Məhkəmə qərarları › İş №2(105)-287/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-287/2022

19.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-287/2022 19.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(012)-3944/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(012)-3944/2021 saylı qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh təbii qazdan istifadəyə görə 35,50 manat məbləğində cərimə borcu, dövlət rüsumu üçün 20 manat, cəmi 45,50 manat tutularaq İddiaçı ABB Azəriqaz şöbəsi, Kod: 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.(hakim C.Səfiyeva) Qətnamədən narazı qalan İddiaçı İB ondan apelyasiya şikayəti verərək qətnamənin qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyriqanuni istifadəyə görə hesablanmış 882,20 manat məbləğində dəymiş ziyan, həmçinin 30 manat dövlət rüsumu olmaqla, cəmi 912,20 manat pulun məcburi qaydada tutularaq İddiaçı ABB Azəriqaz şöbəsi, Kod: 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında 02.04.2020-ci il tarixində 14/986 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı Bakı X5 Departamenti tərəfindən **********04020 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 12529547 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto şəkilişlərlə lentə alınmış və qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq akt tərtib edilmişdir. Cavabdehin qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı akt əsasında - 30.12.2019-cu il tarixli, ******* saylı akt əsasında 885,60 manat olmaqla, İddiaçınə cəmi 885,60 manat məbləğində maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdeh aktın məbləğindən əlavə olaraq aylıq sərfiyyatına əsasən də 28 manat borcu olmuş və İddiaçınə gələcək aylar üçün heç bir ödəniş etməmişdir. Cavabdeh tərəfindən İddiaçınə ödənilməli borc məbləği itirilmiş təbii qazın dəyəri üzrə hazırda ümumi olaraq 882,20 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçınə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı cıxarılmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, TƏRƏFLƏRİN İZAHATLARİ və SÜBUTLARİ: İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuş, işin halları və təqdim edilmiş sübutlar tam araşdırılmamışdır. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü, 2.3.2-ci, 2.3.4-cü bəndlərinə istinad etmiş, hansı ki, müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödənməsinə dair “istehlakçı”nın vəzifəsini müəyyən edir. Digər tərəfdən yuxarıda qeyd olunan 30.12.2019-cu il tarixli akta istinad etmiş, hansı ki, abonent kodu verilmiş ünvanda təbii X3na riayət olunması vəziyyətinin yolnanılmasına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar edilmiş və bu əsasla da həmin akt tərtib edilmişdir. Həmçinin də 30.12.2019cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə istinad etmiş, hansı ki, qərəzli, təqsirli hərəkətlər nəticəsində iddiaçıya dəymiş ziyanın həcminin hansı qaydada hesablanmasını əks etdirir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı- satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi iş materiallarında yer alan, mübahisələndirdiyimiz qətnamədə də öz əksini tapan və 1-ci instansiya məhkəməsinin istinad etdiyi sübutlar iddianın tam təmin edilməsinə əsasdır. Lakin birinci instansiya məhkəməsi cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsinə və məhz bu qanunsuz istifadə nəticəsində iddiaçıya maddi zərər vurmasına dair məhkəməyə təqdim olunmuş sübutlarla öz təsdiqini tapmış faktlara istinadən verilmiş geniş, ətraflı izahatlara göz yummuş, həmin faktlardan məntiqi olaraq doğan nəticəyə səhv hüquqi qiymət vermişdir. Digər tərəfdən 1-ci instansiya məhkəməsi ağlasığmaz nəticəyə gələrək qətnamədə göstərmişdir ki, “Akta əsasən cavabdehə 885,60 manat məbləğində əlavə ödənişin hesablanması cavabdehin istifadə etdiyi təbii qaz ilə müqayisədə real vəziyyətə uyğun deyildir”. Bu nəticəyə hansı əsasla (məntiqi, qanuni və yaxud başqa) gəlməsi isə sual olaraq qalmaqdadır. Əgər həmin cümləyə, yəni 1-ci instansiya məhkəməsi tərəfindən gəlmiş nəticəyə nəzər salsaq görərək ki, “əlavə ödəniş” terminindən istifadə edilmişdir. Bu termini ümumiyyətlə iddia tələbinə nə qədər aid etmək olar, sual olaraq qalır. Həmçinin 1-ci instasiya məhkəməsi özbaşına hesablamalar aparmış, dəymiş ziyanın məbləğin 35,50 manat məbləğində müəyyən etmiş, dəymiş ziyanı cərimə kimi qələmə vermişdir. Göründüyü kimi 1-ci instansiya məhkəməsi xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılmasına da öz qeyri-peşakar yanaşmasını nümayiş elətdirmişdir. Apellyasiya baxışı zamanı iş üzrə İddiaçı nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdehə məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə göndərilmiş bildirişlər, “ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02.04.2020-ci il tarixli, 14/986 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqaviləsindən görünür ki, bu Müqavilənin və “X3”nın, qaz qurğularına dair lahiyə və istismar sənədlərinin tələblərinə, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. Yenə iş materiallarında olan İddiaçı Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii X3nın pozulması haqqında 30.12.2019-cu il tarixli, ******* saylı aktdan, eləcə də həmin akta əlavə digər aktdan müəyyən edilir ki, həmin tarixdə İddiaçı əməkdaşları tərəfindən Cavabdeh məxsus ünvanda (abonent kodu: **********04020) təbii X3na riayət olunması vəziyyəti yoxlanılmış, sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur, bununla əlaqədar olaraq 30.12.2019-cu il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İstehlakçı aktı imzalamaqdan imtina etmişdir. Kənar xətt qaynaq vasitəsilə kəsilərək qaz verilişi dayandırılmışdır. İşə əlavə edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 30.12.2019-cu il tarixli ******* saylı akta əsasən cavabdehə 1,2 m3/saat x 24 saat x 90 gün = 2592 m3, 1,5 m3/saat x 24 saat x 90 gün = 3240 m3, 1,4 m3/saat x 24 saat x 90 gün = 3024 m3, cəmi 8856 m3 (885,60 manat) əlavə ödəniş hesablanmışdır. Yenə işə əlavə edilmiş 17 may 2021-ci il tarixli abonentin saldosundan müəyyən edilir ki, Cavabdeh tərəfindən İddiaçınə dekabr 2019-cu il tarixli akt əsasında 885,60 manat ziyan dəymişdir. Bundan əlavə olaraq cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2021-ci il üçün 51,10 manat borcu qalmışdır. Mülki işin materiallarında olan 27.05.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə qətnamədən iddianın təmin edilmiş hissəsindən apellyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-nin 372.6-ci maddəsinin tələblərini, həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarını nəzərə alaraq hesab edir ki, hazırda qətnamə yalnız mübahisələndirilən hissədə və hədlərdə apellyasiya baxışının predmetidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, işdə olan sübutları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(012)-3944/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 30 dekabr 2019-cu il tarixdə İddiaçı əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu - **********04020) təbii X3na riayət edilməsi vəziyyəti yoxlanılmış, sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi ilə əlaqədar 30 dekabr 2019-cu il tarixli, ******* saylı akt tərtib edilmişdir. İstehlakçı aktı imzalamaqdan imtina etmişdir. Kənar xətt qaynaq vasitəsilə kəsilərək qaz verilişi dayandırılmışdır. Akta əsasən iddiaçıya 885,60 manat cərimə hesablanmışdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə görə fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar"ın 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı bəndinə görə isə qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Yenə həmin Qaydaların 6.7-ci bəndinin tələblərinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübut edə bilməmişdir. Cavabdehlə qazın alqı-satqısına dair müqavilə bağlanması, onun saldoya əsasən az ödəniş etməsi hazırki formada iddianın təmin edilməsinə əsas vermir. İş materiallarına əlavə edilmiş akt cavabdehin iştirakı olmadan tərtib edilmiş, akt tərtib edənlər cavabdehin guya aktı imzalamaqdan “imtina” etməsini yazmaqla işlərini bitmiş hesab etmiş, bununla da yuxarıda istinad olunan Qaydaların tələblərini pozmuşlar. Daha öncə qeyd edildiyi kimi Qaydalara əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İşdən görünür ki, iddiaçı təşkilatın nümayəndələri tərəfindən cavabdeh istehlakçı barədə qazdan qanunsuz istifadə barədə akt tərtib edilmiş, lakin aktda onun imzası yoxdur. İş materiallarının 14-cü səhifəsində olan aktdan məlum olur ki, qanunsuz xətt qazpaylayıcı şəbəkədən qaynaq vasitəsilə ayrılmışdır. Lakin anoloji işlər üzrə, xüsusi olaraq Abşeron rayonu Hökməli qəsəbəsi üzrə indiyədək keçirilmiş ekspertiza nəticəsində kənar qoşulma, o cümlədən qanunsuz qoşulmanı və onun ləğvini təsdiq edəcək qaynaq izləri aşkar edilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilmiş sübutların özü də ziddiyətlidir. Məsələn, müqavilədə qaz sayğacının 02.04.2020-ci ildə quraşdırıldığı yazılmışdır. Qanunsuz qoşulma faktı müəyyən edilərək akt 30.12.2019-cu ildə tərtib edilmişdir. Abşeron rayonu Hökməli qəsəbəsi kifayət qədər böyük bir yaşayış məntəqəsi olmasına baxmayaraq nə müqavilədə, nə də aktlarda dəqiq ünvan yazılmamışdır. Nəhayət, iddia ərizəsindən görünür ki, iddiaçı tərəf tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış 02.04.2020-ci il tarixli müqaviləyə və hüquqi əsası kimi də həmin müqavilədən doğan öhdəliyə istinad etsə də, qanunsuz qoşulma barədə akt 30.12.2019cu ildə tərtib edilmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, əsaslı şübhələrdən kənar olmayan bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tələb edildiyi kimi qismən ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı apellyasiya şikayəti sübut edilmədiyindən rədd edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(012)-3944/2021 saylı saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə dərhal qüvvəyə minir. Ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar