Məhkəmə qərarları › İş №2(105)-2792/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2792/2021

11.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2792/2021 11.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi: X2 və X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddianın qismən təmin olunması, Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 123.10 manat məbləğində pul və dövlət rüsumu üçün 10 manatın tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod: 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3597.80 manat məbləğində dəymiş ziyan, həmçinin 30 manat dövlət rüsumu olmaqla, cəmi 3627.80 manat pulun məcburi qaydada tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod: 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 24.04.2018-ci il tarixli, T/17605 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********07680 nömrəli abonent kodu verilmişdir. Qeyd edilən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G-4 İTRON tipli, 11602AZ**********47 nömrəli qaz sayğacı quraşdırılmışdır. Beləliklə, cavabdeh müqavilənin şərtlərini pozaraq özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən küçə qaz xətlərinə, cavabehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və çəkilişlər aparılmışdır. Həmin aktlara əsasən cavabdeh dəfələrlə sayğacdan kənar qaz istifadə etməklə iddiaçıya ümumilikdə 3597.80 manat ziyan vurmuşdur. Cavabdehə pulun könüllü ödənilməsi təklif olunsa da, cavabdeh heç bir ödəniş həyata keçirməmiş və bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi R.V.Əliyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Təbii qazdan qanunsuz istifadəni sübut edən aktlar və müxtəlif rakusdan çəkilmiş fotoşəkillər mövcuddur. Qeyd olunan fotoşəkillərdə rezin boru vasitəsilə qanunsuz qoşulma açıq-aşkar görünür. Abonentin saldosunda istifadə olunmuş təbii qaza görə hər hansı ödənişin edilməsi isə müşahidə edilmir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Abşeron Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(012)-574/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi Ç.N.Dibirov və Z.R.Qurbanov apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, eyni məzmunlu izahat verdilər və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərək, tərəflər arasında istehlakçı müqaviləsi olduğu üçün, cavabdeh tərəfindən qaza qanunsuz müdaxilə olunmasının qismən sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi R.V.Əliyevin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24.04.2018ci il tarixli, T/17605 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilənin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın, qaz qurğularına dair lahiyə və istismar sənədlərinin tələblərinə, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. İş materiallarında olan İddiaçı İB-nin Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 19.04.2020-ci il tarixli, ******* saylı sonuncu aktdan müəyyən edilir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində (abonent kodu: **********07680) yaşayan istehlakçı Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilmiş, Cavabdeh həmin aktı imzalamamışdır. İşdə olan 30 iyun 2020-ci il tarixli abonentin saldo cədvəlindən müəyyən edilir ki, Cavabdeh tərəfindən İddiaçı İB-yə 19.04.2020-ci il tarixli, ******* saylı sonuncu akt əsasında 123.10 manat ziyan dəymişdir. İşə əlavə olan iddiaçı tərəfindən tərtib edilmiş çox saylı saylı aktlardan görünür ki, istehlakçıya məxsus fərdi yaşayış evi sahəsində 28 fevral 2018-ci il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və abonentin sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə etməsi aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təstiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz qazpaylayıcı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qərarın 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinin 2-ci bəndinə əsasən istehlakçı bu Qanun 3-cü bəndinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Deməli, cavabdeh qanunvericiliyin tələblərinə görə yaşadığı ünvan üzrə quraşdırılmış qaz sayğacının toxunulmazlığına cavabdeh olan şəxs hesab olunmaqla, həmin sayğaca müdaxilə, o cümlədən qanunsuz qoşulma nəticəsində paylayıcı İddiaçınə dəymiş ziyana görə məsuliyyət daşıyır. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Yəni, qanunsuz qoşulma nəticəsində məişət abonenti pozuntu aşkar edilən günədək istehlak etdiyi təbii qaz ödəməli olduğu məbləğdən daha az məbləg ödəmişdir. Bu halda, təbii qazdan istifadə qaydalarının tələblərinə görə, yalnız bunun istehlakçının təqsiri olmadan baş verdiyi müəyyən edildikdə həmin pozuntu baş verənə qədər və ya pozuntu aşkar edildikdən sonrakı dövrə uyğun sərfiyyət hesablanmaqla ödəniş aparılmalıdır. Lakin qeyd edilən pozuntunun, yəni qanunsuz xətlə təbii qazdan istifadə edilməsinin məişət abonentinin iradəsindən kənar edilməsi istisna edildiyindən, məişət abonenti istehlak etdiyi təbii qazın tam dəyərini ödəmək vəzifəsi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Birinci instansiya məhkəməsi işin sadalanan hallarına düzgün hüquqi qiymət verməməklə, ilkin pozuntu aşkar edildikdən sonra iddiaçı müəssisə tərəfindən təbii qazın verilməsi dayandırılmadıgından, yalnız ilkin pozuntuya dair tərtib edilmiş aktda hesablanmış cərimənin cavabdehdən tutulması barədə qanuni və əsaslı olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, 27 fevral 2018-ci il tarixə qədər cavabdehin yaşadıgı ünvanda quraşdırılmış qaz sayğacına 15 dəfə texniki baxış keçirilmiş və hər baxış zamanı qaz xəttinə qanunsuz qoşulma aşkar edilərək müvafiq aktlar tərtib edilməklə, cəmi 3597,80 manat ziyan hesablanmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi X3 apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 05 aprel 2021-ci il tarixli 2(012)-574/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh Əlistan oğluna qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Əlistan oğlu tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3597 (üç min beş yüz doxsan yeddi) manat 80 (səksən) qəpik məbləğində dəymiş ziyan və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3627 (üç min altı min iyirmi yeddi) manat 80 (səksən) qəpik pul vəsaiti Cavabdeh Əlistan oğlundan İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar