Məhkəmə qərarları › İş №2(105)-2846/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2846/2021

25.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2846/2021 25.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili: Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 23 dekabr 2009-cu il tarixli, 10984 saylı və 23 dekabr 2009-cu il tarixli, 10985 saylı mənzilin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 23 dekabr 2009-cu il tarixli, 10984 saylı və 23 dekabr 2009-cu il tarixli, 10985 saylı mənzilin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X9 ASC ilə Cavabdeh1 arasında 23 dekabr 2009-cu il tarixdə iki ədəd mənzil alqı-satqısı müqaviləsi imzalanmışdır. Müqavilələrin şərtlərinə əsasən “Akkord” Bakı şəhəri, F.Bayramov küçəsi 1156, 1-2 saylı bina 5 otaqdan ibarət, ümumi yaşayış sahəsi 226.6 kv/m olan mənzil və Bakı şəhəri, F.Bayramov küçəsi 1156, 1-2 saylı bina, 5 otaqdan ibarət, ümumi yaşayış sahəsi 191.3 kv/m olan mənzilləri Cavabdeh1 satıb, sonuncu isə həmin mənzillərin dəyərini ödəyir. Qeyd olunan müqavilələrlə bağlı araşdırma apararkən məlum olmuşdur ki, tərəflər arasında imzalanmış müqavilələrə görə Cavabdeh1 “Akkord”-a hər hansı ödəniş etməmiş, xidmət göstərməmiş və ya mal-material verməmişdir. Halbuki, Cavabdeh1 ilk zamanlar iddiasında bildirmişdir ki, qeyd olunan müqavilələrə görə “Akkord”a ödəniş etmişdir. Akkord həmin ödənişlərin təsdiq edən sənədləri (qəbz, çeki və s.) istədikdə isə hər hansı sənəd təqdim edə bilməmişdir. Nəzərə alsaq ki, cavabdehin iddia etdiyi məbləğ kifayət qədər yüksəkdir, bu zaman həqiqətən ödəniş edilmiş olsaydı onu təsdiq edən sənədlər cavabdehə və ya “Akkord"da olmalı idi. Sonradan isə cavabdeh, “Akkord-a xidmət göstərdiyini iddia etmiş, lakin bununla bağlı da hər hansı rəsmi sənəd təqdim edə bilməmiş, habelə həmin sənədlər “Akkord-da da aşkar olunmamışdır. Araşdırma zamanı o da məlum olmuşdur ki, “STS” şirkətinin (əldə olunan məlumata əsasən STS şirkətinin adı sonradan dəyişdirilərək “Sahil-D Kompani" MMC adlandırılmışdır) “Akkord”-a borcu olmuş və həmin borcun əvəzində STS şirkəti "Akkord”a bir neçə mənzil vermişdir. Bakı şəhəri, F.Bayramov küçəsi 1156, 1-2 saylı bina, 5 otaqdan ibarət, ümumi yaşayış sahəsi 226,6 kv/m olan mənzil və Bakı şəhəri, F.Bayramov küçəsi 1156, 1-2 saylı bina, 4 otaqdan ibarət, ümumi yaşayış sahəsi 191,3 kv/m olan mənzillər də daxil olmaqla “Akkord” un STS şirkətindən aldığı mənzillər X3 adına rəsmiləşdilmişdir. Məlumat üçün bildiririk ki, Cavabdeh1 "xxxx" MMC-nin direktorudur. “Akkord”un STS şirkətindən aldığı mənzillərin adına rəsmiləşdirildiyi X6 ilə "xxxx" MMC ilə arasında 505032 manat məbləğində borc münasibətləri mövcud olmuşdur. Qeyd edilən borc barter təsdiq formasında öz əksini tapmışdır. T.T.Məmmədovun "xxxx" MMC-yə olan 505032 manat borcu adıçəkilən mənzillərin hər ikisinin ümumi dəyəri 417900 manat müəyyən edilməklə həmin mənzillərlə əvəzləşdirilmişdir. Lakin mənzillər "xxxx" MMC-nin adına yox, onun direktoru olan Cavabdeh1 adına sənədləşdirilmişdir. Ən maraqlısı ondan ibarətdir ki, Cavabdeh1 "xxxx" MMC-yə qarşı Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək bildirmişdir ki, “09.01.2010-cu il tarixdə Sahil-D Kompani MMC ilə arasında (Cavabdeh1 ilə) bağlanmış müqavilə əsasında MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən 1 saylı çoxmənzilli yaşayış binasının 16-cı mərtəbəsindəki 226,6 kv.metr ölçülü, 5 otaqlı 70 nömrəli mənzil əldə etmişdir. Mənzilin həmin müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulmuş 135960 manat məbləğində qiyməti ödənilmiş və iddiaçıya (Cavabdeh1) pulun ödənilməsini təsdiq edən qəbz cavabdeh MMC-nin möhürü və direktorunun imzası ilə təsdiq edilmişdir. Alqısatqı müqaviləsinin bağlanmasından bir neçə il sonra mənzil iddiaçıya təhvil verilmişdir. “09.01.2010-cu il tarixdə Sahil-D Kompani MMC ilə arasında (Muxtarzadə Zülfüqa ilə) bağlanmış müqavilə əsasında MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən 1 saylı çoxmənzilli yaşayış binasının 13-cü mərtəbəsindəki 191.4 kv.metr ölçülü, 4 otaqlı 54 nömrəli mənzil əldə etmişdir. Mənzilin 114800 manat məbləğində qiyməti iddiaçı (Cavabdeh1) tərəfindən ödənilmiş və ona (Cavabdeh1) həmin gün pulun ödənilməsini təsdiq edən qəbz maliyyə arayışı verilmişdir. Həm müqavilə, həm də pulun ödənilməsini təsdiq edən qəbz cavabdeh MMC-nin (Sahil-D Kompani) möhürü və direktorunun imzası ilə təsdiq edilmişdir. Alqı-satqı müqaviləsinin bağlanmasından bir müddət sonra mənzil iddiaçıya təhvil verilmişdir (Xətai Rayon Məhkəməsinin 19.07.2018-ci il tarixli 2(01 D- 1586/2018 saylı qətnaməsi 1 ci səhifə)”. Göründüyü kimi, Cavabdeh1 eyni mənzillərə görə həm də Sahil-D Kompani MMC ilə müqavilə bağladığını, ödəniş etdiyini və maliyyə arayışını aldığını iddia etmişdir. Onu da bildirir ki, Akkord ilə Cavabdeh1 arasında bağlanmış müqavilələri Akkord adından departament direktoru imzalamış və müqavilədə olan möhür Akkordun əsas möhürü olmamış, departamentin möhürü olmuşdur. Departament direktorunun bu müqaviləni imzalamaq üçün səlahiyyətinin olub-olmamasını təsdiq edən hər hansı sənəd (etibarnamə, və s.) aşkar olunmamışdır. Qeyd olunanlardan aydın olur ki, “Akkord”la cavabdeh arasında bağlanmış müqavilələr uydurma əqdlərdir, çünki bu müqavilələri bağlamaq üçün heç bir əsası olmamış və qarşı tərəf “Akkord”a hər hansı ödəniş etməmiş və ya xidmət göstərməmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi V.Süleymanov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Məhkəmə iddianı iddia müddəti keçdiyinə görə təmin etməmişdir. Bununla razılaşmaq olmaz. Belə ki, cavabdeh iddiaçıya qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia qaldırmışdır. Həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək mülki işin icraatını dayandırmışlar. Beləliklə də, iddia müddətini buraxmamışlar. İddia müddətinin axımı iddiaçıya qarşı pul tələbinin tutulması anından başlayır. Abşeron Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2(012)-442/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçı tərəfindən iddia müddətin ötürülməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 23 dekabr 2009-cu il tarixli, 10984 saylı mənzilin alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" ASC Bakı şəhəri, F.Bayramov küçəsi 1156, 1-2 saylı bina 5 otaqdan ibarət, ümumi yaşayış sahəsi 226,6 kv/m olan mənzili alıcı Cavabdeh1 satmağı, alıcı Cavabdeh1 isə mənzilin dəyərini satıcı "xxxx" ASC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə sözügedən mənzilin dəyəri 226600 manat müəyyən edilmişdir. İşdə olan 23 dekabr 2009-cu il tarixli, 10985 saylı mənzilin alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" ASC Bakı şəhəri, F.Bayramov küçəsi 1156, 1-2 saylı bina 4 otaqdan ibarət, ümumi yaşayış sahəsi 191,3 kv/m olan mənzili alıcı Cavabdeh1 satmağı, alıcı isə mənzilin dəyərini satıcı "xxxx" ASC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə sözügedən mənzilin dəyəri 191300 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 23.12.2009-cu il tarixli maliyyə arayışlarından görünür ki, Bakı şəhəri, F.Bayramov küçəsi 1156, 1-2 saylı bina 5 otaqdan ibarət, ümumi yaşayış sahəsi 226,6 kv/m olan mənzilin ümumi dəyəri olan 226600 manat və Bakı şəhəri, F.Bayramov küçəsi 1156, 1-2 saylı bina 4 otaqdan ibarət, ümumi yaşayış sahəsi 191,3 kv/m olan mənzilin ümumi dəyəri 191300 manat pul tam ödənilmişdir və heç bir borcu yoxdur. İşə əlavə olan Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-991/2019 saylı, 07 mart 2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh "xxxx" ASC-dən 23 dekabr 2009-cu il tarixli, 10984 saylı və 23 dekabr 2009-cu il tarixli, 10985 saylı mənzilin alqı-satqı müqavilələrinə əsasən ödənilmiş 417900 manat pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 8905/2019 saylı, 01.08.2019-cu il tarixli qərardadından görünür ki, "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 991/2019 saylı, 07 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməklə iş üzrə yeni qətnamənin çıxarılması, Cavabdeh1 "xxxx" ASC-yə qarşı “mənzillərin alqı-satqı müqavilələrinə əsasən ödənilmiş pul vəsaitinin tutulması” barədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iddiaçının iş üzrə məhkəmə tərəfindən iddia müddətinin düzgün tətbiq edilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, əqdin etibarsız sayılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən müddətlər müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Lakin, işin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı "xxxx" ASC mübahisə predmeti olan 23 dekabr 2009-cu il tarixli, 10984 saylı və 23 dekabr 2009-cu il tarixli, 10985 saylı mənzilin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 01 dekabr 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi X1 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 23 aprel 2021-ci il tarixli 2(012)-442/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar