Məhkəmə qərarları › İş №2(105)-2755/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2755/2021

14.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2755/2021 14.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı aktın etibasız hesab edilməsi və akt üzrə hesablanmış məbləğin silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(060)- 4502/2021 saylı qətnaməsindən cavabdeh «Azəriqaz» İB tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(060)-4502/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 32, 17 saylı mənzilə (abonent kodu: **********00170) əsassız olaraq hesablanmış 216 (iki yüz on altı) manat məbləğində cərimə borcu və 64,67 (altmış dörd manat altmış yeddi qəpik) manat məbləğində sayğacın dəyəri olan borc, cəmi 280,67 (iki yüz səksən manat altmış yeddi qəpik) manat məbləğində borsun silinməsi, “Azəriqaz” İstehsalat Birliyi Sumqayıt Qaz İstismar Sahəsi tərəfindən 05.04.2021-ci il tarixdə tərtib edilmiş ******* nömrəli aktın etibarsız hesab edilməsi hissəsində iddianın təmin edilməməsi qət edilmişdir (hakim G.C.Tanrıverdiyeva). Qətnamədən narazı qalan cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(060)-4502/2021 saylı saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilinə quraşdırılmış sayğaca dair tərtib olunmuş aktın etibasız hesab edilməsi və akt əsasında qanunsuz əsassız hesablanmış 216 manat məbləğində və sayğacın dəyəri olan 64,67 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və P R O S E S İ Ş T İ R A K Ç İ L A R İ N İ N İ Z A H A T L A R İ və «Azəriqaz» İstehsalat Birliyinin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunmuşdur. Bu barədə idarənin əməkdaşları tərəfindən akt tərtib edilərək sayğac yoxlamaya göndərilmiş və nəticədə sayğacın plastmas qapağının üst hissəsinin deşici alətlə deşilərək yararsız hala salındığı aşkar olunmuşdur. Qeyd edilənlərə əsasən dövlətə vurduğu ziyana görə itirilmiş qazın bərpası üzrə 216 manat cərimə hesablanmış və istismara yararsız hala salınmış sayğacın dəyəri abonentdən tələb edilmişdir. Lakin məhkəmə tərəfindən qeyd edilənlər nəzərə alınmamış və iddia təmin edilmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(060)-4502/2021 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edib, iddia ərizəsinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(060)-4502/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında İddiaçı adına 02.02.2021ci il tarixdə açılmış sayğaca əsasən ona təbii qazdan istifadəyə görə 216 manat borc hesablanmışdır. İş materiallarında olan 05.04.2021-ci il tarixli, ******* nömrəli akta əsasən, ünvan 2 ünvanında İddiaçı adına açılmış G-4 markalı ******* nömrəli sayğacın hesablama mexanizminin plasmas qapağının üst hissəsi deşici alətlə deşilmişdir. İş materiallarında olan «Azəriqaz» İB-in “Sayğacın Dövlət yoxlamasının bildirişi haqqında məktubuna əsasən İddiaçı istifadəsində olan ünvan 2 ünvanından çıxarılmış G- 2.5 markalı ******* nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və metrologiya Departamentinin verdiyi rəyə əsasən həmin ünvandan çıxarılmış sayğacın hesablama mexanizminin plastmas qapağının üst hissəsi deşici alətlə deşildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir İş materiallarında olan «Azəriqaz» İB itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən 06.04.2021-ci il tarixli, ******* nömrəli akta əsasən tərtib edilmiş 06.04.2021-ci il tarixli hesabatdan görünür ki, ünvan 1 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi 2160 m3 (216 manat) müəyyən edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı məxsus Sumqayıt şəhəri 5-ci mikrorayon, ev 32, 17 saylı mənzilin qaz sayğacı mənzildən kənarda pilləkan meydançasında quraşdırılmışdır. Cavabdeh «Azəriqaz» İBnin əməkdaşları iddiaçıya məxsus qeyd edilən evə gələrək, sözügedən mənzilə quraşdırılmış qaz sayğacını yenisi ilə əvəz etmiş, həmin ünvandan çıxarılan sayğacı dövlət yoxlamasına göndərmiş, sayğacda aşkar edilmiş nasazlıqla bağlı iddiaçıya borc hesablamışdır. Məhkəmə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «X1»na istinad etməklə hesab etmişdir ki, iddia tələbi akt üzrə hesablanmış məbləğin silinməsi tələbinə dir hissədə əsaslı olduğu üçün təmin olunmalı, borc silinməlidir. Belə ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan «Azəriqaz» İB Sumqayıt Qaz İstismar Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan başqa istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Eləcə də məhkəmə hesab etmişdir ki, “Azəriqaz” İstehsalat Birliyi Sumqayıt Qaz İstismar Sahəsi tərəfindən tərtib edilmiş 05.04.2021-ci il tarixli aktın etibarsızlığı üçün əsas yoxdur. Belə ki, həmin aktda sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin deşilərək sayğaca müdaxilə edildiyi faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin yuxarıda qeyd edildiyi kimi, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, istehlakçı olaraq iddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanmasına cavabdehlik daşımadığından, onun üzərinə sayğacın işlək vəziyyətdə saxlanılmasına görə hər hansı vəzifə qoyula və bu əsasla cərimə də hesablana bilməz. “X1”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cü bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Göründüyü kimi, “X1”nın 4.9-cu bəndinə görə qaz sayğacının dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) o halda istehlakçının vəsaiti hesabına həyata keçirilir ki, sayğacdakı zədələnmə istehlakçının təqsiri üzündən baş vermiş olsun. Əks halda, qeyd edilən Qaydaların 4.2-ci bəndinə görə məişət qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına dəyişilir. Qeyd edildiyi kimi iddiaçıya məxsus mənzildə qaz sayğacının zədələnməsində iddiaçının hər hansı təqsiri yoxdur və yeni quraşdırılmış sayğacın dəyəri olaraq hesablanmış 64,67 manat məbləğində borcun hesablanması da əsassız olmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, cavabdehin nümayəndəsi apelyasiya şikayətində akt tərtib olunmuş ünvan üzrə borcun iddiaçı tərəfindən yarandığını sübut edə bilməmiş, buna dair hər hansı bir rəsmi sənəd təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(060)-4502/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(060)-4502/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar