Məhkəmə qərarları › İş №2(105)-2710/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2710/2021

07.10.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2710/2021 07.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı SOCAR-ın İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(012)-254/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(012)-254/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) iddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor- Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 10,7-ci km-də, kəmərdən 42 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunun üstündə, X6 ünvanında yaşayan Cavabdeh tərəfindən aparılan tikintinin Cavabdeh hesabına sökülərək ərazidən çıxarılması qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, SOCAR-ın İddiaçı iddia ilə məhkəməyə müraciət edərək idarənin istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 31-ci km-də, kəmərdən 22 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunun üstündə, X6 ünvanında yaşayan Cavabdeh tərəfindən həmin ünvanda aparılan bütün qanunsuz tikinti işlərinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 10.7-ci km-də, kəmərdən 42 metr aralı məsafədə, kəmərin mühafizə zonasında ünvan 3i ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunun üstündə, X6 ünvanında yaşayan Cavabdeh tərəfindən həmin ünvanda, həyətyanı sahədə köhnədən inşa edilmiş hasar tikilisinin üzərinə iki mişar daşı hündürlüyündə yeni tikinti işlərinin aparılması 07.05.2020-ci il tarixdə əməkdaşları tərəfindən aşkar edilmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, iddia predmeti olan ünvanda onun tərəfindən hər hansı bir əlavə tikili həyata keçirilməmişdir. Məhkəmə qətnaməsində tam olaraq hansı tikilinin sökülməsi göstərilməsə də, iddia ərizəsində göstərilən ünvanda onun atası tərəfindən yaşayış evi tikildiyi, hazırda ailə üzvləri və onunla birlikdə həmin ünvanda yaşamağı işin faktiki halları kimi nəzərə alınmamışdır. Məhkəmə tərəfindən iddia təmin edilərkən 05 yanvar 2021-ci il tarixli, 10/4265 saylı ekspertiza rəyinə və DƏDRX-nin 18 dekabr 2020-ci il tarixli mütəxəssis rəyinə istinad edilmişdir. Lakin həmin ünvana hər hansı bir ekspert və ya mütəxəssis baxış keçirməmişdir. Baxış keçirilsəydi, o və ya ailə üzvləri bunun şahidi olardılar. Baxış keçirilmədən rəy verilməsi, həmçinin DƏDRX-nin 18 dekabr 2020-ci il tarixli mütəxəssis rəyindən də görünür. Belə ki, rəydə kameral şəraitdə araşdırma aparıldığı qeyd edilir. Kameral isə əraziyə getmədən həyata keçirilən fəaliyyətdir. Onun yaşadığı ünvandakı evin yerləşdiyi torpaq sahəsini əldə edərkən bu torpaq sahəsinin hər hansı bir başqa şəxsə məxsusluğunu o və ailə üzvləri bilməmiş, onlar həmin torpaq sahəsinin vicdanlı sahibi olmuşlar. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı SOCAR-ın İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 07.05.2020-ci il tarixli aktın surətindən görünür ki, Böyükşor- Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 10.7-ci km-də, kəmərdən 42 metr aralı məsafədə yeni tikinti işləri aşkar edilmişdir. İş materiallarında olan SOCAR-ın İddiaçı 07.05.2020-ci il tarixli xəbərdarlığının surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda Böyükşor- Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 10.7-ci km-də, kəmərdən 42 metr aralı məsafədə, kəmərin mühafizə zonasında qanunsuz tikinti işlərinin aparılmasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə Cavabdeh şifahi və yazılı şəkildə xəbərdar edilmişdir. İş üzrə keçirilmiş ekspertizanın 05.01.2021-ci il tarixli, 10/4265 saylı rəyindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunun üstündə, X6 ünvanında cavabdeh tərəfindən inşa edilmiş tikilinin mülki iş materiallarından olan 07.05.2020-ci il tarixli akta əsasən neft kəmərindən 42 metr məsafədə yerləşdiyini nəzərə aldıqda, həmin tikilinin “Magistral neft kəmərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.3-cü bəndinə əsasən Dş-700 mm-lik magistral neft kəmərinin mühafizə zonasına düşdüyü müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4.1-ci bəndinə əsasən ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə ixrac neft boru kəmərləri marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır, mühafizə zonaları müəyyənləşdirilir. Həmin Qaydaların 6.1-ci bəndinə görə mühafizə zonasında Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan bina və qurğuların tikintisi qadağandır. Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi tərəfindən təsdq edilmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.2-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik Qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin Qaydaların 6.7-ci bəndinə görə boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və quraşdırma işlərinin aparılması qadağandır. Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İşdən görünür ki, iddiaçı təşkilatın sökülməsini tələb etdiyi tikililərə və həmin tikililərin yerləşdiyi torpaq sahəsinə Cavabdeh hər hansı bir hüququ (mülkiyyət, istifadə, icarə və s) yoxdur, həmin tikililər qanunvericiliyin tələbinə görə özbaşına tikinti sayılır. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(012)-254/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar