Məhkəmə qərarları › İş №2(105)-2897/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2897/2020

12.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2897/2020 12.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(027)-510/2018 saylı qətnaməsindən Cavabdeh1 İstehsalat Birliyinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(027)-510/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Fərid Yaqubov) İddiaçı Camaləddin oğlunun Cavabdeh1 İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh1 İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxxxx 2017-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, İddiaçı Camaləddin oğluna məxsus Quba şəhəri, 32-33cü məhəllə ünvanında yerləşən fərdi yaşayış evinə dair xx xxxxxx 2017-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 619,20 manat məbləğində pulun silinməsi, İddiaçı Camaləddin oğlu tərəfindən G4- 5849537 saylı sayğaca dəymiş ziyana görə ödənilmiş 93 manat məbləğində pulun Cavabdeh1 İstehsalat Birliyindən alınaraq İddiaçı Camaləddin oğluna qaytarılması qət edilmiş,Cavabdeh1 İstehsalat Birliyi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx xxxxxx 2018-ci il tarixdə İddiaçı Camaləddin oğlu iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 X3 QİS-in xx.xx.2017-ci il tarixli, ******* saylı qaz sayğacının plastmas qapağının üzərində mənşəyi məlum olmayan plombun aşkar olunması ilə əlaqədar tərtib olunan aktın qanunsuz hesab olunaraq ləğv edilməsinə, 20 manat dövlət rüsumun və 92 manat məbləğində sayğac pulunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki,o, 2014-cü ildən ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərində yaşayır. Mülkiyyətində olan Quba şəhəri, 32-33-cü məhəllə ünvanında yerləşən evinə nəzarət etməyi isə X5a tapşırmışdır. 2017-ci ilin iyun ayının əvvəllərində evinə baxan qardaşı qazın nəqlinin kəsildiyi barədə ona məlumat vermiş və məsələni araşdırmaq üçün Quba QİS-yə müraciət etdiyini bildirmişdir. Quba QİS-dən qardaşına bildirilmişdir ki, qaz sayğacına müdaxilə olunması səbəbindən qazın verilməsi dayandırılmış və yeni sayğac alındıqdan sonra qaz təchizatı bərpa oluna bilər. X5 öz hesabına sayğac almış, yeni sayğac quraşdırılmış, Cavabdeh1 İstehsalat BirliyininQuba QİS-nin əməkdaşları xx xxxx 2017-ci il tarixdə mülkiyyətində olan Quba şəhəri, 32-33-cü məhəllə ünvanında yerləşən evində istifadə edilən sayğacı söküb aparmışlar. Həmin vaxt X5 cavabdeh təşkilatın əməkdaşları ilə birlikdə iştirak etmiş və ******* saylı aktı imzalamışdır. Təxminən 6 ay keçdikdən sonra ünvanına daxil olan bildirişdən müdaxiləyə görə borcunun yarandığını öyrənmiş, bunu araşdırmaq üçün Quba QİS-ə müraciət etdikdə,sayğaca müdaxiləyə görə ******* saylı akt tətrtib edilərək cərimə hesablandığı bildirilmişdir. O, xx xxxxxx 2017-ci il tarixli, ******* saylı aktla razılaşmır. Qeyd edilən sayğac ona məxsus ərazidə deyil, küçədə quraşdırılmış və həmin sayğacın qorunması abonentin yox, qaz paylayıcısının səlahiyyətlərinə aiddir. İstifadədə olan sayğac sökülərkən üzərində olan zavod plombuna müdaxilə adı ilə ******* nömrəli akt tərtib edilmişdir. Belə ki, o, həmin evdə yaşamamış, Quba şəhəri, Əziz Əliyev küçəsi, 21 nömrəli evdə qeydiyyatda olmuş, 2014-cü ildən isə ailə vəziyyəti ilə əlaqədar Bakı şəhəri, 2-ci mkr, Cavadxan küçəsi, ev 48 B, mənzil 20-də yaşayır. Bu faktı Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəliyinin 6761 nömrəli, xx xxxxxx 2017-ci il tarixli arayışı da sübut edir. Onun sayğaca müdaxilə etməsinə ehtiyacı olmamışdır. O, vicdanlı istehlakçı kimi mütəmadi olaraq sərfiyyata görə pul ödəmiş və X6 əməkdaşları tərəfindən həmin sayğaca mütəmadi olaraq baxış keçirilmişdir. Eyni zamanda guya onun vurduğu zərərin 619,20 manat məbləğində hansı müddət üçün hesablandığı da ona aydın deyildir. Belə ki, hər ay nəzarətçi tərəfindən yoxlama aparılması səbəbindən zərər bir aydan artıq hesablana bilməz. Ona görə də hesab edir ki, Cavabdeh1 İstehsalat BirliyininQuba QİS-nin əməkaşlarının tərtib etdiyi xx xxxxxx 2017-ci il tarixli, ******* saylı akt qanunsuz və əsassızdır. İddiaçı Camaləddin oğlu iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 X2 X7 İdarəsinin Quba X6 əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxxxx 2017-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış 619,20 manat borcun silinməsi və qanunsuz ödətdirilmiş 93 manat məbləğində pulun alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh təşkilat apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ədalətsizdir, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçının əsassız mülahizələri əsasında Quba Rayon Məhkəməsi tərəfindən qətnamə çıxarılmış, Cavabdeh1 İstehsalat Birliyi tərəfindən təqdim olunmuş sübutlar qiymətləndirilməmişdir. Cavabdeh1 X2 RQİİ-nin QubaXS ilə bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında iddiaçı təbii qazdan istifadə edir. Xaçmaz RQİİ-nin Qubarayon XS-nin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan qaz sayğacına baxış keçirilmiş vəsayğaca müdaxilə olunduğumüəyyən edilərək növbədənkənar dövlət yoxlamasına göndərilmək üçün çıxarılmışdır. Dövlət yoxlamasından keçirilmiş Elster G-4 markalı, ******* nömrəli qaz sayqacının texniki vəziyyəti ilə bağlı tərtib edilmiş “Qazservisinformatika”Departamentinin MSK- 28/1710-00762-1 nömrəli rəyinə əsasən dövlət yoxlamasına göndərilmiş ******* nömrəli qaz sayğacının plastmas qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuşdur. Həmin rəy əsasında abonentin istifadəsində olan qaz cihazlarının sayına görə itirilmiş qazın həcmi 3096 kub metr və yaxud 619,20 manat müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı Camaləddin oğlu və Cavabdeh1 İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilatın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli, 6761 saylı arayışdan görünür ki, İddiaçı Camaləddin oğlu ünvan 2 ünvanında qeydiyyatdadır, 2014-cü ildən Quba şəhər İƏD üzrə nümayəndəliyinin ərazisində yaşamır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, xx.xx.2017-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı Camaləddin oğluna məxsus Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən evə quraşdırılmış qaz sayğacıçıxarılaraq yenisi ilə əvəz olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2017-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı Camaləddin oğluna məxsus Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən evə quraşdırılmış qaz sayğacının plastmas qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmişdir. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, İddiaçı Camaləddin oğlunun (abonent kodu **********02910) akt üzrə borcu 619,20manat təşkil edir. İş materiallarında olan xx xxxx 2017-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Camaləddin oğlu sayğacın dəyəri olaraq 92 manat ödəmişdir. İş materiallarında olan Cavabdeh1 İstehsalat Birliyinin xx xxxxxx 2017-ci il tarixli hesabatından görünür ki,İddiaçı Camaləddin oğluna məxsus Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən ev üzrə itirilmiş qazın həcmi 3096 m3 müəyyən edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya məxsu evin qaz sayğacı evdən kənarda, küçədə quraşdırılmışdır. Cavabdeh1 X2 RQİİ-nin əməkdaşları tərəfindən həmin sayğaca baxış keçirilərkən qaz sayğacının plastmas qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx xxx 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDKnın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxslərin evlərinə quraşdırılmış qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. İş materiallarından görünür ki, iddiaçıya məxsus evin qaz sayğacı evdən kənarda, küçədə quraşdırılmışdır. Həmin yer ictimai yer hesab olunduğundan, qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin iddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Bundan başqa, iş üzrə müəyyən edilmişdir ki, təhlükəsiz şəraitdə saxlanması üçün qaz sayğacı qaz paylayıcısı tərəfindən xüsusi qutuya yerləşdirilməmişdir. Bu isə həmin sayğaca istənilən şəxs tərəfindən müdaxiləni istisna etmir. Məhkəmə kollegiyası hesab edir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyindən iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh təşkilat apellyasiya şikayətində məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini göstərsə də, bunun nədə ifadə olunduğunu konkret qeyd etmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmamışdır. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdeh təşkilatın apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(027)-510/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar