Məhkəmə qərarları › İş №2(105)-2792/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2792/2020

27.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2792/2020 27.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı, Cavabdeh “xxxx ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-487/2020 saylı qətnaməsindən cavabdeh “xxxx ASC tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-487/2020 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, «xxxx» ASC tərəfindən tərtib edilmiş xx.xx.2019cu il tarixli, 158229 saylı akt əsasında İddiaçı hesablanmış 1389,16 manat məbləğində cərimə borcunun silinməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim İ.Xəlilov) Qətnamədən cavabdeh “xxxx ASC apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-487/2020 saylı qətnaməsinin qismən ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» ASC tərəfindən onun Xaçmaz rayonunun Keymərəz kəndində yerləşən evinə yazılmış 158229 saylı aktın ləğv edilməsi, həmin akta əsasən qanunsuz hesablanmış 1389 manat 66 qəpik cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Xaçmaz rayonu, Keymərəz kəndində yaşayır, özü də 2-ci qrup əlildir. Təxminən 3-4 ay bundan əvvəl, yaşadığı evin həyətində olan iki ədəd rəsmiləşdirilmiş sayğac hasardan bayıra çıxarılaraq təzə sayğaclar quraşdırılmlşdır. Həmin sayğaclara yazılmış pulun alınması üçün sayğaclara nəzarət edən nəzarətçi hər ay mütəmadi olaraq onun evinə gələrək ondan nəğd pul almış, qəbz yazaraq ona vermişdir. xx.xx.2019-cu il tarixdə həmin nəzarətçi ona bayırdan keçən naqillərdən oğurluq işıq xətti çəkdiyini demişdir. O, nəzarətçiyə bayırdan keçən naqillərdən oğurluq işıq xətti çəkmədiyini bidirmişdir. İşıq nəzarətçisi ona hədə-qorxu gəlmiş və ondan 800 manat pul tələb etmişdi. O, buna razı olmamışdır. Ona işıq idarəsindən zəng edərək işıqlarını kəsməklə, yüksək məbləğdə cərimə tətbiq edəcəklərini bildirmişlər. Həmin günün səhərisi, işıq idarəsinin əməkdaşları onun evinə gələrək, 158229 saylı akt tərtib etmişlər. xx.xx.2019cu il tarixdə isə “xxxx” ASC-nin cərimə haqqında 1389 manat 66 qəpiklik bildirişini onun evinin qapısına qoyaraq getmişlər. İşıq idarəsinin əməkdaşlarının bu cür hərəkətləri onda şübhə doğurur, onlar bu yolla qəsdən cərimələr tətbiq edirlər. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh “xxxx ASC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qismən qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş EEİQ-nm 7.11 -ci bəndinə əsaslanmışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, iddiaçıya akt EEİQ-nin 8.32-ci bəndinə əsasən tərtib olunmuşdur, çünki mübahisəli mənzildə elektrik hesabat sayğacından kənar xətt çəkilərək elektrik enerjisindən istifadə olunması halı aşkar olunmuşdur. Təqdim edilmiş sübutlardan da göründüyü kimi, aktda sayğacın və ya üzərindəki plombların bütövlüyündən söz getmir və mənzildə sayğacdan kənar xətdən istifadə iddiaçıdan başqa heç kimin marağında ola bilməzdi. Göründüyü kimi, məhkəmə yalnış hüquq normalarına istinad edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etmişdir ki, bu halda da enerji haqqlarının yığımının 100 %-ə çatdırılması barədə “xxxx” ASC qarşısında qoyulmuş tapşırıqlarının icrasına maneə yaradılır. Həmçinin birinci instansiya məhkəməsi həmin qaydaların 8.32 və 8.33-cü bəndlərinə istinad edərək aktın tərtibatı zamanı hal şahidinin iştirak etməməsini qeyd etmişdir. Hal şahidləri bu aktın tərtib edilməsində iştirak etməsələr də, aşkar olunmuş kənar xəttin video görüntüsü diskə (DVD-R) köçürülərək məhkəməyə təqdim edilmişdir. İşə əlavə olunmuş aktdan və abunə haqqında çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdə enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesabat sayğacından kənar xətt çəkilərək elektrik enerjisindən qanunsuz istifadə edilməsi halı aşkar edilmişdir. Belə ki, kənar xətt evin yaxınlığında yerləşən küçə işıqlanması üçün çəkilmiş xətdən götürülərək mənzilin işlədicilərinə qoşulmuşdur. Qeyd edilən halları sübut edən video çəkiliş DVD disk formatında məhkəməyə təqdim edilmişdir. Qeyd olunan faktlarla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında xx.xx.2019cu il tarixli, R 158229 saylı akt tərtib edilmişdir. Akt abonenti iştirakı ilə tərtib edilmiş lakin o, aktı imzalamaqdan imtina etmişdir ki, bu barədə də aktda müvafiq qeyd aparılmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən sayğaca olunmuş müdaxilə hər-hansı bəsit- sayğac şüşəsinin sındırılması, plombların qoparılması və sair kimi müdaxilələrdən deyil. Bu hallara düzgün qiymət verilmədiyindən qətnamə qismən ləğv edilməli, iddianın tamamilə rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək əlavə etdi ki, iddiaçının ünvanında sayğacdan kənar elektrik xətti aşkar olunmuşdur. Sayğacdankənar çəkilən xətt birbaşa iddiaçının evinə girir və bununla da iddiaçı elektrik enerjisindən qeyri-qanuni istifadə edir. Bu barədə akt tərtib edilmiş və həmin aktda hazırda qüvvədədir. Belə ki, həmin aktın ləğvi barədə iddia rədd edilmişdir. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətlə razılaşmadı və onun rədd edilməsini xahiş etdi. İddiaçı bildirdi ki, kənar xətt çəkməmiş, hər zaman elektrik enerjisindən dəyəri ödənilməklə istifadə etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 158229 saylı aktdan görünür ki, İddiaçı Xaçmaz rayonu Keymərəz kəndində yerləşən evinə sayğacdankənar quraşdırılmış küçə işıqlandırılması xəttindən götürülməklə əlavə xətt çəkilməsinə görə «xxxx» ASC Xaçmaz Regional Elektrik Şəbəkəsi MMC-nin əməkdaşları tərəfindən akt tərtib edilmişdir, abonent isə həmin akta imza etməkdən imtina etmişdir. Yenə iş materiallarında olan “xxxx” ASC-nin cərimə haqqında xx.xx.2019-cu il tarixli bildirişindən görünür ki, İddiaçı Xaçmaz rayonu, Keymərəz kəndində yerləşən evinə xx.xx.2019-cu il tarixli, 158229 saylı akt əsasında «xxxx» ASC Xaçmaz Regional Elektrik Şəbəkəsi MMC tərəfindən 1389 manat 66 qəpik cərimə hesablanmışdır. Yenə də iş materiallarında olan İddiaçı «xxxx» ASC X4 Təchizatı və Satışı İdarəsinin ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəyə cavab məktubundan görünür ki, xx.xx.2019-cu il tarixində Xaçmaz EŞ-nin əməkdaşları tərəfindən İddiaçı adına olan sayğaca baxış keçirilmiş, nəticədə məlum olmuşdur ki, evə sayğacdan kənar birbaşa xətt çəkilmişdir, bununla əlaqədar qeyd olunan ünvana 1389 manat 66 qəpik cərimə yazılmışdır. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın rədd edilmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası MPM-nin 372.6-cı maddəsinə əsasən həmin hissədə araşdırma aparmır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-487/2020 saylı qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv edilməli, bu hissədə də iddia təmin olunmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus Xaçmaz rayonunun Keymərəz kəndində yerləşən evindəki elektrik xətlərinə baxış keçirilmiş və elektrik enerjisindən qeyri-qanuni istifadə (sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisinin istehlak olunması) halı aşkar edilmişdir. Cavabdeh sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini əsas gətirərək xx.xx.2019-cu il tarixli, 158229 saylı akt tərtib etmiş, qanunsuz istehlak edilmiş elektrik enerjisinin bərpası üzrə dəymiş ziyan kimi 1389,66 manat borc hesablamışdır. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enercisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enercisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enercisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enercisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerci təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qaydaların 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enercitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enercisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enercisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enercisinin tariflərinə uyğun aparılır. Yenə həmin Qaydaların 8.32-ci bəndində göstərilir ki, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enercitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. İşdən görünüdüyü kimi, iddiaçı elektrik enerjisindən sayğacdan kənar xətt vasitəsilə qoşularaq istifadə etmişdir. Bu halı cavabdeh orqanın əməkdaşlarının tərtib etdikləri xx.xx.2019-cu il tarixli, 158229 saylı akt təsdiq edir. Buna görə də həmin akt əsasında hesablanmış 1389,66 manat pul iddiaçı tərəfindən enerji təchizatı müəssisəsinə ödənilməlidir, başqa sözlə tətbiq edilmiş borc qanuni əsaslarla hesablanmışdır. İşə baxan məhkəmə isə bir tərəfdən sayğacdan kənar qoşulmanı təsdiq edən aktın etibarsızlığına əsas tapmadığı halda, digər tərəfdən bu akt əsasında hesablanmış borcun silinməsi barədə tamamilə qanunsuz qərar qəbul etmiş, bu zaman isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 7.11-ci bəndinə istinad etmişdir. İşin faktiki hallarını tədqiq edən məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçı tərəfindən sayğaca müdaxilə edilməmiş, lakin ona məxsus mənzilə əlavə, yəni sayğacdan kənar elektrik xətt çəkilmiş və elektrik enerjisindən qeyri-qanuni istifadə edilmişdir. Bu fakt işə əlavə edilmiş məlum aktla öz təsdiqini tapmışdır. İddiaçı iddia ərizəsində həmin aktı mübahisələndirərək ləğvini tələb etsə də, işə baxan məhkəmə aktın ləğvi tələbinə dair iddianı rədd etmişdir. İddiaçı isə həmin hissədə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən sayğacdan kənar elektrik xəttinə qoşulması və bu səbəbdən cavabdehə zərər vurulması faktı öz təsdiqini tapmışdır. Ona görə də haqlı olaraq iddiaçı barəsində akt tərtib olunaraq cərimə hesblanmışdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə iddianı mübahisələndirilən qaydada təmin etməklə ziddiyətli nəticəyə gəlmişdir. Belə ki, bir tərəfdən mübahisələndirilən aktın ləğvi tələbini rədd edən məhkəmə, digər tərəfdən həmin aktla təsdiq edilmiş fakt əsasında hesablanmış cərimə məbləğini silmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, istehlakçının sayğacdan kənar xətt çəkib elektrik enerjisindən qanunsuz istifadə etməsi faktını təsdiq edən akt qüvvədədir, həmin aktın nəticəsi olaraq hesablanmış cərimə borcu silinə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apellyasiya şikayətlərində göstərilən dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tələb edilən qaydada, qismən ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, nəticədə tətbiq edilməli olan qanunu tətbiq etməyərək maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən, apelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi 15,40 manat dövlət rüsumu iddiaçıdan tutularaq, cavabdehə verilməlidir. AR MPM-in 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-487/2020 saylı qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı 1389,66 manat cərimə borcunun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Apelyasiya şikayətinin verilməsi üçün cavabdeh “xxxx” ASC-nin ödədiyi 15,40 manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq cavabdehə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar