Məhkəmə qərarları › İş №2(105)-2885/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2885/2021

28.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2885/2021 28.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair» mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(060)-3471/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(060)-3471/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı məxsus ünvan 1-yə dair "xxxx" ASC tərəfindən əsassız olaraq hesablanmış 829 (səkkiz yüz iyirmi doqquz) manat 29 (iyirmi doqquz) qəpik məbləğində borcun əsassız olduğu üçün silinməsi qət edilmişdir (hakim Rəşad Qoşqarlı). Qətnamədən cavabdeh "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi xahiş edlmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib olunmuş 19.02.2021-ci il tarixli 021528 aktın əsassız olduğu üçün etibarsız hesab edilməsi və həmin akta əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanına dair əsassız olaraq hesablanmış 856,71 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş EEİQ-nın 7.11-ci bəndinə əsaslanaraq yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Yalnız məhkəmə nəzərə almamışdır ki, iddiaçıya qarşı tərtib olunmuş akt EEİQ-nın 8.32-ci bəndinə əsasən mənzildə elektrik hesabat sayğacına müdaxilə edilərək X1 olunması halı aşkar olunduğundan tərtib edilmişdir. Təqdim edilmiş sübutlardan da göründüyü kimi aktda sayğacın və ya üzərindəki plombların bütövlüyündən söz getmir. Göründüyü kimi məhkəmə yalnış hüquq normalarına istinad edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qət etmişdir ki, bu halda da enerji haqlarının yığımının 100 %-ə çatdırılması barədə "xxxx" ASC qarşısında qoyulmuş tapşırıqlarının icrasına maneə yaratmışdır. Həmçinin birinci instansiya məhkəməsi həmin qaydaların 8.32 və 8.33-cü bəndlərinə istinad edərək aktın tərtibatı zamanı hal şahidinin iştirak etməməsini qeyd etmişdir. Bununla əlaqədar olaraq məhkəmənin nəzərinə çatdırır ki, hal şahidləri iştirak etməsə də aşkar olunmuş kənar xəttin video görüntüsü diskə (DVD- R) köçürülərək məhkəməyə təqdim edilmişdir.Göründüyü kimi məhkəmə iddia tələbinə dair təqdim edilmiş etirazda qeyd olunan hallara və etiraza əlavə edilmiş sübutlara düzgün qiymət verməmiş, "xxxx" ASC tərəfindən haqlı olaraq hesablanmış borcun silinməsi barədə qətnamə çıxarmışdır. Həmçinin həmin sayğaca elektrik enerji sərfiyyatının azaldılması məqsədi ilə olunacaq hər hansı kənar müdaxilə iddiaçıdan başqa heç kəsin marağında ola bilməz. Məhkəmə qətnamə çıxararkən isə qeyd olunanlar nəzərə almamışdır. Həmçinin, birinci instansiya məhkəməsində iddia tələbi üzrə tərəfimizdən məhkəməyə təqdim edilmiş etiraza əlavə olunmuş aktdan və abunə haqqında çıxarışdan görünür ki, 19.02.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən Sayğacın gövdəsinin üst örtük qapağının sağ tərəfində müdaxilə izləri olması halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın (EEİQ) 8.32-ci bəndinin tələblərinə uyğun olaraq 19.02.2021-ci il tarixli, 021528 saylı akt əsasında 829,29 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Sayğaca müdaxilə faktını sübut edən video çəkiliş DVD disk formatında iş materiallarına əlavə edilib. Qeyd olunan faktlarla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 saylıqərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın pozulması haqqında 19.02.2021-ci il tarixli, R 021528 saylı akt tərtib edilmişdir. Akt abonentin iştirakı ilə tərtib edilmiş, lakin o aktı imzalamaqdan imtina etmişdir ki, bu barədə də aktda müvafiq qeyd aparılmışdır. Sayğaca müdaxilə edərək elektrik enerjisindən qanunsuz istifadə etməsi, bundan sonra iddiaçının məhkəməyə müraciət etməsi, akt üzrə aşkar olunmuş halın əvvəldən planlaşdırıldığını, hansısa mütəxəssis tərəfindən mənzildə istifadə olunan enerji sərfiyyatının azaldılması məqsədi ilə həyata keçirildiyini sübut edir. Bütün bunlara baxmayaraq isə iddiaçının hüquqdan sui-istifadə edərək məhkəməyə “aktın ləğv edilməsi və borcun silinməsi” tələbi ilə müraciət etməsi yolverilməzdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(060)-3471/2021 saylı qətnaməsinin ləğv edilməsini və idianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, №0127734 saylı “çıxarış”ın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestrində 23.11.2010-cu il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" ASC-nin əməkdaşları R.Osmanov və V.Abdullayev tərəfindən tərtib edilmiş 19 fevral 2021-ci il tarixli NDM seriyalı, 021528 saylı aktdan görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 290, mənzil 0623 aid elektrik sayğacına baxış zamanı məlum olmuşdur ki, elektrik sayğacının gövdəsinin üst örtük qapağının tərəfində müdaxilə izləri var. İş materiallarında olan 23.04.2021-ci il tarixli Abunə haqqında saldodan görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 0290, mənzil 0623-ə elektrikdən istifadə qaydalarının pozulmasına görə 829,29 manat məbləğində borc hesablanmışdır. Birinci instansiya məhkəməsi mübahisələndirilən aktın enerji təchizatı müəssisəsinin nümayəndələri tərəfindən “X1 Qaydaları”nın tələbləri pozularaq abonentə məxsus elektrik hesabat sayğacının bütövlüyünün pozulması halı üçün abonentə əlavə sərfiyyat hesablanarkən Qaydaların qeyd olunan tələbləri nəzərə alınmaması, akt tərtib olunarkən iki nəfər hal şahidinin iştirakının təmin olunmaması, iddia tələbində akta əsasən fərdi evinə hesablanmış 856,71 manat borcun silinməsi xahiş edilsə də, iddiaçının yaşadığı fərdi evə akta əsasən 829,29 manat borcun hesablanmasını müəyyən edərək iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmiş, gəldiyi nəticəni də “X1 Qaydaları”na istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına və qanunvericilik normalarına uyğun hesab edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 №li qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin Qaydaların 7.2-ci bəndində göstərilir ki, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Həmin Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qaydaların 7.10-cu bəndinə görə istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Həmin Qaydaların 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Aktın əsasında enerjitəchizatı müəssisəsi qeydə alınmamış elektrik enerjisinin miqdarını müəyyən edir və məişət abonentinə əlavə ödəniş sənədi yazır. Qanunun tələbindən görünür ki, istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. İş materialların görünür ki, iddiaçı iddia tələbində mənzilə 856,71 manat cərimənin hesablanmasını göstər sə də, iş materiallarından müəyyən edilir ki, iddiaçıya 829,29 manat cərimə yazılmışdır. Bu səbəbdən məhkəmə də haqlı olaraq əsassız olaraq hesablanmış 829,29 manatın silinməsi barədə qətnamə qəbul etmişdir. Həmçinin məhkəmə kollegiyası tərtib edilmiş aktın etibarsız hesab edilməsinə dair tələbin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyini nəticəni haqlı hesab edir. Belə ki, 19 fevral 2021-ci il tarixli, 021528 saylı aktın etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, tərtib edilmiş akt həmin sayğaca müdaxilə ilə bağlı olmuş və sayğaca müdaxilə olunması məhkəmədə öz təsdiqini tapmışdır. Ona görə məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericilik normalarını düzgün tətbiq edərək haqlı nəticəyə gəlmişdir. Bu səbəbdən məhkəmə kollegiyasiya cavabdehin apellyasiya şikayətində görstərdiyi dəlillər formal mülahizələr kimi qəbul edir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci 14.2.6-cı maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması nəticəsində yaranır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. İş materiallarından görünür ki, cavabdeh təşkilat apellyasiya şikayətində qətnamənin ləbv olunmasını qeyd etsə də bunu məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, şikayətin dəlillərini əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, qətnamənin ləğvi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində sadalanan əsaslar yoxdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(060)-3471/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(060)-3471/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar