Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2747/2020 30.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X20, Cavabdeh4 və Cavabdeh5 qarşı miras əmlaka payların müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-567/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-567/2020 saylı qətnaməsi ilə vərəsəlik üzrə payın müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair İddiaçı iddia ərizəsi rədd edilmişdir. (hakim İ.Məmmədov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-567/2020 saylı qətnaməsinin qismən ləğv edilməsini, anasından miras qalmış əmlaka dair onun 1\10 hissədə mülkiyyət hüququnun tanınması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras əmlaka payların müəyyən edilməsi, Quba rayonu, Bərqov kəndində yerləşən X14 adına olan 0,93 ha torpaq sahəsinin 1/5 hissəsinə onun mülkiyyət hüququnun tanınması, torpağın digər hissəsinin cavabdehlər (vərəsələr) arasında 1/5 pay pay olmaqla mülkiyyətə verilməsi, qızıl-zinət əşyaların vərəsələr arasında bərabər bölünməsi, qızıl-zinət əşyaları olmadıqda cavabdehlərdən (vərəsələrdən) onun xeyrinə müştərək qaydada qızıl-zinət əşyalarının dəyərinin 1/5 hissəsi, yəni 3600 manatın tutulması, Quba rayonu, Bərqov kəndində 0,25 ha torpaq sahəsində tikilmiş anası X14 adına olan evin 1/5 hissəsi onun mülkiyyətinə verilməsi, evin qalan hissəsinin cavabdehlərin (vərəsələrin) hər birinə 1/5 pay olmaqla mülkiyyətinə verilməsi, ünvan 1 ünvanda yaşayan Cavabdeh5 mülkiyyətində olan “Mersedes” markalı, 99 MX-544 nömrəli avtomobilin mülkiyyət haqqında şəhadətnaməsinin ləğv edilməsi, həmin avtomobilə payların müəyyən edilməsi, avtomobilin 1/5 hissəsi onun, digər hissəsinin isə vərəsələr arasında 1/5 pay olmaqla mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, anası X23 xx.xx.2019-cu il tarixdə, atası X26 2013-cü ildə vəfat etmişdir. Anasının ölümündən sonra, Quba rayonu, Bərqov kəndində yerləşən 0,93 ha torpaq sahəsindən, Quba rayonu, Bərqov kəndində 0,25 ha sahədə tikilmiş 2 mərtəbəli 4 otaqlı evdən və qızıl-zinət (3 ədəd qızıl boyunbağı, 3 ədəd qızıl üzük, 2 cüt sırğa olmaqla, ümumi dəyəri 18000 manat) əşyalarından ibarət miras əmlak qalmışdır. Anasının ölümü barədə ona cavabdehlər məlumat verməsələr də, bu barədə o, sonradan xəbər tutmuş və mirasın qəbul edilməsi barədə ərizə ilə Quba rayon notariat kontoruna müraciət etmişdir. Ərizəsi qəbul edilmiş və ona bu barədə məlumat verilmişdir. Buna baxmayaraq cavabdehlər artıq öz aralarında mirası bölmüşlər. Belə ki, o, və cavabdehlər mərhumun 1-ci növbəli vərəsələrdir. Cavabdehlərlə onun arasında tez-tez miras üstündə münaqişələr olmuş, beləliklə də onlar heç bir razılıqa gələ bilməmişlər. Cavabdehlərin bu kimi hərəkətləri onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Bundan başqa anasının mülkiyyətində “Mersedes” markalı, **-MX-*** qeydiyyat nişanı olan minik avtomobil olmuş, anasının ölümündən sonra, həmin avtomobil xx.xx.2019-cu ildə ünvan 1 ünvanda yaşayan Cavabdeh5 adına rəsmiləşdirilmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, qətnamə qismən əsassızdır. Miras kütləsinə daxil olan Quba rayonu, Bərqov kəndində yerləşən 0,25 ha torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evi mərhum Marifə Əsədova tərəfindən oğlu Cavabdeh4 vəsiyyət edilsə də, onun bu mirasda məcburi payı vardır. Məhkəmə qətnamə qəbul edərkən onun bu mirasdan məcburi pay almaq hüququndan məhrum etmiş, qüvvədə olan qanunvericiliyə zidd nəticəyə gəlmişdir. Buna görə də qətnamə qismən ləğv edilməli, mərhum anasından miras qalmış əmlaka dair onun mülkiyyət hüququnun tanınması barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı Cavabdeh5 vəkili və nümayəndəsi X9 şikayətə etiraz etdi və onun təmin olunmamasını xahiş etdi. Bununla belə, o, əlavə etdi ki, 0,25 ha torpaq sahəsinin təmsil etdiyi şəxsə heç bir aidiyyatı yoxdur. Həmçinin də orada yerləşən evin Cavabdeh5 aiddiyatı yoxdur. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və digər cavabdehlər heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-0016 saylı, 30310038 kodlu dövlət aktının surətindən görünür ki, X26, X23, Cavabdeh4, X8 və X24 Quba rayon X13 xx.xx.1997-ci il tarixli, 03 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 2,70 ha torpaq sahəsi verilmişdir. Yenə işdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin xx.xx.2020-ci il tarixli, 05/2-1980/13 nömrəli məktubuna əlavə edilmiş sənəddən görünür ki, X26 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Yenə də işdə olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2015-ci il tarixli şəhadətnamədən görünür ki, X18 vərəsəsi kimi X23 tanınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin xx.xx.2020-ci il tarixli, 05/2-2792/13 nömrəli məktubuna əlavə edilmiş sənəddən görünür ki, X23 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Yenə işə əlavə edilmiş xx.xx.2016-cı il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X23 özünə məxsus Quba rayonu, Bərqov kəndində yerləşən torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən evini və pay torpaq sahələrini oğlu Cavabdeh4 vəsiyyət etmişdir. Yenə də işə əlavə edilmiş RX ******* saylı, xx.xx.2016-cı il tarixli (qeydiyyat nömrəsi: **********) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Quba rayonu, Abduloba (Bərqov) kəndində yerləşən 0,7722 ha olan torpaq sahəsi X23, Cavabdeh4, X29 və X3 xüsusi mülkiyyətində olmuşdur İşdə olan xx.xx.2016-cı il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, X23, Cavabdeh4, X29 və X2 rayonu, Abduloba (Bərqov) kəndində yerləşən 0,7722 ha olan torpaq sahəsini X1. Yenə işdə olan xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh4, X8 və X29 mülkiyyət üzrə onlara məxsus Quba rayonu, Abduloba (Bərqov) kəndində yerləşən 0,965454 ha olan torpaq sahəsini X19 hədiyyə etmişlər (bağışlamışlar). Yenə də işdə olan RX ******* nömrəli, xx.xx.2017-ci il tarixli (qeydiyyat nömrəsi: **********) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Quba rayonu, Abduloba (Bərqov) kəndində yerləşən 0,965 ha torpaq sahəsi X14 mülkiyyətində olmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X23 mülkiyyət hüququ üzrə ona məxsus Quba rayonu, Abduloba (Bərqov) kəndində yerləşən 0,965454 ha olan torpaq sahəsini nəvəsi X15 hədiyyə etmişdir (bağışlamışdır). Yenə iş materiallarında olan RX ******* saylı, xx.xx.2018-ci il tarixli (qeydiyyat nömrəsi: **********) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Quba rayonu, Abduloba (Bərqov) kəndində yerləşən 0,965 ha torpaq sahəsi X11 mülkiyyətində olmuşdur. Yenə də iş materiallarında olan RX ******* saylı, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X6 rayonu, Abduloba (Bərqov) kəndində yerləşən 0,965 ha torpaq sahəsini Cavabdeh5 satmışdır. İşdə olan xx.xx.2018-ci il tarixli (qeydiyyat nömrəli: **********) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Quba rayonu, Abduloba (Bərqov) kəndində yerləşən 0,965 ha torpaq sahəsi Cavabdeh5 mülkiyyətindədir. Yenə işdə olan Baş Dövlət X34 xx.xx.2020-ci il tarixli, 016-297-909- 1220 nömrəli məktubuna əlavə olunmuş sənədlərdən görünür ki, nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 etibarnamə əsasında təmsil etdiyi Quliyev Tapdıq Söhrab oğluna məxsus “Mersedes Benz B170 minik” markalı, **-MX-*** qeydiyyat nişanlı avtomobili Cavabdeh5 satmışdır. Yenə də işdə olan nəqliyyat vasitəsinin AD 611849 nömrəli qeydiyyat şəhadətnaməsinin (şəhadətnamənin verilmə tarixi: xx.xx.2019-cu il) surətindən görünür ki, “Mersedes Benz B170 minik” markalı, **-MX-*** qeydiyyat nişanlı avtomobil Cavabdeh5 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı X28 xx.xx.2020-ci il tarixli, **********72 nömrəli məktubundan görünür ki, Cavabdeh5 adına Xaçmaz şəhərində 0,10 ha yaşayış məntəqələri torpaq sahəsi, Quba rayonu, Abduloba (Bərqov) kəndində 0,965 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Xaçmaz şəhərində 0,05 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-567/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının apelyasiya şikayətindən görünür ki, o, qətnamənin qismən ləğv edilməsini xahiş edir və hazırda anasından miras qalmış Quba rayonu, Bərqov kəndində yerləşən 0,25 ha torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evini mübahisələndirərək bu əmlaklar vəsiyyət edildiyindən onun da məcburi payının verilməsini tələb edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Quba rayonu, Bərqov kəndində yerləşən 0,93 ha torpaq sahəsi, miras qalmış 18000 manatlıq qızıl-zinət əşyaları və “Mersedes Benz B170 minik” markalı, **-MX-*** qeydiyyat nişanlı minik avtomobili hissələrində hazırkı mərhələdə qətnamə MPM-nin 372.6-cı maddəsinə əsasən apelyasiya baxışının predmeti hesab edilmir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx xxxxxx 2019-cu il tarixdə ölmüş anası X12 miras qalmış əmlakdan, yəni Quba rayonu, Bərqov kəndində yerləşən 0,25 ha torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evindən vərəsəlik qaydasında ona düşən pay haqqını (1/5 hissədə) tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı bu hissədə rədd edərkən ona istinad etmişdir ki, mübahisə predmetini təşkil edən həmin daşınmaz əmlaklar hələ Marifə Əsədova sağ olarkən onun digər oğlu Cavabdeh4 vəsiyyət edilmiş, bu barədə xx.xx.2016-cı il tarixli vəsiyyətnamə tərtib edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu nəticəsilə razılaşır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qeyd olunduğu kimi, iddiaçının mərhum anasının birinci növbə vərəsəsi kimi 1/5 hissədə payının olduğunu iddia etdiyi əmlak (0,25 ha torpaq sahəsi və onun üzərindəki 2 mərtəbəli ev) mirasqoyan tərəfindən digər oğluna vəsiyyət edildiyindən MM-nin 1133.2-ci maddəsinin tələbinə görə həmin miras əmlaklara münasibətdə iddiaçının qanun üzrə vərəsəlik hüququndan söhbət gedə bilməz. Qüvvədə olan qanunvericiliyə əsasən bu əmlaklarda qanun üzrə vərəsələrin yalnız mirasdan məcburi pay almaq hüquqları saxlanılır. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququ kimi, vəsiyyət etmə və varis olma hüququnun da sosial ədalət baxımından hədləri (sərhədləri) vardır. Vəsiyyət edənin iradəsini (və ya vəsiyyət azadlığını) məhdudlaşdıran Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Deməli, vəsiyyət edən vəsiyyətnamə əsasında bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan məhrum edə bilməz. Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə, qanunverici ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür. Məhkəmə kollegiyası da hesab edir ki, hazırda mübahisələndirilən miras əmlaklarda iddiaçının məcburi payının olması istisna edilmir. Bununla belə, işdən görünür ki, məhkəməyə müraciət edərkən iddiaçı mirasdan məcburi payını deyil, qanun üzrə vərəsə kimi hissəvi (1/5) payını tələb etmiş, məhkəmə isə onun iddiasına baxaraq mübahisəni həll etmişdir. Apelyasiya şikayəti vasitəsilə İddiaçı anasından miras qalmış 0,25 ha torpaq sahəsi və onun üzərindəki yaşayış evindən ibarət miras əmlakdan məcburi pay istəməsi isə qüvvədə olan prosessual normalara ziddir. Belə ki, AR MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 372.4 və 372.5-ci maddəslərinə əsasən apelyasiyaa instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Tərəflər apelyasiyaa instansiyasının baxışına yeni tələbləri yalnız o hallarda təqdim edə bilərlər ki, bunlar qarşılıqlı tələbin ödənilməsinə, əks tərəfin tələbinin rədd edilməsinə, üçüncü şəxslərin işə cəlb edilməsinə, faktın aşkar olunmasına və ya fakt haqqında məlumatın verilməsi əsasən məsələlərin həll edilməsinə yönəlmiş olsun. Beləliklə, İddiaçı xx xxxxxx 2019-cu il tarixdə ölmüş anası X12 miras qalmış əmlakdan, yəni Quba rayonu, Bərqov kəndində yerləşən 0,25 ha torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evindən vərəsəlik qaydasında ona düşən 1/5 pay haqqını tələb etsə də, bu tələbin hüquqi əsaslarına dair məhkəməyə lazımi sübutlar təqdim edə bilməmişdir. Bundan başqa, iddiaçı miras əmlakın vəsiyyət üzrə qəbul edilib-edilməməsi, hazırda həmin əmlakın kimin mülkiyyətində olması, başqa sözlə miras əmlakın hüquqi statusu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu hal müəyyən edilmədən isə mübahisənin obyektiv və qanuni həlli mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X31 Məhkəməsi "X4rşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, xx xxxx 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, xx xxxx 2008-ci il, § 93). İddiaçı qeyd olunan tələblər baxımından öz iddiasını sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri hüquqi qiymətləndirərək hesab edir ki, bu dəlillər formal mülahizələrdir və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-567/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Apelyasiya şikayətinin verilməsi üçün İddiaçı ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2747/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2747/2020
30.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver