Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-276/2025 18.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası – hakimlər X2 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “qazdan istifadə ilə bağlı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair” mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3604/2024 nömrəli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3604/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı yaşadığı Abşeron rayonu, Digah kəndində yerləşən evin qaz sayğacı üzrə abonent saldosuna (abonent kodu: **********00040) aktlar əsasında əlavə hesablanmış 5.408,40 manat (beş min dörd yüz səkkiz manat 40 qəpik) borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Elçin Kazımovov). Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdehnə qarşı “qazdan istifadə ilə bağlı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********00040 olan sayğaca qanunsuz olaraq hesablanmış 7.275,11 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır və təbii qazdan istifadə edir. Yaşadığı fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********00040 olan qaz sayğacı iddiaçının mərhum qaynatası X1 adına qeydə alınmışdır. Mərhum qaynatası xx.xx.2012-ci ildə vəfat etmiş, həyat yoldaşı X5 isə xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Hal-hazırda həmin fərdi yaşayış evində tək yaşayır. Cavabdeh əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonent kodu **********00040 olan sayğacın saldosuna xx.xx.2017-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli və ona təqdim edilməyən digər aktlar tərtib edilmiş, ümumilikdə 7.275,11 manat məbləğində dəymiş ziyana görə cərimə hesablanmışdır. Həmin aktlarda təbii qazdan sayğacdan kənar, qeyri-qanuni qaz xətti vasitəsilə istifadə olunduğunun aşkar edilməsi qeyd olunmuşdur. 2017-ci ildən bu vaxtadək Cavabdeh əməkdaşları bilərəkdən abonent kodu **********00040 olan sayğacın saldosuna qərəzli olaraq cərimə aktları yazmışlar. Sözügedən aktlar qanunsuz və əsassız olaraq tərtib edilmişdir. O, Cavabdehnə əsassız və qanunsuz yazılmış cərimələrin silinməsi və yazılan aktların ayrı-ayrılıqda ona təqdim edilməsi ilə bağlı müraciət etsə də, yazılan cərimə aktlarından ona 15 akt təqdim edilmiş, qalanları isə təqdim edilməmiş, abonentin saldosunda cərimənin ümumi məbləği 7.275,11 manat qeyd edildiyi ona bildirilmişdir. Əsassız və qanunsuz yazılmış cərimələrin silinməsi ilə bağlı Cavabdehnə müraciət etsə də, idarə tərəfindən ona heç bir müsbət cavab verilməmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Nəticə etibarı ilə o, məsələnin araşdırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Cavabdeh tərəfindən Digah qəsəbəsi, Neftçilər küçəsi, 35 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********00040 olan sayğacın saldosuna qanunsuz olaraq hesablanmış 7.275,11 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin baxış iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, yaşadığı ünvanda yerləşən qaz sayğacının saldosuna yazılmış cərimə borcunun silinməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İstifadə etdiyi təbii qaz, elektrik enerjisi və sudan istifadəyə görə yaranan kommunal borcları vaxtında ödəyir. Evdəki ailə üzvlərinin hamısı vəfat etmişdir. Bu dövrdə tək olaraq yaşamaqla tərəfindən 7.500 manata yaxın məbləğdə təbii qazdan istifadə etməsi mümkün deyildir. Verilmiş suallara cavabında qeyd etmişdir ki, qaz sayğacı evin həyətindən çöldə yerləşir. Yazılan aktlardan xəbəri olmamışdır. Cavabdeh əməkdaşları akt yazaraq çıxıb getmişlər. Daha sonra isə qanunsuz qoşulmaqla təbii qazdan istifadə edildiyini bildirmişlər. Qeyd edilən borcun silinməsi ilə bağlı Cavabdehnə müraciət etsə də, təşkilatdan ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin baxış iclasında cavabdehin nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı yaşadığı ünvanda təbii qazdan sayğacdan kənar, qeyri-qanuni qaz xətti vasitəsilə istifadə olunduğu aşkar olunmuş və bununla bağlı aktlar tərtib edilmişdir. Hazırda qeyd olunan ünvanın təbii qazdan istifadəyə görə 7.266,71 manat borcu vardır. Həmin borcun 5.601 manat hissəsi aktlara görə hesablanan dəymiş maddi zərərdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qətnamə qəbul etmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3604/2024 nömrəli qətnaməsinin qismən – iddianın təmin olunduğu hissəsində ləğv və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1-ci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bu isə mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir (iş materiallarında vardır). Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda 1-ci instansiya məhkəməsi iddia tələbini təmin edərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına cavabdeh tərəfindən əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, 1-ci instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir. İddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, müvafiq maddi hüquq normasına mübahisələndirilən qətnamədə istinad olunmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə Kollegiyasının diqqətinə çatdırılır ki, İddiaçı aid olan **********00040 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanının 9-cu bəndinə əsasən Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır; “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) tapşırılmışdır ki, təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Bildirilir ki, iddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğacın təbii qaz sərfiyyatını istifadə olunan qədərindən az göstərməsinə nail olmaq üçün edilən hərəkətdir. Cavabdeh qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə, israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, 1-ci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, 1-ci instansiya məhkəməsinin mübahisələndirilən qətnamədə göstərdiyi nəticə qismən işin hallarına uyğun olmamışdır… Ona görə də apellyasiya şikayətinin təmin edilərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3604/2024 nömrəli qətnaməsinin qismən, yəni iddianın təmin olunduğu hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsinə dair yeni qətnamənin qəbul olunması Məhkəmə Kollegiyasından xahiş edilmişdir. Apellyasiya baxış iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, MPM-in 376.2-ci maddəsinə əsasən, verilmiş apellyasiya şikayəti üzrə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işdə olan sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3604/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İş materiallarında olan Cavabdeh Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli sonuncu aktdan müəyyən edilir ki, həmin tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Digah kəndində iddiaçının yaşadığı ünvanda (abonent kodu: **********00040) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, mexaniki sayğac quraşdırılana qədər qeyri-qanuni qoşulmaqla qazdan istifadə edildiyi aşkar olunmuş, bununla əlaqədar həmin akt tərtib olunmuş və dəymiş ziyan hesablanaraq tələb edilmişdir. İstehlakçı aktı imzalamaqdan imtina etmişdir. 29 avqust 2024-cü il tarixli abonentin saldosundan müəyyən edilir ki, Cavabdehnə 23 aprel 2020-ci il tarixli sonuncu akt əsasında 193,20 manat ziyan dəymişdir. İş materiallarından göründüyü kimi, Cavabdeh İB-nin əməkdaşları 2017-ci ilin dekabrından 2020-ci ilin may ayınadək eyni pozuntuya görə 32 akt tərtib etmişlər. Həmin aktlar üzrə dəymiş ziyana görə abonentin saldosuna ümumilikdə 5.601,60 manat borc hesablanmışdır. Bundan əlavə, iddiaçının hal-hazırda sayğac üzrə istifadə edilmiş və dəyəri ödənilməmiş 1.665,31 manat məbləğində debitor borcu qalmışdır. MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6-ci bəndinə (5 iyul 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada) əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda ... qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticələri belə şərh etmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunan və cərimə borcunun hesablanması üçün əsas olmuş aktlar birtərəfli tərtib edilmiş, istehlakçının iştirakı təmin olunmamış, tərtib edilmiş aktlarda istehlakçının imzası yoxdur. Tərtib olunan aktların həqiqiliyini hazırda iddiaçı mübahisələndirir, cavabdeh isə məhkəməyə həmin aktların mötəbərliyini təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Həmçinin iş materiallarından görünür ki, aktlar əsasında 7.275,11 manat deyil, 5.601,60 manat borc hesablanmışdır. İddiaçı tərəfindən hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığından məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli, ******* nömrəli sonuncu akta əsasən hesablanmış 193,20 manat cərimə borcu istisna olmaqla, digər aktlar üzrə hesablanmış cərimə borcları silinməlidir... Beləliklə, nəticə etibarı ilə iddia qismən təmin edilməli, İddiaçı yaşadığı Abşeron rayonu, Digah kəndində yerləşən evə qaz sayğacının (abonent kodu: **********00040) saldosuna hesablanmış 5.408,40 manat (beş min dörd yüz səkkiz manat 40 qəpik) cərimə borcu silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, həqiqətən də iş materiallarından görünür ki, Cavabdeh İB-nin əməkdaşları 2017-ci ilin dekabrından 2020-ci ilin may ayınadək abonent (iddiaçı) tərəfindən qazpaylayıcı xəttə sayğacdan kənar rezin boru vasitəsilə qoşulma yolu ilə qazdan qanunsuz istifadə edilməsi barədə eyni fakt üzrə 32 dəfə eyni məzmunlu aktlar tərtib etdikləri halda həmin qanunsuz qoşulmanı ləğv etmək və qanun pozuntusunu aradan qaldırmaq üçün heç bir tədbir görməmiş, abonentə qazın verilməsi dayandırılmamış, abonentin qaz təsərrüfatına baxış keçirilməmiş, qaz işlədicilərindən istifadə edib-etməməsi və hansılarından istifadə etməsi müəyyən olunmamış, abonentin iştirakı ilə pozuntu faktını əks etdirən foto və ya video çəkiliş aparılmamışdır; məhkəməyə təqdim olunmuş ağ-qara rəngdə bir neçə fotoşəklin isə hansı ünvana aid olması və nəyi əks etdirməsi, qanunsuz qoşulmanın harada aşkar olunması aydın deyildir. Aktların bir qismi hətta yerində baxış keçirilmədən, qaz nəzarətçisinin xidməti məlumatı əsasında tərtib olunmuşdur. Habelə, aktların bir qismində onların ölmüş şəxsin (iddiaçının mərhum həyat yoldaşı – xx.xx.2019cu ildə vəfat etmiş X3) “iştirakı ilə” tərtib olunduğu və həmin (ölmüş) şəxsin “imzalamaqdan imtina etdiyi” qeyd olunmuşdur. Qazdan qanunsuz istifadə edildiyi iddia olunan ünvanda faktiki və tək yaşayan (1955-ci il təvəllüdlü) İddiaçı isə tərtib edilən aktlardan xəbəri olmamış, ona həmin aktların surəti verilməmiş (təqdim olunmamış, yaxud lazımi qaydada göndərilməmiş), bununla onun tərtib edilmiş aktlara münasibət bildirmək və razıaşmadığı halda onlardan şikayət vermək hüququ da pozulmuşdur. Əslində sözügedən aktların tərtib olunması və onlar əsasında abonentin saldosuna əlavə borcların hesablanması Cavabdeh İB-nin müvafiq əməkdaşlarının özbaşınalığı kimi qiymətləndirilməlidir. Digər tərəfdən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma faktlarının rəsmiləşdirilməsində və müvafiq aktların tərtib olunmasında yol verilən pozuntular məhkəmə icraatında həmin sənədlərin mötəbər sübut kimi qəbul olunmasını çətinləşdirir. Cavabdeh İB-nin əməkdaşları qazdan qanunsuz istifadə faktını aşkar etdikləri halda bunun qarşısını almamaqla və pozuntunu aradan qaldırmamaqla qazdan qanunsuz istifadənin və Cavabdeh İB-yə ziyan dəyməsinin uzun müddət davam etməsinə bilə-bilə şərait yaratmışlar. Üstəlik, onlar özləri tərəfindən yol verilən səhlənkarlıq və işə vicdansız münasibəti “qanunsuz xətt yeraltı aparıldığından onu ləğv etmək mümkün olmadı” kimi gülünc arqumentlə ört-basdır etməyə çalışmışlar. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1097.5-ci maddəsinə görə, əgər zərər zərərçəkənin razılığı (hərəkətsizliyi) ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər... Beləliklə, cavabdeh tərəfindən təqdim olunmuş qazdan istifadə qaydalarının pozulması barədə aktlar və digər sənədlər mötəbər sübut meyarlarına cavab vermədiyindən həmin sənədlərlə müəyyən olunan faktların həqiqiliyi şübhə doğurur. Məhkəmənin belə sənədlərə istinad edərək müvafiq faktları sübut olunmuş hesab etməsi yolverilməzdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı tərəfindən qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma yolu ilə təbii qazdan qanunsuz istifadə olunması və qaz paylayıcısına maddi ziyan vurulması ilə bağlı Cavabdeh istinad etdiyi dəlillər yetərincə əsaslı deyildir və həmin dəlillərin əsaslandırılması üçün təqdim olunmuş sənədlər, o cümlədən cavabdehin səlahiyyətli nümayəndələri tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar mötəbər sübut standartlarına cavab vermir. Odur ki, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi sözügedən aktlar əsasında cavabdeh tərəfindən iddiaçının abonent saldosuna sayğacdan kənar qaz istifadəsi və buna görə əlavə borc hesablanmasını qanunsuz hesab etməkdə, bu səbəbdən iddiaçının tələbi üzrə 5.408,40 manat məbləğdə qanunsuz olaraq hesablanmış borcun silinməsini qət etməkdə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qalan hissədə - 1866,71 manat məbləğdə təmin etməmişdir ki, bu məbləğin də 1665,31 manatını iddiaçının debitor borcu (sayğac üzrə qaz sərfiyyatının həcminə görə hesablanmış borc) təşkil edir. Məhkəmə sonuncu (23 aprel 2020-ci il tarixli) akt üzrə hesablanmış borcu (193,20 manat məbləğdə) da əsaslı hesab edərək abonent saldosunda saxlamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirməmişdir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olan qətnamə qəbul etmiş, işə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etmiş və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbulolunmazdır. Ona görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə müvafiq olaraq mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384,385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3604/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-276/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-276/2025
18.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver