Məhkəmə qərarları › İş №2(105)-29/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-29/2024

08.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-29/2024 08.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X19 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı bağ torpaq sahəsinə icarə hüququ olmayan şəxs hesab edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, miras payın bağışlanması və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-105/2019 nömrəli, 29 yanvar 2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və üçüncü şəxs Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.Hüseynov) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Yusuf qızına, Cavabdeh2 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı bağ torpaq sahəsinə icarə hüququ olmayan şəxs hesab edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, miras payın bağışlanma müqaviləsinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə iddianın təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 08 iyul 2019-cu il tarixli, 2(105)-2271/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt bələdiyyəsinin apellyasiya şikayətləri təmin edilməməsi, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli, 2(060)-105/2019 nömrəli qətnaməsi onların apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 dekabr 2019-cu il tarixli qərarı ilə (hakimlər S.Hacıyev (sədrlik edən və məruzəçi), Q.Əsgərov və E.Vəliyeva) iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsinin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 08 iyul 2019-cu il tarixli, 2(105)-2271/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), G.Tağızadə və T.Quliyev, iş № 2(105)-144/2021) iddiaçılar İddiaçı1, İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt bələdiyyəsinin apellyasiya şikayətləri təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli, 2(060)-105/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması, iddiaçılar İddiaçı1 və İddiaçı2dan 50 (əlli) manat pul tutulub Dövlət büdcəsinə Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN ********** müxbir hesab AZ41NABZ 013601**********3944, SFİFT BİK CTREAZ22 hesaba, 67,20 (altmış yeddi manat iyirmi qəpik) manat pul tutulub "xxxx" ASC Xətai filialı, kod 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, benefisiarın hesabı AZ23AİİB********************, VÖEN ********** köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 dekabr 2021-cu il tarixli qərarı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-144/2021 nömrəli iş üzrə 04 may 2021-ci il tarixli qətnaməsinin ləğv olunması və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçılar İddiaçı1 və İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2332 nömrəli bağ torpaq sahəsinə icarə hüququ olmayan şəxs hesab edilməsi, adına verilmiş Corat bağlar ərazisində 2332 ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi ilə bağlı xx.xx.2016-cı il tarixli, 2V-532 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və xx.xx.2016-cı il tarixli, 3m-676 reyestr nömrəli miras payın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağ torpaq sahəsi ilə bağlı Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 4Ə-299 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 adına verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2332 nömrəli bağ torpaq sahəsinə icarə hüququ olmayan şəxs hesab edilməsi, adına verilmiş Corat bağlar ərazisində 2332 ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi ilə bağlı xx.xx.2016-cı il tarixli, 2V-532 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və xx.xx.2016-cı il tarixli, 3m-676 reyestr nömrəli miras payın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağ torpaq sahəsi ilə bağlı Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 4Ə- 299 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 adına verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2333d və B-2333b nömrəli bağ torpaq sahələrinin mülkiyyətçiləridirlər. Həmin torpaq sahələrindən sahəsi 0,06 ha olan 2333d nömrəli bağ sahəsinə dair Sumqayıt bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 29 nömrəli qərarı ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin torpaq sahəsinin sənədləşdirilməsinə etiraz etməməsi barədə 02/1279 nömrəli, xx.xx.2005-ci il tarixli rəyi və torpaq sahəsinin planı əsasında əvvəlcə X9 adına JN-2087B nömrəli (kod ********), xx.xx.2005-ci il tarixli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmış və bundan sonra İddiaçı1 həmin torpaq sahəsini Sumqayıt şəhəri 6 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 4Ə/1-42 nömrəli, xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında əldə edərək, onun adına JN2703B (kod ********) nömrəli, xx.xx.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Digər sahəsi 0,06 ha olan 2333b nömrəli bağ sahəsi isə Sumqayıt bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 32 nömrəli qərarı, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin torpaq sahəsinin sənədləşdirilməsinə etiraz etməməsi barədə 02/1280 nömrəli, xx.xx.2005-ci il tarixli rəyi və torpaq sahəsinin planı əsasında əvvəlcə X10 adına JN2435B nömrəli (kod ********), xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmış və bundan sonra İddiaçı2 həmin torpaq sahəsini Sumqayıt şəhəri 6 saylı dövlət notariat kontorunun təsdiq etdiyi 4Ə/1-43 nömrəli, xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında əldə edərək, İddiaçı2 adına JN-2701B (kod ********) nömrəli, xx.xx.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Onlar qeyd edilən torpaq sahələrinin mülkiyyətçiləri olmaqla vaxtaşırı oraya baş çəkmiş, lakin torpaq sahəsi üzərində heç bir tikinti işləri aparmamışlar. Bu yaxınlarda torpaq sahəsinə baş çəkərkən, torpaq sahəsinin ərazisində hasar tikilməsini görmüş və müəyyən etmişlər ki, həmin torpaq sahəsinə başqa bir şəxsin də hüquqmüəyyənedici sənədləri mövcuddur. Bundan sonra onlar məsələni dəqiqləşdirmək üçün Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və orada sənədlərə baxış keçirərkən müəyyən edilmişdir ki, həqiqətən də eyni torpaq sahəsinə dair başqa şəxsin də hüquqmüəyyənedici sənədləri mövcuddur. 2 saylı Ərazi İdarəsində bildirmişlər ki, torpaq sahələrinin qeydiyyat nömrələri fərqli olsa da (iddiaçılarda 2333, cavabdehdə isə 2332) eyni torpaq sahələridir və hər iki şəxsdə mülkiyyət hüquqlarına dair sənədlər mövcuddur. Bununla bağlı məhkəməyə müraciət edilməsinin zəruri olduğunu tövsiyə etmişlər. Məsələni dəqiqləşdirmək üçün Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə sorğu göndərilmiş və sorğuya əsasən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2332 saylı bağ torpaq sahəsi Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli, 4580 nömrəli Bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqaviləsi əsasında X3 adına qeydiyyata alınmış və xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt “ASAN” xidmət mərkəzinin notariusu tərəfindən təsdiq olunmuş xx.xx.2016-cı il tarixli, 2V-532 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2016-cı il tarixli, 3m-676 reyestr nömrəli miras payın bağışlanma müqaviləsi əsasında Cavabdeh2 adına qeydiyyata alınmış və xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Mübahisəli torpaq sahəsi Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq olunmuş xx.xx.2016-cı il tarixli, 4Ə-299 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyata alınmış və xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Torpaq sahələri barədə dövlət reyestrində əlavə məlumatın olmadığı bildirilmişdir. Göründüyü kimi eyni torpaq sahələrinə fərqli nömrə ilə qeydiyyata alınmaqla başqa şəxsin də adına mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış verilmişdir. Hətta sənədlərdə torpaq sahələrinin xəritədən görüntüsünə nəzər yetirdikdə həmin torpaq sahələrinin eyni ərazidə olan eyni torpaq sahəsi olduğu müəyyən edilir. Bu isə onların Azərbaycan Respublikası Konstitusiyasına əsasən dövlət tərəfindən müdafiə olunan mülkiyyət hüquqlarının kobud şəkildə pozulması deməkdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Sumqayıt Şəhər Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə çıxarılarkən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, bununla da ədalətsiz məhkəmə qətnaməsi çıxarılmışdır. Belə ki, onların mülkiyyətlərində olan bağ torpaq sahələrini X7 Sumqayıt şəhəri 6 saylı dövlət notariat kontorunun təsdiq etdiyi 4Ə/1-42 saylı və 4Ə/1-43 saylı, xx.xx.2006-cı il tarixli alqı-satqı müqavilələri əsasında alaraq adlarına JN-2703B və JN-2701B (kod ********) saylı, xx.xx.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr əldə etmişlər. Onlar qeyd edilən torpaq sahələrinin mulkiyyətçilərı olmaqla vaxtaşırı oraya baş çəkmiş, lakin həmin ərazidə kommunikasiya və kanalizasiya xətləri olmadığından torpaq sahəsi üzərində heç bir tikinti işləri aparmamışlar. Həmin torpaq sahəsində hasar çəkilməsi prosesini gördükdə müəyyən etmişlər ki, bu torpaq sahəsinə başqa bir şəxsin də hüquqi sənədləri mövcuddur. Məsələni dəqiqləşdirmək üçün Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsində olduqda orada sənədlərə baxaraq bildirmişlər ki, həqiqətən də eyni torpaq sahəsinə dair başqa şəxsin də çıxarışı mövcuddur, torpaq sahələrinin qeydiyyat nömrələri fərqli olsa da (onlarda 2333, cavabdehdə isə 2332) eyni torpaq sahələridir və hər iki şəxsdə mülkiyyət hüquqlarına dair sənədlər mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli bağ torpaq sahəsi ilə bağlı Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi və mərhum X11 arasında bağlanmış xx.xx.1982-ci il tarixli, 4580 saylı Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə müqaviləyə əsasən sahəsi 0,20 ha olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2332 saylı bağ torpaq sahəsi sonuncuya icarəyə verilmişdir. Müqavilədən görünür ki, icarə müqaviləsinin müddəti 1991-ci ilədək müəyyən edilmişdir. X11 1998-ci il tarixdə vəfat etmişdir. xx.xx.2016-cı il tarixli, 2V-532 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2016-cı il tarixli, 3m-676 reyestr nömrəli miras payın bağışlanma müqaviləsi əsasında həmin bağ torpaq sahəsi Cavabdeh2 adına qeydiyyata alınmış və xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq olunmuş xx.xx.2016-cı il tarixli, 4Ə-299 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən həmin bağ sahəsi Cavabdeh1 adına qeydiyyata alınmış və xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Mübahisəli bağ torpaq sahəsi ilə bağlı Sumqayıt bələdiyyəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, X2 bağlar zonasında sahəsi 0,06 ha olan 2333d saylı bağ sahəsinə neçə illərdir qulluq etdiyindən və orada meyvə ağacları əkdiyindən Sumqayıt bələdiyyəsinə müraciət edərək həmin sahənin sənədləşdirilərək mülkiyyətinə verilməsini xahiş etmişdir. Müraciəti nəzərə alınaraq Sumqayıt bələdiyyəsinin 30 iyun 2005-ci il tarixli qərarına əsasən Corat bağları ərazisində sahəsi 600 kv.m olan 2333d saylı bağ torpaq sahəsinin X9 mülkiyyətinə verilməsi qərara alınmışdır. Tərəflər arasında həmin bağ torpaq sahəsinin alqı-satqısı həyata keçirilmişdir. Sahəsi 0,06 ha olan 2333b saylı digər bağ torpaq sahəsi ilə bağlı alqı-satqı və sənədləşmə eyni qaydada X15 ilə Sumqayıt bələdiyyəsi arasında həyata keçirilmiş və Sumqayıt bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 32 saylı qərarı ilə həmin bağ sahəsinin onun mülkiyyətinə verilməsi qərara alınmışdır. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 bildirmişdir ki, mərhum atası X11 ilə Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi arasında bağlanmış xx.xx.1982-ci il tarixli, 4580 saylı Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə müqaviləyə əsasən sahəsi 0,20 ha olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2332 saylı bağ torpaq sahəsi sonuncuya icarəyə verilmiş, atasının sağlığında torpaq sahəsi üzərində 100 ədəd şam ağacı əkilmiş və orada budka da yerləşdirmişdilər. Lakin atası vəfat etdikdən sonra o, torpaq sahəsinə baş çəkməmişdir. 2016-cı ildə qapılarını bir nəfər şəxs döyərək atasının adına torpaq sahəsinin olduğunu və satmaq istəyib-istəməməsini soruşmuşdur. Beləliklə 2000 manat müqabilində torpaq sahəsini həmin şəxsə satmışdır. Lakin sənədlərdən müəyyən olunur ki, Cavabdeh2 həmin şəxsə etibarnamə vermiş və həmin şəxs də etibarnamə əsasında torpağın sənədləşmə işlərini həll edərək dövlət reyestrində qeydiyyata aldırmış və bundan sonra Cavabdeh1 satmışdır. Məhkəmə mübahisəli torpaq sahəsinə yerli baxış keçirərkən də orada Cavabdeh2 qeyd etdiyi kimi hər hansı ağac əkilməsi və yaxud budka yerləşdirilməsinin şahidi olmamışdır. Boş torpaq sahəsi və ətrafında vətəndaşlara məxsus bağ sahələri və tikililər olmuşdur. Torpaq sahələrinin üst-üstə düşməsi və digər məsələlərlə bağlı vəsatətləri əsasında məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında coxsaylı suallar qoyulmuşdur. Əsasən də o sual qoyulmuşdur ki, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə mərhum X11 arasında bağlanmış xx.xx.1982-ci il tarixli, 4580 saylı bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqaviləyə əsasən sahəsi 0,20 ha olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2332 saylı bağ torpaq sahəsi hansı ərazidə yerləşir və Cavabdeh1 hazırda mülkiyyətində olan Corat bağlar ərazisində yerləşən 2332 saylı sahəsi 0,12 ha olan bağ torpaq sahəsi Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə mərhum X11 arasında bağlanmış xx.xx.1982-ci il tarixli, 4580 saylı Bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqaviləyə əsasən sahəsi 0,20 ha olan bağ torpaq sahəsinin hansı hissəsini təşkil edir. Lakin ekspertiza qarşısında qoyulmuş suallara cavab verilməmiş və suallar üzrə cavabların müəyyənləşdirməsinin mümkün olmadığı qeyd edilmişdir. Cavabdeh1 verilmiş çıxarışda olan sahənin mübahisəli torpaq sahəsi olduğu göstərilmişdir. Buna əsaslanan məhkəmə də iddianı rədd etmişdir. Lakin Cavabdeh1 aldığı mübahisəli torpaq sahəsi X3 xx.xx.1982ci il tarixli, 4580 saylı Bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqaviləsinə əsasən sahəsi 0,20 ha olan bağ torpaq sahəsinin 0,12 hissəsini təşkil edir. Həmin müqavilədə (yaxud müqavilənin əlavəsində) torpaq sahəsinin koordinatları, yaxud xəritəsi olmadığından həmin sahənin məhz Cavabdeh1 hazırda mülkiyyətində olan torpaq sahəsi olması heç bir mötəbər sübutla təsdiq edilmir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2009-cu il tarixli, 47 saylı əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavədə göstərilmişdir ki, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının istifadəsindəki bağ sahələri üzərində hüquqların ilkin dövlət qeydiyyatı uçun tələb olunan sənədlər sırasında bağ sahəsinin planı və ölçüsü qeyd edilmişdir. Onların torpağınmülkiyyətə verilməsinə dair şəhadətnamələrində və əlavəsində Sumqayıt bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 29 saylı qərarı, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin torpaq sahəsinin sənədləşdirilməsinə etiraz etməməsi barədə 02/1279 saylı, xx.xx.2005-ci il tarixli rəyi və torpaq sahəsinin planı mövcuddur. Mübahisəli məsələ ilə bağlı analoji proseslər əvvəllərdə məhkəmələrin icraatında olmuş və analoji işlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı mövcuddur və həmin qərarda mübahisəli məsələ ilə bağlı bir sıra hüquqi məsələlər qeyd edilmişdir. Analoji proseslər də hazırki mübahisəli bağ torpaq sahəsi ilə bağlı verilmişdir. Belə ki, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə mərhum X11 arasında bağlanmış xx.xx.1982-ci il tarixli, 4580 saylı Bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqavilənin müddəti 1991-ci ildə bitməsindən sonra onun özü tərəfindən uzadılmamış və yaxud onun vəfatından sonra ailə üzvlərindən heç biri müqavilənin uzadılması ilə bağlı müraciət etməmişlər və bundan başqa həmin bağ sahəsindən istifadə edilməmiş, bağa aqrotexniki qulluq göstərilməmiş və bağ sahəsi baxımsız qalmışdır. Hazırki mülki işin müəyyən edilmiş hallarından da görünür ki, Cavabdeh2 mübahisəli torpaq sahəsi üzərində icarə hüquqlarını həyata keçirilmək üçün müraciət etməmişdir. Yalnız xx.xx.2016-cı il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etdikdən sonra mübahisəli bağ torpaq sahəsini adına qeydiyyata aldırmış və qısa bir müddətdən sonra xx.xx.2016-cı il tarixdə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi isə mübahisəli bağ torpaq sahəsini X3 adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alarkən həmin torpaq sahəsinə dair mərhumun icarə müqaviləsinin hüquqi qüvvəsinin olub-olmamasını nəzərə almamışdır. Eyni zamanda həmin bağ torpaq sahəsi ilə bağlı qeydiyyat hərəkətləri aparılarkən artıq torpaq sahəsinin onların qanuni mülkiyyətində olmasına baxmayaraq kobud pozuntuya yol verilərək cavabdehlərin adına rəsmiləşdirərək çıxarış vermişdir. Corat bağlar zonasında yerləşən sahəsi 0,06 ha olan 2333d saylı bağ sahəsini X9 və sahəsi 0,06 ha olan 2333b saylı digər bağ torpaq sahəsini X10 mülkiyyətlərinə verilməsi barədə 30 iyun 2005-ci il tarixli və 12 iyul 2005-ci il tarixli qərarlar qəbul edərkən Sumqayıt bələdiyyəsi tam səlahiyyətli olmuş, yəni həmin bağ torpaq sahələri heç bir şəxsin icarəsində və ya mülkiyyətində olmamışdır. Bu səbəbdən də mübahisəli bağ torpaq sahələrini qanuni yolla əldə etdiklərindən həmin bağ torpaq sahələrinin yeganə mülkiyyətçiləri hesab edilməlidirlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Bələdiyyəsi Sumqayıt Şəhər Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi əsassız və ədalətsizdir, maddi və prosessual hüquq normalarının aşkar pozuntuları ilə, habelə iş üzrə mövcud olan halların və faktların düzgün qiymətləndirilməməsi ilə çıxarılmışdır. Məhkəmə irəli sürülmüş tələblərə hüquqi qiymət verərkən torpağın hüquqi statusu barədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən də görünür ki, Corat bağları ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan 2333d saylı bağ torpaq sahəsi Sumqayıt bələdiyyəsinin 30 iyun 2005-ci il tarixli, 29 saylı iclasının qərarı ilə X9, Corat bağları ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan B2333b saylı bağ torpaq sahəsi Sumqayıt bələdiyyəsinin 12 iyul 2005-ci il tarixli, 32 saylı iclasının qərarı ilə X10 mülkiyyətinə verilmişdir. Sonradan 28 yanvar 2006-cı il tarixdə Sumqayıt şəhər 6 saylı notariat kontorunda bağlanmış alqı-satqı müqavilələri əsasında Corat bağları ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan 2333d saylı bağ torpaq sahəsi İddiaçı1, Corat bağları ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan B-2333b saylı bağ torpaq sahəsi isə İddiaçı2 satılmışdır. Adı çəkilən alqı-satqı müqavilələri əsasında keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən 2006-cı ilin mart ayında mübahisələndirilən müvafiq bağ torpaq sahələrinə dair iddiaçıların adına Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr verilmişdir. Belə olan halda mərhum X3 və Cavabdeh2 adlarına qanunsuz şəkildə verilmiş reyestr çıxarışları ilə Cavabdeh2 özünə məxsus olmayan bələdiyyə mülkiyyətinə aid edilərək yuxarıda qeyd olunmuş qaydada özgəninkiləşdirilmiş torpaq sahələrini birləşdirərək Cavabdeh1 satması qanuni hesab edilə bilməz və tərəflər arasında həyata keçirilmiş torpaq sahəsinə dair alqı-satqı əqdi əhəmiyyətsiz əqd kimi etibarsız sayılmalıdır. Belə ki, cavabdehlərin mülkiyyət hüququ 2016-cı ildə, iddiaçıların mülkiyyət hüququ isə 2006-cı ildə dövlət qeydiyyatından keçmişdir. Məhkəmə bu halı nəzərə almamış, buna qiymət verməmişdir. Məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələblərini rədd etməklə həm onların mülkiyyət hüquqlarını, həm də Sumqayıt bələdiyyəsinin torpaq sahələrinin keçmiş mülkiyyətçisi kimi sahiblik hüququnu kobud şəkildə pozmuşdur. Belə ki, mübahisələndirilən torpaq sahələri Sumqayıt bələdiyyəsinin mülkiyyətində olmuş və qanuni şəkildə X9 və X10 mülkiyyətinə verilmişdir. Belə olan halda Cavabdeh2 bələdiyyə mülkiyyətində olmuş və bələdiyyə qərarları ilə X9 və X10 mülkiyyətinə verilmiş sonuncular tərəfindən də 2006-cı ildə iddiaçılara satılaraq onların mülkiyyəti kimi dövlət qeydiyyatından keçmiş torpaq sahələrini öz mülkiyyəti kimi dövlət qeydiyyatından keçirməsi və digər şəxsə satması hər hansı şəkildə qanuni sayıla bilmədiyi kimi, bu cür qanunsuz alqı-satqı əməliyyatları nəticəsində torpaq sahələrini əldə etmiş şəxsin də torpağın qanuni alıcısı sayılması əsaslı hesab edilə bilməz. Həmçinin məhkəmə iş materiallarında olan sənədlərə və ekspert tərəfindən verilmiş rəyə yanaşmada ziddiyyətli fikirlərə və aşkar səhvlərə yol vermişdir. İşdə olan sənədlərdən görünür ki, 2332 saylı bağ torpaq sahəsi kimi təqdim olunan torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı həyata keçirilərkən DƏDRX-nin 2 saylı Ərazi İdarəsində torpağın texniki pasportu və sxemi tərtib olunmamışdır. Bununla da mərhum X3 adına hüquq müəyyənedici sənəd verilərkən DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10-cu maddəsində birbaşa göstərilmişdir ki, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd. Göründüyü kimi mərhum X3 və sonradan cavabdehlərin mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilərkən qanunun tələblərinə zidd olaraq qanunvericiliklə müəyyən edilmiş aidiyyəti dövlət qurumu tərəfindən hazırlanmalı olan torpaq sahəsinin planı və ölçüsü ərizəyə əlavə edilmədən hüquqların dövlət qeydiyyatı həyata keçirilmişdir. Məhkəmə aşkar olan bu kimi faktlara və sübutlara düzgün hüquqi qiymət vermək əvəzinə qanunsuzluğa yol verməyi üstün tutmuşdur. Məhkəmə DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin mərhum X3 torpaq sahəsi üzərində hüququnu dövlət qeydiyyatından keçirərkən hansı əsasla mübahisələndirilən torpaq sahəsinin məhz həmin torpaq sahəsi olduğu qənaətinə gəldiyini araşdırmamış, eyni zamanda DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin yüklü torpaq sahəsi üzərində mərhum X3 mülkiyyət hüququnu dövlət qeydiyyatına almasına da hər hansı hüquqi qiymət verməmişdir. Halbuki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin nümayəndəsinin məhkəmədə bildirdikləri əsassız olmaqla yanaşı, DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin mərhum X3 torpaq sahəsi üzərində hüququnu dövlət qeydiyyatından keçirərkən yol verdiyi aşkar qanun pozuntusunu ört-basdır etmək məqsədi daşıyır. Belə ki, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bütün kadastr baza məlumatları hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müxtəlif qurumlarında, o cümlədən DƏDRX-nin 2 saylı Ərazi İdarəsində saxlanılır. Sadəcə olaraq cavabdeh DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin nümayəndələri lazımi araşdırma aparmadan yüklü torpaq sahəsi üzərində mərhum X3 hüququnu dövlət qeydiyyatından keçirmişlər. Məhkəmənin qətnamə çıxararkən ekspert rəyinə istinad etməsini də əsassız hesab edir. Çünki ekspert faktiki olaraq müxtəlif bəhanələr gətirməklə verilən suallara aydınlıq gətirməkdən yayınmışdır. Halbuki iddiaçıların şəhadətnamələri mülkiyyət hüququna dair sənəd olmaqla yanaşı bu sənədlərdə olan məlumatlar, o cümlədən torpağın koordinatları haqqında məlumatlar X12 saxlanılır. Ekspertin guya koordinatları müəyyənləşdirə bilməməsi səbəbindən torpaqların üst-üstə düşüb-düşməməsinə aydınlıq gətirə bilməməsi barədə verdiyi rəy iddia tələblərinin rədd edilməsi üçün əsas hesab edilə bilməz. Həmçinin məhkəmənin Cavabdeh2 və digər vərəsələrin adlarına verilmiş vərəsəlik hüququna dair şəhadətnamələr barədə münasibətini də düzgün saymır. İşdə olan sənədlərdən də görünür ki, X11 1998-ci ildə vəfat etdiyi halda vərəsəlik hüququna dair sənədlər 2016-cı ildə tərtib olunmuşdur. Halbuki mübahisələndirilən torpaq sahəsi həmin vaxtadək iddiaçıların faktiki istifadəsində olmuşdur. Bütün bu hallar məhkəmənin işə qərəzli şəkildə yanaşdığını, obyektiv və hərtərəfli məhkəmə baxışının həyata keçirilmədiyini göstərir. Bütün sadalanan hallar çıxarılmış məhkəmə qətnaməsinin iddiaçılarla yanaşı, Sumqayıt bələdiyyəsinin də hüquqlarını pozduğu qənaətinə gəlməyə əsas verir. Göründüyü kimi məhkəmə sadalanan qanun normalarını tətbiq edərək iddiaçıların iddia tələblərinə düzgün hüquqi qiymət verməli olduğu halda bunu etməmişdir. Cavabdeh2 da etiraf etdiyi kimi torpaq sahəsindən atası istifadə etmişdir. Atası vəfat etdikdən sonra isə bağa gedib-gələn olmamışdır. Eyni zamanda iş materiallarında mərhum X3 da torpaqdan vəfat edənədək istifadəsini təsdiq edən hər hansı sübut yoxdur. X11 ilə 2332 saylı bağ torpaq sahəsinə dair torpaq icarə müqaviləsi 27 dekabr 1982-ci il tarixdə bağlanılmış və qüvvədə olma müddəti 1992-ci il tarixədək nəzərdə tutulmuşdur. 1992-ci il tarixdən sonra nə X11, nə də onun ailə üzvləri torpaqdan istifadə etməmişlər. Bu səbəbdən 2332 saylı bağ torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun normaları əsasında X3 əvəzsiz mülkiyyətinə verilə bilməzdi və DƏDRX-nin 2 saylı Ərazi İdarəsi X3 hüququnu dövlət qeydiyyatına alarkən aşkar qanun pozuntusuna yol vermişdir. Məhkəmə sadalanan qanun normalarını düzgün tətbiq etməyərək sözügedən torpaq sahəsi üzərində Sumqayıt bələdiyyəsinin “Torpaq islahatı haqqında” qanuna uyğun olaraq yaranmış mülkiyyət hüququnu tamamilə nəzərə almamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı1 apellyasiya apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçıların nümayəndəsi Vəkil2 apellyasiya şikayətlərini müdafiə edərək onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdeh Sumqayıt Şəhər Bələdiyyəsinin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh1 nümayəndəsi Vəkil1 apellyasiya şikayətlərini qəbul etməyərək onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətlərini qəbul etməyərək onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən mütəxəssis X6 izahatında bildirdi ki, hazırki iş üzrə qərardaddda qoyulmuş birinci sual üzrə JN-2703B və JN-2701B nömrəli şəhadətnamələrdə verilmiş ölçülər mövcud torpaq sahəsinin faktiki vəziyyətdəki ölçülərinə qismən uyğundur. JN-2703B və JN-2701B nömrəli şəhadətnamələrdə götərilən torpaq sahələrinin yeri naturada mövcud olan torpaq sahəsi ilə üst-üstə düşür. Müvafiq rəydə qismən uyğunluq ona görə qeyd edilmişdir ki, əvvəllər torpaq sahələri GPS alətləri vasitəsilə ölçülmüşdü. Bu səbəbdən koordinatlar tam şəkildə uyğun olmadığına görə qismən uyğunluq təşkil edir. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən mütəxəssis X8 izahatında bildirdi ki, hazırki iş üzrə mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ 2016-cı ildə tanınıb. Vətəndaş bağ müqaviləsi ilə müraciət edən zaman icarə müqaviləsində mübahisəli torpağın 20 sot olduğu qeyd edilsə də, torpağın faktiki sahəsi 12 sot olub. Bundan sonra torpaq sahəsinin azaldılması barədə vətəndaşın yazılı ərizəsi alınıb. Arxiv sənədlərində mövcud olan mühəndisin yazılı müayinə aktına əsasən mübahisəli torpaq sahəsinə yerli baxış zamanı üç tərəfdən mişar daşından tikilmiş hasarlı olub, bir tərəfdən isə hasarlanmadığından qarşısı açıq, boş sahə olub. Vətəndaş torpaq sahəsi üzərində mülkiyyət hüquqları rəsmiləşdirən zaman icarə müqaviləsi ilə müraciət edərkən torpaq sahəsinin sxemi olmayıb. Sxem olmadığına görə faktiki yerə uyğun vəziyyətə olması barədə kadastr olaraq rəy verməmişlər. Sadəcə olaraq mübahisəli torpağın sahəsi qonşu sahənin bağları ilə qismən uyğun gəldiyinə görə icra edilib. Şəhadətnamələri indiki vəziyyətdə koordinata gətirmişlər. İddiaçının iddia etdiyi JN-2703B və JN-2701B nömrəli şəhadətnamələrdə götərilən torpaq sahələrinin yeri mübahisəli torpaq sahəsi ilə qismən üst-üstə düşür. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, ünvan 1 ünvanlayaraq prosesə iştirakları olmadan baxılmasını xahiş etmiş, Cavabdeh2 isə iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini Elnur və İddiaçı2ların xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən hər biri 600 kv.m olan 2333d və B-2333b nömrəli bağ torpaq sahəsinin ləğv edilmiş DTXKsi tərəfindən mülkiyyətə verilməsinə dair JN-2703B Kod 30900016 və JN-2701B Kod 30900016 şəhadətnamələrdə torpaq sahəsinin koordinatları göstərilmədiyindən və xəritə məlumatlarında şəhadətnamələrin yerləşmə sxemləri ilə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) olduğundan, Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhər, Corat bağlar ərazisində 0,12 ha torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əlavə edilmiş torpaq sahəsinin plan ölçüsündə göstərilən koordinatlar ilə naturada üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün olmaması ilə əsaslandırmış, məhkəmənin gəldiyi bu nəticə apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış, bu nəticə ilə razılaşmayan kassasiya instansiyası məhkəməsi ekspertiza rəyinin iddiaçıların məhkəmənin mülkiyyət hüququnu təsdiq edən torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamələrdə (JN 2703B kod 30900016 və JN2701B kod ********) əks olunmuş sxemə uyğun olaraq deyil, ondan fərqli olan və vətəndaşın həqiqiliyini müəyyən etmək imkanı olmayan daxili məlumatlara əsasən aparılmasının MM-nin 140-cı maddəsi ilə nəzərdə tutulmuş daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası baxımından qanunauyğunluğuna qiymət verilmədiyi, ekspertiza rəyinin iddiaçılar tərəfindən həmin torpaq sahələrinin ilkin torpaq ayırma sxeminin təqdim olunmadığına əsaslanılsa da, həmin arxiv sənədlərinin aidiyyəti orqandan tələb edilməsi üzrə ekspert tərəfindən hər hansı vəsatət verilmədən tərtib edilməsi, eyni zamanda, iddiaçıların şəhadətnamələrində əks olunmuş yerləşmə sxemləri ilə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqların olduğu halda, bu uyğunsuzluğun nədən ibarət olması, şəhadətnamədəki sxemə uyğun vəziyyətin və faktiki vəziyyətin nədən ibarət olmasının açıqlanmaması qeyd etməklə işi yeni apellyasiya baxışına göndərmiş, qətnaməni yenidən qüvvədə saxlamış apellyasiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan kassasiya instansiyası məhkəməsi ikinci apellyasiya baxışı zamanı yenidən ekspertiza təyin edilərək rəy alınsa da, faktiki olaraq ekspertiza təyin edilməsinə dair qərardadda əvvəlki qərardadın məzmunu ilə eynilik təşkil edən suallar qoyulması, bunun da kassasiya instansiyası məhkəməsinin göstərişlərin icra olunmaması ilə nəticələnməsi, məhkəmənin həm iddiaçı, həm də cavabdehə ayrılmış torpaq sahələrinin ilkin ayrılma sənədlərini, bu sənədləri saxlayan orqanlardan tələb edilməsi müzakirə olunmalı, bundan sonra mübahisə üzrə işin düzgün və hərtərəfli araşdırılmaya yardım göstərə biləcək suallar müəyyən olunaraq (müəyyən edilmiş situasiyalara uyğun) ekspertiza tədqiqatına təqdim olunmalı, torpaq sahəsinin onu ayıran şəxslərin hansının mülkiyyətində olmasını müəyyən etməli, hər iki tərəfin mülkiyyət hüququnu təsdiq edən sənədlərə malik olmasını nəzərə alınaraq müvafiq reyestrdə aparılmış qeydiyyatların təfsilatını özündə əks edirən göstəricilərin ekspertə təqdim olunması təmin etməli, mübahisələndirilən torpaq sahəsinin tərəflərin malik olduqları hüquqmüəyyənedici sənədlərin verilməsi zamanı müəyyən edilən koordinatlara və müvafiq göstərişlərin icrası ilə bağlı əldə ediləcək sənədlər əsasında torpaq sahələrinin eynilik təşkil etməsi və ya üst-üstə düşməsinin müəyyən olunması (şəhadətnamədəki sxemə uyğun vəziyyətin və faktiki vəziyyətin nədən ibarət olmasının müəyyən edilməsi üçün) məqsədi ilə mütəxəssis və ya ekspert rəyinin alınması müzakirə olunması qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırki iş üzrə Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 0,06 ha olan 2333d nömrəli bağ sahəsinə dair Sumqayıt bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 29 nömrəli qərarı ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin torpaq sahəsinin sənədləşdirilməsinə etiraz etməməsi barədə 02/1279 nömrəli, xx.xx.2005-ci il tarixli rəyi və torpaq sahəsinin planı əsasında əvvəlcə X9 adına JN-2087B nömrəli (kod ********), xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanması, bundan sonra İddiaçı1 həmin torpaq sahəsini notariat kontorunda təsdiq etdiyi alqı-satqı müqaviləsi əsasında əldə etməsi və adına JN2703B (kod ********) nömrəli, xx.xx.2006-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilməsi, digər sahəsi 0,06 ha olan 2333b nömrəli bağ sahəsi isə Sumqayıt bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 32 nömrəli qərarı, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin torpaq sahəsinin sənədləşdirilməsinə etiraz etməməsi barədə 02/1280 nömrəli, xx.xx.2005-ci il tarixli rəyi və torpaq sahəsinin planı əsasında əvvəlcə X10 adına JN2435B nömrəli (kod ********), xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanması, daha sonra İddiaçı2 həmin torpaq sahəsini notariat kontorunun təsdiq etdiyi alqı-satqı müqaviləsi əsasında əldə etməsi və sonuncunun adına JN-2701B (kod ********) nömrəli xx.xx.2006-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbləri bağ torpaq sahəsinə icarə hüququ olmayan şəxs hesab edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, miras payın bağışlanma və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddəsi ilə Mülki Məcəllənin 140, 148.2, 149.2, 157, 337 və 1272-ci, “Torpaq icarəsi haqqında” Qanunun 15-ci maddələri təşkil edir. Mövcud iddia tələbi bir neçə tələbdən ibarət olduğundan, Cavabdeh2 torpaq sahəsinə icarə hüququ olmayan şəxs hesab edilməsinə dair ilkin tələb digər tələbləri özündən asılı etdiyindən, məhkəmə kollegiyası ilk öncə həmin tələbə qiymət verilməsini zəruri hesab edir. Ədalətli məhkəmə araşdırılması hüququnu təmin etmək məqsədilə ilk öncə mübahisəli torpaq sahəsinin eyni torpaq sahəsi olduğu, həmin torpaq sahəsinin 1982-ci ildə Sumqayıt şəhər XDS İK-nin qərarı ilə cavabdehin mərhum atası S.Həsənəliyevə ayrılarkən Bağlar Təsərrüfatı İdarəsinin balansında, iddiaçılar əldə edənədək isə Sumqayıt şəhər Bələdiyyəsinin mülkiyyətində olması məhkəmə kollegiyası tərəfindən müəyyənləşdirilmiş və bundan sonra torpaq sahələrini ayıran orqanlara müvafiq sorğular verərək, tərəflərə ayrılmış torpaq sahələrinin ilkin ayrılma sənədlərini tələb edərək müəyyən edilmiş situasiya uyğunluğu (şəhadətnamədəki sxemə uyğun vəziyyətin və faktiki vəziyyətin nədən ibarət olmasının müəyyən edilməsi üçün) məqsədi ilə mütəxəssis və ya ekspert rəyinin alınması üçün ekspertiza təyin edilmişdir. Alınmış 13 oktyabr 2023cü il tarixli ekspert rəyində 2 saylı Sumqayıt Ərazi İdarəsinin 3-21-3-31/2-3164/2023 nömrəli mütəxəssis rəyinə istinadən qeyd olunmuşdur ki, JN-2703B və JN-2701 nömrəli şəhadətnamələrdə verilmiş ölçülər mövcud torpaq sahəsinin faktiki vəziyyətindəki ölçülərinə qismən uyğundur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 3-21-3-31/2-3164/2023 nömrəli mütəxəssis rəyində qeyd olunur ki, JN-2703B və JN-2701B nömrəli şəhadətnamələrdə göstərilən torpaq sahələrinin yeri naturada mövcud olan torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 3-21-3-31/2-3164/2023 nömrəli mütəxəssis rəyində qeyd olunur ki, JN-2703B və JN-2701B nömrəli şəhadətnamələrdə göstərilən torpaq sahəsinin konfiqurasiyası faktiki vəziyyətdə torpaq sahəsinin konfiqurasiyası ilə uyğunluq təşkil edir. 2 saylı Sumqayıt Ərazi İdarəsinin 3-21-3-31/2-3164/2023 nömrəli mütəxəssis rəyində qeyd olunur ki, istifadədə olan məlumat bazasında Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bğlar Təsərrüfatı idarəsi ilə mərhum X11 arasında bağlanmış xx.xx.1982-ci il tarixli, 4580 nömrəli bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqavilə də göstərilən sahəsi 0.20 ha olan Sumqayıt, Corat bağlar ərazisində yerləşən 2332 nömrəli bağ torpağ sahəsinə aid plan, cizgi, sxem və ya eskiz tərtib edilməsi barədə məlumat qeyd edilməmişdir. Apellyasiya baxışı zamanı iş üzrə rəy vermiş həmin mütəxəssislərin dindirilməsi zərurəti yarandığından, X6 və X8 məhkəmə iclasına dəvət olunaraq dindirilərkən hər biri ayrı-ayrılıqda JN-2703B və JN-2701B nömrəli şəhadətnamələrdə götərilən torpaq sahələrinin yeri naturada mövcud olan torpaq sahəsi ilə üst-üstə düşdüyü və mübahisəli torpaq sahəsinin eyni torpaq sahələri olduğu bildirilmişdir. Həmçinin qeyd etmişlər ki, baxmayaraq ki, müqavilə əsasında Cavabdeh1 adına mülkiyyət sənədi və plan ölçü verilsə də, torpaq sahəsinə mərhum Sabir Həsənəliyev adına verilmiş xx.xx.1982-ci il tarixli, 4580 nömrəli bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqavilə də göstərilən sahəsi 0.20 ha olan Sumqayıt, Corat bağlar ərazisində yerləşən 2332 nömrəli bağ torpağ sahəsinə aid plan, cizgi, sxem və ya eskiz tərtib edilməsi barədə heç bir məlumat qeydə alınmamışdır. Mülki Məcəllənin 139.1 və 139-1.1.7-ci maddələrinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvercilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış dövlət qeydiyyatı üçün əsas hesab olunur. Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 0,06 ha olan 2333d nömrəli və 0,06 ha olan 2333b nömrəli bağ sahələrinə Sumqayıt Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 29, 32 nömrəli qərarları, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin torpaq sahəsinin sənədləşdirilməsinə etiraz etməməsi barədə 02/1279 və 02/1280 nömrəli xx.xx.2005-ci il tarixli rəyləri ilə əvvəlcə X15 ilə X9 adına JN2435B nömrəli (kod ********), xx.xx.2005-ci tarixli, JN-2087B nömrəli (kod ********), xx.xx.2005-ci il tarixli, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr hazırlanmaqla iddiaçılar Zamir və İddiaçı1la həmin torpaq sahəsinə dair alqı-satqı müqavilələri bağlamaqla sonuncuların adına JN-2701B (kod ********) nömrəli xx.xx.2006-cı il tarixli, JN2703B (kod ********) nömrəli xx.xx.2006-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr verilmişdir. Mülki Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsinə əsasən 2006-ci il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanununun 8-ci maddəsinə əsasən “bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri hüquqları təsdiq edən aktlar “daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi iddiaçıların mübahisəli torpaq sahələrinə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 və onunla bağlanmış alqı-satqı müqaviləsi əsasında əldə etmiş Cavabdeh1 təxminən 10 il əvvəl qeydə alınmışdır. İşdən görünür ki, eyni torpaq sahəsi dövlət tərəfindən iki dəfə müxtəlif şəxslərin adına iki fərqli tarixdə və fərqli nömrələr ilə rəsmi dövlət qeydiyyatına alınmış və həmin dövrdə buna dair mülkiyyəti təsdiq edən müvafiq rəsmi sənədlər verilmişdir. Eyni torpaq sahəsinə dair müxtəlif tarixlərdə verilən bu mülkiyyət sənədlərləri əsasında da alqı-satqı və bununla bağlı mülkiyyət hüququnu təsdiq edən sənəd verilmişdir. Belə ki, mübahisəli 0,12 ha torpaq sahəsinin 0,06 ha hissəsi əvvəlcə xx.xx.2005-ci il tarixində X9 adına JN-2087B nömrəli (kod ********) mülkiyyət olaraq rəsmi dövlət qeydiyyatına alınmış və daha sonra onun tərəfindən 20 yanvar 2006-cı il tarixli alğı-satqı müqaviləsi əsasında İddiaçı1 adına JN2703B (kod ********) mülkiyyət olaraq rəsmi dövlət qeydiyyatına alınmışdır. Həmin mübahisəli 0,12 ha torpaq sahəsinin digər 0,06 ha hissəsi isə JN2435B (kod ********) nömrə ilə əvvəlcə 17 dekabr 2006-cı ildə mülkiyyətçi olaraq X10 adına rəsmi dövlət qeydiyyatına alınmış, daha sonra xx.xx.2006-cı il tarixli alğı-satqı müqaviləsi əsasında həmin bu torpaq sahəsi xx.xx.2006-cı il tarixində mülkiyyətçi olaraq İddiaçı2 adına rəsmi dövlət qeydiyyatına alınmışdır. Lakin mübahisəli 0,12 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixində 27 noyabr 1998-ci il tarixində vəfat etmiş olan X3 adına icarə müqaviləsi əsasında ********** nömrəli rəsmi dövlət qeydiyyatına alınmış, daha sonra 25 iyun 2016-cı il tarixdə Sumqayıt ASAN xidməti tərəfindən verilən vərəsəlik haqqında şəhadətnamə əsasında 27 noyabr 1998-ci il tarixində vəfat etmiş olan X1 qalan miras əmlak kimi sözügedən 0,12 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixində mülkiyyətçi olaraq onun oğlu Cavabdeh2 adına rəsmi dövlət qeydiyyatın alınmışdır. Bundan sonra sonuncu xx.xx.2016-cı il tarixdə alğı-satqı müqaviləsi ilə torpaq sahəsini Cavabdeh1 satmış və bu əqd əsasında xx.xx.2016-cı il tarixdə torpaq sahəsinə Cavabdeh1 adına çıxarış verilmişdir. Göründüyü kimi mövcud məhkəmə mübahisəsinin həlli mübahisəli torpaq sahəsi ilə mülkiyyət hüququnun kim və ya kimlərə mənsub olması ilə bağlıdır. Qeyd olunmalıdır ki, tərəflər arasındakı hüquqi mübahisənin həlli baxımından Cavabdeh1 münasibətdə vicdanlı əldə etmə institutunun tətbiqini mümkünsüz edir, ona görə ki, kökündə daşınmaz əmlakın dövlət reyestrinin tamlığı və düzgünlüyünə dair etimadın qorunmasına əsaslanan vicdanlı əldə etmə ilə bağlı qaydalar daşınmaz əşya ilə bağlı rəsmi dövlət reyestrində yalnız bir qeydiyyat nömrəsinin (səhifəsinin) olması hallarını nəzərdə tutmuşdur. Başqa sözlə, istər “etimadın qorunması prinsipi”, istər Mülki Məcəllənin 5-ci fəslinin 2-ci paraqrafında yer alan müddəalar, istərsə də daşınmaz əmlakın dövlət reyestri haqqında qanun tamamilə daşınmaz əmlakla bağlı yalnız bir nömrənin verilməsi hallarını tənzimləyir. Odur ki, bir daşınmaz əmlak ilə bağlı iki ayrı qeydiyyatın aparıldığı hallar Mülki Məcəllənin 140-cı maddəsində qeyd olunan “daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezmupsiyası” əsaslanan vicdanlı əldə etmə ilə bağlı Mülki Məcəllənin 148.2 və 149-cu maddələrinin tətbiq dairəsi (dispozisiya şərtləri) xaricindədir. Mülki Məcəllənin 140, 148.2 və 149-cu maddələrində nəzərdə tutulan müddəaların bir daşınmaza dair 2 ayrı nömrənin verilməsi hallarında istifadə edilməsi bu qaydaların xidmət etdiyi məqsəd və funksiyaların xaricində olmaqla, həm də praktiki cəhətdən də mümkün deyil, ona görə ki, bir daşınmaz əşya ilə bağlı bir neçə qeydiyyatın eyni vaxtda mövcud olması onlardan hər hansı birini vicdanlılıq baxımından əldə edilməsini faktiki olaraq mümkünsüz edir. Belə ki, hər iki qeydiyyatın açıq olduğu və bu səbəblə də hər kəs tərəfindən bilindiyi qəbul edilərsə, onda bu qeydiyyatlardan hər hansı birinə əsaslanıb mülkiyyət hüququ əldə etmək istəyən şəxsin digər qeydiyyatdan da xəbərdar olmasının qəbul edilməsi qanuni və hüquqi bir məcburiyyətdir (MM.m.148.1 və Daşınmaz əmlakın Dövlət Reyestri haqqında Qanun m. 5). Çünki vicdanlılıq çıxarışa deyil, çıxarışın əsasında dayanan mülkiyyətə dair rəsmi dövlət qeydiyyatına münasibətdə nəzərə alınmalıdır. Bu səbəblə də bir daşınmaz əmlaka dair bir neçə qeydiyyatın mövcud olması halında əldə edənin həmin daşınmaz əşya ilə bağlı bütün qeydiyyatlardan məlumatlı olması lazım gəlir. Belə olan halda daşınmaz əmlakla bağlı digər qeydiyyatdan məlumatlı olan şəxsin vicdanlılığından söhbət gedə bilməz. Bundan başqa, eyni daşınmaz əşya ilə bağlı müxtəlif qeydiyyatların olduğu halda reyestrdəki bu rəsmi dövlət qeydiyyatlarına əsaslanıb mülkiyyət və s. əşya hüququ əldə edən müxtəlif şəxslərdən hansının vicdanlılığı qorunmalı olması ilə bağlı qeyd olunmalıdır ki, mövcud icraatda olduğu kimi mülkiyyətə dair rəsmi dövlət qeydiyyat sənədlərinə etimad edib əldə edən iddiaçıların, yoxsa onlardan 10 il sonra digər şəxsdən başqa qeydiyyata əsaslanıb hüququ qeydiyyata alınan Cavabdeh1 vicdanlılığının qorunmalı olması baxımından hər hansı birinin üstün tutulması hüququn təməl prinsipi olan ədalətliliyə və konkret olaraq konstitusion normanın tələbi olan bərabərlik prinsipinə zidd olar. Nəticə etibarı ilə belə bir vəziyyət vicdanlı əldə etmə institununun təyinatı xaricində olduğundan və hər iki nömrədə qeydə alınan əşya hüquqları baxımından vicdanlı əldə etmə institunun eyni anda işləməsi mümkünsüzləşdiyi üçün yalnız həqiqi hüquq sahiblərinin mənafeyi məhkəmə tərərindən nəzərə alınıb qorunmalıdır. Yəni belə bir vəziyyətdə həqiqi hüquq sahibi adına olan qeydiyyat ilə əsassız qeydiyyata etimad edən qarşı-qarşıya gəldikdə etimad prinsipinin işləməsi mümkünsüzləşdiyi üçün əlbəttə ki, həqiqi hüquq sahibinin üstün tutulması lazım gəlir. Başqa sözlə bu kimi hallarda əsassız qeydiyyata etimad edənin əsaslı qeydiyyata etimad edəndən üstün tutulması nəticəsini əmələ gətirən bir yanaşmanın qəbul edilməsi, aydın məsələdir ki, yolverilməzdir. Bu mənada qeyd etmək lazımdır ki, mübahisəli 0,12 ha torpaq sahəsinin xx.xx.2016cı il tarixdə mərhum X3 adına icarə müqaviləsi əsasında özəlləşdirilməsi qanuna və hüquqa zidd olmuş, ona görə ki, həmin sözügedən torpaq sahəsi ictimai mülkiyyətdə yox, şəxsi mülkiyyətdə olmuşdur. Halbuki yalnız ictimai mülkiyyətdə olan əmlak özəlləşdirmə predmeti ola bilər, şəxsi mülkiyyətdə olan bir torpaq sahəsinin yenidən özəlləşdirilməsindən bəhs edilməsi isə, sadəcə olaraq ağlasığmazdır. Həmçinin o vurğulanmalıdır ki, hətta mübahisəli torpaq sahəsi qanunsuz olaraq özgəninkiləşdirildikdən sonra iddiaçıların adına mülkiyyət olaraq qeydiyyata alınmış olduğu bir anlığa ehtimal edilərsə, yenə də iddiaçılar həm vicdanlı əldə etmə (çünki həmin vaxt mübahisəli torpaq sahəsinə dair yalnız bir rəsmi dövlət qeydiyyatı olmuş, sonradan başqa qeydiyyatın əlavə olunması geriyə şamil oluna bilməz) və hətta Mülki Məcəllənin 178.5-ci maddəsinə uyğun olaraq 10 illik vicdanlı sahiblik əsasında mülkiyyəti əldə etmiş olarlar. “S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumumu göstərmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Mülki Məcəllənin 148.2 və 149.2-ci maddələrinin məzmunu görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları, habelə əsassız dövlət qeydiyyatının dəyişdirilməsi zamanı vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqlar müdafiə olunmalı və saxlanılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququ mövcud əqd əsasında cavabdehlərdən daha əvvəl əldə edildiyindən, vicdanlı alıcı olaraq iddiaçıların mülkiyyət hüququ müdafiə edilməli, Cavabdeh1 isə vicdanlı əldə edən hesab edilməməlidir. Nəhayət, Cavabdeh2 torpaq sahəsinə icarə hüququ olmayan şəxs hesab edilməsinə dair tələblə bağlı məhkəmə kollegiyası həmin tələbə münasibət bildirməyi vacib hesab edir. Məlum olduğu kimi, icarə müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla yanaşı əmlak kirayəsi müqaviləsidir. Əqdlərin digər növlərində olduğu kimi bu müqavilə də mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına səbəb ola bilər. İcarə müqaviləsinə əsasən bir tərəf (icarəyə verən) digər tərəfə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı). Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən mübahisəli torpaq sahəsi istifadədə olan məlumat bazasında Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı idarəsi ilə mərhum X11 arasında bağlanmış xx.xx.1982-ci il tarixli, 4580 nömrəli Bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqaviləyə əsasən 0.20 ha torpaq sahəsi 10 illik sonuncunun istifadəsinə verilmiş (1981-1991-ci ilədək). Lakin bundan geriyə qalan sonrakı müddətdə istər icarəçi S.Həsənəliyev sağlığında, istərsə də onun ölümündən sonra keçən 18 il ərzində ailə üzvləri tərəfindən icarə münasibətlərinin davam etməsi üçün heç bir təşəbbüs göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2. maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin dövrdə qüvvədə olan “İcarə haqqında” Qanunun 13-cü maddəsinin altıncı hissəsinin ikinci bəndinə əsasən icarəçi vəfat etdikdə icarə müqaviləsi üzrə onun hüquqları onunla birlikdə yaşamış və işləmiş ailə üzvlərindən birinə keçir, bu şərtlə ki, həmin ailə üzvü icarəçi olmağa razı olsun. “Torpaq icarəsi haqqında” Qanunun 15-ci maddəsinin dördüncü hissəsinə görə icarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada onun hüquqi varislərinə keçir. Göründüyü kimi icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar qanunvericiliklə müəyyən olunmuş qaydada onun hüquqi varislərinə keçir, bu şərtlə ki, ailə üzvləri icarəçi olmağa razılıq vermiş olsun və icarə münasibətlərinin davam etdirilməsi üçün müqavilə onların adına vərəsəlik qaydasında təsdiqlənsin. Lakin hazırki işdə belə bir hal mövcud deyil. Qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə akti elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. İşdən görünür ki, mərhum Sabir Həsənəliyev ilə torpaq sahəsinin icarə müqaviləsi xx.xx.1982-ci il tarixdə bağlanmış, müqavilənin 27 dekabr 1992-ci il tarixədək qüvvədə olması müəyyən edilmiş, Sabir Həsənəliyev 27 noyabr 1998-ci ildə vəfat etmişdir. Həmin müqavilənin tərəfi olan Cavabdeh2 atası Sabir Həsənəliyev 1998-ci ildə vəfat etməsinə baxmayaraq, sonuncu vəfat etməzdən əvvəl (1992-ci il müqavilənin müddətinin keçdiyi 6 il ərzində) özü, ölümündən sonra ailə üzvlərindən heç biri, o cümlədən Cavabdeh2 icarə münasibətlərinin davam etdirilməsi (müqavilə müddətinin uzadılması və onunla bağlanması) üçün əvvəlki Sumqayıt şəhər bağlar İdarəsinə müraciət etməmiş, yalnız icarəçinin ölümündən təxminən 18 il sonra, yəni 2016-ci ildə mübahisəli torpaq sahəsinin 12 ha hissəsinə artıq mövcud olmayan icarə müqaviləsi əsasında mərhum Sabir Həsənəliyevin adına müvafiq çıxarış əldə etmişdir. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10-cu maddəsində isə vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Əsasnamənin 2-ci bəndində özəlləşdirməyə çıxarılmış torpaqların, o cümlədən həyətyanı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi üçün onlar tərəfindən ərizənin və həmin sahədən qanuni istifadə olunmasını təsdiq edən sənədin surətinin təqdim edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, qanuni istifadədə olan torpaq sahələrinin hüquqi vəziyyətinin dəyişdirilməsinin həmin torpaq sahəsinin qanuni istifadəçisinin vərəsələri tərəfindən həyata keçirilməsinin mümkünlüyü müvafiq qanunvericiliyə uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, yuxarıda göstərilən qanunvericilik aktlarında həyətyanı torpaq sahəsinin məhz daimi istifadəçinin ərizəsi və həmin sahənin onun qanuni istifadəsində və ya icarəsində olduğunu təsdiq edən sənəd əsasında xüsusi mülkiyyətə verilməsinin mümkünlüyü müəyyən edilmişdir. Bu qayda isə həmin torpaq sahələrinin hüquqi vəziyyətinin dəyişdirilməsi təşəbbüsünə yalnız belə torpaq sahələrinin daimi istifadəçisinin malik olduğunu göstərir və həmin şəxsin ölümündən sonra vərəsəlik kütləsinə daxil edilməsini istisna edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt şəhər XDS İK-nin qərarına əsasən Bağlar Təsərrüfatı İdarəsi tərəfindən mərhum Sabir Həsənəliyevin icarəsinə verilmiş Sumqayıt şəhər Corat bağlar massivində yerləşən torpaq sahəsinin 0,12 ha hissəsi üzərində Sabir Həsənəliyevin mülkiyyət hüququnu qeydə almaqla Cavabdeh2 icarəçi hesab edilməsi qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından qanunsuz hesab edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin xx.xx.2016-cı il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissələrinə gəldikdə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. İddia ərizəsinin məzmunundan göründüyü kimi mübahisəli torpaq sahəsinə iddiaçılar sahiblik etsə də, Cavabdeh2 vərəsəlik şəhadətnaməsi əldə etməsi digər Cavabdeh1 həmin sahəni hasara almaq istərkən araşdırma zamanı əldə etdiyi reyestr xidmətinin cavabından sonra məlum olduğundan, Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq (kəsici) müddət ötürməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin torpaq sahəsinə Cavabdeh2 icarə hüquq olmadığından, vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.1., 337.2. maddələri). Məhkəmə kollegiyası həmçinin hesab edir ki, vərəsəlik şəhadətnaməsi etibarsız hesab edildiyindən, miras payın bağışlanılması və Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 4Ə-299 reyestr nömrəli alqı-satqı müqaviləsidə etibarsız hesab edilməlidir. Mülki Məcəllənin 337.5. maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 5 dekabr 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Mülki Məcəllənin 337.5. maddəsi əqdin etibarsızlığının nəticələrini müəyyən etmişdir. Əqd etibarsız hesab edildikdə ümumi qaydaya görə hər bir tərəf əqd üzrə aldığını digər tərəfə qaytarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, həmin əqd üzrə Cavabdeh1 tərəfindən ödənilmiş 12.000 (on iki min) manat pul məbləği digər Cavabdeh2 alınaraq Cavabdeh1 qaytarılmalıdır. İddia tələbinin reyestrdən çıxarışın ləğv edilməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mövcud çıxarış alqı-satqı müqaviləsi əsasında əldə edildiyindən və həmin müqavilə də məhkəmə kollegiyası tərəfindən etibarsız hesab edildiyindən, iddia tələbi bu hissədə də təmin edilməli, Cavabdeh1 adına verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1, İddiaçı2 və üçüncü şəxs Sumqayıt Bələdiyyəsinin apellyasiya şikayətləri təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan vaxtlarda Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat, ikinci apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat və hazırkı baxış zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat, ümumilikdə (100+50+50=200) 200 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı1, İddiaçı2 və üçüncü şəxs Sumqayıt Bələdiyyəsinin apellyasiya şikayətləri təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh2 Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2332 nömrəli bağ torpaq sahəsinə icarə hüququ olmayan şəxs hesab edilsin. Cavabdeh2 adına verilmiş Corat bağlar ərazisində 2332 ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi ilə bağlı xx.xx.2016-cı il tarixli, 2V-532 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2016-cı il tarixli, 3m-676 reyestr nömrəli miras payın bağışlanma müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 4Ə-299 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və Cavabdeh1 adına verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış ləğv edilsin. Cavabdeh2 12.000 (on iki min) manat pul məbləği alınaraq Cavabdeh1 qaytarılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİKp CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar