Məhkəmə qərarları › İş №2(105)-2932/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2932/2021

21.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2932/2021 21.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə və üçüncü şəxs Cavabdeh2 qarşı «zirzəminin alqğı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi» tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(012)-3624/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh2 arasında zirzəminin alğı-satqısına dair müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı həmçinin iddianı təmin etmək haqqında ərizə ilə məhkəməyə müraciət edərək, “AAAF Park” yaşayış massivində “A” kompleksində inşa edilən 7 saylı, 6 mərtəbəli yaşayış binasının zirzəmisində cavabdehlərə və digər şəxslərə təmir-tikinti işlərinin aparılmasının qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 02.07.2021-ci il tarixli, 2(012)-3624/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə (üçüncü şəxs Cavabdeh2) qarşı «zirzəminin alğı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə İddiaçı “AAAF Park” yaşayış massivində “A” kompleksində inşa edilən 7 saylı, 6 mərtəbəli yaşayış binasının zirzəmisində cavabdehlərə və digər şəxslərə təmir-tikinti işlərinin aparılmasının qadağan edilməsi barədə iddianın təmini tədbiri barədə ərizəsinin rədd edilməsi qərara alınmışdır. Hazırda həmin qərardaddan narazı qalan İddiaçı şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 02.07.2021-ci il tarixli, 2(012)-3624/2021 saylı qərardadının ləğv edilməsi və ərizəsinin təmin edilməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 26.07.2021-ci il tarixli, 2(012)-3624/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı şikayəti belə əsaslandırmışdır ki, 14 fevral 2018-ci il tarixdə onunla cavabdeh "xxxx" MMC və vətəndaş Cavabdeh2 arasında zirzəminin alğı-satqısına dair Z/0006 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC özünə məxsus olan Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF-PARK” yaşayış massivindəki A kompleksində inşa edilən 7 saylı binada inşa edilən ümumi sahəsi 297.0 kvadratmetr olan zirzəmini Cavabdeh2 44550 manata satmışdır. Həmin zirzəmi ona məxsus olan ümumi sahəsi 74.5 kvadratmetr olan 2 otaqdan ibarət 2 saylı mənzilin altında yerləşən zirzəmidir. Belə ki, həmin zirzəmi başqa bir şəxsin istifadəsindədir və “OBA” market kimi fəaliyyət göstərir və çoxsaylı müştərilər gədiyinə görə hər dəfə səs-küy yaranır, bu isə onun istirahətinə maneə yardır. Bununla bağlı müvafiq orqanlara müraciət etmişdir. Hal-hazırda iş FHN-nin istintaq idarəsində araşdırılır. Həmçinin iş Abşeron rayon Polis İdarəsində olan zaman iş üzrə məhkəmə Texniki Ekspertizası keçirilmişdir. Ekspertiza Mərkəzinin 23 fevral 2021-ci il tarixli, 10/28 saylı rəyinə əsasən həmin yerə baxış zamanı mübahisəli tədqiqat obyektinin 1.7 x 2.2 m və 1.8 x 2.1 m ölçülərdə 2 ədəd dəmir materialdan olan qapı və 0.5 x 1 m ölçüdə 2 ədəd plastik materialdan olan nəfəslik olduğu və həmin qapıların və nəfəsliklərin layihədə nəzərdə tutulmadığı müəyyən edilmişdir. Bundan əlavə həmin 1 ədəd dəmir materialdan olan onun yaşadığı eyvanın altındakı qapının qarşısı qazılmışdır. Həmin qazıntı işlərinin davam etdirilməsi və gələcəkdə təmir tikinti işlərinin aparılmasının qadağan edilməsi barədə tərəfindən Abşeron Rayon Məhkəməsinə iddianın təmini tədbiri barədə ərizə vermişdir. Onun mənzilinin eyvanının altında gələcəkdə apara biləcək qazıntı işlərinin davam etdirilməsi və təmir tikinti işlərinin aparılması onun gələcəkdə zirzəmidən istifadə etməyinin subyektiv huququnu pozur. Bununla bağlı Abşeron Rayon Məhkəməsi tərəfindən 02 iyul 2021-ci il tarixli, 2(012)-3624/2021 saylı qərardad qəbul edilmişdir. Həmin qərar onun tərəfindən «E- məhkəmə» portalında elektron kabinetdə 23.07.2021-ci il tarixdə açılıb baxılmış və oxunmuşdur. Göstərilən qərardadı ədalətsiz və qanunsuz hesab edir. Belə ki, MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar itifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətə baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətinə işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunanlara əsasən, o, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 şikayətə etiraz edərək onun təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(012)-3624/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, məhkəmə iddiaçının ərizəsində iddianı təmin etmək haqqında ərizənin təmin olunmasına əsas verən hər hansı bir hala istinad etmədiyindən ərizənin məzmunun yalnız tələbdən ibarət olduğundan ərizənin rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdırıb belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1 və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak uzərinə həbs qoya bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli Qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. İşdən görünür ki, iddiaçı ərizənin təmin olunmasına əsas verən hər hansı bir hala istinad etməmişdir və ərizənin məzmunu iddia tələbindən ibarətdir. Həmçinin iddianın təmin edilməsi tədbiri o halda tətbiq edilməlidir ki, bunun əksi halında gələcəkdə işə mahiyyəti üzrə baxılaraq iddia təmin edilərsə qətnamənin icrası çətinləşə və ya qeyri-mümkün ola bilər və yaxud həmin tədbirin tətbiq edilməməsi ərizə verən şəxs üçün gərəksiz maddi və digər itkilərə səbəb ola bilər. Hazırkı halda isə “AAAF Park” yaşayış massivində A kompleksində inşa edilən 7 saylı, 6 mərtəbəli yaşayış binasının zirzəmisində cavabdehlərə və digər şəxslərə təmirtikinti işlərinin aparılmasının qadağan edilməsi barədədir. Zirzəmidə təmir tikinti işlərinin aparılması isə iş üzrə gələcəkdə qəbul ediləcək qətnamənin icrası məsələləri üçün hər hansı maneə ola bilməz. Bu yalnız cavabdehin gərəksiz maddi itkilərinə səbəb ola bilər ki, bunun da işə baxılması üçün hər hansı prinsipial əhəmiyyəti yoxdur. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadı prosessual hüquq normalarının tələblərinə uyğundur və onun ləğvi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(012)-3624/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar