Məhkəmə qərarları › İş №2(105)-2765/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2765/2020

22.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2765/2020 22.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(027)-116/2018 saylı qətnaməsindən Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(027)-116/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Fərid Yaqubov) İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxxxx 2017-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, İddiaçı məxsus Quba şəhəri, 32-33-cü məhəllə ünvanında yerləşən fərdi yaşayış evinə dair xx xxxxxx 2017-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 1101,60 manat məbləğində pulun silinməsi qət edilmiş, Cavabdeh İstehsalat Birliyi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh X2 Regional X5 əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxxxx 2016-cı il tarixli, ******* saylı və xx xxxxxx 2017-ci il tarixli, ******* saylı aktlar, həmin aktlar əsasında tərtib olunmuş protokolun ləğv olunması və qalıq borc kimi hesablanmış və ondan ödənilməsi tələb olunan 1100 manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, Quba şəhəri, 32-33-cü məhəllə ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında ona məxsusdur. Ona məxsus həmin yaşayış evinin qaz sayğacını Cavabdeh X2 X6 İdarəsinin əməkdaşları ona məlumat və xəbər vermədən çıxarıb apararaq, guya laboratoriyada yoxlayıb ******* nömrəli sayğacın plastmas qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmasını müəyyən etdiklərini bildirmişlər. Bu barədə xx xxxxxx 2016-cı il tarixli, ******* saylı və xx xxxxxx 2017-ci il tarixli, ******* saylı aktlar tərtib edilmiş, 5508 kub metr itirilmiş qaz sərfiyyatını təşkil edən 1100 manatın ödənilməsi barədə protokol tərtib etmişlər. O, qaz sayğacına heç bir müdaxilə etməmişdir. Hər ay sayğacın göstəriciləri əsasında qaz sərfiyyatı borcunu ödəmişdir. Onun sayğaca müdaxilə etməyə heç bir əsası yoxdur. X5 əməkdaşları qəsdən onun iştirakını təmin etmədən özlərinin təqsiri üzündən qorunmayan və çöldə yerləşdirilmiş qaz sayğacını açıb götürmüşlər. O, həmin borcla razılaşmır. Qeyd edilən aktlar əsassız olaraq tərtib edildiyindən akta imza etməkdən imtina etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh təşkilat apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ədalətsizdir, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçının əsassız mülahizələri əsasında Quba Rayon Məhkəməsi tərəfindən qətnamə çıxarılmış, Cavabdeh İstehsalat Birliyinin təqdim etdiyi sübutlar qiymətləndirilməmişdir. “Cavabdeh“ X2 RQİİ-nin Quba XS ilə bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında İddiaçı təbii qazdan istifadə edir. Xaçmaz RQİİ-nin Quba rayon XS-nin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan qaz sayğacına baxış keçirilmiş və sayğacın plastmas qapağının üzərində mənşəyi məlum olmayın plomb aşkar edilmişdir. Buna görə də Xaçmaz RQİİ-nin TQQ və SX-nin işçiləri tərəfindən tərtib olunmuş xx xxxxxx 2017ci il tarixli, ******* saylı akta əsasən qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itirilmiş qazın miqdarı 5508 m3 və ya 1101,60 manat həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olmamışdır, qaz sayğacı evindən 35 metr kənarda yerləşir, xüsusi qutuya da yerləşdirilməmişdir. Cavabdeh İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilatın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhər İƏD üzrə nümayəndəliyinin 4178 saylı, xx xxx 2017-ci il tarixli arayışından görünür ki, İddiaçıQuba şəhəri, 32-33-cü məhəllədə yaşayır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən evə quraşdırılmış qaz sayğacının plombu şübhəli olduğundan çıxarılmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxxx 2017-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən evə quraşdırılmış qaz sayğacınınplastmas qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuşdur. İş materiallarında olan Cavabdeh İstehsalat Birliyinin xx xxxxxx 2017-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, İddiaçı yaşadığı Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən ev üzrə (abonent kodu **********00600) itirilmiş qazın sərfiyyatı 5508 kub metrdir. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, İddiaçı (abonent kodu **********00600) akt üzrə borcu 1101,60 manat təşkil edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının yaşadığı evin qaz sayğacıevdən 35 metr kənarda yerləşir. Cavabdeh İB X8 X4 rayon XS-nin əməkdaşları tərəfindən həmin sayğaca baxış keçirilərkən sayğaca kənar müdaxilənin olub-olmamasının müəyyən edilməsi məqsədi ilə sayğac müvafiq laboratoriyaya göndərilmiş, baxış zamanı qaz sayğacının plastmas qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx xxx 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxslərin evlərinə quraşdırılmış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. İş materiallarından görünür ki, iddiaçının yaşadığı evin qaz sayğacı evdən 35 metr kənarda yerləşir. Həmin yer ictimai yer hesab olunduğundan, qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin iddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Bundan başqa, iş üzrə müəyyən edilmişdir ki, təhlükəsiz şəraitdə saxlanması üçün qaz sayğacı qaz paylayıcısı tərəfindən xüsusi qutuya yerləşdirilməmişdir. Bu isə həmin sayğaca istənilən şəxs tərəfindən müdaxiləni istisna etmir. Məhkəmə kollegiyası hesab edir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyindən iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh təşkilat apellyasiya şikayətində məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini göstərsə də, bunun nədə ifadə olunduğunu konkret qeyd etmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmamışdır. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdeh təşkilatın apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(027)-116/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar