Məhkəmə qərarları › İş №2(105)-2836/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2836/2021

04.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2836/2021 04.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) iddianın təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu **********00000 olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə 28.02.2019-cu il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akt üzrə hesablanmış 486 manat cərimənin silinməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.02.2019cu il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 486 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, bildirmişdir ki, 28.02.2019-cu il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 486 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında yaşayır. Yaşadığı dövrdən qaz paylayıcısı adlandırılan qurumla onun arasında qaz alqı-satqısı barədə müqavilə bağlanaraq qaz sayğacı onun adına sənədləşdirildi. Həmin ünvanda yaşadığı dövrdə qazdan istifadə etmək üçün pul məbləğini Smart karta yükləyib qaz sayğacının mexaniki hissəsində olan hesablayıcı mexanizmə köçürülən qazdan istifadə etmişdir. Smart karta ödədiyi məbləğ qurtardıqda avtomatik olaraq mənzilinə gələn qaz dayanıb və yenidən pul yüklədikdə qazda istifadə mümkün olmuşdur. Yəni indiyə kimi heç bir problem yaşanmamışdır. 28 fevral 2019-cu il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azəriqaz İB-nin əməkdaşları tərəfindən aparılan Sayğaclara baxış zamanı Akt tərtib edilmiş və həmin aktda qeyd edilmişdir ki, sayğaca baxış keçirilmiş və həmin sayğacda deşik aşkarlanmışdır. Bununla bağlı Azəriqaz İstehsalat birliyinin əməkdaşları tərəfindən 28.02.2019-cu il tarixli, ******* saylı Akt tərtib edilmişdir. Onun iştirakı olmadan sayğaca baxış keçirilib və iştirakı olmadan Akt tərtib edilib. Qeyd edilən Aka əsasən ona ümumilikdə 486 manat qaz borcu hesablanmışdır. Lakin sonradan hər ay ödədiyi ödənişlərdən tutulma olduqdan sonra ona məlum oldu ki, cavabdeh qurum əsassız olaraq borc hesablamışdır. Dəfələrlə həmin quruma müraciət etdi ki, həmin sayğaca hər hansı müdaxilə varsa, onun məsuliyyəti onda deyil. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi T.Ə.Hacıyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı uzun müddət təbii qazdan sayğaca müdaxilə edərək istifadə etməklə Cavabdeh İsatehsalat Birliyinə ziyan vurmuşdur. Bununla əlaqədar əməkdaşları tərəfindən qanuna müvafiq qaydada akt tərtib edilmiş, dəymiş ziyan hesabatı hazırlanmışdır, həmçinin müdaxilə faktını təsdiq edən sayğaca müdaxilə edilməsi haqqında rəy verilmişdir. İddiaçı təbii qazdan sayğaca müdaxilə edərək istifadə etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3 bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.6-cı bəndinin (İstehlakçının təqsirli hərəkətləri(hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək) tələblərinə əsasən itirilmiş qazın dəyəri müəyyən edilərək ümumilikdə 486 manat məbləğində dəymiş ziyan hesablanmış və iddiaçının **********00000 saylı kod hesabına qeyd edilmişdir. Faktla bağlı əməkdaşları tərəfindən “qazdan istifadə qaydalarının pozulması haqqında” 28.02.2019-cu il tarixli ******* saylı akt, akt əsasında 28.02.2019-cu il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, həmçinin sayğaca müdaxilə faktını təsdiq edən fotoşəkil çəkilmiş və sayğac dövlət yoxlamasına göndərildikdən sonra QSN-29/1710- 00770/41 saylı akt əsasında sayğacın çıxış plastmass borusunun deşildiyi rəyi verilmişdir. Dəymiş ziyan hesabatına görə istehlakçının qaz işlədiçilərindən PQ-4 (dörd gözlü qaz plitəsi)-ün maksimal saatlıq sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul .klə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır: 1.2 x 6 x 90=648 m3, 2.6 x18 x 90=4212 m3, 648 m3+ 4212m3 = 4860 m3, 4860 m3 x 0,10 manat = 486 manat. Cavabdeh əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman qaz sayğacının çıxış plastmass borşunun deşildiyi müəyyən edilmişdir. Bununla da sayğaca müdaxilə faktı öz təsdiqini tapmışdır. Lakin məhkəmə bunları nəzərə almamışdır. Abşeron Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli 2(012)-2685/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərək, borcun qanuna uyğun hesablanmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi T.Ə.Hacıyevin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28.02.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********00000 olan sayğaca baxış keçirilən zaman aşkar olunmuşdr ki, 29/1710-00770/41 rəyinə əsasən, 1702AZ**********17 sayğacın klapanı işlək deyil. İşdə olan İddiaçı məxsus abonentin saldosundan görünür ki, İddiaçı ümumilikdə 486 manat borc hesablanmışdır. İşdən göründüyü kimi Cavabdeh tərəfindən İddiaçı əsassız olaraq 28.02.2019-cu il tarixli, ******* saylı akt tərtib edilərək 486 manat cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X7 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdehin nümayəndəsi etirazının əsaslarını sübut edə bilməmiş və sayğacın İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 486 manat məbləğində hesablanmış cərimə silinməlidir. Bundan başqa Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında abonentə 486 manat məbləğ hesabladığından, yuxarıda qeyd olunan hüquqi mövqeyə görə həmin məbləğin mövcud qanunvericiliyə uyğun hesablanmaması nəticəsinə gəlindiyindən, məhkəmə sözügedən aktı da əsassız hesab edərək ləğv edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahmisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehin nümayəndəsi X1 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 07 may 2021-ci il tarixli 2(012)-2685/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar