Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2851/2020 11.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X4, iddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi X3 iştirakı ilə Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-52/2020 saylı qətnaməsindən iddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi R.R.Nəzərovun verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-52/2020 saylı qətnaməsi ilə (hakim R.V.Kazımov) iddiaçı “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi R.R.Nəzərov apelyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-52/2020 ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı “Qaz İxrac” İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq Qusar rayonu, Bədirqala kəndi ərazisindən keçən “Qaz İxrac” X5 X7 balans və istismarında olan 159 mm diametrli “Qusar QPS qolu” yüksək yəzyiqli yeraltı magistral qaz kəmərinin mühafizə zonasında, kəmərdən 32 metr məsafədə fərdi yaşayış evi və 30 metr məsafədə daş hasar inşa edilmişdir. Magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikili ilə əlaqədar Qusar Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə məlumat verilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyatı üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən magistral qaz kəmərinin orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr mühafizə zonası təyin edilmişdir. Həmin qaydalara əsasən mühafizə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikinti-quraşdırma işlərinin aparılması qəti qadağandır. Bundan əlavə “Qaydalar”ın 2.23-cü bəndinin tələblərinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələiyyələr tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Belə bir razılaşma isə mövcud deyildir. Belə ki, sözügedən tikili tikinti aparmaq üçün lazımi icazələr alınmadan və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla inşa edilmişdir. Cavabdehə məxsus buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa olunan tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də cavabdeh tərəfindən inşa edilmiş tikili sökülməlidir. Cavabdehə məxsus təhlükəsizlik zonasında inşa olunan tikili həm özünün, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən (özünün kobud ehtiyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunur. “Qaz İxrac” X6 X11 tərəfindən cavabdehə inşa olunan tikintinin adı çəkilən qaz kəmərinin və qaz paylayıcı stansiyanın mühafizə zonasında yerləşdiyi, orada hər hansı tikintinin aparılmasının qadağan olması və bunun potensial təhlükə mənbəyi olduğu barədə bildiriş məktubu ilə müraciət olunmuşdur. Ona görə də, “Qaz İxrac” İdarəsi, Siyəzən Magistral X7 istismarında olan 159 mm diametrli “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Qusar rayonunun Bədirqala kəndi ərazisində inşa olunmuş Cavabdeh məxsus fərdi yaşayış evinin, hasarın cavabdehin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi R.R.Nəzərov verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qusar Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinin müddəalarından görünür ki, sökülməsi tələb edilən tikili cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilsə də, cavabdeh lazımi icazələr almadan tikinti işləri aparmış və həmin tikinti saxlanılmaqla “Qaz İxrac” İdarəsinin hüquqlarını və qanunla nəzərdə tutulan mənafelərini pozmus və fiziki səxslərin həyatı və sağlamlığı ücün təhlükə yaratmışdır. Lakin, bu hallar məhkəmə tərəfindən müəyyən edilsə də təhlükəsizliyin təmin olunmasının zəruriliyini nəzərə almadan qanunsuz qətnamə çıxarılmısdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli fərmanının 2-ci hissəsində müəyyən edilmişdir ki, bu fərmanın 1-ci hissəsi ilə təsdiq olunan siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak maaistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda dasınmaz əmlakın dövlət revestrində qeydiyyata alınması ücün əsas hesab edilir. Qeyd olunan Fərmanın mənasından aydın olur ki, müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlakın magistral boru kəmərlərinin zonalarında və sair torpaq sahələrində yerləşməsi hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilər. Bundan qörünür ki, cavabdehə Qusar rayonu, Balaqusar Bələdiyyəsinin qərarına əsasən verilmis torpaq sahəsi hələ onun mülkiyyətində olması demək deyildir. Həmçinin, “Texniki təhlükəsizlik haqqında” xx xxxxxx 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2001-ci il tarixli, 94 saylı qərarında neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükə obyektlər kateqoriyasına aid edilmişdir. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Həmçinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanunun 6.4-cü bəndinə əsasən elektrik, rabitə, neft-qaz və nəqliyyat xəttləri və sənaye müəssisələrinin sanitariya mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli, çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün (tikinti) xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. Göründüyü kimi, məhkəmə yüksək təzyiqli magistral qaz kəmərinin və Qazpaylayıcı stansiyasının mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi tələbini rədd etməklə xx xxxx 1998-ci il tarixli, 513-İQ nömrəli «Qaz Təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının və yuxarıda göstərilən digər qanunvericiliyin tələblərini nəzərə almayaraq qaz kəmərinin təhlükəsiz istifadəsinə mane olmasına razılıq vermiş və vətəndasların həvatını təhlükə altında saxlamısdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi R.R.Nəzərov apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasına teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilib, apelyasiya şikayətinin təmin edilməməsini xahiç etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin ediməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməkdən imtina etdikdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Qusar rayonunun Bədirqala kəndi ərazisində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi ona Qusar rayon Bədirqala bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 12-9 saylı qərarına əsasən ayrılmışdır və tikililərin mövcud olduğu torpaq sahəsi cavabdehin xüsusi mülkiyyətində olmaqla yaşayış evinin tikintisi məqsədi ilə ayrılmışdır. Belə ki, iş materiallarında olan JN-388F KOD 30106028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Bədirqala Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli, 12-9 saylı qərarı ilə Cavabdeh mülkiyyətinə Qusar rayonu, Bədirqala kəndi ərazisindən 0.10 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Qusar rayonu, Balaqusar bələdiyyəsi tərəfindən verilmiş 140 nömrəli, xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx xxxxxx 2005-ci ildə Bədirqala bələdiyyəsindən alan 0.10 hektar həyətyanı torpaq sahəsi və həmin yerdə ikimərtəbəli evi vardır. O, həmin evdə yaşayır. Qusar RİHB-nın Balaqusar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 595 nömrəli, xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, Qusar RİHB-nın Balaqusar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən Qusar rayonu Zindan Muruq kəndində qeydiyyatda olan Cavabdeh oğlunun həqiqətən Qusar rayonu, Bədirqala kəndində yerləşən 0.10 hektar həyətyanı torpaq sahəsində yerləşən 2006-cı ildə tikilmiş fərdi yaşayış evi mövcuddur və hal-hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020ci il tarixli 2942 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən inşa edilmiş 10x13 metr ölçüdə olan fərdi yaşayış evinin 159 mm-lik 12.5-25 MP təzyiqli Qusar QPS qaz kəməri qolu magistral qaz kəmərindən 39 metr aralıda yerləşdiyini nəzərə alaraq həmin fərdi yaşayış evi qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndində göstərilən 50,0 m-lik mühafizə zonasının daxilinə yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın 2.2ci bəndinə əsasən şaxələnmiş qollarla bağlı, bağlayıcı armaturlarla, təbii və süni maneələrdən keçən keçidlərdə, kompres stansiyalarına qoyulmuş qovşaqlarla, təmizləyici qurğuların qəbul və buraxma qovşaqları ilə, qaz sərfi qovşaqları ilə metanolu daxil edən qurğularla birlikdə boru kəmərləri magistral boru kəmərlərinə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göstərilən qanun norması müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə tikilmiş bina və qurğuların sökülməsinin əsası kimi 3 halı nəzərdə tutmuşdur: -bina və qurğuların tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində tikilməsi; -bina və qurğuların buna lazımi icazələr almadan tikilməsi; -bina və qurğuların şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilməsi. Mülki işin materiallarından görünür ki, hazırkı iş üzrə sökülməsi tələb olunan fərdi yaşayış evi Qusar rayonunun Bədirqala kəndi ərazisində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi ona Qusar rayon Bədirqala bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 12-9 saylı qərarına əsasən ayrılmışdır və tikililərin mövcud olduğu torpaq sahəsi cavabdehin xüsusi mülkiyyətində olmaqla yaşayış evinin tikintisi məqsədi ilə ayrılmışdır. Bu hallar, sökülməsi tələb olunan fərdi yaşayış evinin tikinti məqsədləri üçün ayrılmış torpaq sahəsində, lazımi icazə alınmaqla tikilməsini və bu zaman şəhərsalma və tikinti normaları və qaydalarının pozulmamasını, başqa sözlə, mübahisələndirilən tikililərin sökülməsi üçün əsasların olmamasını təsdiq edir. İddiaçı “Qaz İxrac” İdarəsi iddia ərizəsində Cavabdeh lazımi icazələr olmadan şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla “Qaz İxrac” X5 X7 balans və istismarında olan 159 mm diametrli “Qusar QPS qolu” yüksək yəzyiqli yeraltı magistral qaz kəmərinin mühafizə zonasında qanunsuz olaraq yaşayış evi tikməsini və həmin evin və hasarın özbaşına tikinti olmasına görə tikilinin iddiaçı təşkilatın tələbinə əsasən sökülməsi üçün əsasların olmasını göstərsə də, bu barədə başqa bir sübut təqdim edə bilməmiş, “Qusar” QPS-nin faktiki surətdə harada tikilməsi və həmin əmlakın yerləşdiyi torpaq sahəsi barədə mövcud hüquqmüəyyənedici sənədlər işə əlavə olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. «Önəryıldızın Türkiyəyə qarşı» işi üzrə Avropa Məhkəməsi xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq,bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı,əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları»,«mülkiyyət» kimi qiymətləndirilə bilər «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşmmaz əmlaka mülkiyyət hüququ əldə edir Həmin Məcəllənin 240.3-cü maddəsinə əsasən mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fıziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Qeyd edilən maddənin mənasından da göründüyü kimi cavabdeh tərəfindən Qusar rayonu, Bədirqala kəndi ərazisində tikilmiş yaşayış evi və inşa edilmiş hasar o vaxt özbaşına tikili sayıla və həmin tikili iddiaçı təşkilatın tələbi üzrə o vaxt sökülə bilər ki, həmin tikili tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş olsun. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. X8 Məhkəməsi «X1rşı» xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Tərəflər arasında yaranmış mübahisə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsasız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi R.R.Nəzərovun verdiyi apelyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-52/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-2851/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2851/2020
11.11.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver