Məhkəmə qərarları › İş №2(105)-297/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-297/2025

05.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-297/2025 05.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti cəlb olunmaqla) şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənəvi zərərin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə4 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1992/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin İddiaçı ünvanladığı 26 yanvar 2024-cü il tarixli, 3-17-5/2-C-4748/2024 nömrəli müraciətə cavabdan görünür ki, müraciətlə əlaqədar Xidmətin Abşeron-Xızı regional şöbəsinə təqdim edilən xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli izahatlarda xx.xx.2023-cü il tarixindən öz razılığı olmadan Sumqayıt Trikotaj Fabrikinə çayçı kimi işləməyə göndərildiyini, xx.xx.2023-cü il tarixində işə gedərkən saat 07:30 radələrində fabrikin qarşısında küçə itlərinin hücumuna məruz qalaraq yıxıldığını və işə getdiyini, rəhbərliyə bu barədə məlumat verdiyini, yenidən işini davam etdirdiyini bildirmiş, əsas tələbinin əmək müqaviləsində nəzərdə tutulmuş iş yerinə qayıtmaq, artıq iş saatlarına görə əlavələrin və Sumqayıt Trikotaj Fabrikinə qeyriqanuni göndərildiyinə görə əlavə ödənişlərin ödənilməsindən ibarət olduğunu qeyd etmişdir. Lakin iş vaxtından artıq işlərə cəlb olunmağına dair araşdırmaya hər hansı təsdiqedici sənəd təqdim etməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə onun tərəfindən baxış keçirilərkən onunla "xxxx" MMC-nin rəhbərliyi arasında bağlanmış əmək müqaviləsinə dair bildirişin qüvvədə olduğu müəyyən edilmişdir. Həmçinin "xxxx" MMC-nin (bundan sonra – cəmiyyət) rəhbərliyi tərəfindən xidmətə təqdim edilmiş məktub və sənədlərdən onunla cəmiyyət rəhbərliyi arasında xx.xx.2012-ci il tarixində əmək müqaviləsi bağlanılaraq İS və XO yığışdıran vəzifəsinə (məşğulluq təsnifatı üzrə xadimə) işə qəbul olduğu, xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə öz razılığı ilə dəyişiklik edilərək çayçı vəzifəsinə keçirildiyi məlum olmuşdur. Cəmiyyət rəhbərliyi tərəfindən xidmətə təqdim edilmiş məktubda müraciətdə qeyd olunanların həqiqətə uyğun olmadığı qeyd edilmiş, cəmiyyətin tərkibində “Sumqayıt Trikotaj Fabriki” müəssisənin mövcud olmadığı, onun vəzifə funksiyalarına aid olmayan işlərə cəlb olunmadığı, işəgötürənin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində, Texno-Park sahəsində yerləşən istehsalat və inzibati binalardan ibarət əmlak kompleksində fəaliyyət göstərdiyi, onun digər işçilər kimi əmək müqavilənin şərtlərinə uyğun olaraq işəgötürən fəaliyyət göstərdiyi inzibati binalarda birbaşa vəzifə funksiyalarını icra etdiyi bildirilmişdir. Eyni zamanda cəmiyyət rəhbərliyi tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli vəzifə təlimatının 4-cü hissəsinin 5-ci və 6-cı bəndlərində zərurət yarandıqda bölmənin iş struktur vahidi rəhbərinin və birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsinin onun vəzifə öhdəliklərinə aid olduğu qeyd edilmişdir. Təqdim olunmuş iş vaxtının uçotu cədvəllərindən 2023-cü ilin avqust, sentyabr aylarında iş vaxtından artıq işlərə cəlb edilmədiyi müəyyən olunmuşdur. Müraciətdə adı qeyd olunan digər müəssisə - Sumqayıt Trikotaj Fabriki ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin etaxes.gov.az inernet portalında kommersiya qurumlarının dövlət reyestri məlumatlarına baxış keçirilərkən həmin müəsissə ilə əlaqədar hər hansı məlumat aşkar edilməmişdir. Həmçinin bildirilən ünvana (ünvan 1ənin araşdırılması məqsədi ilə xidmət tərəfindən 3-17- 5/2- 53156/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktub ünvanlanmış, lakin məktub poçt şöbəsinə məxsus f-20 formasında “bağlıdır” qeyd edilərək məktub geri qaytarılmışdır. Məlum olduğu kimi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətin yerində araşdırılması mümkün olmamışdır. Müraciətdə qeyd olunan məlumatlar müraciətin həlli və ya aidiyyəti üzrə göndərilməsi üçün kifayət etmədiyindən “vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.5-ci maddəsinə əsasən müraciətin Sumqayıt Trikotaj Fabriki ilə əlaqədar hissəsi baxılmamış saxlanılmışdır. Müraciətdə qeyd edilən digər məsələlər X5 Xidmətinin səlahiyyətlərinə aid deyildir. Müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmə hüququ vardır.

2. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 120 manat məbləğində dövlət rüsumu ödəmişdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1992/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-linqvistik ekspertizasının təyin edilməsi qərara alınmışdır.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2024-cü il tarixli, 3-16-16/2-4/867 nömrəli ekspert rəyindən görünür ki, 1 və 2-ci suallar üzrə rəyin tədqiqat prosessinin təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında bildirdiyi “Camaat mənə nə deyər?”, “mənə tez-tez yaxınlaşır”, “bu mənim xoşuma gəlmir”, ”mənə smaylik atır” kimi ifadələrdə İddiaçı şərəf və ləyaqətini ləkələyib-ləkələməməsi, işgüzar nüfuzuna xələl gətiribgətirməməsi ilə bağlı tədqiqat aparılması və konkret nəticəyə gəlmək mümkün olmamışdır.

5. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilmişdir.

6. İddiaçı mahiyyətcə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən STP rəhbərliyi tərəfindən verilmiş 018-İRD/b nömrəli əmrin ləğv edilməsi və iddiaçının öz əmək fəaliyyətini davam etdirməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1992/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Aynur Behbudova) iddia tələbinin dəyişdirilməsinə dair İddiaçı ərizəsinin geri qaytarılması qərara alınmışdır.

8. İddiaçı məhkəməyə etiraz (məzmununda apellyasiya şikayəti) verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1992/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1992/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1992/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş etirazın (məzmununda apellyasiya şikayəti) onu vermiş şəxsə geri qaytarılması qərara alınmışdır.

9. İddiaçı həmin qərardaddan şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1992/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1654/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1992/2024 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)-297/2025 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 1992/2024 nömrəli qətnaməsinin qismən - “STP-nin direktoru Hicran Valehovun, İnzibati departmentin rəhbəri Mehman Əhmədovun, STP-nin təhlükəsizliyinə məsul Arzu Məmmədovun, onun bacısı oğlu Tural Şahbazovun, birbaşa müdiri Aqşin Rzayevin özbaşınalıqlarını Cinayət Məcəlləsinin 113, 133, 133.2.3, 144-2.1, 144-2.2.6, 154, 154.1, 154.2, 162, 162.1, 308, 308.1, 308.2, 309, 309.1, 309.2, 313-cü maddələri ilə, direktorun katibi Eldar Ağayevi isə Cinayət Məcəlləsinin 147, 147.1-ci maddələri ilə günahkar bilib, məsuliyyətə cəlb edilməsi”nə dair iddianın rədd edilməsi hissəsində ləğv olunması, məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, STP-nin direktoru Hicran Valehovun, İnzibati departmentin rəhbəri Mehman Əhmədovun, STP-nin təhlükəsizliyinə məsul Arzu Məmmədovun, onun bacısı oğlu Tural Şahbazovun, birbaşa müdiri Aqşin Rzayevin özbaşınalıqlarını Cinayət Məcəlləsinin 113, 133, 133.2.3, 144-2.1, 144-2.2.6, 154, 154.1, 154.2, 162, 162.1, 308, 308.1, 308.2, 309, 309.1, 309.2, 313-cü maddələri ilə, direktorun katibi Eldar Ağayevi isə Cinayət Məcəlləsinin 147, 147.1-ci maddələri ilə günahkar bilib, məsuliyyətə cəlb edilməsini, ona STP rəhbərliyi tərəfindən edilmiş basqınların ictimai nüfuzuna xələl gətirdiyi və sağlamlığında ciddi problemlər yaratdığını əsas götürərək, STP rəhbərliyi tərəfindən ona 10 000 manat təzminatın ödənilməsini xahiş etmişdir

13. İddiaçı nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə düzəliş edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı STP rəhbərliyi tərəfindən edilmiş basqınların ictimai nüfuzuna xələl gətirdiyini və sağlamlığında ciddi problemlər yaratdığını əsas götürərək, STP tərəfindən ona 10 000 manat təzminatın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia ərizəsini onunla əsaslandırmışdır ki, 2010-cu ildən STP-də çalışır. Bu illər ərzində işində heç bir nöqsan olmamış, indiyə kimi heç bir xəbərdarlıq almamışdır. Halhazırda STP-nin Sətəm adlanan inzibati binasında “çayçı” vəzifəsində çalışır. 13 illik əmək fəaliyyəti dövründə STP rəhbərliyi tərəfindən heç bir xəbərdarlıq və töhmət almamış, əksinə, yaxşı işinə görə bəzən ona pul mükafatı yazılmışdır. STP-dəki 13 illik sakit əmək fəaliyyətinə görə 2023-cü ilin iyun ayından başlayaraq son qoymuşlar. Buna səbəb isə STP-nin təhlükəsizliyinə məsul olan Arzu Məmmədovun iyun ayında onu yanına çağırıb, STP-nin direktorunun otağında olan söhbətlər barədə ona mütəmadi məlumat verməyini tələb etməsi, onun isə buna etiraz etməsi olmuşdur. Onun ciddi etirazı ilə qarşılaşan Arzu Məmmədov ona hədə-qorxu gəlməyə başlamışdır ki, “əgər onun dediyini etməsə onun başına min bir oyun açdıracaqdır, onu buradan ilim-itim itizdirər” və o da “ona heç nə edə bilmərsiz” demiş, onun otağını tərk etmişdir. Bu hadisədən bir müddət sonra hər yerdə özünü Arzu Məmmədovun “basıcı oğlu” kimi təqdim edən Tural Şahbazov ona bildirmişdir ki, “dayısı- Arzu Məmmədovu qəsd edir – araşdırıb, onun əri separatçıdır, dövlət əleyhinə təbliğat aparır, az qalıb, cəzalarını alacaqdırar”. Tural Şahbazovun bu sözlərini ciddi qəbul etməsə də, bir müddət sonra məlum olmuşdur ki, Arzu Məmmədov onun 13 illik iş fəaliyyətini aradırmış, əl tutan yer tapmadığı üçün həyat yoldaşı haqqında məlumat toplamağa başlamışdır. Həyat yoldaşının respublikada talış dilində çıxan “Tolışon Sədo” qəzetinin təsisçisi və baş redaktoru olduğunu “öyrənən” Arzu Məmmədov bunu əlində bayraq edərək direktor Hicran Valehovun qılığına girmiş, “İddiaçı həyat yoldaşı separatçı imiş” kimi epitetlərlə onu yoldan çıxarda bilir ki, nəticədə Hicran Valehov onun STP-dən qovulması barədə şifahi göstəriş verir. 2023-cü ilin avqust ayının 17-də STP-nin direktoru Hicran Valehovun birbaşa göstərişi ilə birbaşa müdiri Aqşin Rzayev ona səhərisi gün Sumqayıt Üst Trikotaj Fabrikində “çayçı” kimi işə çıxacağını bildirir və o, 2023-cü ilin 18 avqustunda Sumqayıt Üst Trikotaj Fabrikinə işə çıxır və 18 avqust – 1 oktyabr tarixləri aralığında rəhbərliyin göstərişi ilə Sumqayıt Üst Trikotaj Fabrikində “çayçı” işləmişdir. 18 avqustda “yeni iş yeri” ilə yenicə tanış olmuşdur ki, Arzu Məmmədovun, Tural Şahbazovun və Aqşin Rzayevin fabrikə ekskursiyaya gəldiklərini görərək, birbaşa rəhbəri Aqşin Rzayevdən xahiş etmişdir ki, “uzun illərdir atılmış vəziyyətdə olan fabrikdə nə işçi kontigenti, nə də işləmək üçün heç bir şərait yoxdur”, “iş yerində” siçovular “at” oynadırlar, fabrikin ərazisi ilanlarla və küçə itləri ilə doludur və itlər üstünə hücum edirlər, xahiş edir ki, onu STP-yə qaytarsınlar. X7 cavab verməmiş onunla fabrikə “qurbanlarına” baxmaq üçün gələn Arzu Məmmədov və Tural Şahbazov ona bildirmişlər ki, “daha onun iş yeri buradır, o, bir daha STP-yə qayıtmayacaqdır, xoşun gəlmir, ərizəsini yazaraq çıxsın, yoxsa onu “statya” ilə qovacaqdırlar”. Təqribən 19-21 avqust aralığında STP-nin direktoru Hicran Valehov, İnzibati Departmentin rəhbəri Mehman Əhmədov, STPnin təhlükəsizliyinə məsul Arzu Məmmədov və onun “bacısı oğlu” Tural Şahbazov, həmçinin birbaşa müdiri X12 Trikotaj Fabrikinə gələrək, onu necə bir işgəncəyə məruz qoyduqlarını ləzzətlə seyr etmiş, fabrikin ərazisini tərk etmişlər. Heç kəsin olmadığı fabrikdəki ilk iş günlərindəcə qorxu, həyəcan və təlaşdan ciddi mənəvi sarsıntılar yaşadığı üçün “panik atak” keçirtmiş və sağlamlığında çox ciddi və uzunmüddətli müalicə tələb edən problemlər yaranmışdır. 2 oktyabr tarixində STP-yə gedərək, birbaşa rəhbəri Aqşin Rzayev onu Trikotaj Fabrikinə qeyri-qanuni göndərdiklərini bildirmiş, bir daha Trikotaj Fabrikinə getməyəcəyini demiş və ondan ona İnzibati departmentinin rəhbəri Mehman Əhmədovun qəbuluna getməyə icazə verməsini xahiş etmişdir. X9 Əhmədov ilə əlaqə saxladıqdan sonra ona bildirmişdir ki, Mehman Əhmədov konkret deyir ki, tək-təki olsa belə İddiaçı fabrikdə oturmalı, STP-yə qayıtmamalıdır. (niyə qayıtmamalıdır?) Belə olan təqdirdə o, STP-nin İnsan Resursları departmentinə müraciət etmiş, vəziyyəti olduğu kimi onlara danışmışdır. Departmentin əməkdaşı Elvira Alışova vəziyyətlə tanış olduqdan sonra ona evə getməyi STP rəhbərliyi səviyyəsində barəsində hər hansı bir qərarın verilməsini gözləməyini təklif etmiş və o, 3 oktyabr tarixindən oktyabr ayının 24-nə kimi evdə oturub, rəhbərliyin qərarını gözləmişdir. Oktyabrın 24-də birbaşa rəhbəri Aqşin Rzayev ona zəng edərək, səhərisi gün işə çıxacağını bildirmiş və o, səhərisi gün işə çıxmış, X11 onu öz iş yerinə yox, “Sətəm” deyilən yerə “çayçı” göndərmişdir. Bir neçə gün “Sətəm”-də çayçılıq etdikdən sonra noyabrın 1-də İnsan Resursları departmentindən onu yanlarına çağıraraq, onun “Sətəm”də qeyri-qanuni işlədiyini bildirərək, ona əmək müqaviləsinə xitam verərək, kabel zavodu ilə yeni əmək müqaviləsi bağlanması təklif edilmişdir. O, buna ciddi etiraz edərək, heç bir sənədi imzalamayacağını bildirmişdir. Noyabrın 3-də İnzibati Departmentin rəhbəri Mehman Əhmədov onu yanına çağıraraq, ona eyni təklifi-əmək müqaviləsini ləğv edərək, kabel zavodu ilə yeni əmək müqaviləsi bağlamağı təklif etmişdir. O, bildirmişdir ki, onun əmək müqaviləsi müddətsizdir və o, müddətsiz əmək müqaviləsini ləğv edib, kabel zavodu ilə yeni əmək müqaviləsi bağlamağı təklif etmişdir. O, bildirmişdir ki, onun əmək müqaviləsi müddətsizdir və o, müddətsiz əmək müqaviləsini ləğv edib, müddətli əmək müqaviləsi bağlamayacaqdır. Mehman Əhmədov da bildirmişdir ki, Sətəm STP-nin tərkibində olsa da, o, faktiki orada qeyri-qanuni işləyir. Belə olan təqdirdə o, Mehman Əhmədovdan onu hansı əsasla Sumqayıt Üst Trikotaj Fabrikinə göndərdiklərini soruşmuş və Mehman Əhmdov “olub da” deməklə yaxasını kənara çəkməyə çalışmışdır. Mehman Əhmədovun cani-dildən müqaviləsinin ləğv edilməsinə dirəşdiyini görərək ona sual etmişdir ki, “əgər hər hansı bir tərbiyəsizliyi, əxlaqsızlığı olubsa - deyin, özü ərizə yazıb, işdən çıxsın”. Mehman Əhmədovun cavabı isə belə olmuşdur ki, “o, yaxşı işçidir, heç bir səhvi, tərbiyəsizliyi yoxdur”. O, heç bir sənədi imzalamamış, onun otağını tərk etmişdir. İnsan Resursları departmentinin əməkdaşı Elvira Alışova noyabrın 4-də onu qəbula çağıraraq, ona etdiyi səhvin nədən ibarət olduğunu indi bildirəcəklərini demiş və elə bu vaxt Mehman Əhmədov ilə direktorun katibi funksiyasını yerinə yetirən Eldar Ağayev içəri girərək, ona publik böhtan ataraq, şərləməyə çalışmışlar. Belə ki, X1 üzünə durğuzmuşdur ki, guya ki, o, onu tez-tez “çaydan-kofedən nə lazımdır” deyə narahat edirmiş (əslində bu onun birbaşa vəzifə borcudur) və ona “smaylik” atmışdır. O, başa düşmüşdür ki, bunlar artıq bütün qırmızı xətləri keçərək, ona şər ataraq, STP-dən qovmaq istəyirlər. Buna görə də o, dərhal surəti aidiyyatı strukturlara olmaqla birinci vitseprezident Mehriban xanım Əliyevaya şikayət ərizəsi ilə müraciət etmiş, ərizəsi birbaşa nəzarətə götürülsə də, nə Əmək Müfəttişliyi, nə də ki, hüquq-mühafizə orqanları ərizəsindəki faktları araşdırmamışdırlar. İşlərini ondan izahat almaqla bitmiş hesab edirlər. Əmək Müfəttişliyinin təqdim etdiyi 26 yanvar 2024-cü il tarixli cavab məktubunda bildirilir ki, Sumqayıt Texnologiyalar Parkının nəzdində Sumqayıt Üst Trikotaj Fabriki deyilən qurum yoxdur və onlar onu həmin fabrikə işləməyə göndərməyiblər. Onun publik təhqir edilməyi və həyat yoldaşının “separatçı” adlandırılması barədə isə ümumiyyətlə heç bir araşdırma aparılmamış və ya aparılmış araşdırma bilərəkdən gizlədilmişdir. Konstutsiyanın 25-ci maddəsinin 3-cü bəndinin ikinci abzasında qeyd edilir ki, İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Lakin STP-də vəzifə tutan bir neçə nəfər – direktor Hicran Valehov, İnzibati Departmentin rəhbəri Mehman Əhmədov, STP-nin təhlükəsizliyinə məsul Arzu Məmmədov, onun “bacısı oğlu” Tural Şahbazov və birbaşa müdiri Aqşin Rzayev dəstə halında birləşərək, həyat yoldaşının talış dilində qəzet dərc etməsini əldə əsas tutaraq, ona qarşı milli zəmində ayrı-seçkilik edərək, öz əməllərinə direktorun katibi Eldar Ağayevi də qataraq Cinayət Məcəlləsinin müvafiq maddələrini kobud şəkildə pozmuşlar.

15. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1992/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi qərara alınmışdır.

16. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1992/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi, İddiaçı 150 (bir yüz əlli) manat pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına qət edilmişdir (hakim Aynur Behbudova).

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.3, 560.3.2, 1096.1, 1096.2, 1097.1-ci maddələri, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli Qərarındakı hüquqi mövqeyi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 82.4, 88, 119.1, 124.2, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

18. İddiaçı apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1992/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1992/2024 nömrəli qərardadı ləğv edilməlidir, belə ki, hakim ilk iclaslardan özünü maraqlı tərəf göstərmiş, tərəflərindən məhkəməyə təqdim edilən sübutları tədqiq etməmiş, adları iddia ərizəsində keçən şəxsləri məhkəmə iclaslarına dəvət etməmiş, məhkəmənin vaxtını mənasız linqvistik ekspertiza ilə uzatmış, iddiaçının sağlamlıq durumunu yoxlamaq üçün ekspertiza təyin etməmiş, ona edilmiş yazılı və şifahi etirazları qəbul etməmiş, ondan Məhkəmə Hüquq Şurasına edilmiş şikayəti özünəməxsus şəkildə cavablandırmış, məhkəmə iclaslarında verdiyi qərarları qətnamələrdə saxtalaşdıraraq dəyişdirmiş, bütün məhkəmə iclaslarında özünü cavabdehlərin vəkili kimi aparmışdır. Fakt 1. Hakim, məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında tərəflərindən məhkəməyə təqdim edilmiş səs yazısını ekspertə göndərmək barədə şifahi qərar versə də 13 may 2024-cü il tarixli Qərardadında həmin səs yazılarından ümumiyyətlə danışılmır, əvəzində ekspertiza qarşısında "Nümayəndə2 məhkəmə iclasında bildirdiyi “Camaat mənə nə deyər?”, “mənə tez-tez yaxınlaşır”, “bu mənim xoşuma gəlmir”, ”mənə smaylik atır” kimi ifadələrdə İddiaçı şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən ifadələr varmı?" kimi anlaşılmaz tələb qoyur, belə ki, ekspert həmin ifadələrin kim tərəfindən və kimə qarşı işlədildiyini, həmin cümlələrin harada və hansı şəraitdə işlədildiyini bilmədiyi üçün mücərrəd qoyulmuş suala mücərrəd də cavab vermək məcburiyyətində qalır. Fakt 2. Hakim, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında adları iddia ərizəsində keçən şəxslərin məhkəməyə çağırılmaları barədə şifahi qərar versə də, Sumqayıt şəhər Məhkəməsinin həmin tarixli Qərardadında həmin şəxslərin məhkəməyə çağırılıb-çağırılmamaları barədə ümumiyyətlə söz açılmır. MPM-nin 9.2 bəndində deyilir:. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Lakin hakim adları iddia ərizəsində keçən şəxsləri məhkəmə iclaslarına heç dəvət etmədi. Həmin məcəllənin 9.3. bəndində deyilir: Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəlisürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. İş materiallarından da aydın olur ki, hakim öz qulluq mövqeyindən sui-istifadə etmiş, çəkişmə prossesini təmin etməmişdir. Həmin məcəllənin 14.2. bəndində deyilir: Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Çox təəssüf ki, hakim Aynur xanım Behbudova onların təqdim etdikləri sübutları - səs yazılarını və votsap yazışmalarını tədqiq etməmiş, öz vəzifə mövqeyindən sui-istifadə edərək onlardan istifadəni əngəlləmişdir. MPM-də hakimə etirazla bağlı deyilir: 19.1.7. onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa. Onların hakimin işdə maraqlı olmasına dair kifayət qədər şübhələri olduğu üçün ona xx.xx.2024-cü ildə yazılı etiraz etdilər. Etirazların baxılması qaydasını tənzimləyən MPMnin 22.2. bəndində deyildiyi kimi - İşə təkbaşına baxan hakimə etiraz edilməsi məsələsi məhkəmənin sədri tərəfindən həll edilir. Hakim Aynur xanım Behbudova isə öz səlahiyyətini aşaraq etirazlarına özü baxmış, etirazlarını qəbul etməmişdir.

20. MPM-nin 203.2. bəndində deyilir: Səs yazısı və videoyazı materialının xüsusi əlamətləri və səsləndirmə vaxtı məhkəmə iclası protokolunda əks olunmaqla məhkəmə iclası zalında və ya bunun üçün xüsusi avadanlıq qurulmuş başqa otaqda səsləndirilə bilər. Bundan sonra məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyir. İş materiallarından da görünür ki, hakim səs yazılarını və şəxsi yazışmaları təqdiq etməmiş, məhkəməni dolaşığa salmağa nail olmuşdur. Həmin məcəllənin 203.4. bəndində deyilir: Səs yazıları və videoyazılar səslənərkən onlarda olan məlumatları aydınlaşdırmaq üçün mütəxəssis cəlb edilə bilər. Zəruri hallarda məhkəmə ekspertiza təyin edə bilər. İşin materiallarından da görünür ki, səs yazıları və şəxsi yazışmalar bilərəkdən səsləndirilməyib, belə olan təqdirdə hansı zərurətdən deyilmə yeri, vaxtı, deyilmə şəraiti və ən əsası kim tərəfindən və kimə qarşı deyildiyi bilinməyən cümlələrin tədqiqi üçün ekspertiza təyin edilir?

21. Qətnamədə vurulmuş zərərin və şərəfin izahına təqribən 4 səhifəlik "yer" verən hakim nədənsə ona təqdim etdikləri 08 noyabr 2023-cü il tarixli "təcili yardım xidmətindən çıxarış"ı görməməzlikdən gəlir, belə ki, İddiaçı STP-də milli zəmində edilmiş basqılar 08 noyabr 2023-cü ildə öz "bəhrəsini" vermiş, iddiaçı klinik ölüm vəziyyətindən təcili yardım tərəfindən çıxarılmışdır. Hakim, məhkəmənin vaxtını uzatmaq üçün bilərəkdən heç bir mənası olmayan linqvistik ekspertiza təyin etmək əvəzinə iddiaçının sağlamlıq durumunu müayinə etmək üçün məhkəmə-həkim ekspertizası təyin edə bilərdi. Çox təəssüf ki, hakim işdə maraqlı tərəf olduğu üçün vəsatətləri qulaqardına vurmaqla, işi düzgün araşdırmamış, qərəzli qətnamə çıxartmışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

23. Məhkəmə iclasıda İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

24. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

25. Maddə 46.1. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.

26. Maddə 46.2. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

29. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.

30. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.

31. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

32. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

33. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

34. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

35. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

36. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

39. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı

44. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. ... Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.

45. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə əsasən müəyyən olunmalıdır.

“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı

46. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarı

47. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.

Apellyasiya baxışının hədləri

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

49. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

50. Apellyasiya şikayətindən görünür ki, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1992/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

51. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsini tam yoxlanılmasını vacib hesab edir.

52. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(105)-297/2025 il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1992/2024 nömrəli qətnaməsi qismən - “STP-nin direktoru Hicran Valehovun, İnzibati departmentin rəhbəri Mehman Əhmədovun, STP-nin təhlükəsizliyinə məsul Arzu Məmmədovun, onun bacısı oğlu Tural Şahbazovun, birbaşa müdiri Aqşin Rzayevin özbaşınalıqlarını Cinayət Məcəlləsinin 113, 133, 133.2.3, 144-2.1, 144-2.2.6, 154, 154.1, 154.2, 162, 162.1, 308, 308.1, 308.2, 309, 309.1, 309.2, 313-cü maddələri ilə, direktorun katibi Eldar Ağayevi isə Cinayət Məcəlləsinin 147, 147.1-ci maddələri ilə günahkar bilib, məsuliyyətə cəlb edilməsi”nə dair iddianın rədd edilməsi hissəsində ləğv olunması, məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi “İddiaçı STP rəhbərliyi tərəfindən edilmiş basqınların ictimai nüfuzuna xələl gətirdiyini və sağlamlığında ciddi problemlər yaratdığını əsas götürərək, STP tərəfindən ona 10 000 manat təzminatın ödənilməsi”nə dair iddianın təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

54. Əvvəla izah olunmalıdır ki, şərəf və ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusudur. Şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti, ləyaqət isə həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissini müəyyən edir. Şəxsin şərəfinin alçaldılmış hesab edilməsi üçün yalan məlumatların, təhqiredici və ya ittihamedici ifadələrin ən azı bir neçə şəxs arasında yayılması tələb edilirsə, ləyaqətin alçaldılmış hesab edilməsi üçün belə ifadələrin üçüncü şəxslərin iştirakı olmadan şəxsə söylənilməsi kifayət edir. Bu baxımdan hətta kütləvi yayılma halı olmadan ünvanlandığı şəxsin şəxsiyyətinə uyğun olmayan, onu açıq-aşkar alçaldan, nüfuzdan salan ifadələr zərərçəkənin ləyaqətini alçaltmaqla onun mənəvi iztirab və sarsıntı keçirməsinə, başqa sözlə mənəvi zərərə məruz qalmasına səbəb ola bilər.

55. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına və qanunvericlik normalarına düzgün istinad edərək, “İddiaçı STP rəhbərliyi tərəfindən edilmiş basqınların ictimai nüfuzuna xələl gətirdiyini və sağlamlığında ciddi problemlər yaratdığını əsas götürərək, STP tərəfindən ona 10 000 manat təzminatın ödənilməsi”nə dair iddianı təmin etməmişdir.

56. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı iddia tələbi ilə bağlı mənəvi zərər tələb edərkən, onun əsasının hansı hüquqlarının pozulması nəticəsində onda mənəvi sarsıntı keçirməsi və bununla bağlı dəlillər, İddiaçı ona 10000 manat mənəvi ziyanın cavabdeh "xxxx" MMC-dən alınması tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmamışdır.

57. Kollegiya apellyasiya şikayətinin “adları iddia ərizəsində keçən şəxslərin məhkəmə iclaslarına dəvət etməməsi”nə dair dəlili ilə bağlı qeyd edir ki, iddiada qeyd olunan şəxslər iş üzrə tərəf olmadıqlarından, məhkəmənin üzərinə həmin şəxslərin məhkəmə iclasına dəvət olunması vəzifəsi düşmür.

58. Apellyasiya şikayətinin “birinci instansiya məhkəməsi tərəfindən iddiaçının sağlamlıq durumunu yoxlamaq üçün ekspertiza təyin edilməməsi” barədə dəlili ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının sağlamlığında ciddi problemlərin yaranması və cavabdeh tərəfindən birbaşa iddiaçıya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl öz təsdiqini tapmadığından, ekspertizanın keçirilməsinə də zərurət yaranmamışdır.

59. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).

60. Məhkəmə kollegiyası nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

61. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarına əsasən, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər.

62. Avropa Məhkəməsi “Varnava və digərləri Türkiyəyə qarşı” iş üzrə 18 sentyabr 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir.

63. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin “İddiaçı STP rəhbərliyi tərəfindən edilmiş basqınların ictimai nüfuzuna xələl gətirdiyini və sağlamlığında ciddi problemlər yaratdığını əsas götürərək, STP tərəfindən ona 10 000 manat təzminatın ödənilməsi”nə dair iddianın təmin olunmaması hissəsində ləğvi üçün əsas ola bilməz.

64. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1992/2024 nömrəli qətnaməsi baxılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1992/2024 nömrəli qətnaməsi “İddiaçı STP rəhbərliyi tərəfindən edilmiş basqınların ictimai nüfuzuna xələl gətirdiyini və sağlamlığında ciddi problemlər yaratdığını əsas götürərək, STP tərəfindən ona 10 000 manat təzminatın ödənilməsi”nə dair iddianın təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar