Məhkəmə qərarları › İş №2(105)-2854/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2854/2021

04.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2854/2021 04.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi T.Ə.Hacıyev tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.M.Kazımov) İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadəyə görə dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1984,20 manat məbləğində dəymiş ziyanın, 30 manat dövlət rüsumu olmaqla, cəmi 2014,20 manat məbləğində pulun tutularaq İddiaçı ABB İddiaçı şöbəsi üzrə, Kod: 805153, VÖEN **********, M/H: AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında 12.06.2013-cü il tarixli, 34168 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə (bundan sonra Müqavilə) imzalanmış, həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satış Departamenti tərəfindən **********04570 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydaları”nın 6.5ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-in işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni, qeyriqanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aktlaşdırılmış və bu halı təsdiqləyən foto şəkillər çəkilmişdir. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, 31.01.2018-ci il tarixli, ******* saylı akt üzrə 863,40 manat, 27.02.2018-ci il tarixli, ******* saylı akt üzrə 201,60 manat, 30.04.2018-ci il tarixli, ******* saylı akt üzrə 878,40 manat, 16.09.2018-ci il tarixli, ******* saylı akt üzrə 64,80 manat olmaqla, cəmi 2008,20 manat dəymiş ziyan məbləği hesablanmışdır. Qeyd edilən borc məbləğindən 3 E proqramına keçirildiyi üçün 24 manat tutulmuşdur. Nəticədə, cavabdehin birliyə 1984,20 manat borcu qalmışdır. İddiaçı nümayəndələri tərəfindən vurulmuş maddi zərərin könüllü ödənilməsi ilə bağlı cavabdehə təklif edilsə də, heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi T.Ə.Hacıyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, 12 iyun 2013-cü il tarixli 34168 nömrəli «Qaz aylayıcısı ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə Müqavilə» əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Lakin cavabdeh Müqavilənin 2.3.2 yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşumaqla təbii qazı talamışdır. İş materiallarında olan aktlardan görünür ki, cavabdeh tərəfindən dəfələrlə qanunsuz qoşulma olmuşdur. İş materiallarında olan digər aktlara əsasən cavabdehin borcu təmin olunmamışdır. Məhkəmə bu hallara düzgün qiymət verməmiş, maddi hüquq normalarını tətbiq etməmiş və bununlada hüququn tətbiq edilməsində səhv buraxmışdır. Abşeron Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(012)-345/2021 saylı qətnaməsini ləğv edib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnaməni dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərək, borcun qanuna uyğun hesablanmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi T.Ə.Hacıyevin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Cavabdeh ilə bağlanmış 12.06.2013-cü il tarixli, 34168 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndində göstərilmişdir ki, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın, qaz qurğularına dair lahiyə və istismar sənədlərinin tələblərinə, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “payçı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. İddiaçı Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.01.2018-ci il tarixli, ******* saylı, 27.02.2018ci il tarixli, ******* saylı, 30.04.2018-ci il tarixli, ******* saylı və 16.09.2018-ci il tarixli, ******* saylı aktlardan müəyyən edilir ki, Abşeron rayonu Hökməli qəsəbəsində (abonent kodu: **********04570) yaşayan istehlakçı Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyriqanuni istifadə etməsi müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 may 2021-ci il tarixli, 10/984 saylı məhkəmə mühəndis-texniki ekspertizasına dair rəyin nəticə hissəsindən görünür ki, baxış zamanı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İşdə olan 31.01.2018-ci il tarixli, ******* saylı, 27.02.2018-ci il tarixli, ******* saylı, 30.04.2018-ci il tarixli, ******* saylı və 16.09.2018-ci il tarixli, ******* saylı aktların surətindən məlum olur ki, İddiaçı İB-nin nümayəndələri tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən istehlakçı Cavabdeh evə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman, sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilmişdir. Lakin, mülki iş üzrə aparılmış mühəndis-texniki ekspertizası hal-hazırkı iş üzrə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri leqal müdaxilə hallarının (qaynaq yeri, əlavə qoşulmalar) aparılmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, istehlakçı Cavabdeh yaşadığı fərdi yaşayış evində sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə etməsi və müdaxilə hallarının olduğu ekspert rəyi ilə sübüt olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsinin tələblərinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. İstehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir (MM-in 560.3 və 560.3.5.2-ci maddələri). İşin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh tərəfindən qaz sayğacına hər hansı müdaxilə edilməsi, iddiaçının hərəkət və hərəkətsizliyi nəticəsində müəyyən edilmədiyi halda, iddiaçıya pul hesablanmışdır ki, bu da yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi X1 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 16 iyun 2021-ci il tarixli 2(012)-345/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar