Məhkəmə qərarları › İş №2(105)-2831/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2831/2021

25.10.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2831/2021 25.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Elman Gülbaba oğlu Rəhimovdan ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçılar: İddiaçı1 və X1, Cavabdehin nümayəndəsi və vəkili: X2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Şahı oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və “AAAF İnşaat» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı taxta materialdan hazırlanmış köşklərin və söhbətgahın götürülməsi, taxta köşklərin və söhbətgahın götürülməsinin cavabdehlərin üzərinə vəzifə kimi qoyulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddiaçılar İddiaçı1 və İddiaçı2 Şahı oğlunun iddia tələblərinin qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş 12 mərtəbəli çoxmənzilli yaşayış binasının həyətində Cavabdeh1 tərəfindən qoyulmuş və taxta materialdan hazırlanmış köşklər və söhbətgahların Cavabdeh1 tərəfindən götürülməsi, iddia tələblərinin qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2nə, "xxxx" MMC-yə qarşı «qanunsuz tikililərin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Xırdalan şəhəri, 26-cı məhəllə, Mehdi Hüseynzadə küçəsində yerləşən 12 mərtəbəli binanın həyətində yerləşdirilmiş yüngül konstruksiyalı tikilinin sökülməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Xırdalan şəhəri, 26-cı məhəllə, Mehdi Hüseynzadə küçəsində yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş 12 mərtəbəli binada yaşayır. Sakinlərin təxminən yetmiş faizi binalarda yaşayırlar. Cavabdeh1 qeyd olunan binaların həyətində yüngül konstruksiyalı tikili tikmiş və həmin obyekti kafe kimi istifadə etmək istəyir. Bu isə sakinlərin haqlı narazılığına səbəb olur. Sakinlərin və xüsusi ilə də uşaqların istirahətinə mane olur. Həmin tikilinin sökülməsi barədə bina sakinləri ölkə başçısına müraciət etmişlər. Abşeron RİH 05 avqust 2019-cu il tarixdə 2114 saylı məktub göndərərək Cavabdeh1 həmin tikililərin sökülməsini tələb etmişdir. Lakin Cavabdeh1 orada kafe işlətməkdə israrlıdır. İddiaçı1 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək ünvan 1 ünvanında yerləşən 12 mərtəbəli çoxmənzilli yaşayış binasının həyətində Cavabdeh1 tərəfindən qoyulmuş və taxta materialdan hazırlanmış köşklərin və söhbətgahın götürülməsi, taxta köşklərin və söhbətgahın götürülməsinin cavabdehlər Cavabdeh1, Abşeron RİH, "xxxx" MMC-nin üzərinə vəzifə kimi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 Şahı oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2nə, "xxxx" MMC-yə qarşı «qanunsuz tikililərin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 12 mərtəbəli, çoxmənzilli yaşayış binasının həyətində Cavabdeh1 tərəfindən tikilmiş kommersiya obyektinin sökülməsi, obyektin sökülməsinin cavabdehlərin üzəriləinə vəzifə kimi qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 yaşadıqları çoxmənzilli yaşayış binasının həyətində (çoxmənzilli binanın ümumi istifadə sahəsində) yüngül konstruksiyalı materiallardan istifadə etməklə kommersiya obyekti tikmişdir. Cavabdeh ümumi mülkiyyətdə olan sahədə binanın mülkiyyətçilərinin razılığı olmadan kommersiya obyekti inşa etmiş, ərazini abadlaşdırdığını, həmin əraziyə mülkiyyət hüququnun olmasını iddia edir. Yaşayış kompleksində 1040 (min qırx) mənzil, yəni ümumi mülkiyyətçi vardır. Həyət balacadır. Buna baxmayaraq cavabdeh bu balaca həyətin yarısından çoxunda obyekt inşa etməklə sakinlərin, xüsusilə balaca uşaqların sağlamlığına, normal istirahət etmələrinə, normal əylənmələrinə maneçilik yaratmışdır. İddiaçı2 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək ünvan 1 ünvanında yerləşən 12 mərtəbəli çoxmənzilli yaşayış binasının həyətində Cavabdeh1 tərəfindən qoyulmuş və taxta materialdan hazırlanmış köşklərin və söhbətgahın götürülməsi, taxta köşklərin və söhbətgahın götürülməsinin cavabdehlər Cavabdeh1, Abşeron RİH, "xxxx" MMC-nin üzərinə vəzifə kimi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli qərardadı ilə hər iki iddia tələbi Azərbaycan Respublikası MPM-nin 43.1, 43.2, 169.3-cü maddəsinə əsasən bir icraatda birləşdirilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRXHD qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli **********31 reyestr nömrəli Çıxarışa əsasən, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ehtiyat fondu torpaqları təyinatlı 0.008 ha torpaq sahəsi ona tam xüsusi mülkiyyət hüququ ilə məxsusdur. O, cavabdeh "xxxx" MMC ilə 04 mart 2018-ci il tarixli icarə müqaviləsinə, həmin müqavilə üzrə ərazinin bir hissəsini istifadə edir, digər hissəsi isə istifadə edilmir. Onun mülkiyyətində olan torpaq sahəsi icarə götürdüyü torpaq sahəsinə daxil deyildir. Məhkəmə tərəfindən onun bir mülkiyyətçi kimi hüquqları pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(012)-269/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddiaçıların ona qarşı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili E.İ.Muradov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi, onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Abşeron rayon İH-nin və "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdeh tərəfindən tikilinin qanunsuz olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Cavabdeh2 05 avqust 2019-cu il tarixli 2114 saylı məktubundan məlum olur ki, ünvan 1ndə yerləşən 12 mərtəbəli binanın sakinlərinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından RİH-ə daxil olmuş kollektiv müraciətinə əsasən yaşadıqları binanın həyətində yerləşdirilmiş Cavabdeh1 məxsus yüngül konstruksiyalı tikililərin ümumi həyat şəraitinin pozduğundan, sözügedən torpaq sahəsinin sakinlərin yaşadığı çoxmənzilli binaların ümumi istifadə ərazisinə düşdüyündən, həmin sahədə fərdi məqsədlər üçün təyinatından asılı olmayaraq tikinti-quraşdırma işlərinin aparılması yolverilməz olduğundan qısa müddət ərzində həmin ərazidə yerləşən yüngül konstruksiyalı pavilyon, köşk, dibçək və digər əşyaların götürülməsi ona tapşırılmışdır. İşdə olan "xxxx" MMC (satıcı) ilə İddiaçı2 arasında bağlanmış AF-B/086 nömrəli 07 dekabr 2013-cü il tarixli Mənzilin alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, İddiaçı2 «AAAF-İnşaat” MMC tərəfindən Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində inşa edilən (inşa edilmiş), 2 saylı, 12 mərtəbəli yaşayış binasında ümumi sahəsi 93 kv.metr olan, 3 otaqdan ibarət 32 saylı mənzili almış və onun istifadə və sahibliyindədir. İş materiallarında olan "xxxx" MMC (satıcı) ilə İddiaçı1 (alıcı) arasında bağlanmış 04 oktyabr 2011-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı1 "xxxx" MMC tərəfindən Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində inşa edilən (inşa edilmiş) AAAF-İnşaat MMC-yə məxsus 12 saylı yaşayış binasında ümumi sahəsi 93 kv.m olan 3 (üç) otaqdan ibarət 60 saylı mənzili almış və onun istifadə və sahibliyindədir. "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 04 mart 2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 1ndə yerləşən 200 kv.m-dən ibarət torpaq sahəsi Cavabdeh1 icarəsinə verilmişdir. Müqavilənin 2.2.1-ci bəndinə əsasən icarəçi müqavilənin şərtlərinə uyğun olaraq icarə obyektindən yalnız icarə obyektinin qeyd edilən təyinatı üzrə istifadə etmək; 2.2.7-ci bəndinə əsasən icarə obyektinin dəyişdirilməsini, yenidən planlaşdırılmasını, tikinti işlərini yalnız icarəyə verənin yazılı razılığı ilə həyata keçirmək öhdəliyi vardır. Məhkəmə tərəfindən mübahisəli əraziyə yerli baxış keçirilərkən müəyyən edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, Mehdi Hüseynzadə küçəsi ünvanında yerləşən 12 mərtəbəli binanın qarşısında ümumi istifadədə olan 15x21 ölçüdə olan ərazi tor ilə hasara alınmış, taxta qapı qoyulmuş, qapı bağlı olmuş, taxta konstruksiyadan ibarət tikili, 5 ədəd taxtadan söhbətgah, 1 ədəd kənarları taxtadan hazırlanmış hovuz yerləşdirilmişdir. Həmin ərazi binaların zəruri istifadə ərazisində, çoxmənzilli binanın həyətində uşaqların əyləncə və istirahəti üçün nəzərdə tutulmuş sahəyə bitişikdir. Nəticədə ümumi istifadədə və zəruri olan torpaq sahəsi azalmış, sakinlər tərəfindən istifadə edilə bilinmir. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, Cavabdeh1 "xxxx" MMC-ti ilə 04 mart 2018-ci il tarixdə Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 26-cı məhəllədə yerləşən 200 kv.metrdən ibarət torpaq sahəsini icarəyə götürmüş, həmin Müqavilənin 8.2-ci maddəsinə əsasən hazırki Müqavilə imzalandıgı andan güvvəyə minir və 1 (bir) il müddətinə etibarlıdır. Həmin müqavilə Dövlət qeydiyyatından keçməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, Mehdi Hüseynzadə küçəsi ünvanında yerləşən 12 mərtəbəli binanın qarşısında ümumi istifadədə olan torpaq sahəsini "xxxx" MMC ilə bağladığı icarə müqaviləsinə əsasən icarəyə götürmüşdür. Həmin icarə müqaviləsinin tələblərinə əsasən icarə obyekti olan torpaq sahəsində hansısa tikiniti, dəyişdirmə həyata keçirməsi ilə bağlı yazılı razılıq alınması tələb olunur. Həmin müqavilə müvafiq dövlət orqanında qeydə alınmadığı "xxxx" MMC tərəfindən etiraf edilmişdir. Bundan da başqa həmin ümumi istifadə də olan torpaq sahəsinin MMC tərəfindən icarəyə verilməsi iddiaçılar tərəfindən mübahisələndirilmədiyindən ona hüquqi qiymət verilmir. Çoxmənzilli binanın mülkiyyətçilərindən olan iddiaçılar ümumi istifadədə olan torpaq sahəsində olan Cavabdeh1 tərəfindən qoyulmuş taxtadan hazırlanmış köşklərin və söhbətgahın götürülməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin Məcəllənin 226.1-cı maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Həmin Məcəllənin 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 245-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Odur ki, məhkəmə kollegiyası cavabdehin iddiaçıların iş üzrə bu iddia ilə məhkəməyə müraciət etmək subyektiv hüququnun olmaması barədə gətirdiyi dəlili qəbul etmir. Azərbaycan Respublikası Mənzil Məcəllənin 35.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Həmin Məcəllənin 35.4-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən belə qənaətə gəlir ki, iddiaçılar iddia tələbində haqlıdır. Belə ki, mübahisəli torpaq sahəsi Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, Mehdi Hüseynzadə küçəsində yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş 12 mərtəbəli binaların əhatəsində olmaqla, həmin ərazi binanın mülkiyyətçilərinin ümumi istifadəsindədir. Bu həmçinin Abşeron RİH-nin məktubu ilə də təsdiq edilir. Cavabdeh1 tərəfindən ərazidə yerləşidirlmiş konstruksiyalar, taxta tikililəri binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş torpaq sahəsində yerləşdiyindən və qanunvericilikdə nəzərdə tutulmuş icazə alınmadan özbaşına tikililər və onun hüquqi nəticəsinə dair müddəalar tətbiq edilməlidir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələblərinin Abşeron RİH və "xxxx" MMC-yə aid hissədə əsaslı hesab etmir. Belə ki, Abşeron RİH və "xxxx" MMC tərəfindən Cavabdeh1 istifadə etdiyi torpaq sahəsində taxta materialdan hazırlanmış köşklər və söhbətgahların yerləşdirilməsinə rəsmi yazılı icazəsi olmamışdır. Başqa sözlə iddia tələbi Abşeron RİH və "xxxx" MMC-yə aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 29 aprel 2021-ci il tarixli 2(012)-269/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar