Məhkəmə qərarları › İş №2(105)-2896/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2896/2020

24.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2896/2020 24.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə,Cavabdeh nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qaz sayğacının plastmas qapağının yan tərəfinin kənar təsir nəticəsində əzilməsi ilə əlaqədar tərtib olunan aktın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə Quba Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(027)- 1187/2018 saylı qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(027)-1187/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, iddiaçı Bayramova Alidə Əlibaba qızına məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən fərdi yaşayış evinə dair xx xxxxxx 2018-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 943,20 manat məbləğində pulun silinməsi, İddiaçı tərəfindən G4-7587683 sayı sayğaca dəymiş ziyana förə ödənilmiş 91,21 manat məbləğində pulun Cavabdehndən alınaraq İddiaçı Əlibala qızına qaytarılması qət edilmişdir (hakim Fərid Yaqubov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(027)-1187/2018 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Əlibala qızı Cavabdeh Quba Xidmət Sahəsinin xx xxxxxx 2018-ci il tarixli, ******* saylı aktın qanunsuz hesab olunara etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış 943,20 manat borcun silinməsi və sayğacın dəyəri olaraq ödədiyi 91,21 manat məbləğində pulun alınaraq geri qaytarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlu şikayətini müdafiə edərək göstərdi ki, cavabdeh İddiaçı əsassız mülahizələri əsasında Quba Rayon Məhkəməsi tərəfindən qətnamə çıxarılmışdır. Təşkilat tərəfindən təqdim olunmuş sübutlar qiymətləndirilməmişdir. “ Cavabdeh “ X1 RQİİ-nin Quba XS ilə İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında təbii qazdan istifadə edir. Xaçmaz RQİİ-nin Quba rayon XS-nin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan qaz sayğacına baxış keçirilmiş və sayğaca müdaxilə olunduğu müəyyən edilərək növbədənkənar dövlət yoxlamasına göndərilmək üçün çıxarmışlar. Dövlət yoxlamasından keçirilmiş Elster G-4 markalı ******* nömrəli qaz sayqacının texniki vəziyyəti ilə bağlı tərtib edilmiş “Qazservisinformatika” Departamentinin xx.xx.2017-ci il tarixli 2900-1710/1599-2 nömrəli aktına əsasən məlum olmuşdur ki, qaz sayğacın plastmas qapağının yan hissəsi kənar təsir nəticəsində əzilib. Həmin rəy əsasında tərtib olunmuş xx xxxxxx 2018-ci il tarixli, ******* saylı akta əsasən qaz işlədicilərinin saatlıq qaz Sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itirilmiş qazın miqdarı 4716 m3 həcmində və ya 943 manat 20 qəpik məbləğində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. “Qazsinformatika” Departamentinin rəyinə əsasən istismara yararsız olması təsdiq edilən G-4 markalı ******* nömrəli qaz sayğacı hələ əvvəlki tarixdə quraşdırılarkən tərtib edilmiş aktda göstərilir ki, həmin tarixdə iddiaçının ünvanında G-4 markalı ******* nömrəli sayğac quraşdırılarkən və sayğacın flyans (qayka) birləşməsinə plomb vurularaq abonentə təhvil verilmişdir. Aktda qeyd edilir ki, sayğacın və plombların qorunub saxlanılmasına abonent cavabdehlik daşıyır. Göründüyü kimi, sayğacın qorunmasına və ona müdaxiləyə yol verilməməsinə İddiaçı məsuliyyət daşımış, onun həmin məsuliyyəti qaz istehlakçısı kimi müqavilə öhdəliklərindən əmələ gəlir. Bu zaman sayğaca müdaxilənin bilavasitə abonent və ya onun səhlənkarlığı nəticəsində başqası tərəfindən törədilməsinin əhəmiyyəti yoxdur Əgər qaz paylayıcısı qaz sayğacına müdaxilə olunduğunu sübut edirsə, bu müdaxilənin abonentin təqsiri üzündən baş verdiyi ehtimal olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci madəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdı. Tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə “müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii X3nın pozulması haqqında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-nin Şurasının xx xxxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalarına uyğun olaraq tənzimlənir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(027)-1187/2018 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə İddiaçı Əlibala qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli, 3044246saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi haqqında aktdan görünür ki, İddiaçı məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən mənzildə olan G4T markalı, ******* nömrəli sayğac çıxarılmış və həmin mənzilə yeni sayğac quraşdırılmışdır. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən mənzildə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış, ARDNŞ-nin İT və Rİ-nin 2900- 1710/1599-2 saylı rəyinə əsasən ******* saylı sayğacın plastmas qapağının yan tərəfi kənar təsir nəticəsində əzildiyindən dəymiş ziyanın hesablanıb ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin X4 İstismarı İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, mənzildən açılmış ******* saylı sayğac xx.xx.2017-ci il tarixdə dövlət yoxlamasına göndərilmiş, yoxlama zamanı “Xətalar normaya uyğun deyil, kənar təsir nəticəsində sayğacın plastmas qapağının yan tərəfi əzilib” rəyi verilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, FJB**********458 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı Əlibala qızı tərəfindən G4-7587683 saylı sayğaca dəymiş ziyana görə 91,21 manat pul ödənilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin X4 İstismarı İdarəsi tərəfindən xx.xx.2018ci il tarixdə təsdiq edilmiş hesabatdan görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə 4716 kub metr qaz sərfiyyatı hesablanmışdır. Həmçinin qeyd edilmişdir ki, sayğacın dəyəri və dəymiş ziyan ödənilsin. İş materiallarında olan abonentin saldosundan görünür ki Quba rayonu, Alekseyevka kəndində yerləşən yaşayış evi iə bağlı İddiaçı 2018-ci il yanvar ayına 943,20 manat qalıq və aktlar üzrə borc hesablanmışdır. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə əsasən iddiaçıya məxsus evə qaz sayğacının həyətdən kənarda quraşdırılmasını, həmin sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsinin sübuta yetirilməməsini, həmin sayğacın tamlığının qorunmasında iddiaçının cavabdehlik daşımamasını müəyyən edərək, iddianı təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80№-li qərarına, istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80№-li qərarı ilə təsdiq olunmuş “X3”nın 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Hazırki işdə də işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, qaz sayğacı iddiaçının evində deyil, hasarın küçəyə baxan hissəsində quraşdırılıb və nəzərə alınsa ki, iddiaçı fiziki şəxs olan istehlakçıdır, belə olan halda, onun həmin sayğacın işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi istisna olunur. Qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, istehlakçı olaraq iddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanmasına cavabdehlik daşımır, onun üzərinə sayğacın işlək vəziyyətdə saxlanılmasına görə hər hansı vəzifə qoyula və bu əsasla cərimə də hesablana bilməz. Bu baxımdan, akt üzrə 943,20 məbləğində borcun hesablanması əsassız olduğu üçün həmin borcun silinməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə də düzgündür. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yeni qaz sayğacına görə iddiaçının ödədiyi 91,21 manatın cavabdeh təşkilatdan alınaraq iddiaçıya qaytarılması barədə gəldiyi nəticədə də haqlı olmuşdur. “X3”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cü bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Göründüyü kimi, “X3”-nın 4.9-cu bəndinə görə qaz sayğacının dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) o halda istehlakçının vəsaiti hesabına həyata keçirilir ki, sayğacdakı zədələnmə istehlakçının təqsiri üzündən baş vermiş olsun. Əks halda, qeyd edilən Qaydaların 4.2-ci bəndinə görə məişət qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına dəyişilir. Qeyd edildiyi kimi iddiaçıya məxsus mənzildə qaz sayğacının zədələnməsində iddiaçının hər hansı təqsiri yoxdur və yeni quraşdırılmış sayğacın dəyəri olaraq hesablanmış 91,21 manat məbləğində pulun iddiaçı tərəfindən ödənilməsi qanunaziddir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas sayıla bilməz. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respubliaksı Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(027)-1187/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(027)-1187/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar