Məhkəmə qərarları › İş №2(105)-2688/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2688/2020

15.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2688/2020 15.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1,İddiaçıiştirakı ilə açıq məhkəmə iclasında Xızı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(068)-78/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xızı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(068)-78/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Bəylər Ələkbərov) İddiaçı Cavabdehnə qarşı aktın ləğv olunması və akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh Xaçmaz X5 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxx 2020-ci il tarixli, ******* saylı aktı əsasında İddiaçı məxsus Xızı rayonu, Tıxlı kəndində yerləşən fərdi yaşayış evinə hesablanmış 216 manat məbləğində borcun silinməsi və sayğacın dəyəri 67,02 manat pulun Cavabdehnə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx xxx 2020-ci il tarixdə İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Xızı rayonu, Tıxlı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına Cavabdeh əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş xx xxxxx 2020ci il tarixli, ******* saylı aktın ləğv olunması, həmin akt əsasında hesablanmış 216 manat pulun silinməsi və sayğacın dəyəri 67,02 manat pulun Cavabdehnə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə Xızı rayonu, Tıxlı kəndində yerləşən fərdi yaşayış evində yaşayır. xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh əməkdaşları ona məxsus həyətə gələrək, qaz sayğacını çıxarıb növbəti dövlət yoxlamasına göndərmiş və bununla bağlı akt tərtib etmişlər. Cavabdeh qaz sayğacının yoxlanılması barədə MSK-29/1710-00912-1 saylı, xx xxxxx 2020-ci il tarixli aktına əsasən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin deşildiyi barədə rəy verilmiş və təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxx 2020-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmin rəyə əsasən sayğacın qeydə almadığı qazın bərpası məqsədilə 2160 kub metr həcmində, yəni 216 manat dəyərində qaz itkisi hesablanaraq onun abonent hesabına daxil edilmişdir. O, qaz nəzarətçilərinə bu məsələdən xəbərinin olmadığını və qaz sayğacına heç bir müdaxilə etmədiyini bildirmişdir. Cavabdeh əməkdaşları isə sayğacı laboratoriyaya göndərdiklərini və borcun həmin rəyə əsasən hesablandığını bildirmişlər. Sonradan qaz nəzarətçiləri yeni qaz sayğacı quraşdırmış, lakin Cavabdeh əməkdaşları tərəfindən akt əsasında yazılmış qanunsuz cərimə onun üzərində qalmışdır. Qeyd olunan aktın əsassızlığını cavabdeh təşkilata bildirsə də, hər hansı nəticə olmamışdır. Xaçmaz Qİİ-nin nəzarətçiləri ayda iki dəfə olmaqla, sayğaca baxış keçirmiş və o, həmin sayğacın göstəricilərinə uyğun istifadə olunan qaza görə ödənişləri müntəzəm olaraq ödəmişdir. İstifadə olunan qaz xəttinə quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən ona məxsus evin daxilində deyil, hasarın çöl tərəfində yerləşdirilmişdir. Bu səbəbdən də sayğacın hər hansı bir ehtimal ediləcək kənar müdaxilədən qorunmasının onun tərəfindən təmin edilməsi heç bir məntiqə sığmır. Onun tərəfindən, qaz sayğacına hər hansı bir müdaxilə olmamışdır. Digər tərəfdən, belə müdaxilənin qarşısının alınmasını təmin etmək iqtidarında olması da qeyri-mümkündür. Sayğaca hər hansı bir müdaxilə varsa, belə müdaxilə kənar şəxslər tərəfindən oluna bilər. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh təşkilat apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ədalətsizdir, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, İddiaçı əsassız mülahizələri əsasında Xızı Rayon Məhkəməsi tərəfindən qətnamə çıxarılmış, “Cavabdeh“ İstehsalat Birliyinin təqdim etdiyi sübutlar qiymətləndirilməmişdir. “Cavabdeh“ X2 RQİİ ilə bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında İddiaçı təbii qazdan istifadə edir. Abonent üçün Elster tipli, G-4 markalı, **********1 saylı sayğac quraşdırılmışdır. Həmin sayğaca Xaçmaz RQİİ-nin Xızı xidmət sahəsinin işçiləri tərəfindən xx.xx.2020-ci il tarixdə abonentin iştirakı ilə baxış keçirilmiş, **********1 saylı qaz sayğacının hesablayıcı mexanizminin plastmas qapağının deşilməsi müəyyən edilmişdir. Bu barədə həmin tarixdə abonentin iştirakı ilə ******* saylı akt tərtib edilmiş, akt abonent tərəfindən heç bir irad bildirilmədən imzalanmışdır. Buna görə də sayğac xəttdən açılaraq növbədənkənar dövlət yoxlamasına göndərilmişdir. Laboratoriyanın 28.04 2020-ci il tarixli, MSK-29/1710- 000912-1 saylı aktına görə **********1 saylı sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin deşildiyi barədə rəyinə əsasən sayğacda müdaxilə aşkar edildiyi üçün abonent İddiaçı barəsində Xaçmaz RQİİ-nin Xızı xidmət sahəsinin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və dəymiş ziyan 2160 m3 və ya 216 manat hesablanaraq abonentin hesabına işlənilmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olmamışdır, qaz sayğacı evinin hasarının çöl tərəfində, küçədə quraşdırılmış, xüsusi qutuya da yerləşdirilməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilatın apellyasiya şikayəti faktiki olaraq iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Xızı rayon İHB-nın Tıxlı kənd İƏD üzrə nümayəndəliyinin 45 saylı, xx xxx 2020-ci il tarixli arayışından görünür ki, İddiaçıXızı rayonu, Tıxlı kəndi, Əliağa Vahid küçəsi, 7 saylı evdə qeydiyyatdadır və orada yaşayır. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx xxxx 2014-cü il tarixli qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, xx xxxxxx 2020-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı yaşadığı Xızı rayonu, Tıxlı kəndində yerləşən evə quraşdırılmış qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmək üçün çıxarılmış və yeni sayğac quraşdırılmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxx 2020-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı yaşadığı Xızı rayonu, Tıxlı kəndində yerləşən evə quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsi deşilmişdir. İş materiallarında olan Cavabdeh xx xxxxx 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, İddiaçı yaşadığı Xızı rayonu, Tıxlı kəndində yerləşən ev üzrə (abonent kodu **********00600) itirilmiş qazın sərfiyyatı 2160 kub metrdir. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, İddiaçı (abonent kodu **********00600) akt üzrə borcu 216 manat təşkil edir. İş materiallarında olan Cavabdeh xx xxx 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı 216 manat məbləğində ziyanın və sayğacın dəyəri olan 67,02 manat pulun 5 gün ərzində ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının yaşadığı evin qaz sayğacıevinin hasarının çöl tərəfində, küçədə quraşdırılmışdır. Cavabdeh İB X6 X4 xidmət sahəsinin əməkdaşları tərəfindən həmin sayğaca baxış keçirilərkən sayğaca kənar müdaxilənin olub-olmamasının müəyyən edilməsi məqsədi ilə sayğac müvafiq laboratoriyaya göndərilmiş, baxış zamanı qaz sayğacınınhesablama mexanizminin qoruyucu şüşəsinin deşildiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx xxx 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxslərin evlərinə quraşdırılmış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. İş materiallarından görünür ki, iddiaçıya məxsus olan evin qaz sayğacı evinin hasarının çöl tərəfində, küçədə quraşdırılmışdır. Həmin yer ictimai yer hesab olunduğundan, qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin iddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Bundan başqa, iş üzrə müəyyən edilmişdir ki, təhlükəsiz şəraitdə saxlanması üçün qaz sayğacı qaz paylayıcısı tərəfindən xüsusi qutuya yerləşdirilməmişdir. Bu isə həmin sayğaca istənilən şəxs tərəfindən müdaxiləni istisna etmir. Məhkəmə kollegiyası hesab edir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyindən iddianın təmin edilmiş hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh təşkilat apellyasiya şikayətində məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini göstərsə də, bunun nədə ifadə olunduğunu konkret qeyd etmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmamışdır. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdeh təşkilatın apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Xızı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(068)-78/2020 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar