Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2958/2021 05.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh İB-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(060)-3891/2021 saylı qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(060)-3891/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Sumqayıt şəhəri, 34-cü məhəllə, 6/19 saylı evin, 27 saylı mənzilinə (abunə kodu: **********00270) dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında hesablanmış 216 manat borc və 185.73 manat sayğacın dəyəri olan borcun silinməsi qət edilmişdir (Azər İsmayılov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(060)-3891/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC tərəfindən yaşayış sahəsi 17.04 kv.m, yardımçı sahə 13.2 kv.m olan Sumqayıt şəhəri, 34-cü məhəllə, 6/19 saylı evin, 27 saylı mənzilinə qaz sərfiyyatından istifadəyə görə əsassız olaraq akta əsasən hesablanmış 216 manat məbləğində debitor borcun və 185.73 manat sayğacın dəyərinin, ümumilikdə 403.23 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Məhkəmə kollegiyasının iclasında iddiaçı Cavabdeh nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, məhkəmənin qətnaməsi əsassızdır. Belə ki, iddiaçıya məxsus Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 6/19, mənzil 27 saylı yaşayış evinə quraşdırılmış təbii qaz sayğacı ilə bağlı məlumat yazılmış və təbii qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Sayğac dəyişdirilən zaman abonentə məlumat verilmiş və sayğacın çıxarılması zamanı yerində akt tərtib edilmişdir. Sayğac 11.06.2029-ci il tarixdə akt tərtib olunmaqla çıxarılmış və laboratoriyada yoxlanılması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə göndərilmişdir. Yoxlama zamanı sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. İdarənin əməkdaşları həmin mənzilə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib etmiş və Dövlətə vurduğu ziyan müəyyən edilərək 13.11.2020ci il tarixli aktla itirilmiş qazın bərpası üzrə 216,00 manat cərimə hesablanmışdır. Bundan başqa 11.06.2020-ci il tarixli akta əsasən abonentin mənzilinə yeni sayğac quraşdırılmış və laboratoriya rəyinə əsasən istismara yararsız,G-4 markalı sayğacın dəyəri 185,73 manat abonentdən tələb edilmişdir. Sumqayıt Şəhər Məhkəməsi qeyd olunan halları araşdırmadan, qeyri-obyektiv olaraq iddianı təmin etməklə səhv nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(060)-3891/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə iddiaçı Cavabdeh İB-nin nümayəndəsinə və cavabdeh X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 34-cü məhəllə, 6/19 saylı evin, 27 saylı mənzili İddiaçı məxsusdur. İş materiallarında olan ******* saylı, 13.11.2020-cu il tarixli aktın surətindən görünür ki, Sumqayıt şəhəri, 34-cü məhəllə, 6/19 saylı evin, 27 saylı mənzilindən çıxarılmış qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və verilən rəyə görə sayğac istismara yararsız hesab edilmişdir. İş materiallarında olan 13.11.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı məxsus olan Sumqayıt şəhəri, 34-cü məhəllə, 6/19 saylı evin, 27 saylı mənzilinə 2160 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, Sumqayıt şəhəri, 34-cü məhəllə, 6/19 saylı evin, 27 saylı mənzilinə dair 216 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş 01/01MS-11-107 saylı, 03.06.2021-ci il tarixli bildiriş məktubundan görünür ki, Sumqayıt şəhəri, 34-cü məhəllə, 6/19 saylı evin, 27 saylı mənzilinə müdaxilə edilmiş sayğacın dəyəri olan 185.73 manat məbləğində pulun İddiaçı tərəfindən ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş “X3”nın 1.3-cü bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Həmin Qaydaların 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, aktda göstərilən hallar iş materialları ilə təsdiq olunmadığından və qeyd olunan akt Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş “X3”nın tələblərinin pozulması ilə tərtib olunduğundan, dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında hesablanmış 216 manat məbləğində borc və tələb edilən 185.73 manat sayğacın dəyəri olan borc silinməlidir. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşımasını, zədələnmiş qaz sayğaclarının dəyərinin zədələnmənin onun təqsiri üzündən baş verməsi halında istehlakçı tərəfindən ödənilə bilməsini, qaz sayğacının cavabdehin təqsiri ucbatından zədələnməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməməsini müəyyən edərək iddianı təmin etməmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80№-li qərarı ilə təsdiq olunmuş “X3” ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80№-li qərarı ilə təsdiq olunmuş “X3”nın 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Hazırki işdə də işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, qaz sayğacı iddiaçının mənzilində deyil, mənzildən kənarda quraşdırılıb və nəzərə alınsa ki, iddiaçı fiziki şəxs olan istehlakçıdır, belə olan halda, onun həmin sayğacın işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi istisna olunur. Qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıyır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, onun təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilməmişdir. Həmçinin, qaz sayğacı laboratoriyada yöxlanılarkən abonentin iştirakı təmin edilməmişdir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına onun tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh təşkilat sayğacın yararsız vəziyyətə düşməsilə əlaqədar hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, məhz iddiaçının sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, cavabdeh təşkilat tərəfindən buna dair heç bir sübut məhkəməyə təqdim olunmadığından, iddiaçının zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, istehlakçı olaraq iddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanmasına cavabdehlik daşımır, onun üzərinə sayğacın işlək vəziyyətdə saxlanılmasına görə hər hansı vəzifə qoyula və bu əsasla cərimə də hesablana bilməz. Bu baxımdan akt üzrə borcun hesablanması əsassız olduğu üçün həmin borcun iddiaçıdan tələb edilməsi də düzgün deyildir. “X3”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cü bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Göründüyü kimi, “X3”nın 4.9-cu bəndinə görə qaz sayğacının dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) o halda istehlakçının vəsaiti hesabına həyata keçirilir ki, sayğacdakı zədələnmə istehlakçının təqsiri üzündən baş vermiş olsun. Əks halda, qeyd edilən Qaydaların 4.2-ci bəndinə görə məişət qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına dəyişilir. Qeyd edildiyi kimi iddiaçıya məxsus mənzildə qaz sayğacının zədələnməsində cavabdehin hər hansı təqsiri yoxdur və yeni quraşdırılmış sayğacın dəyəri olaraq hesablanmış borcun hesablanması da əsassız olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, cavabdehin nümayəndəsi apellyasiya şikayətində akt tərtib olunmuş ünvan üzrə borcun cavabdeh tərəfindən yarandığını sübut edə bilməmiş, buna dair hər hansı bir rəsmi sənəd təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(060)-3891/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(060)-3891/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin olunmasın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2958/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2958/2021
05.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver