Məhkəmə qərarları › İş №2(105)-2928/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2928/2021

03.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2928/2021 03.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5873/2019 saylı, 06 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.B.Məmmədov) İddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Saray bağlar massivi, 4576C ünvanında olan 0,06 ha torpaq sahəsinin üzərində yerləşən qanunsuz tikilinin sökülməsi və cavabdehlərə məxsus əşyaların çıxarılması barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5873/2019 saylı 06 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməklə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli, 2(105)-271/2020 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi Ş.R.Abasov, A.Ə.Abbasov və T.Q.Məmmədov) apelyasiya şikayəti təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060) - 5873/2019 saylı, 06 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın təmin edilməsi, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağlar massivi, 4576C ünvanında 0,06 ha torpaq sahəsinin üzərində yerləşən qanunsuz tikilinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hesabına sökülməsi, onlara məxsus əşyaların həmin sahədən çıxarılması, iddia ərizəsini və apelyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş 45,80 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh1 kassasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli, 2(105)-271/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 sentyabr 2020-ci il tarixli, 2(102)-3117/20 saylı qərarı ilə (hakimlər İ.K.Dəmirov sədrlik edən-məruzəçi, Ə.A.Əhmədov və V.T.Həsənov) Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilməklə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli, 2(105)- 271/2020 saylı qətnaməsi ləğv edilərək işin yeni apelyasiya baxışına göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2021-ci il tarixli, 2(105)-493/2021 saylı qətnaməsi ilə (hakimlər G.F.Tağızadə sədrlik edən-məruzəçi, L.M.Məmmədova və T.O.Quliyev) İddiaçı apellyasiya şikayəti təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 06 avqust 2019-cu il tarixli 2(060)- 5873/2019 saylı qətnaməsi ləğv edilməklə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilmiş, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağlar massivi, 4576C ünvanında 0,06 ha torpaq sahəsinin üzərində yerləşən qanunsuz tikili cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hesabına sökülməklə onlara məxsus əşyaların həmin sahədən çıxarılması qət edilmişdir. Cavabdeh1 kassasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2021-ci il tarixli, 2(105)-493/2021 saylı qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(102)-3638/21 saylı qərarı ilə (hakimlər G.A.Quliyev sədrlik edən-məruzəçi, İ.R.Xələfov və Z.Ə.Əliyev) kassasiya şikayəti qismən təmin edilməklə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2021-ci il tarixli, 2(105)-493/2021 saylı qətnaməsi ləğv edilərək işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Saray bağlar massivi, 4576C ünvanında 0,06 ha torpaq sahəsinin üzərində yerləşən qanunsuz tikilinin sökülməsi və cavabdehlərə məxsus əşyaların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etməklə tələbini onunla əsaslandırmışdır ki, o, 25.09.2014-cü il tarixdə pul ödəməklə alqı-satqı müqaviləsi əsasında Saray bağlar massivi, 4576C ünvanında yerləşən fərdi yaşayış evini və 0,06 ha torpaq sahəsini almış və müvafiq çıxarış əldə etmişdir. Torpaq sahəsi alınarkən orada mübahisəli ev mövcud olmuş, lakin evdə heç kim yaşamamışdır. Hazırda həmin evdə cavabdehlərin əşyaları mövcuddur. Cavabdehlər bundan sui-istifadə edərək onun torpaq və evdən istifadəsini məhdudlaşdırırlar. O, cavabdehlərdən əşyaların çıxarılmasını tələb etsə də, bu günədək çıxarılmamışdır. Faktla bağlı daha əvvəl cavabdehlə aralarında mülki mübahisə olmuşdur. O, daha əvvəl də iddia qalqıraraq cavabdehin Sumqayıt şəhəri, Saray bağlar massivi, 4576C ünvanında yerləşən fərdi yaşayış evindən istifadəsinə son qoyulması, evin boşalması, cavabdeh tərəfindən iddiaçının icazəsi olmadan tikilmiş daş hasarın sökülməsi və cavabdehin Saray bağlar massivi, 4576C ünvanında yerləşən fərdi yaşayış evindən və sahəsindən çıxarılmasını və evin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 16.12.2015-ci il tarixli 2(105)l881/2015 saylı qətnaməsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 30 iyul 2015-ci il tarixli qətnaməsi, X1 Sumqayıt şəhəri, Saray bağlar massivi, 4576C ünvanında yerləşən fərdi yaşayış evindən istifadəsinə son qoyulması, X1 həmin evdən çıxarılması, evin boşaldılması hissəsində ləğv edilmiş və iddia tələbinin X1 Sumqayıt şəhəri, Saray bağlar massivi, 4576C ünvanında yerləşən fərdi yaşayış evindən istifadəsinə son qoyulması, evin boşaldılması və həmin evdən çıxarılması hissəsində rədd edilmişdir. Hesab edir ki, mülkiyyətində olan sahədə özbaşına tikilinin olması onun mülkiyyət hüququnun pozuntusudur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona qanuni əsaslarla məxsus olan torpaq sahəsində yerləşən dövlət qeydiyyatından keçməyən yaşayış sahəsinin mövcudluğu birbaşa onun qeyd edilən mülkiyyətindən istədiyi şəkildə istifadə hüququnu pozur. Halbuki, o, Sumqayıt şəhəri, Saray bağlar massivi, 4576C ünvanında yerləşən torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında əldə edərkən torpağın üzərində qeydiyyatsız olan yaşayış sahəsinin dəyərini əvvəlki sahiblərinə ödəmişdir. Göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 06 avqust 2019-cu il tarixli 2(060)-5837/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, iddia ərizəsinə və şikayətə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında qeyd etdi ki, iddiaçının ataşı ilə mərhum atası otuz ilin dostu olmuşlar, atasının bank borcuna görə iddiaçının atasının evi hərraca çıxarıldığından atası onlara məxsus bağ sahəsinin 12 sotunu iddiaçının adına rəsmiləşdirmiş, qalan 9 sotun sənədləri olmadığı üçün həmin hissənin atası öz adına rəsmiləşdirmək üçün dostu olan iddiaçının atasına etibarnamə vermiş, lakin iddiaçının atası olan hazırda iş üzrə nümayəndəsi 9 sot torpağın 6 sotunu onların xəbəri olmadan oğlu olan iddiçının adına rəsmiləşdirmiş və bundan sonra atası ilə iddiaçının atasının münasibətləri pisləşdiyinə görə məhkəmə mübahisələri başlamışdır. İddiaçının nümayəndəsinin izahat verərək guya yararsız adlandırdığı özbaşına tikili əslində 5 otaqdan ibarət olan normal bağ evidir və onlar daima həmin evdən yay aylarında istifadə edirlər. Evin tikilməsinə böyük məbləğdə pul xərclənmiş, hətta iddiaçı tərəflə razılaşmışlar ki, 20.000 manat verilsin və evi onlara təhvil versinlər, lakin sonradan iddiaçı tərəf razılaşmanı pozaraq 10.000 manat verə biləcəyini bildirdiyindən onlar razılaşmamış və əvəzində yeni bir təklif verərək evin yerləşdiyi təxminən 2 sot torpaq sahəsinin onlara satılmasını bildirsələr də, iddiaçı tərəf buna da razı olmamışlar. Bütün qeyd etdiyi hallara görə haqlı olmaları Ali Məhkəmənin qərarları ilə də təsdiq edildiyindən apelyasiya şikayətinin rədd edilməsini şəhər məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etmədiklərini və məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirərək apelyasiya şikayətinin təmin edilməyərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti rədd edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5873/2019 saylı, 06 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı 25.09.2014-cü ildə Sumqayıt şəhəri, Saray bağlar massivi, 4576C ünvanında yerləşən 0,06 ha torpaq sahəsini alqə-satqı müqaviləsi bağlanmaqla almış və müvafiq çıxarış əldə etmişdir. Torpaq sahəsində yerləşən ev reyestrdə qeydiyyatdan keçməmiş və həmin evdə cavabdehlər istifadə etməklə əşyaları mövcuddur. İddiaçı əvvəl də həmin əmlaka dair cavabdehlərin atası X2 qarşı məhkəmə mübahisəsi açmış və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5348/2015 saylı, 30 iyul 2015-ci il tarixli qətnaməsinə əsasən ilk iddia tələbi təmin edilərək X1 Sumqayıt şəhəri, Saray bağlar massivi 4576C ünvanında yerləşən fərdi yaşayış evindən istifadəsinə son qoyulması, həmin evdən və torpaq sahəsindən çıxarılması, iddiaçının icazəsi olmadan tikilmiş daş hasarın sökülməsi, evin boşaldılması və torpaqla birlikdə İddiaçı təhvil verilməsi vəzifəsinin X2 həvalə edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 16.12.2015-ci il tarixli 2(105)l881/2015 saylı qətnaməsinə əsasən qarşılıqlı iddiaçı T.H.Mollayevin apelyasiya şikayəti qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5348/2015 saylı, 30 iyul 2015-ci il tarixli qətnaməsi X1 Sumqayıt şəhəri, Saray bağlar massivi 4576C ünvanında yerləşən fərdi yaşayış evindən istifadəsinə son qoyulması, T.Mollayevin həmin evdən çıxarılması, evin boşaldılması hissəsində ləğv edilərək həmin hissələrdə iddia tələbinin rədd edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Adı çəkilən qətnamə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X3 arasında mübahisəli bağ sahəsinin alqı-satqısına dair müqavilə bağlanarkən orada yalnız torpaq sahəsi göstərilmiş, həmin torpaq üzərində yerləşən bağ evi alqı-satqı predmeti olmamışdır. Eyni zamanda həmin məhkəmə qətnaməsi ilə İddiaçı cavabdehlərin sahibliyində olan fərdi yaşayış evinə hər hansı bir hüququnun olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin sübut etməkdən azad olmaq üçün əsaslarını müəyyən edən 82-ci maddəsinin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipi baxımından artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyi və davamlılığı ədalət mühakiməsi sistemində əhəmiyyətli konstitusiya şərti hesab edilir. Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesinin səmərəsizliyini yaradır. Məhkəmə təcrübəsində iddia vermək hüququndan suiistifadə halları qanunvericiliyin tələblərindən yayınmağa xidmət edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Brumaresku Rumıniyaya qarşı iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Məhkəmə kollegiyası Avropa Məhkəməsinin və eləcə də Konstitusiya Məhkəməsinin qərarlarında əks edilmiş hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, iddiaçının Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş məhkəməyə müraciət etmək hüququ qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə qət edilmiş nəticənin başqa məhkəmə posesində mübahisələndirilməklə fərqli nəticə əldə edilməsinə əsas vermir. Məhkəmə təcrübəsində bu cür hallar hüquqi müəyyənlik prinsipinə xələl gətirərək sonda məhkəmə aktlarının icrasını mümkünsüz edir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayətində istinad edilən dəlillər əsaslı hesab edilə bilməz ona görə ki, işin təsdiq olunan hallarından göründüyü kimi mübahisəli tikilinin altında və ətrafında yerləşən torpaq sahəsi mərhum Tahir Mollayevin faktiki sahibliyində olmuş və onun tərəfindən özgəninkiləşdirilmiş, sonradan həmin torpaq sahəsi iddiaçıya satılsa da, movcud tikili cavabdehlərin mərhum atasının sahibliyində saxlanılmış, həmin tikiliyə hər hansı bir sahiblik hüququ iddiaçıya verilməmişdir. Bu fakt tərəflər arasında bundan əvvəl olmuş məhkəmə çəkişməsi nəticəsində də məhkəmə aktları ilə təsdiq edilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatlarını, işdə olan sübutları araşdıraraq, Ali Məhkəmənin qərarında qeyd edilən hüquqi mövqeni nəzərə alaraq yuxarıda istinad edilən maddi və prosessual hüquq nörmalarının tələblərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan, apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apelyasiya şikayəti təmin edilmədən iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 06 avqust 2019-cu il tarixli 2(060)-5873/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar