Məhkəmə qərarları › İş №2(105)-299/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-299/2022

12.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-299/2022 12.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bunyatzadə Məsumə Sahib qızının katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəsinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(067)-2004/2021-005 nömrəli qətnaməsindən maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi filialı tərəfindən verilmiş apellyasiya şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Xəlilov) ərizənin təmin edilməsi, 10.03.1975-ci il tarixdə 1956-cı il təvəllüdlü Ərizəçi Allahverdi oğlunun adına açılmış əmək kitabçasının Ərizəçi məxsus olması faktı müəyyən edilməsi qət edilmişdir. Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi filialı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 10.03.1975-ci il tarixdə 1956-cı il təvəllüdlü Ərizəçi Allahverdi oğlunun adına açılmış əmək kitabçasının ona -xx.xx.1956-cı il təvəllüdlü Ərizəçi məxsus olması hüquqi əhəmiyyətli faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 4 ay Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin Xaçmaz Təmir-Tikinti Sahəsində işləmişdir. Onun əmək kitabçası da həmin idarədə açılmışdır. Lakin 10.03.1975-ci il tarixdə açılan əmək kitabçasında atasının adı səhvən Allahverdi kimi qeyd edilmişdir. Həmin vaxt bu səhvin hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişdir. Hazırda sənədləşmə ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına müraciət etdiyi zaman sənədlərdə olan uyğunsuzluğun aradan qaldırması üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Əmək kitabçasını vermiş keçmiş Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin Xaçmaz Təmir-Tikinti Sahəsi, yəni işlədiyi idarə çoxdan ləğv edilmiş, o cümlədən idarənin tabe olduğu nazilik də ləğv edilmişdir. İşlədiyi idarə ləğv edildiyindən qeyd olunan hüquqi əhəmiyyətli faktı başqa qaydada təsdiqləmək mümkün olmamışdır. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi filialı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən maraqlı şəxsin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Ərizəçi apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını, məruzəçini və tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və ərizənin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməsini ərizənin əsaslı olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verərək nəticəni qanuniliyini və əsassızlığını mübahisələndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, ərizəçi 10.03.1975-ci il tarixdə 1956-cı il təvəllüdlü Ərizəçi Allahverdi oğlunun adına açılmış əmək kitabçasının ona xx.xx.1956-cı il təvəllüdlü Ərizəçi məxsus olması hüquqi əhəmiyyətli faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. MPM-nin 307.2.5. maddəsində şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qanunun mənasından göründüyü kimi, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi şərtləri ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktların hüquqi əhəmiyyəti olan faktlar olması və ərizəçinin həmin hüquqi əhəmiyyəti olan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmamasıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tələb edilən faktın təsdiqi ilə bağlı təqdim edilmiş sübutlara prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; İstinad edilən prosessual hüquq normasından göründüyü kimi, işdə iştirak edən şəxslərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda, məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqin tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi əmək kitabçasını vermiş keçmiş Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin Xaçmaz Təmir-Tikinti Sahəsinin çoxdan ləğv edildiyini qeyd etsə də, həmin halı təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Lakin birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin qeyd olunan tələbinə əhəmiyyət verməmiş, 1956-cı il təvəllüdlü Ərizəçi Allahverdi oğlunun adına açılmış əmək kitabçasının Ərizəçi Allahverdi oğluna məxsus olması faktı müəyyən etməklə, prosessual qanunvericiliyin tələbini kobud şəkildə pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və ərizənin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2., 385.1.1., 392, 393, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi filialınln apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar