmaz əmlakı Ə.Novruzov hələ sağlığında, yəni 2006-cı ildə oğulları Zahir və Cavabdeh2lara vəsiyyət etmiş, bu barədə vəsiyyətnamə tərtib edilərək təsdiq olunmuşdur. Bununla belə, işdən görünür ki, əmlak vəsiyyət edildiyindən, mərhumun digər vərəsələrinin-Cavabdeh4, İ.Novruzova və İ.Novruzovanın məcburi payı tanınmış, mübahisəli əmlakın 1/10 hissəsinə notariat kontoru tərəfindən onların hüquqları təsbit edilmiş, bu barədə qanun üzrə vərəsəlik hüquq haqqında 13 noyabr 2012-ci il tarixli şəhadətnamə verilmişdir. Halbuki, İddiaçı da Ə.Novruzovun birinci növbli vərəsəsidir və onun da bu əmlakda məcburi payı vardır. Belə ki, işin tədqiq olunan faktiki hallarından məlum olur ki, iddiaçı həmin evdə 1971-ci ildən yaşamışdır. X18 27.07.2010-cu ildə ölmüşdür. İddiaçı həmin evin vərəsəlik əsasında cavabdehlərin adına rəsmiləşdirilməsindən məlumatsız olmuşdur. Uzun illər o, yataq xəstəsi olmuş və oğlunun miras qoyanın ölümündən sonra da bu evdə fasiləsiz olaraq yaşamaqla mirası faktiki qəbul etmişdir. Onun vərəsə olması və miras əmlakda məcburi pay hüququna malik olması işin mübahisəsiz halıdır. Buna görə də mübahisəli əmlaka dair verilmiş vəsiyyət və qanun üzrə şəhadətnamələr, payın bağışlanması barədə 21 noyabr 2012-ci il tarixli müqavilə, eyni zamanda miras əmlak olan fərdi yaşayış evinə dair hüquqların qeydiyyatı haqqında cavabdehlər verilmiş çıxarış əsaslı sayıla bilməz. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirası qəbul etmək vərəsənin vəzifəsi yox, yalnız onun hüququdur. Başqa sözlə vərəsə bu hüquqdan istifadə edib-etməmək seçiminə malikdir. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Eyni Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Eyni Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd olunur ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İş materiallarına əlavə edilmiş notariat işindən görünür ki, notarius mirasqoyanın digər vərəsələri barədə məlumat olub-olmamasına əhəmiyyət verməmişdir, halbuki bu, onun vəzifə borcu olmuşdur. Belə ki, Mülki Məcəllənin 1318-ci maddəsinin tələblərinə görə notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. “Notariat haqqında” AR Qanununun 55-ci maddəsinin tələblərinə görə açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius, həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Yenə həmin Qanunun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Mülki Məcəllənin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə görə məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər Yenə həmin Məcəllənin 1196-cı maddəsinə görə vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Daha öncə qeyd olunduğu kimi, cavabdehlər notariusa müraciət edərkən digər vərəsənin də olmasını notariusdan gizlətmiş, notarius isə öz növbəsində vəzifə borcunu yerinə yetirib vərəsələrin dəqiq dairəsini müəyyən edilməsi üçün tədbirlər görməmişdir. Bunun nəticəsində vəsiyyət edilən miras üzrə mərhum Ə.Novruzovun arvadı və iki qızı məcburi paylarını almağa müvəffəq olsalar da, anası İddiaçı məcburi paydan məhrum olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, mübahisəli əmlaka dair verilmiş vəsiyyət və qanun üzrə şəhadətnamələr, payın bağışlanması barədə 21 noyabr 2012-ci il tarixli müqavilə, eyni zamanda miras əmlak olan fərdi yaşayış evinə dair hüquqların qeydiyyatı haqqında cavabdehlər verilmiş çıxarış etibarsız hesab edilməlidir. Vəsiyyətnamənin etibarsızlığı üçün isə məhkəmə kollegiyası heç bir əsas tapmır. İşdən görünür ki, mərhum Ə.Novruzov özünə məxsus torpaq sahəsini və orada yerləşən mübahisəli evi övladları Zahir və Cavabdeh2 vəsiyyət etmiş, bu akt notariat orqanı tərəfindən qeydə alınmışdır. İddiaçı vəsiyyətnamədəki imzanın oğluna məxsus olmamasını, oradakı imzanın saxta olmasını iddia etsə də, bu dəlillə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddianı bu hissədə rədd edərkən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları tam aydınlaşdırmamış, işin yuxarıda qeyd olunan hallarına əhəmiyyət verməmiş, hazırki iş üzrə iddiaçının oğluna məxsus miras əmlakdan məcburi pay almaq hüququnu tanımayaq, nəticədə maddi və prosessual hüquq normalarını qismən pozmaqla qətnamə qəbul etmişdir və bu da həmin qətnamənin qeyd edilən hissələrdə ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının hüquqi varisinin apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır və buna görə də, onun apelyasiya şikayəti qismən təmin olunmalı, qətnamə 13 noyabr 2012-ci il tarixli vəsiyyətnamə və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, miras payının bağışlanılması haqqında 21 noyabr 2012-ci il tarixli müqavilə, habelə mübahisəli əmlak olan fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyesterində aparılmı qeydiyyat və verilmiş reyetsrdən çıxarışın etibarsızlığı barədə iddianın təmin edilməməsi hissəsində ləğv edilməli, bu barədə iddia təmin edilməli, qalan hissələrdə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda İddiaçı, hazırkı mərhələd isə onun hüquqi varisi G.Novruzova iddia tələbinin əsası kimi istinad etdiyi halları, həmçinin apelyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmişlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən yuxarıda sadalanan normaların tələblərinə tam əməl etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Şərh olunanlarla yanaşı, məhkəmə kollegiyası işdə iştirak edən vərəsələrə izah edir ki, mərhum X1 miras qalmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80-ci məhəllədə, 0.08 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 38.3 kv.m yaşayış, 51.8 kv.m köməkçi sahədən ibarət 109 saylı fərdi yaşayış evinə dair, İddiaçıın da məcburi payı nəzərə alınmaqla, vərəsəlik paylarının müəyyən edilməsi və buna uyğun vəsiyyət və qanun üzrə vərəsəlik şəhadətnamələrinin verilməsi üçün notariusa müraciət etməlidirlər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün G.Novruzovanın ödədiyi 10 manat dövlət rüsumunun 5 manatı özünə aid edilməli, 100 manat ekspertiza xərci isə ondan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, ödənilmiş dövlət rüsumunun 5 manatı cavabdehlərdən tutularaq ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçının hüquqi varisi Novruzova Gülşən Ələnur qızı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2(060)- 445/2021 saylı qətnaməsi, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80-ci məhəllədə, 0.08 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 38.3 kv.m yaşayış, 51.8 kv.m köməkçi sahədən ibarət 109 saylı fərdi yaşayış evinə dair 13 noyabr 2012-ci il tarixli vəsiyyət və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmin əmlak üzrə miras payının bağışlanılması haqqında 21 noyabr 2012-ci il tarixli müqavilənin, həmin mübahisəli miras əmlaka dair daşınmaz əmlakın dövlət reyesterində aparılmış 13 dekabr 2012-ci il tarixli qeydiyyat və verilmiş reyestrdən çıxarışın etibarsızlığı barədə iddianın təmin edilməməsi hissəsində ləğv edilsin. Bu hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi həmin hissədə təmin edilsin. Sumqayıt şəhəri, Corat qəsəbəsi, 80-ci məhəllədə, 0.08 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 38.3 kv.m yaşayış, 51.8 kv.m köməkçi sahədən ibarət 109 saylı fərdi yaşayış evinə dair vəsiyyət və qanun üzrə vərəsəlik hüququ haqqında 13 noyabr 2012-ci il tarixli şəhadətnamələr, həmin mirasdakı payın bağışlanılması haqqında 21 noyabr 2012-ci il tarixli müqavilə, həmin mübahisəli miras əmlaka dair daşınmaz əmlakın dövlət reyesterində aparılmış 13 dekabr 2012-ci il tarixli, ********** nömrəli qeydiyyat və verilmiş reyestrdən çıxarış etibarsız hesab edilsin. İddianın rədd edilməsinə dair qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün Novruzova Gülşən Ələnur qızının ödədiyi 10 (on) manat dövlət rüsumunun 5 (beş) manatı onun özünə özlərinə aid edilsin, 5 (beş) manatı cavabdehlər Cavabdeh1dan, Cavabdeh2, Cavabdeh4 və Sumqayıt şəhəri 3 Saylı Dövlət Notariat Kontorundan müştərək qaydada tutularaq ona qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri kimi 100 (yüz) manat ekspertiza xərci Novruzova Gülşən Ələnur qızından tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar