Məhkəmə qərarları › İş №2(105)-2793/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2793/2021

07.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2793/2021 07.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Pərvin Fəxrəddin oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Azəriqaz» İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-697/2021 saylı, 26 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 2(012)-697/2021 saylı, 26 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış borc üçün 101 manat və dövlət rüsumu üçün 10 manat tutularaq İddiaçı hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim C.İ.Səfiyeva). Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-697/2021 saylı, 26 aprel 2021-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin olunmamış hissədə ləğv edilərək iddia tələbinin təmin edərək Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə hesablanmış 641,4 manat məbləğində dəymiş ziyan, həmçinin 30 manat dövlət rüsumunun tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə hesablanmış 641,4 manat məbləğində dəymiş ziyan, həmçinin 30 manat dövlət rüsumu olmaqla, cəmi 671,4 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X2 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, cavabdehin yaşadığı evdə yerləşən ona məxsus sayğaca müdaxilə olduğu müəyyən edilmişdir. Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla 25.10.2013-cü il tarixli, 65-25-X-13 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********05000 hesab nömrəsi verilmişdir. Cavabdeh istixanada qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə etmiş, lakin tam ödəniş aparmamışdır. Belə ki, cavabdeh tərəfindən istifadə olunmuş təbii qazın dəyərinin tam şəkildə ödənilməməsi ilə əlaqədar olaraq 01.07.2020-ci il tarixə 641,4 manat borcu qalmışdır. Qeyd edilənlərə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-697/2021 saylı, 26 aprel 2021-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin olunmamış hissədə ləğv edilərək iddia tələbinin təmin edərək Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə hesablanmış 641,4 manat məbləğində dəymiş ziyan, həmçinin 30 manat dövlət rüsumunun tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. P R O S E S S UA L MƏSƏLƏLƏR: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-697/2021 saylı, 26 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25.10.2013-cü il tarixli, 65-25-X-13 saylı «Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə» müqavilədən müəyyən edilir ki, paylayıcı istehlakçını təbii qazla təmin edir. İşin materiallarında olan abonentin saldosundan müəyyən edilir ki, Cavabdeh 2016cı ilin oktyabr ayınının əvvəlinə borcu 605 manat təşkil edir, bunun 504 manatı 2013-cü ildə tərtib olunmuş akta görə hesablanmış cərimə borcu, 101 manatı isə təbii qazdan istifadəyə görə yaranmış borcdur. İş materiallarında cərimə borcunun yaranma əsası barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli, 207 saylı Fərmanın 3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görsün. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli, 356 saylı “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanın 9cu bəndində qeyd olunur ki, İddiaçı təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Həmin Qanunun 3.10-cu bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli şəxsinin bu qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1 maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş taariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Həmin Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımmca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Məhkəmə hesab etmişdir ki, Cavabdeh yaşadığı (abonent kodu: **********05000) ünvanında təbii qazdan istifadəyə görə yaranmış borca görə 101 manat ondan tutulub iddiaçıya ödənilməli, 504 manat məbləğində cərimə borcunun yaranma əsası barədə işdə sübut olmadığından bu hissədə iddia əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 10 manat hissəsi cavabdehdən tutulmalıdır. Məhkəmə kollegiyası iddianın təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-697/2021 saylı, 26 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-697/2021 saylı, 26 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar