Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-28/2023 07.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X12 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Seyidbala oğluna qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 15 iyul 2020-ci il tarixli, 2(027)-36/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Seyidbala oğluna qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zəbt olunmuş ərazidəki qanunsuz tikililərin – arakəsmə divarların, təndirxananın, sanitar qovşağının, su və kanalizasiya xəttlərinin sökülməsi, ara hasarların evlərinin arxa divarlarından 3,5 metr məsafədə çəkilməsi və bunun xəritədə yer alması, Cavabdeh2 Seyidbala oğlunun su və kanalizasiya xətlərinin divarlarının dibindən çıxarılması, cavabdehlərin qanunsuz hərəkətləri ilə bağlı tədbir görülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun qonşuluğunda yaşayan Cavabdeh2 Seyidbala oğlu ona məxsus yaşayış evinin hasar hissəsindən onun icazəsi olmadan qanunsuz su və kanalizasiya xətləri çəkmişdir. Həmin su və kanalizasiya xətlərinin çəkilişindən sonra illər öncə həyətində inşa etdiyi hasar qəzalı vəziyyətə düşmüşdür. Cavabdeh Ələnurov X14 rayon Torpaq şöbəsinin sabiq əməkdaşı Cavabdeh1 ilə əlbir olub həmin torpaq sahəsinə saxta çıxarış almışdır. Dəfələrlə cavabdehə su və kanalizasiya xətlərini hasarının dibindən çıxarmasını tələb etsə də, Cavabdeh2 Seyidbala oğlu onun tələbərinə məhəl qoymamışdır. Bu məsələnin həlli ilə bağlı Quba rayon Polis şöbəsinə müraciət etmiş və Quba RPŞ-nin təhqiqatçısı Famil Mirzəyev evinə baxış keçirmişdir. İş mülki xarakterli olduğundan məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Bundan başqa, bir müddət sonra yenidən şikayət ərizəsi ilə Quba rayon Prokurorluğuna müraciət etmiş və oradan da ona məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Ona görə də, həmin qanunsuz tikilinin sökülməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Quba Rayon Məhkəməsinin 15 iyul 2020-ci il tarixli, 2(027)-36/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Seyidbala oğluna qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməmişdir (hakim Rahim Həsənov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 15 iyul 2020-ci il tarixli, 2(027)-36/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh2 Seyidbala oğlu həyətyanı torpaq sahəsinin onlarla qonşu olan hissəsində hasarlarını sökərək torpaq sərhəddindəki ərazini zəbt etmək məqsədilə üç arakəsmə divar, təndirxana, sanitar qovşağı, su və kanalizasiya xəttləri inşa etmişdir. Cavabdehin tikdiyi həmin qanunsuz tikililər hasarın qəzalı vəziyyətinə düşməsinə səbəb olmuşdur. Bu səbəbdən həmin qanunsuz tikililər sökülərək hasardan 3,5 metr aralı məsafədə tikilməlidir. Həmçinin digər Cavabdeh1 2007-ci il tarixdə Quba rayonu Afurca kəndində həyətyanı torpaq sahələrinə çertyoj çəkərkən onun atasına məxsus torpaq sahəsinin 2 sot hissəsini qanunsuz olaraq Cavabdeh2 Seyidbala oğluna vermişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, İddiaçı Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 17 saylı qərarına əsasən xx.xx.2005-ci il tarixdə JN-051A, KOD 30312078 nömrəli olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilərək 0.12 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli arxiv arayışından görünür ki, Quba RİHB-nın Güləzi İƏV üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid Afurca kəndi üzrə təsərrüfatbaşına kitabda X13 təsərrüfat başçısı olmuş və onun 1958-ci il tarixdə tikilmiş, ümumi sahəsi 32 kv.m., yaşayış sahəsi 27 kv.m. olan yaşayış evi, 0.12 ha istifadəsində olan torpaq sahəsi olmuşdur. X9 vəfatından sona həmin təsərrüfata İddiaçı sahiblik etmişdir. İş materiallarında olan “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 xx.xx.2015-ci il tarixdə Quba rayonunda vəfat etmişdir. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X2 və X4 Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 17 saylı qərarına əsasən xx.xx.2005-ci il tarixdə JN049A, KOD 30312078 nömrəli olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilərək 0.16 ha torpaq sahəsi verilmişdir. Sadalananlara əsasən, birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı həyat yoldaşı vəfat etdikdən sonra təsərrüfata o, başçılıq etmişdir. İddiaçı cavabdehlər tərəfindən qanunsuz olaraq torpaq sahəsində yerləşən yaşayış evinin hasar hissəsindən su və kanalizasiya xəttinin çəkildiyini iddia etsə də, məhkəməyə bununla bağlı heç bir sübut təqdim etməmişdir. İddiaçının Cavabdeh2 Seyidbala oğlundan arakəsmə divarların, təndirxananın, sanitar qovşağının, su və kanalizasiya xəttlərinin sökülməsini tələb etdiyi tikililərin yerləşdiyi Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 17 saylı qərarına əsasən xx.xx.2005-ci il tarixdə JN-049A, KOD 30312078 nömrəli olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0,16 ha torpaq sahəsi Cavabdeh2 Seyidbala oğlunun məhrum ata və anasının mülkiyyətində olmuşdur. Belə olan halda, iddiaçının torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş arakəsmə divarların, təndirxananın, sanitar qovşağının, su və kanalizasiya xəttlərinin, ara hasarların, evlərinin arxa divarlarının mövcud olması məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 17 saylı qərarı ilə xx.xx.2005-ci il tarixdə JN-051A, KOD 30312078 nömrəli olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilərək 0.12 ha torpaq sahəsi verildiyi, eləcə də torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X2 və X4 Quba rayon AİKnın xx.xx.1998-ci il tarixli, 17 saylı qərarı ilə xx.xx.2005-ci il tarixdə JN049A, KOD 30312078 nömrəli olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilərək 0.16 ha torpaq sahəsi verilmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bininci instansiya məhkəməsinin qətnaməsi ilə razı olmayan iddiaçı apellyasiya şikayəti verərək şikayətində ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş ərazisində tikilmiş qanunsuz tikililərin – arakəsmə divarların, təndirxananın, sanitar qovşağının, su və kanalizasiya xəttlərinin sökülməsi, ara hasarların evlərinin arxa divarlarından 3,5 metr məsafədə çəkilməsi və bunun xəritədə yer alması, Cavabdeh2 Seyidbala oğlunun su və kanalizasiya xətlərinin divarlarının dibindən çıxarılması, cavabdehlərin qanunsuz hərəkətləri ilə bağlı tədbir görülməsini xahiş etmişdir. Bu baxımdan apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2023-cü il tarixli, 10/4209 nömrəli ekspert rəyi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Beydulla Əlistanov mütəxəssis rəyində qeyd edildiyi kimi torpağa mülkiyyətə verilməsinə dair kodu 30312078 olan, JN- 015A saylı şəhadətnaməyə əsasən Quba Rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş Quba rayonu, Afurca kəndində yerləşən 0.12 ha torpaq sahəsinin faktiki istfadə vəziyyəti ilə DVJ xəritələri (movcud istifadə olunan elektron məlumat bazası) arasında kəskin uyğunsuzluq olduğundan naturada koordinatların müəyyən edilməsi mümkün olmadığı, torpağın mülkiyyətə verilməsinə dair kodu 30312078 olan, JN-015A saylı şəhadətnaməyə əsasən Quba Rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə X1 və X3 mülkiyyətlərinə verilmiş Quba rayonu, Afurca kəndində yerləşən 0.16 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə DVJ xəritələri(movcud istifadə olunan elektron məlumat bazası) arasında kəskin uyğunsuzluq olduğundan naturada koordinatların müəyyən edilməsinin mümkün olmadığı, JN51A saylı şəhadətnaməyə əsasən 0.12 ha torpaq sahəsinin və JN 49A saylı şəhadətnaməyə əsasən 0.16 ha torpaq sahəsinin koordinatlarının naturada müəyyən edilməməsi həmin torpaq sahələrinin faktiki istifadə vəziyyəti ilə DVJ xəritələri(movcud istifadə olunan elektron məlumat bazası) arasında kəskin uyğunsuzluq olduğu üçün mümkün olmadığı müəyyən edilmişdir. Göründüyü kimi torpağa mülkiyyətə verilməsinə dair kodu 30312078 olan, JN-015A saylı şəhadətnaməyə əsasən Quba Rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998ci il tarixli, 17 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş Quba rayonu, Afurca kəndində yerləşən 0.12 ha torpaq sahəsinin faktiki istfadə vəziyyəti ilə DVJ xəritələri arasında kəskin uyğunsuzluq olduğundan naturada koordinatları müəyyən edilməsinin, eləcə də torpağın mülkiyyətə verilməsinə dair kodu 30312078 olan, JN-015A saylı şəhadətnaməyə əsasən Quba Rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə X1 və X3 mülkiyyətlərinə verilmiş Quba rayonu, Afurca kəndində yerləşən 0.16 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə DVJ xəritələri arasında kəskin uyğunsuzluq olduğundan naturada koordinatları müəyyən edilməsinin mümkün olmadığı ekspert rəyi ilə müəyyən edilmişdir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksək olar ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasın. Yalnız bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hər hansı iddia tələbi ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Məhkəmə hesab edir ki, hazırki araşdırma zamanı ekspert rəyi ilə müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyi üçün iş üzrə ekspert rəyi sübut növü kimi qiymətləndirilməlidir. Məhkəmə həmin ekspert rəyinə əsaslanmaqla hesab edir ki, iddiaçının məhkəməyə bildirdiyi faktiki hallar onun iddia tələbinin qanuni əsasları ilə uzlaşmamışdır. Başqa sözlə, iddiaçı ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəb olunmasını, həmin zəbt olunmuş torpaq sahəsində hasara bitişik ərazidə arakəsmə divarların, təndirxananın, sanitar qovşağın tikildiyini, eləcə də su və kanalizasiya xətlərinin çəkildiyini sübut edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 88 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, idiaçı iddia tələbini əsaslandırdığı halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilmədiyindən, eləcə də məhkəmə kollegiyasının araşdırması zamanı da belə halların mövcudluğu öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Seyidbala oğluna qarşı zəbt olunmuş ərazidəki qanunsuz tikililərin – arakəsmə divarların, təndirxananın, sanitar qovşağının, su və kanalizasiya xəttlərinin sökülməsi, ara hasarların evlərinin arxa divarlarından 3,5 metr məsafədə çəkilməsi və bunun xəritədə yer alması, Cavabdeh2 Seyidbala oğlunun su və kanalizasiya xətlərinin divarlarının dibindən çıxarılması, cavabdehlərin qanunsuz hərəkətləri ilə bağlı tədbir görülməsi barədə iddia tələbini rədd edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manatdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 15 iyul 2020-ci il tarixli, 2(027)-36/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X7, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-28/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-28/2023
07.09.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver