Məhkəmə qərarları › İş №2(105)-2878/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2878/2021

20.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2878/2021 20.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə Quba Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(027)-603/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi N.V.Əhmədovun verdiyi apellyasiya şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(027)-603/2021 saylı qətnaməsi ilə (hakim İ.A.Məmmədov) iddiaçı İsayeva (Piriyeva) Rəmalə İsmayıl qızının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cərimə borcunun silinməsi tələbinə dair iddia təmin edilib, "xxxx" ASC əməkdaşları tərəfindən Quba rayonu, İqriq kəndində İsayeva (Piriyeva) Rəmalə İsmayıl qızına məxsus evə hesablanmış 819 (səkkiz yüz on doqquz) manat 17 qəpik məbləğində borc silinmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi N.V.Əhmədov apellyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(027)-603/2021 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı İsayeva (Piriyeva) Rəmalə İsmayıl qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin X6 Təhcizatı və Satış İdarəsi tərəfindən tərtib edilmiş 211579 saylı aktın etibarsız hesab edilməsi və həmin akt üzrə ona hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı İsayeva (Piriyeva) Rəmalə İsmayıl qızı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin X6 Təhcizatı və Satış İdarəsini "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə əvəz edilməsi və Azərişıq” ASC tərəfindən ona hesablanmış 819 (səkkiz yüz on doqquz) manat 17 qəpik məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba rayonunun İqriq kənd ərazisində yerləşən ona məxsus fərdi yaşayış evində ailəsiylə birlikdə yaşayır. Tərəfindən istifadə olunan elektrik enerji gücünün ölçülməsi üçün olan elektrik sayğacı yaşayış sahəsindən kənarda, açıq şəraitdə, hər hansı mexaniki müdaxilədən qoruyan metal qutu olmadan ictimai istifadə ərazisində quraşdırılaraq faktiki olaraq ictimai istifadəyə verilmişdir. Cavabdeh "xxxx" ASC-nin Quba elektrik şəbəkəsinin rəisi Vüqar Əhmədovun imzası ilə ona 29 yanvar 2021-ci il tarixli xəbərdarlıq edilmiş və xəbərdarlığda göstərilmişdir ki, ona məxsus mənzilə quraşdırılmış sayğacda kənar xətt aşkarlandığına görə 211579 saylı akt tərtib edilmiş və həmin akta əsasən itirilmiş enerji bərpa edilmişdir və istifadə edilmiş elektrik enerjisi sərfıyyatına və akta görə 01 fevral 2021-ci il tarixə 1067 manat 51 qəpik məbləğdə borcu vardır. Qeyd olunanları nəzərə alaraq hazırki xəbərdarlığı aldığı gündən 3 (üç) gün müddətində yuxarıda göstərilmiş borc məbləği ödənilməyəcəyi təqdirdə 04 fevral 2020-ci il tarixdən, əlavə xəbərdarlıq edilmədən onlara elektrik enerjisinin verilməsi enerji təchizatı idarəsi tərəfindən dayandırılacaqdır. 29 yanvar 2021-ci il tarixli xəbərdarlıqda göstərilən hallar həmin xəbərdarlğı əldə edənə qədər ona bəlli deyildir. Onun yaşayış sahəsinə məxsus elektrik sayğacında kənar xətt heç vaxtı olmamış və aşkarlanmamışdır. Digər tərəfdən, elektrik sayğacında giriş və çıxış xətlərindən başqa “kənar xəttin” nə olduğu, texniki cəhətdən qeyri müəyyəndir. Məsələ ilə bağlı cavabdeh təşkilatın Quba elektrik şəbəkəsinin rəisi Vüqar Əhmədova müraciət edərək,həmin xəbərdarlıqda göstərilən 211579 saylı aktın ona təqdim olunmasını xahiş etsə də, həmin akt ona verilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi N.V.Əhmədov verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 17 iyun 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi N.V.Əhmədov apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada iddiaçı İsayeva (Piriyeva) Rəmalə İsmayıl qızına məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən İddiaçı (Piriyeva) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin təmin edilməsi nəticəsinə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1, 567-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1ydaları»nın 7.11, 8.32 və 8.33-cü bəndlərinə istinad edərək gəldiyi nəticəni bununla əsaslandırmışdır ki, "xxxx" ASC Xaçmaz REŞ-nin 19.01.2021-ci il tarixli, 211579 saylı aktı ilə İsayeva (Piriyeva) Rəmalə İsmayıl qızına məxsus Quba rayonu, İqriq kəndində olan evində elektrik sayğacı yoxlanılmış və akt tərtib edilmiş akta iki nəfər imza etmiş, onların hər ikisi "xxxx" ASC Quba ESŞ-nin nəzarət mühəndisləri, F.Orucov və N.Heseynzadə olmuşdur. **********00390 nömrəli abonent hesabına akt tərtib edilərkən “X1ydaları”nın 8.33-cü bəndinin tələblərinin pozulduğunu, yəni akt tərtib edilərkən hal şahidlərinin iştirak etmədiklərini nəzərə alaraq Quba rayonu İqriq kəndində İsayeva (Piriyeva) Rəmalə İsmayıl qızına məxsus evə hesablanmış 819 (səkkiz yüz on doqquz) manat 17 qəpik məbləğində pul silinməlidir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olur ki, AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İddiaçı Quba rayonu, İqriq kəndində qeydiyyatdadır. İş materiallarında olan **********00390 nömrəli abonent saldosundan müəyyən olunur ki, İsayeva (Piriyeva) Rəmalə İsmayıl qızına 28.01.2021-ci il tarixdə 819.17 manat borc hesablanmışdır. "xxxx" ASC Xaçmaz REŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş 19.01.2021-ci il tarixli, 211579 saylı aktın surətindən görünür ki, kənar xətdən faktiki olaraq 1,8 kvt yük axır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1ydaları”nın 1.3-cü maddəsində nəzərdə tutulur ki, enerji təchizatçı möəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Həmin Qaydalara görə elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin ümumi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli 3 N-li qərarında göstərilir ki, vaxtaşarı (aylıq, rüblük və s.) icra edilməli öhdəliklər üzrə iddia müddəti hər bir ödəmə üçün ayrılıqda hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “X1ydaları”nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plobların qorunmasına və işçi vəziyyətdə saxlanlmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X2 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası MM-ndə nəzərdə tutlmuş iddia müddəti daxilində X2yə görə yenidən hesablaşma aparmağa borcludur. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X2 pozuntuya yol verildiyi aşkar edildikdə, eneryi təchizatı müəssisəsinin nümayəndəsi onun və 2 nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və 2 nəfər hal şahidi tərəfindən imzalnmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə akta müvafiq qeyd aparılır. Belə ki, 19.01.2021-ci il tarixli, 211579 saylı aktdan isə müəyyən edilir ki, akt tərtib edilərkən hal şahidləri dəvət edilməyib və aktda yalnız enerji təchizatı müəssisəsinin əməkdaşları imza etmişlər. Azərbaycan Respublikası MPM-nin 287-ci maddəsinə əsasən Dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq "xxxx" ASC əməkdaşları tərəfindən Quba rayonu, İqriq kəndində İsayeva (Piriyeva) Rəmalə İsmayıl qızına məxsus evə hesablanmış 819 (səkkiz yüz on doqquz) manat 17 qəpik məbləğində borcun abonent hesabından silinməsi barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən və apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi N.Əhmədovun verdiyi apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(027)-603/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar