Məhkəmə qərarları › İş №2(105)-290/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-290/2025

07.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-290/2025 07.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X6 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1974/2018 nömrəli, 24 avqust 2018-ci il tarixli qətnaməsindən maraqlı şəxs Аzərbаycаn Respublikаsı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov) ərizənin təmin edilməsi, 0,07 hektar və 0,18 hektar həyətyanı torpaq sahəsinə dair torpağın mülkiyyətə verilməsinə dair JN 259F saylı 30217018 kodlu şəhadətnamənin və JN 259F saylı 30217018 kodlu şəhadətnamənin Ərizəçi, X1, X2, X5 və X3 məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Baxılan iş üzrə Ərizəçi JN 259F saylı 30217018 kodlu və JN 259F saylı 30217018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ona-Ərizəçi, X1, X2, X5 və X3 məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 307.2.1-307.2.11-ci maddələrində məhkəmənin hansı hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə baxa bilməsinin dairəsi dəqiq müəyyən edilmişdir. Bu normaların mənasına görə, hüquqi əhəmiyyəti olan faktlar şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və onlara xitam verilməsinin asılı olduğu faktlardır. Qanun hüquqi faktlarla vətəndaşların və hüquqi şəxslərin əmlak hüquqlarının yaranmasını, dəyişməsini və onlara xitam verilməsini əlaqələndirir. Nəzərə almaq lazımdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (MPM-in 308-ci maddəsi). Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir (1.2). Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir (1.3.). Nəzərə alınmalıdır ki, MPM-nin 307.2.5-ci maddəsi səhv və ya yanılma nəticəsində şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadının onun pasportdakı adı, atasının adı və ya soyadına uyğun gəlmədiyi halları nəzəzrdə tutur. Hüquq müəyyənedici sənədlərin həmin şəxsə mənsub olması faktının müəyyən edilməsi üzrə işlərdə söhbət sənəddə yol verilmiş və artıq sənədi verən orqan tərəfindən aradan aldırıla bilməyən səhvin müəyyən edilməsindən gedir. Bu maddədə birbaşa olaraq göstərilən sənədlərin mənsubluğunun məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir. Mövcud tələb üzrə ərizəçi JN 259F saylı 30217018 kodlu və JN 259F saylı 30217018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ona və ailə üzvlərinə məxsus olması faktının müəyyən edilməsinin əsası kimi mövcud şəhadətnamələrdə səhvən başqa şəxsin yəni X4 onun ailə üzvi kimi 6-cı sırada göstərilməsidir. Bu halda, ərizəçi müvafiq hüquqi şəxsə (onun idarəetmə orqanlarına və ya səlahiyyətli şəxsinə) müraciət edərək pozulmuş hüququnun aradan qaldırılmasını tələb etməli, zərurət olduqda isə müvafiq vəzifələrin həmin şəxslərin üzərinə qoyulması barədə iddia ərizəsi ilə inzibati iddia icraatı qaydasında məhkəməyə müraciət etməlidir. Lakin baxılan iş üzrə ərizəçinin tanınmasını xahiş etdiyi hüquqi faktı təsdiq edən sənədi başqa qaydada əldə edə bilməməsi qənaətinə gəlmək birinci instansiyası məhkəməsi ərizəyə mahiyyəti üzrə qiymət baxaraq, yekunda ərizəni təmin etmişdir. Mülki Prosessual Məcəllənin 261.0.1. maddəsinə görə hakim iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə xitam verir. Həmin Məcəllənin 262.3. maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, işə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verməlidir. Mülki Prosessual Məcəllənin 384.0.5. maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 261.0.1, 384.0.5, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar