Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-280/2022 05.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5461/2021 saylı, 13 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5461/2021 saylı, 13 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. (hakim A.İsmayılov) İddiaçı apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5461/2021 saylı, 13 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Ərzuman oğlu Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti, "xxxx" MMC və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, N-253/3 və 253/3/1 saylı, 20.12.2019-cu il tarixli hərracın nəticələri haqqında protokolların etibarsız hesab edilməklə ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Ərzuman oğlu tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)536/2018 saylı, 01.08.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin ona, X3, X7, X8 və X9 qarşı kreditin, kredit faizlərinin və cərimələrin ödənilməsinə dair iddia tələbləri təmin edilmişdir və tutma ipoteka ilə yüklü edilmiş İddiaçı Ərzuman oğluna məxsus Sumqayıt şəhəri, 9-cu mkr-da yerləşən 64.9 kv.metr sahədən ibarət olan 23 nömrəli evin 31 nömrəli mənzilə və X1 məxsus Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 51.1 kv.metr sahədən ibarət 4 saylı evin 2 nömrəli mənzilinə yönəldilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)536/2018 saylı, 01.08.2018-cı il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icra edilməsi üçün Sumqayıt Şəhəri üzrə İcra idarəsinə göndərilmişdir. Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin N-85018/35 saylı, 27.04.2021-ci il tarixli bildirişindən məlum olmuşdur ki, 20.12.2019-cu il tarixdə hər iki əmlak üzrə hərrac keçirilmiş və müvafiq olaraq hərracın nəticələri haqqında N-253/3 və 253/3/1 saylı, 20.12.2019-cu il tarixli protokollar tərtib edilmişdir. 20.12.2019-cu il tarixli, N- 253/3 və 253/3/1 saylı protokollar üzrə hərracın nəticələri aşağıda göstərəcəyi əsaslara görə ləğv edilməlidir. Əvvəla o, hərracın keçirildiyi tarix və yeri haqqında heç bir bildiriş almamışdır. Hərracı keçirən "xxxx" MMC-nin dəqiq ünvanı məlum deyildir, belə ki, "xxxx" MMC ünvanını tez-tez dəyişir (sübutlar ərizəyə əlavə edilib). Bu günə kimi də həmin hərrac protokolları ona təqdim edilməyib, baxmayaraq ki, rəsmi qaydada dəfələrlə "xxxx" MMC-yə müraciət etmişdir. "İcra haqqında" Azərbaycan Respublikasının Qanunun 17.1.4cü maddəsinə əsasən iş üzrə icraatın dayandırılması məcburi olduğu halda, icraat davam etdirilmişdir. Belə ki, 20.12.2019-cu il tarixli, N-253/3 və 253/3/1 saylı protokollar üzrə hərrac keçirildiyi vaxt onun "xxxx" ASC-yə qarşı kredit müqaviləsi üzrə ödənilmiş məbləğin əsas borcdan silinməsinə dair, yəni cavabdehlə onun arasında bağlanmış 21.11.2014-cü il tarixli, 19-SMEGZ2-2-0-1894-14 saylı kredit müqaviləsi üzrə cərimələrin, faiz dərəcələri üzrə əlavə hesablanmış məbləğin silinməsi və ödədiyi 30000 ABŞ dollarının kredit üzrə əsas borcdan silinməsi barədə iddia tələbi Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş və iş üzrə 2(006)-206/2021 saylı, 21.04.2021-ci il tarixli qətnamə qəbul edilmişdir. Hal-hazırda da o, həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayəti icraata qəbul edilmişdir. Yuxarıda qeyd olunanları əsas gətirərək İddiaçı Ərzuman oğlu iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı Ərzuman oğlu qətnamədən apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5461/2021 saylı, 13 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ərzuman oğlunun şikayəti iddiası ilə eyni məzmunlu olub "İcra haqqında" Azərbaycan Respublikasının Qanunun 17.1.4-cü və Mülki Prossesual Məcəllənin 357-ci maddələrinə istinad edilmişdir. Apelyasiya baxışı zamanı İddiaçı şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 şikayətin əsassız olduğu üçün təmin edilməməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, qeyd edilən hərrac qanuni əsaslarla keçirilmişdir və onun nəticələrinin etibarsızlığı üçün heç bir əsas mövcud deyildir. İddiaçı bu üsulla dörd il bundan əvvəl qəbul edilmiş məhkəmə qətnaməsinin icrasına mane olmaq istəyir. Baxmayaraq ki, qətnamə artıq icra edilmişdir və mübahisəli mənzillər artıq bankın mülkiyyətindədir. İş üzrə, cavadehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsi və "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına təkrarən gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işə adları qeyd edilən cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 536/2018 saylı, 01 avqust 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilk iddia tələbi qismən təmin edilmiş, iddiaçı "xxxx" İKB ilə cavabdeh İddiaçı arasında bağlanmış 21.11.2014-cü il tarixli kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər İddiaçı, X4 və X5 müştərək qaydada iddiaçı "xxxx" İKB-nin xeyrinə kredit müqaviləsinə əsasən 63.050,98 ABŞ dolları məbləğində əsas borc, 23.085,15 ABŞ dolları məbləğində faiz borcu, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 86.436,13 ABŞ dolları məbləğində kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı tutulmuş, tutma ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı məxsus Sumqayıt şəhəri, 9 mikrorayonda yerləşən 64.9 kv.m sahədən ibarət olan 23 nömrəli evin, 31 nömrəli mənzilinə və X1 məxsus Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 51.1 kv.m sahədən ibarət olan 4 nömrəli evin, 2 nömrəli mənzilinə yönəldilmiş, həmin mənzilllərin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı "xxxx" İKB-yə olan kredit müqaviləsinə əsasən 63.050,98 ABŞ dolları məbləğində əsas borc, 23.085,15 ABŞ dolları məbləğində faiz borcu, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 86.436,13 ABŞ dolları məbləğində kredit borcunun qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının tutulması və ipoteka predmetləri olan İddiaçı məxsus Sumqayıt şəhəri, 9 mikrorayonda yerləşən 64.9 kv.m sahədən ibarət olan 23 nömrəli evin, 31 nömrəli mənzilin ilkin satış qiyməti 68.000 manat, X1 məxsus Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 51.1 kv.m sahədən ibarət olan 4 nömrəli evin, 2 nömrəli mənzilin ilkin satış qiyməti isə 48.000 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin hərracın nəticələri haqqında Y- 253/3 saylı, 20.012.2019-cu il tarixli protokolunun surətindən görünür ki, İddiaçı Ərzuman oğluna məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, 23 saylı evin, 31 nömrəli mənzilinin ilkin satış qiyməti 68000 manat müəyyən edilmiş, ilkin satış qiymətinin enmiş faizləri “İpteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25% olmuş, əmlakın satılmış son qiyməti isə 43350 manat müəyyən edilmiş və həmin mənzil Cavabdeh1 ASC tərəfindən alınmışdır. Yenə iş materiallarına əlavə edilmiş Y-253/3/1 saylı, 20.012.2019-cu il tarixli "xxxx" hərracın nəticələri haqqında protokolun surətindən görünür ki, X1 məxsus Sumqayıt şəhəri 41-ci məhəllədə yerləşən 51.1 kv.m sahədən ibarət 4 saylı evin, 2 nömrəli mənzilinin ilkin satış qiyməti 48000 manat müəyyən edilmiş, ilkin satış qiymətinin enmiş faizləri “İpteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25% olmuş, əmlakın satılmış son qiyməti isə 30600 manat müəyyən edilmiş və həmin mənzil Cavabdeh1 ASC tərəfindən alınmışdır. İşdə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətindən görünür ki, qeyd edilən hər iki mübahisəli mənzil 22 aprel 2021-ci il tarixdən Cavabdeh1 ASC-nin mülkiyyətindədir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini və cavabdehin nümayəndəsini dinləyib hesab edir ki, aşağıda istinad olunan hüquq normalarına əsasən iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5461/2021 saylı, 13 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mübahisə ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyasının hüquqi mövqeyi aşağıdakı normalara əsaslanır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 1) hərraca iki nəfərdən az alıcı gəldikdə; 2) hərracın iştirakçısı olmadıqda; 3) hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokolu imzalamaqdan imtina etdikdə; 4) hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Yenə həmin Qanunun 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Yenə həmin Qanunun 43.3-cü maddəsinin tələblərinə görə hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İstinad olunan Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Qanunun 43.5-cü maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Yenə həmin Qanunun 43.7-1-ci maddəsinin tələblərinə görə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “İcra haqqında” AR Qanununun 17.1 və 17.1.7-ci maddələrinin tələblərinə görə icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Yenə həmin Qanunun 19.1 və 19.1.6-cı maddələrinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti ilə əlaqədar həmin məhkəmələrin qərarları qanuni qüvvəyə minənədək dayandırılır. İstinad edilən Qanunun 19.2-ci maddəsinə görə isə icraatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra icra məmuru və ya icra qurumunun rəhbəri tələbkarın ərizəsi, yaxud öz təşəbbüsü ilə icra sənədi üzrə icraatı təzələyir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 536/2018 saylı, 01 avqust 2018-ci il tarixli qətnaməsilə ilk iddia tələbi qismən təmin edilmiş, iddiaçı "xxxx" İKB ilə cavabdeh İddiaçı arasında bağlanmış 21.11.2014-cü il tarixli kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər İddiaçı, X4 və X5 müştərək qaydada iddiaçı "xxxx" İKB-nin xeyrinə kredit müqaviləsinə əsasən 63.050,98 ABŞ dolları məbləğində əsas borc, 23.085,15 ABŞ dolları məbləğində faiz borcu, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 86.436,13 ABŞ dolları məbləğində kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı tutulmuş, tutma ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı məxsus Sumqayıt şəhəri, 9 mikrorayonda yerləşən 64.9 kv.m sahədən ibarət olan 23 nömrəli evin, 31 nömrəli mənzilinə və X1 məxsus Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 51.1 kv.m sahədən ibarət olan 4 nömrəli evin, 2 nömrəli mənzilinə yönəldilmiş, həmin mənzilllərin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı "xxxx" İKB-yə olan kredit müqaviləsinə əsasən 63.050,98 ABŞ dolları məbləğində əsas borc, 23.085,15 ABŞ dolları məbləğində faiz borcu, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 86.436,13 ABŞ dolları məbləğində kredit borcunun qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının tutulması və ipoteka predmetləri olan İddiaçı məxsus Sumqayıt şəhəri, 9 mikrorayonda yerləşən 64.9 kv.m sahədən ibarət olan 23 nömrəli evin, 31 nömrəli mənzilinin ilkin satış qiyməti 68.000 manat, X1 məxsus Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 51.1 kv.m sahədən ibarət olan 4 nömrəli evin, 2 nömrəli mənzilinin ilkin satış qiyməti isə 48.000 manat müəyyən edilmişdir. Qətnamə üzrə icra vərəqəsi verilmiş və icra icraatına başlanılmışdır. Bundan sonra, icra məmurunun sifarişi ilə hər iki mənzil hərraca çıxarılmış və "xxxx" MMC-nin hərracın nəticələri haqqında Y-253/3 saylı, 20.012.2019-cu il tarixli protokoluna əsasən İddiaçı Ərzuman oğluna məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, 23 saylı evin, 31 nömrəli mənzilinin ilkin satış qiyməti 68000 manat müəyyən edilmiş, ilkin satış qiymətinin enmiş faizləri “İpteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25% olmuş, əmlakın satılmış son qiyməti isə 43350 manat, Y-253/3/1 saylı, 20.012.2019-cu il tarixli "xxxx" hərracın nəticələri haqqında protokola əsasən isə X1 məxsus Sumqayıt şəhəri 41-ci məhəllədə yerləşən 51.1 kv.m sahədən ibarət 4 saylı evin, 2 nömrəli mənzilinin ilkin satış qiyməti 48000 manat müəyyən edilmiş, ilkin satış qiymətinin enmiş faizləri “İpteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25% olmuş, əmlakın satılmış son qiyməti 30600 manat müəyyən edilmiş və həmin mənzillər Cavabdeh1 ASC tərəfindən alınmışdır. Hazırda hər iki mənzil Cavabdeh1 ASC-nin mülkiyyətindədir. İddiaçı hesab edir ki, həmin hərrac təşkilatı hərracın keçirilməsi qaydalarında bir neçə qanun pozuntusuna yol vermişdir. Belə ki, hərracın keçirilməsi barədə ona məlumat verilməmiş, hərraclar onun iştirakı olmadan keçirilmişdir. Lakin iddiaçı bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisə üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, hazırki halda sübut etmə yükü üzərinə düşən iddiaçı öz dəlillərinin əsasını təşkil edən halları sübut etməyə borclu olduğu halda bunu edə bilməmişdir. İş materiallarından da görünür ki, hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi qaydaları pozulmamışdır. İş materiallarına əlavə edilmiş daha öncə sadalanan hərracın keçrilməsinə dair bildiriş və elanlardan, habelə işin faktiki hallarından da aydın görünür ki, mübahisəli mənzilə dair hərrac mövcud qanunlar çərçivəsində, o cümlədən “İpoteka haqqında” qanunun 43-cü maddəsinin tələblərinə riayət edilməklə keçirilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “Affirmanti, non neganti, incumbit probatio” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa İnsan Hüquqları Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, “məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Daha öncə qeyd olunduğu kimi iddiaçı məhkəməyə heç bir mötəbər, legitim, əsaslı şübhədən kənar sübut təqdim edə bilməmişdir. Hazırda hərracın nəticələrinin etibarsız hesab edilməsi və ya ləğv olunması üçün iş materiallarında əsaslı sübut yoxdur. İddia ərizəsində göstərilən dəlillər isə iş materaillarında olan mötəbər sənədlərlə təkzib olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələblərinə görə tələb və etirazlarının əsası kimi istinad etdiyi halları tərəf özü sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətini formal mülahizələr kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər apelyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən saxlanması, apelyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10,40 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5461/2021 saylı, 13 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10,40 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-280/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-280/2022
05.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver