Məhkəmə qərarları › İş №2(105)-269/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-269/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-269/2025 06.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: apellyasiya icraatına xitam) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, e-2(060)-5635/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən imei kodu **********60572 olan «Samsung Galaxy S23 Ultra» markalı telefon, «Huawei Freebuds SE» markalı qulaqlıq, «Samsung 45W charger cable» üçün 3453,39 manat ödənilməmiş hissə, 345,61 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən LG Xboom ON9 karaoke musiqi mərkəzi üçün 502,25 manat ödənilməmiş hissə, 50,75 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən imei kodu **********20398 olan «Samsung Galaxy S21FE» markalı telefon, «Samsung 25W charger» üçün 169,7 manat ödənilməmiş hissə, 16,3 manat cərimə olmaqla, ümumilikdə 4538 manat borcun və 65,38 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, e-2(060)- 5635/2024 nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh xx.xx.2023-cü il tarixli, 02005208 nömrəli müqavilə üzrə əsas borc qismində 3453,39 manat, cərimə borcu qismində 80 manat, xx.xx.2023-cü il tarixli, 15522986 nömrəli müqavilə üzrə əsas borc qismində 502,25 manat, cərimə borcu qismində 30 manat, xx.xx.2022-ci il tarixli, 03741864 nömrəli müqavilə üzrə əsas borc qismində 169,7 manat, cərimə borcu qismində 5 manat olmaqla, cəmi 4240 (dörd min iki yüz qırx) manat, 34 otuz dörd) qəpik və dövlət rüsumu kimi ödənilmiş 65,38 manat məbləğində pul vəsaitinin 62 (altmış iki) manat, 40 (qırx) qəpik hissəsi tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Apellyasiya instansiya məhkəməsində icraat

3. Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, e-2(060)- 5635/2024 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissədə ləğv edilməsi və cərimə borclarının tam silinməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ünvanlayaraq, iddiaçıya qarşı heş bir şikayət və tələbinin olmadığını bildirərək apellyasiya şikayətinə xitam verilməsini xahiş etmişdir.

5. Məhkəmə icraatı iştirakçılarının izahatları İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Maddə 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Maddə 402.2 Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

7. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətindən imtina etməsi barədə ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək hesab ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, yuxarıda sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apellyasiya şikayəti verən şəxs həm də apellyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apellyasiya şikayətindən imtina apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi ilə yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtinası onun sərbəst iradə ifadəsini əks etdirir, şikayətdən imtina qanuna zidd deyil, eləcə də digər şəxslərin qanunla qorunan hüquq və mənafelərini pozmur. Ona görə də apellyasiya şikayətlərindən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir.

8. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 369-370, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Cavabdeh apellyasiya şikayətindən imtinası qəbul edilsin. İddiaçı Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, e-2(060)-5635/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar