Məhkəmə qərarları › İş №2(105)-2942/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2942/2021

05.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2942/2021 05.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı təbii X3 üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5137/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5137/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Rəşad Qoşqarlı). Qətnamədən narazı qalan iddiaçı “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5137/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: “Azəriqaz” İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qaz sayğacının yararsız hala salmasına görə hesablanmış 486 manat məbləğində dəymiş ziyanın, 20 (iyirmi) manat dövlət rüsumunun ümumilikdə isə 506 (beş yüz altı) manat pul tutularaq Birliyin hesabına ödənilməsi barədə qətnamə çıxarmağı xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ : Məhkəmə kollegiyasının iclasında iddiaçı «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, “Azəriqaz” İstehsalat Birliyi 20.11.2019-cu il tarixli, 1244 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana “Azəriqaz»ın Sumqayıt QİS-i tərəfindən **********00000 saylı abonent kodu verilmişdir. Qeyd olunan ünvanda yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “X3nın 1.3 bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərini pozaraq qaz sayğacına müdaxilə edərək yararsız hala salmış və təbii qazı talamışdır. Belə ki, Birliyin əməkdaşları tərəfindən 05.02.2019-cu il tarixdə Cavabdeh fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı, ******* saylı qaz sayğacı abonentin iştirakı ilə ******* saylı akt tərtib edilərək çıxarılmış, yeni qaz sayğacı ilə əvəz edilmişdir. Ünvandan çıxarılmış sayğac dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nə göndərilmişdir. “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nin MSK-29/1710-00706-1 saylı rəyinə əsasən sayğacın hesablama mexanizminin qapağı kənar təsir nəticəsində sınmış, sayğacın çıxış plastmas borusu deşilib və sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur. Bu səbəbdən də itirilmiş qazın sərfiyyatına görə 486,00 manat borc abonentdən tələb edilmişdir. Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 486,00 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində “Azəriqaz” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Odur ki, qeyd edilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5137/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5137/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş 06 may 2019-cu il tarixli təbii X3nın pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh yaşadığı Sumqayıt şəhəri, 49-cu məhəllə, ev 72-ə aid qaz sayğacı 22.04.2019-cu il tarixdə dövlət yoxlamasına gətirilmiş G-4 markalı, №(4263149) qaz sayğaclarının müayinə laborotoriyasının rəyinə görə sayğacın hesablama mexanizminin qapağı kənar təsir nəticəsində sınıqdır. Sayğacın çıxış plasmas borusu deşilib. İş materiallarında olan “Azəriqaz” İB-nin MSK 29/1710-00706-1 saylı, 21 may 2019cu il tarixli aktın surətindən görünür ki, “Azəriqaz” İB-nin SOCAR**********30991710X00706 saylı, 28 fevral 2019-cu il tarixli məktubuna əsasən 04 mart 2019-cu il tarixində Sumqayıt QİS-dən Dövlət yoxlamasına aparılmış əhalinin mexanika tipli sayğacları 22 aprel 2019-cu il tarixində Metrologiya Departamenti, sayğacların müayinəsi labaratoriyasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, G-4 markalı №4263149 qaz sayğacının hesablama mexanizminin qapağı kənar təsir nəticəsində sınıqdır. Sayğacın çıxış plasmas borusu deşilib. İş materiallarında olan “Azəriqaz” İB-nin 05.02.2019-cu il tarixli, № ******* saylı aktın surətindən görünür ki, Cavabdeh yaşadığı Sumqayıt şəhəri, 49-cu məhəllə, ev 72-ə aid sayğac çıxarıldılaraq yeni Smart kart sayğacı ilə əvəzlənmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh adına olan abonentin saldosundan görünür ki, Cavabdeh 2019-cu il üçün 486 manat qalıq və aktlar üzrə borcu vardır. İş materiallarında əlavə edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında 20 noyabr 2019-cu il tarixdə bağlanmış qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, “Azəriqaz” İB ilə Cavabdeh arasında X3na dair müqavilə bağlanmışdır. İş materiallarında olan “Azəriqaz” İB Sumqayıt QİS-nin Cavabdeh ünvanladıqları 07.04.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, ünvandan çıxarılmış sayğac dövlət yoxlamasından keçirilməsi üçün “Azəriqaz” X1 Departamenti, Sayğacların müayinəsi labaratoriyasının MSK-29/1710-00706-1 nömrəli rəyinə əsasən qaz sayğacına müdaxilə olunduğu və sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur. Bu səbəbdən də itirilmiş qazın sərfiyyatına görə 486 manat borc yaranmışdır. Cavabdeh ona ünvanlanmış xəbərdarlığı imzalamaqdan imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “X3”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasın zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müəyyən olunmuşdur ki, iddiaçı tərəf tərtib olunan aktda əks olunan pozuntuların mövcudluğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh aktın tərtibində iştirak etməmişdir, akt iddiaçının əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə əsasən fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşımasını, zədələnmiş qaz sayğaclarının dəyərinin zədələnmənin onun təqsiri üzündən baş verməsi halında istehlakçı tərəfindən ödənilə bilməsini, qaz sayğacının cavabdehin təqsiri ucbatından zədələnməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməməsini müəyyən edərək iddianı təmin etməmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80№-li qərarı ilə təsdiq olunmuş “X3” ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80№li qərarı ilə təsdiq olunmuş “X3”nın 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Hazırki işdə də işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, qaz sayğacı iddiaçının mənzilində deyil, mənzildən kənarda quraşdırılıb və nəzərə alınsa ki, iddiaçı fiziki şəxs olan istehlakçıdır, belə olan halda, onun həmin sayğacın işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi istisna olunur. Qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıyır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, cavabdehin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilməmişdir. Həmçinin, qaz sayğacı laboratoriyada yoxlanılarkən abonentin iştirakı təmin edilməmişdir. Yaranmış vəziyyətdə fiziki şəxs olan cavabdehin yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına cavabdeh tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü iddiaçının üzərində olmuşdur. Lakin iddiaçı təşkilat sayğacın yararsız vəziyyətə düşməsilə əlaqədar hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, məhz cavabdehin sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, iddiaçı təşkilat tərəfindən buna dair heç bir sübut məhkəməyə təqdim olunmadığından, cavabdehin zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, istehlakçı olaraq cavabdeh qaz sayğacının işlək vəziyyətdə saxlanmasına cavabdehlik daşımır, onun üzərinə sayğacın işlək vəziyyətdə saxlanılmasına görə hər hansı vəzifə qoyula və bu əsasla cərimə də hesablana bilməz. Bu baxımdan, akt üzrə borcun hesablanması əsassız olduğu üçün həmin borcun cavabdehdən tələb edilməsi də düzgün deyildir. “X3”nın 4.9-cü bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Göründüyü kimi, “X3”nın 4.9-cu bəndinə görə qaz sayğacının dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) o halda istehlakçının vəsaiti hesabına həyata keçirilir ki, sayğacdakı zədələnmə istehlakçının təqsiri üzündən baş vermiş olsun. Əks halda, qeyd edilən Qaydaların 4.2-ci bəndinə görə məişət qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına dəyişilir. Qeyd edildiyi kimi cavabdehə məxsus mənzildə qaz sayğacının zədələnməsində cavabdehin hər hansı təqsiri yoxdur və yeni quraşdırılmış sayğacın dəyəri olaraq hesablanmış borcun hesablanması da əsassız olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, iddiaçının nümayəndəsi apellyasiya şikayətində akt tərtib olunmuş ünvan üzrə borcun cavabdeh tərəfindən yarandığını sübut edə bilməmiş, buna dair hər hansı bir rəsmi sənəd təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5137/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5137/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin olunmasın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar