Məhkəmə qərarları › İş №2(105)-2951/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2951/2021

05.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2951/2021 05.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, cavabdeh Azərsu” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4301/2021 saylı, 04 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4301/2021 saylı, 04 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı məxsus olan Sumqayıt şəhəri, 3 mkr., 9/6 saylı evin, 58 nömrəli mənzilin hesabından (Abunə kodu: **********580) 497.26 manat borc silinməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim A.İ.İsmayılov). Qətnamədən Cavabdeh ASC apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4301/2021 saylı, 04 iyun 2021-ci il tarixli qətnaməsini iddianın təmin olunan hissəsində ləğv edərək, iddia tələbinin tam rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən mülkiyyətində olan Sumqayıt şəhəri, 3 mkr., 9/6 saylı evin, 58 saylı mənzilinə hesablanmış 507.26 manat məbləğində vaxtı keçmiş borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC-nin nümayəndəsi X2 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasındakı qarşılıqlı münasibətlər və onunla əlaqədar yaranan digər məsələlər Azərbaycan Respublikasının "Su təchizatı və tullantı suları haqqında” Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə qaydaları” ilə tənzim olunur. Cavabdeh ASC-nin "Sumqayıt Sukanal” İdarəsinin abonent bazasının məlumatına əsasən Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 9/6, 58 saylı mənzil üzrə 01.01.2002-ci il tarixdən hazırkı günə kimi "su təchizatı və kanalizasiya xidmətlərindən” istifadə edən abonent kimi vətəndaş Cəmşid İbrahimov qeydiyyata alınmışdır. Qeyd olunan ünvana 23.04.2017-ci il tarixdə su sərfiyyatını ölçən sayğac quraşdırılmışdır. İş materiallarına əsasən Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 9/6, 58 saylı mənzil 06.12.2017-ci il tarixdən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Göründüyü kimi 06.12.2017-ci il tarixdən mənzilin yeni sahibi olan iddiaçı mülkiyyət hüququ əldə etsə də mənzilin keçmiş sahibinin su təchizatı və kanalizasiya xidmətləri üzrə yığılmış borcları məsələsinə aydınlıq gətirməmişdir. Belə ki, «Sudan istifadə qaydaları»nın 8.4-cü bəndinə uyğun olaraq su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Normanın tələbindən göründüyü kimi iddiaçı mənzilin əvvəlki sahibindən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun olubolmaması barədə arayış tələb etməli idi. Lakin iddiaçı mənzilin alqı-satqısı zamanı mənzilin keçmiş sahibindən mövcud borcun ödənilməsinə dair arayışı tələb etməmişdir. Bu halı iddiaçı məhkəmə iclasında da verdiyi izahatında da təsdiq etmişdir. Beləliklə işə baxan məhkəmə mövcud borcun mənzilin keçmiş sahibindən yeni sahibinə keçməsini, yəni borc üzrə öhdəliklərin iddiaçıya ötürülüb-ötürülməməsi məsələsini araşdırmalı olduğu halda bunu etməmiş, yalnız iddiaçının 06.12.2017-ci il tarixdən mənzilə sahiblik etməsi səbəbindən, onun borc üzrə məsuliyyət daşıya bilməməsi qənaətinə gəlmiş və yekun olaraq iddianın qismən təmin edilməsini məqbul hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1; 385.1.2 və 385.1.3-cü maddələrinin tələblərinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və icraata xitam verilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4301/2021 saylı, 04 iyun 2021-ci il tarixli qətnaməsini iddianın təmin olunan hissəsində ləğv edərək, iddia tələbinin tam rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbacyan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apelyasiya şikayətində və izahatında birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilən hissəsini mübahisələndirir. Bu səbəbdən də məhkəmə kollegiyası qətnaməni mübahisələndirilən hissədə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. iş materiallarında olan Azırbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 3 mkr., 9/6 saylı evin, 58 nömrəli mənzili İddiaçı məxsusdur. İş materiallarında olan Abonent Kartının surətindən görünür ki, ”Azərsu” ASC tərəfindən İddiaçı mənzilinə 3 nəfərə görə sudan istifadəyə görə borc hesablanılmışdır. İş materiallarında olan abonent kartından görünür ki, Sumqayıt şəhəri, 3 mkr., 9/6 saylı evin, 58 nömrəli mənzilinə sudan istifadəyə görə 505.76 manat borc hesablanmışdır. “Sudan istifadə qaydalan”nın 7.4-cü bəndinə uyğun olaraq, Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Həmin qaydaların 7.5-ci bəndinə əsasən su sayğacı olmadıqda fərdi yaşayış və bağ evlərinin torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci bəndinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, 3 mkr., 9/6 saylı evin, 58 nömrəli mənzilini 06.12.2017-ci il tarixdə əldə etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, həmin dövrə qədər olan borc, yəni 497.26 manat borcun ödənilməsinə görə İddiaçı hər hansı bir məsuliyyət daşıya bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus olan Sumqayıt şəhəri, 3 mkr., 9/6 saylı evin, 58 nömrəli mənzilin hesabından 497.26 manat borc silinməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi akt tərtib olunmuş ünvan üzrə borcun iddiaçı tərəfindən yarandığını sübut edə bilməmiş, buna dair hər hansı bir rəsmi sənəd təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci və 14.2.6-cı maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması nəticəsində yaranır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdehin apellyasiya şikayəti isə əsassız olduğu üçün təmin olunmamalıdır. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə mübahisələnirilən hissədə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4301/2021 saylı, 04 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar