Məhkəmə qərarları › İş №2(105)-2714/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2714/2021

07.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2714/2021 07.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızının, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 nümayəndəsi X7, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Əbdül oğlunun iştirakları ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(027)-892/2021 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızının apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(027)-892/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Samir Məmmədov) iddiaçı Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızının cavabdehlər X8, Cavabdeh2 Əbdül oğluna, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış evindən çıxarma, kirayə haqqının və dəymiş ziyanın ödənilməsi barədə ilk iddia qismən təmin edilmiş, X13, Cavabdeh2 Əbdül oğlu, Cavabdeh3 və Cavabdeh4 Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızına məxsus Quba şəhəri, G.Əsədov küçəsi 64 ünvanında yerləşən evdən çıxarılmaları, ünvan 1 dair 2010-cu ildən ödənilməmiş kommunal xərclər kimi Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızının adına olan **********00700 saylı abonent hesabına hesablanmış 854,44 manat qaz sərfiyyatı borcunun, **********01529 saylı abonent hesabına hesablanmış 63,53 manat elektrik enerjisi istehlakı borcunun cavabdehlər tərəfindən müvafiq hesablara ödənilməsinin təmin edilməsi, hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində pulun X13, Cavabdeh2 Əbdül oğlu, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızına verilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, X7, Cavabdeh2 Əbdül oğlunun, Cavabdeh3 və Cavabdeh4 Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızına qarşı pul tələbinə dair qarşılıqlı iddia qismən təmin edilmiş, Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızından 8000 ABŞ dollarının (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) və 1780 manat məbləğində borcun alınıb X13, Cavabdeh2 Əbdül oğlu, Cavabdeh3 və Cavabdeh4 verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməsi qət edilmiş, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər X7, Cavabdeh2 Əbdül oğlunun, Əliyeva Gülçin Əbdül qızının və Cavabdeh4 ona məxsus Quba şəhəri, G.Əsədov küçəsi 64 ünvanında yerləşən evdən çıxarılmaları, 2010-cu ildən ödənilməmiş kirayə haqqı kimi 24000 manat pulun, evin ödənilməmiş qalan kommunal xərclərinin (qaz, su, elektrik enerjisi) cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən ev onun babasına məxsus olmuş, babası həmin evi bağışlama müqaviləsinə əsasən ona bağışlamışdır. Quba şəhəri, G.Əsədov küçəsi 64 ünvanında yerləşən ümumi sahəsi 134,2 kv.m, yaşayış sahəsi 74,5 kv.m olan, iki mərtəbəli dörd yaşayış otağından fərdi yaşayış evi 04 iyul 2005-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən ona məxsusdur. Babası sağlığında həmin evdə yaşamışdır. Babası vəfat edəndən sonra o, Bakı şəhərinə köçüb getdiyi üçün evi kirayəyə vermişdi. Təxminən iki il evdə kirayəçi yaşamışdır. Sonradan evə baxmaqda çətinlik çəkdiyindən evi satmaq qərarına gəlmişdi. Təxminən 2008-ci ildən qonşusunun qohumları evə baxmağa gəlmiş, qohumlarına yaxın olduğundan və evin bağı olduğundan xoşlarına gəlmişdi. Onlar evin alqı-satqısı barədə danışmış, evi cavabdehlərə satdıqlarından kirayədə qalanları evdən çıxarmışlar. Cavabdehlər evə görə ilkin olaraq 8000 ABŞ dolları pul vermiş, qalan pulu, yəni 57000 ABŞ dollarını isə noyabr ayının sonuna kimi verəcəklərini, həyat yoldaşı isə noyabr deyil, dekabr ayına kimi gözləyəcəklərini bildirmiş, pul ödənildikdən sonra cavabdehlərin evi öz adlarına keçirəcəkləri, yəni alqı-satqını rəsmiləşdirəcəkləri barədə razılığa gəlmişdilər. Bu barədə cavabdehlər əlyazma da yazmışdılar. Onların razılaşmalarından təxminən bir ay sonra cavabdehin əri Əbdülün Bakı şəhərinə gələn zaman qəzaya düşüb öldüyünü eşitmişdilər. Hüzrləri düşdüyünə görə narahat etməmək üçün bir neçə ay cavabdehlərə yaxın getməmişdi. Bundan sonra cavabdehlərin yanına gedərək Əbdülün sağlığında danışdıqları razılaşmanın nə yerdə olmasını soruşmuş, cavabdehlər evin böyüyünün öldüyünü, artıq pulları olmadığı üçün evi ala bilməyəcəklərini bildirdilər. Əslində verilən pul beh kimi verildiyi üçün evi almadıqlarından behin qanunvericiliyə uyğun olaraq batmasına baxmayaraq, yenə də insanlıq edərək evi satdıqdan sonra onların da pulunu qaytaracağını demiş, cavabdehlər də buna razılaşmışdılar. Beləliklə, artıq yay fəsli bitdiyindən, uşaqların dərsləri başladığından evi almaq və ya kirayə qalmaq istəyən olsa, gəlib qalmaları üçün evin açarlarını qonşuya verərək, evi qonşuya tapşırıb Bakı şəhərinə qayıtmışdılar. Bir müddət sonra bacısı ona zəng vuraraq ailəsi ilə birlikdə Qubaya istirahətə gedəcəyini, evin açarlarının harada olmasını soruşmuş, o, evin açarlarını qonşuya verdiyini və ola bilər ki, evdə kirayəçi qaldığını bildirmişdi. Bir neçə saatdan sonra bacısının həyat yoldaşı ona zəng vuraraq bundan əvvəl evi almaq istəyən şəxslərin evdə yaşadığını demişdi. O isə evi satmadığını, kirayəyə vermək və ya müştəri çıxarsa evi satmaq üçün açarları qonşuya verdyini, bundan sonra orada nə baş verməsindən xəbəri olmadığını bildirmişdi. Sonradan öyrənmişdi ki, onlar getdikdən bir müddət sonra qonşusu evi kirayəyə vermiş, lakin cavabdehlər gəlib evə girərək, kirayə qalan şəxsləri evdən çıxarmış və orada yaşamağa başlamışdılar. O, ailə qurduğu, körpə uşaqları olduğu və maddi cəhətdən çətinlik çətdiyindən bir ildən çox Qubaya gedə bilməmişdilər. Qonşusu isə evi kirayəyə verəndə, onlar Qubaya gələndə kirayə pullarını onlara verirdi. O, 2010-cu ildə cavabdehlərin yenidən onun evinə gəlməsini öyrənəndən sonra zəng vuraraq evdən çıxmalarını demiş, lakin cavabdehlər evdər çıxmayacaqlarını bildirmişdilər. Qubaya gələndə cavabdehlərlə danışmış, cavabdehlər Xınalıq kəndində torpaqlarının olduğunu, həmin torpağı satıb evin qalan pulunu verəcəklərini demişdilər. O, cavabdehlərin bu vədlərinə inanmış, onsuz da evi satmaq istəməsini, cavabdehlərin də evi əvvəllər almaq niyyətlərinin olmasını nəzərə alaraq buna razı olmuşdu. Bir müddət keçdikdən sonra cavabdehlərdən evin pulunu istəyən zaman evi almaq istəmədiklərini, evdər çıxmayacaqlarını bildirmişdilər. Maddi imkanı olmadığı üçün Qubaya təxminən 2 ildən bir gəlmiş, hər dəfə gəlməmişdən qabaq cavabdehlərə evi boşaltmalarını bildirsə də, evə gələndən sonra cavabdehlərin yalvarışlarını və xahişlərini nəzərə alaraq, cavabdehlərin evi alacaqlarını bildirdiyi üçün onlara vaxt verərək geri qayıtmışdır. Artıq 10 ildən çoxdur cavabdehlər ona məxsus evə yaşayırlar. Bu müddət ərzində cavabdehlər nə evi satmağa, nə də kirayəyə verməyə qoymamış, mülkyyətində qanunsuz məskunlaşaraq ona maddi ziyan vurmaqda davam etmişlər. 2010-cu ildə evdə kirayəyə yaşayanlar qalsaydı, cavabdehlər həmin kirayənişinləri çıxarmasaydı, bu 10 il ərzində ən azı aylıq 200 manatdan hesablanmaqla 24000 manatdan çox gəlir əldə edərdi. Həmin evi satsaydı kifayət qədər gəlir əldə edərdi, lakin cavabdehlər onu həmin gəlirdən də məhrum etmişlər. Cavabdehlər onun evində qanunsuz yaşayaraq kommunal xərclərini də ödəməmiş, qaza, elektrik enerjisinə və suya külli miqdarda borcları qalmışdır. Cavabdehlər onun evindən çıxmır, evi satmağına imkan vermirlər. Hətta cavabdehlərdən Cavabdeh2 Əbdül oğlu onun həyat yoldaşı ilə söhbət zamanı razılaşmışdı ki, evdən çıxacaqlar, verdikləri pul isə kirayə haqqı kimi ona qalacaqdır. Bundan bir müddət sonra Kəmalə Əliyeva zəng edərək evdən çıxmayacağını, oğlunun dediklərinin onun üçün heç bir əhəmiyyət daşımadığını qeyd etmişdir. Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X13, Cavabdeh2 Əbdül oğlu, Cavabdeh3 və Cavabdeh4 ona məxsus Quba şəhəri, G.Əsədov küçəsi 64 ünvanında yerləşən evdən çıxarılmaları, 2010-cu ildən ödənilməmiş kirayə haqqı kimi aylıq 200 manat olmaqla 10 il üçün 24000 manat pulun, evin ödənilməmiş qalan kommunal xərclərinin-adına olan **********00700 saylı abonent hesabına hesablanmış 854,44 manat qaz pulu borcunun, adına olan **********01529 saylı hesabına hesablanmış 63,53 manat elektrik enerjisi borcunun, onunla Quba ASAN Vəkil Bürosu arasında bağlanmış hüquqi yardım haqqında müqaviləyə əsasən hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X13, Cavabdeh2 Əbdül oğlu, Cavabdeh3 və Əliyeva X6 (Gəbəkbəyova) Vəfa Azər qızına qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək ilk iddianın rədd edilməsi, Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızından 8000 ABŞ dolları və 1780 (1000+780) manat məbləğində borcun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və qarşılıqlı iddia tələbini onunla əsaslandırmışlar ki, Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızı onun bacısı Bahar Zamanovanın qonşusudur. Bacısı Bahar onun ev axtardığını bildiyi üçün 2008-ci ilin avqust ayının əvvəllərində qonşusu İddiaçı özünə məxsus yaşayış evini satmaq istədiyini bildirmişdir. O, İddiaçı ilə görüşüb evə baxmış və həmin evi almaq qərarına gəlmişdir. İddiaçı ona evi 65000 ABŞ dollarına satacağını bildirmiş, o isə qeyd olunan məbləği hissə-hissə ödəyəcəyini bildirmişdi. Bununla bağlı onunla İddiaçı və İddiaçı həyat yoldaşı Kamil Baləhmədov arasında yazılı razılaşma olmuş, 21.08.2008-ci il tarixdə o, Quba şəhəri, G.Əsədov küçəsi 64 saylı yaşayış evini 65000 ABŞ dollarına satın almış, ilkin olaraq 8000 ABŞ dolları ödəniş etmiş, qalan məbləği 2008-ci ilin sonunadək hissə-hissə ödəyəcəyi barədə şahidlərin iştirakı ilə iltizama imza edərək evi təhvil almışdır. Həmin gün onlar satın aldıqları yaşayış evinə köçmüşlər. 05.09.2008-ci il tarixdə həyat yoldaşı Abdulbağı Əliyev avtoqəza nəticəsində vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən bir neçə gün sonra o, İddiaçı zəng edərək, həyat yoldaşının vəfat etməsini, bu səbəbdən də evin qalan pulunu razılaşdıqları müddətə verə bilməyəcəyindən evini almaq istəmədiklərini bildirmiş, uşaqları ödənişli təhsil aldıqlarından verdiyi 8000 ABŞ dollarını geri istəmişdir. İddiaçı ona borcları olduğundan aldığı 8000 ABŞ dollarını borclarına verdiyini, ona əşyalarını bir otağa yığmasını tapşırmış, özü isə evi satan kimi aldığı 8000 ABŞ dollarını qaytaracağını bildirmişdir. Uşaqlarının təhsili ilə əlaqədar o, 2008-ci ilin oktyabr ayında əşyalarını bir otağa yığaraq Bakı şəhərinə getmişdir. 2009-cu ilin may ayında Bakı şəhərindən qayıtdıqdan sonra bir müddət bacısının evində qalmışdır. İddiaçı pulunu tələb etdikdə, sonuncu müxtəlif bəhanələr gətirərək pulu ev satıldıqda verəcəyini bildirmişdir. Onun başqa ev tutmağa maddi imkanı olmadığından və İddiaçı ona pulunu vermədiyindən məcbur qalıb açarları götürüb ailəsi ilə birlikdə İddiaçı evində yaşamağa başlamışdır. Bir müddət sonra İddiaçı onların həmin evdə yaşadıqlarından xəbərdar olmuş, lakin onlara həmin evdən çıxmalarını deməmişdir. 2013-cü ilin noyabr ayında İddiaçı ona zəng edərək, uşağının xəstə olmasını bildirərək 1000 manat borc pul istəmiş, o da 18.11.2013-cü il tarixdə poçt vasitəsi ilə İddiaçı 1000 manat pul göndərmişdir. 2014-cü ilin sentyabr ayında Vəfa yenidən zəng edərək təcili 780 manat pul borc pul lazım olduğunu bildirmişdir. Oğlu Cavabdeh2 19.09.2014-cü il tarixdə poçt vasitəsi ilə İddiaçı 780 manat pulu poçt vasitəsi ilə göndərmişdi. İddiaçı bu pulları da əvvəl aldığı 8000 ABŞ dolları ilə birlikdə qaytaracağını bildirmişdir. Bir müddət sonra uşaqlarının təhsil haqqını ödəmək üçün İddiaçı pulunu istəmiş, sonuncu pulunun olmadığı, ev satıldıqdan sonra verə biləcəyini bildirmişdir. 2019cu ilin yay aylarında İddiaçı istirahət üçün Quba şəhərinə gələrkən həmin evdə onlarla birlikdə qalmışdır. Həmin müddətdə İddiaçı onlara evdən çıxmalarını bildirməmiş, əksinə, onlarla bir evdə yaşamış, onlardan heç bir pul tələb etməmiş, ev satıldıqdan sonra ilkin ödəniş olan 8000 ABŞ dolları və borc aldığı 1000 və 780 manatı qaytaracağını demişdir. Hazırda işığa və suya borcu yoxdur, qaza olan borcu isə hissə-hissə ödəyəcəkdir. Bundan başqa, qeyd olunan yaşayış evində öz vəsaiti hesabına təmir işləri aparmışdır. İddiaçı evdə təmir işləri apardığını bilmiş, lakin buna etiraz etməmişdir. İddiaçı vaxtında pulunu ödəmədiyindən o, özünə heç bir şərait qura bilməmişdir. Uzun illərdir İddiaçı həmin yaşayış evini satmır və onlara borclu olduğu pulu geri qaytarmır. Vəfa 2020-ci ilin noyabr ayında ona zəng edərək evdən çıxmalarını demişdir. O isə aralarında olan şifahi razılaşmaya əsasən evdən çıxdığı zaman İddiaçı ona borclu olduğu pulu tələb etdikdə, İddiaçı pulu qaytarmayacağını bildirmişdir. İddiaçı verilən pul vəsaiti qaytarılacağı təqdirdə, evdən çıxmağa razıdırlar. İddiaçı ilə aralarında olan qeyri-rəsmi razılaşmaya görə evi ona hissəhissə ödəmək şərti ilə 65000 ABŞ dollarına satmışdır. O da ilkin olaraq İddiaçı 8000 ABŞ dolları vermişdir. O, evi ala bilmədiyi üçün aralarındakı şifahi razılaşmaya əsasən, İddiaçı aldığı 8000 ABŞ dollarını qaytaracağını bildirsə də, qaytarmadığı üçün o da müvəqqəti olaraq, pulu qaytarılanadək, qalmağa başqa yeri olmadığı üçün çarəsizlikdən mübahisəli evdə yaşamışdır. Onlar həmin evdə kirayədə qalmamış və bununla bağlı aralarında icarə müqaviləsi bağlanmamışdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razılaşmır. Belə ki, o, Cavabdeh2 Əbdül oğlu, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış evindən çıxarılma, kirayə haqqının və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 24000 manat pulun, ödənilməmiş qalan kommunal xərclərin (qaz, su, elektirik enerjisi) cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Lakin məhkəmə işə tam ədalətsiz yanaşmış, qeyri obyektiv qətnamə çıxarmışdır. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin müəyyən pul hissəsində ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızı məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin qarşılıqlı iddianın qismən təmin edilməsinə aid hissədə ləğv edilib qarşılıqlı iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X13 həm öz adından, həm də nümayəndəsi olduğu Cavabdeh3 adından və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Əbdül oğlu apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdilər. İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi qarşılıqlı iddianın qismən təmin edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin qarşılıqlı iddianın qismən təmin edilməsinə aid hissədə ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Quba rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 04.07.2005-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Quba şəhəri, G.Əsədov küçəsi 64 ünvanında yerləşən 2 mərtəbəli dörd yaşayış otağından ibarət ümumi sahəsi 134,2 kv.m, yaşayış sahəsi 74,5 kv.m olan yaşayış evi şəxsi mülkiyyət hüquq əsasında X4 adına qeydə alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 05.09.2008-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 21 avqust 2008-ci il tarixli iltizamdan görünür ki, X10 həyat yoldaşı X3 ilə birlikdə özlərinə məxsus Quba rayonu, G.Əsədov küçəsində yerləşən 64 nömrəli evi X8 65000 ABŞ dollarına satmağı qərar verərək 65000 ABŞ dollarına satılmasına razılaşmış, alıcı X13 evin ümumi dəyəri olan 65000 ABŞ dollarını 31.12.2008-ci il tarixədək hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüş, X10 ilkin olaraq X5 8000 ABŞ dolları almışdır. İş materiallarında olan poçt göndərişlərinə dair qəbzlərdən görünür ki, 18.11.2013-cü il tarixdə X13 tərəfindən X4 adına 1000 manat, 19.09.2014-cü il tarixdə Cavabdeh2 tərəfindən X4 adına 780 manat pul köçürülmüşdür. İş materiallarında olan Quba şəhəri, General Əsədov küçəsində yerləşən 64 saylı evə dair Kamil Gəbəybəyovun adına olan qaz sərfiyyatina dair abonent kodu **********00700 olan hesabdan çıxarışdan görünür ki, Quba rayonu, G.Əsədov küçəsində yerləşən 64 nömrəli evdə istifadə edilən qaza görə 2021-ci ilin mart ayına 854,44 manat borc hesablanmışdır. İş materiallarında olan Kəmalə Əliyeva adına olan su sərfiyyatına dair abonent kodu **********000 olan abonent kartından görünür ki, Quba rayonu, G.Əsədov küçəsində yerləşən 64 nömrəli evdə istifadə edilən suya görə 2021-ci il üzrə 224,02 manat borc hesablanmışdır. İş materiallarında olan hüquqi yardımın göstərilməsi haqqında 146 saylı müqavilənin və qəbzin surətindən görünür ki, İddiaçı ilə Quba “ASAN” vəkil bürosunun vəkili Vəkil arasında 12.04.2021-ci il tarixdə hüquqi yardımın göstərilməsi barədə müqavilə bağlanmış və bunun üçün İddiaçı tərəfindən Quba “ASAN” vəkil bürosunun hesabına 400 manat məbləğində ödəniş edilmişdir. İddia ərizəsindən, iş materiallarından görünür ki, X13, Cavabdeh2 Əbdül oğlu, Cavabdeh3 və Əliyeva X6 (Gəbəkbəyova) Vəfa Azər qızına qarşı qarşılıqlı iddia tələblərini Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızına məxsus Quba şəhəri, G.Əsədov küçəsi 64 ünvanında yerləşən evin alınması üçün X13 tərəfindən Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızına ilkin olaraq 8000 ABŞ dolları pul verilməsinə, Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızına X13 tərəfindən 1000 manat, Cavabdeh2 Əbdül oğlu tərəfindən 780 manat məbləğində borc verilməsi ilə əsaslandırmışlar. Azərbaycan Respublikası MM-nin 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin mübahisə edilməyən hallarından görünür ki, Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızı özünə məxsus Quba şəhəri, G.Əsədov küçəsində yerləşən 64 saylı evi X8 65000 ABŞ dollarına nisyə satmaq barədə razılığa gəlmiş, ilkin olaraq həmin məbləğin 8000 ABŞ dolları X13 tərəfindən Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızına ödənilmiş, lakin tərəflər arasında həmin fərdi yaşayış evinin alqı-satqısına dair qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilə bağlanmamışdır. İş materialları ilə müəyyən edilmişdir ki, Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızına X13 tərəfindən 1000 manat və Cavabdeh2 Əbdül oğlu tərəfindən 780 manat məbləğində pul verilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızı həmin məbləğlərin evin gələcəkdə satılacaq məbləğinin bir hissəsi olduğunu, evdən çıxacaqları halda, ilk iddia üzrə cavabdehlərə qaytarmaq fikrində olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X13 həm öz adından, həm də nümayəndəsi olduğu Cavabdeh3 adından və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Əbdül oğlu 1780 manatı Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızına borc verdiklərini göstərmişlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarını hazırki mübahisəyə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianın qismən təmin edilməsinə aid hissədə düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin apellyasiya şikayətində göstərdiklərini əsassız hesab edir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayətini əsaslandırmamışdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın qismən təmin edilməsinə aid hissədə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin qarşılıqlı iddianın qismən təmin edilməsinə aid hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi qarşılıqlı iddianın qismən təmin edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Baləhmədova (Gəbəkbəyova) Vəfa Azər qızının apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Quba Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(027)-892/2021 saylı qətnaməsi qarşılıqlı iddianın qismən təmin edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar